Azərbaycan ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək

 

Bu fikri Prezident İlham Əliyev İstanbulda jurnalistlərə müsahibəsində bildirmişdir

 

Azərbaycan Xəzər regionunda əməkdaşlıq üçün olduqca mühüm rola malik dövlətdir. Respublikamızın potensial imkanlarını düzgün dəyərləndirən tərəfdaş ölkələrlə əlaqələrimiz ildən-ilə inkişaf etməkdədir. Dünyanın iqtisadi cəhətdən inkişaf edən ölkələri ilə enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi uğurlu əməkdaşlığımıza əyani sübutdur. Digər tərəfdən, Azərbaycanın regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına verdiyi töhfələr də beynəlxalq miqyasda təqdir olunur.

Ölkəmizin yerləşdiyi region beynəlxalq tərəfdaşlarla birlikdə inkişaf üçün səmərəli istifadə oluna biləcək geniş imkanları özündə birləşdirir. Zəngin təbii ehtiyatları respublikamızı beynəlxalq əhəmiyyətli enerji mənbəyi və beynəlxalq enerji təchizatı şəbəkəsinin mühüm tərkib hissəsinə çevirir. Azərbaycanda tərəfdaş ölkələrin iqtisadiyyatlarının inkişafına töhfələr verən beynəlxalq əhəmiyyətli nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişaf etdirilməsi, neft və qaz boru kəmərlərinin inşası əməkdaşlıqda mühüm rol oynayır.

Azərbaycanın əməkdaşlıq əlaqələrini daim inkişaf etdirdiyi ölkələrdən biri Türkiyədir. Ölkələrimiz arasında mövcud çoxşaxəli əlaqələr bir sıra cəhətlərinə görə də seçilir. İki xalqın dil, din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması rəsmi Ankara ilə Bakının əlaqələrinə təsir göstərən mühüm amillərdən biridir. Bütövlükdə, Avrasiya bölgəsinə böyük təsir imkanlarına malik Türkiyə ilə əməkdaşlıq sahəsində mühüm nəticələr əldə edilmişdir.

Xüsusilə 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın qardaş Türkiyə ilə də əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu öndər Heydər Əliyev ilk gündən bəyan etmişdi ki, tarixi köklərin, ənənələrin və mədəniyyətin eyniliyi ilə bağlı olduğumuz dövlətlərlə əməkdaşlıq Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən biridir. Bu siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Prezident İlham Əliyevin bu günlərdə Türkiyəyə işgüzar səfəri də məhsuldar oldu. Prezident İlham Əliyevin Türkiyə Prezidenti Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşlərdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi xüsusi vurğulandı. Prezident İlham Əliyev Aralıq dənizində baş verən son hadisələrlə bağlı Türkiyəyə tam dəstəyini ifadə etdi. Hadisə zamanı günahsız Türkiyə mülki vətəndaşlarının öldürülməsi ilə əlaqədar başsağlığı verdi, Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bəyan etdi.

Prezident İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qazın satışı və nəqli sahəsində Anlaşma Memorandumu, Azərbaycandan Türkiyəyə və Türkiyə ərazisindən təbii qazın satış və nəqlinə dair bəyannamə imzalandı.

Prezident İlham Əliyev İstanbulda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısında da çıxış etdi. 22 dövləti birləşdirən və böyük bir arealı əhatə edən bu təşkilat dünyada və bölgədə nüvə silahı olmayan məkanın yaradılmasına böyük əhəmiyyət verir. Təşkilatın yaradılmasına dair təklifi Qazaxıstan Prezidenti Nursultan Nazarbayev BMT-nin 47-ci sessiyasında irəli sürmüşdü. Bundan əvvəlki zirvə görüşləri 2002-ci və 2006-cı illərdə Qazaxıstanın Almatı şəhərində keçirilmişdir. Dövlət və hökumət başçılarınn zirvə görüşü Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin ən ali orqanıdır. Dörd ildən bir keçirilən zirvə toplantılarında qurumun fəaliyyətinə yekun vurulur, gələcək planlar və qarşıda duran vəzifələr müəyyənləşdirilir, mövcud beynəlxalq münasibətlərə dair fikir mübadiləsi aparılır. Budəfəki zirvə görüşündə quruma sədrlik Qazaxıstandan Türkiyəyə keçdi, Vyetnam və İraq quruma daimi üzv qəbul edildilər. Qeyd edək ki, zirvə toplantısının yekun bəyannaməsində dövlətlərarası münasibətlərdə ərazi bütövlüyü və ölkələrin suverenliyinə hörmətlə yanaşılması bir daha təsdiq edilmişdir.

Sənəddə göstərilir ki, separatizm sabitlik, təhlükəsizlik, müstəqillik, ərazi bütövlüyü və ölkələrin sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşı böyük təhlükə yaradır. Üzv ölkələr ərazilərin hər hansı separatçı hərəkat tərəfindən istifadə olunmamasını, separatizmlə hər hansı əlaqə qurulmamasını, onlara dəstək verilməməsini tələb etmişlər. Bəyannamədə problemlərin sülh yolu ilə həlli prinsipi çərçivəsində birbaşa və yaxud dolayı yolla təhdid və gücdən istifadənin dövlətlərin ərazi bütövlüyü və suverenliyinə, habelə regional və beynəlxalq sülhə təhlükə olduğu da vurğulanmışdır.

Bəyannamədə daha sonra deyilir ki, Asiya ölkələrinin üz-üzə qaldıqları problemlər, regional və beynəlxalq məsələlər müzakirə olunmuş, Yaxın Şərq, İraq və Əfqanıstan kimi problemli bölgələrlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Təşkilat bir daha BMT Nizamnaməsi və prinsiplərinə sadiqliyini ifadə etməklə, beynəlxalq hüququn əhəmiyyəti və qlobal məsələlərə çoxtərəfli yanaşmanın zəruriliyini qeyd etmişdir.

Prezident İlham Əliyev zirvə toplantısı çərçivəsində İran Prezidenti Mahmud Əhmədinejad, Ukrayna Prezidenti Viktor Yanukoviç, Rusiyanın Baş naziri Vladimir Putin ilə görüşərək ölkələrimiz arasında siyasi, iqtisadi, energetika sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparmışdır.

Prezident İlham Əliyev zirvə görüşündəki çıxışında demişdir: "Azərbaycan regional əməkdaşlıq işində öz rolunu oynayır. Biz tam əminik ki, regional əməkdaşlıq, regionda proqnozlaşdırma və birgə fəaliyyət mövcud riskləri azaldacaq və xalqlarımız üçün proqnozlaşdırılan gələcəyi qurmaqda yardım edəcəkdir.

Asiyada təhlükəsizlik tədbirləri dünyadakı qlobal təhlükəsizlik tədbirlərinin bir hissəsidir. Təhlükəsizlik tədbirlərinə kompleks yanaşma olmadan biz uğur əldə edə bilməyəcəyik. Terrorçuluğa qarşı mübarizə dünyada bütün terrorçu təşkilatlara qarşı olmalıdr. Yaxşı, yaxud pis terrorçu olmur. Buna görə terrorçuluğa qarşı səylərin birləşdirilməsi uğurun əsas ilkin şərtidir. Eyni zamanda regional əməkdaşlıq və iqtisadi artım regionumuzda təhlükəsizlik tədbirlərinə böyük töhfə verəcəkdir. Bu səbəbdən Azərbaycan regional əməkdaşlıq məsələlərində mühüm rol oynamağa çalışır".

Prezident İlham Əliyev İstanbulda yüksək səviyyədə keçirdiyi görüşlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən bəhs etmiş, münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində işğalçı dövlətin rəhbərlərinin qeyri-konstruktiv mövqedən çıxış etdiklərini bir daha bəyan etmişdir. Azərbaycan jurnalistlərinə müsahibəsində Prezident İlham Əliyev münaqişə ilə bağlı mövqeyini belə ifadə etmişdir: "Bütövlükdə prinsiplərə baxsaq, yeniləşmiş Madrid prinsiplərində Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğaldan əziyyət çəkmiş bütün insanların öz doğma torpaqlarına qaytarılması məsələləri öz əksini tapır. Ermənistandan isə cavab yoxdur və hesab edirəm ki, həmsədr ölkələr bu məsələ ilə bağlı öz qəti fikrini bildirməlidirlər. Nə vaxta qədər Azərbaycan bu cavabı gözləməlidir?! Daha doğrusu, həmsədr ölkələrin özləri nə vaxta qədər bu cavabı gözləməlidirlər?! Çünki yenilənmiş Madrid prinsipləri bizim təklifimiz deyildir, bu, üç həmsədr ölkənin təklifidir. Yəni, ümid edirəm ki, bu ölkələr öz təkliflərinə hörmətlə yanaşacaqlar və son aylar ərzində danışıqlar prosesində pozuculuq fəaliyyəti aparan Ermənistana ciddi siqnallar getməlidir. Əgər biz hamımız danışıqların davam etdirilməsinə maraqlıyıqsa, onda hər hansı bir addımlar atılmalıdır. Əgər bu olmasa və əgər Ermənistan tərəfindən ya vaxt uzatma taktikası davam edərsə, yaxud da ki, rəsmi qaydada bu prinsiplərə mənfi cavab verilərsə, o zaman Azərbaycan, təbii ki, bu danışıqlarda və ümumiyyətlə, bu prosesdə öz iştirakının perspektivi haqqında ciddi düşünməlidir. Biz bu barədə düşünürük. Biz müxtəlif variantları nəzərdən keçiririk və çalışacağıq ki, Azərbaycanın ərazi bütövlüyünü istənilən yolla bərpa edək".

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfəri zamanı dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlərdə Azərbaycanın münaqişə ilə bağlı tutduğu prinsipal mövqeyi bir daha diqqətə çatdırmışdır. Bu mövqe Cənubi Qafqaz regionunda iqtisadi, siyasi, hərbi üstünlüyü açıq-aşkar hiss olunan Azərbaycanın üzləşdiyi problemi istənilən yolla həll etməyə qadir olduğunu bir daha göstərmişdir.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2010.- 10 iyun- S.  1, 2.