ABŞ-ın yeni Qafqaz siyasətində prioritet ölkə Azərbaycandır

 

Ağ Ev "Cənub dəhlizi"nin inkişafında, bölgədə təhlükəsizliyin təminatında, qlobal antiterror mübarizəsində ölkəmizin liderliyini bir daha bəyan etdi

 

Malik olduğu coğrafi ərazisi baxımından Cənubi Qafqaz elə böyük sayılmasa da, bu regionun dünyanın siyasi, enerji xəritəsində yeri, rolu həmişə xüsusi çəkisi ilə seçilib. Geosiyasi məsələlərdə sözügedən regionun əhəmiyyəti ərazicə ondan dəfələrlə böyük olan bölgələrə beynəlxalq miqyasda diqqəti çox vaxt arxa plana keçirib. Bu gün də dünyanın xüsusi diqqət mərkəzində olan Cənubi Qafqazda proseslərin inkişaf istiqamətinin müəyyən olunmasında, transmilli xarakterli layihələrin formalaşmasında həlledici söz sahibi isə regionun lider dövləti statusunu daşıyan Azərbaycandır. Danılmaz həqiqətdir ki, Azərbaycanın iştirakı və razılığı olmadan burada hər hansı yeni regional layihənin, proseslərin ümumi iştirak axarının müəyyənləşdirilməsi mümkünsüzdür.

 

Regionda Azərbaycanın oynadığı rol, qlobal enerji təhlükəsizliyinin təminatına verdiyi töhfənin daim yüksələn xətt üzrə inkişaf etməsi, karbohidrogen ehtiyatları ilə zəngin Mərkəzi Asiyaya Qərbdən açılan əsas qapı olması, etibarlı tərəfdaşlığını dəfələrlə sübut etməsi və bu qəbildən olan digər amillər ölkəmizlə digər dünya dövlətlərinin genişmiqyaslı əməkdaşlıq qurmağa çalışmasına təkan verən əsas amillərdir. Azərbaycan da öz növbəsində aparıcı beynəlxalq təşkilatlarda fəal iştirakla yanaşı, ikitərəfli səviyyədə də dünya dövlətlərilə münasibətlərin mütəmadi olaraq inkişaf etdirilməsinə mühüm önəm verir.

Qeyd olunan kontekstdə son günlərdə diqqətçəkən məsələlərdən biri ABŞ-ın Azərbaycanla təmaslarını əhəmiyyətli dərəcədə intensivləşdirməsi və bu fonda ölkəmizin həm enerji təhlükəsizliyinin təminatında, həm beynəlxalq terrora qarşı mübarizədə oynadığı rolun rəsmi Vaşinqton tərəfindən xüsusi qabardılmasıdır. Düzdür, ABŞ və Azərbaycan arasında qurulan münasibətlərin tarixi daha qədimdir və intensivləşən yeni təmaslar isə burada növbəti, lakin daha ciddi bir mərhələ sayıla bilər. Çünki son iki həftə ərzində baş verənlərin təhlili faktiki olaraq ABŞ-ın yeni Qafqaz siyasətində prioritet ölkə kimi məhz Azərbaycanı qəbul etdiyini, ölkəmizlə mövcud əməkdaşlığın daha da dərinləşməsinə Ağ Ev rəhbərliyinin xüsusi önəm verdiyini göstərir. Bu xüsusda isə ilk əvvəl o qeyd olunmalıdır ki, Prezident Barak Obama müəyyən fasilədən sonra ölkəsinin Azərbaycanda diplomatik elçisi postuna regiona, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə kifayət qədər yaxşı bələd olan Metyu Brayzanın namizədliyini irəli sürdü. Cənab Brayzanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bir şəxs olması isə dərhal erməni lobbisinin onun namizədliyinin əleyhinə kampaniyaya başlamasına səbəb oldu. Məsələ ilə bağlı ABŞ-ın aparıcı media orqanlarından biri sayılan "Washington Times" qəzeti "Ermənilər qıcıqlanmışlar" başlıqlı məqaləsində yazır ki, ermənilərin iddiasına görə, ATƏT-in Minsk qrupunda amerikalı həmsədr kimi çalışarkən Brayza Azərbaycana meyilli mövqe nümayiş etdirib. Lakin xatırlatmaq yerinə düşərdi ki, Brayza sadəcə, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bir mövqe nümayiş etdirib və elə bu da erməniləri təşvişə salan əsas məqamdır. Ermənilərin bu narahatlığına rəğmən, Ağ Ev səfir məsələsində öz seçimini edib və onun dəyişməyəcəyini erməni lobbisi özü də yaxşı bilir.

ABŞ-ın Azərbaycanla münasibətlərini daha geniş müstəvidə qurmaq niyyətində olduğunu göstərən daha bir vacib məqam isə Respublika Günü - 28 May münasibətilə Prezident Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubu oldu. Həmin məktubunda cənab Obama demokratik dövlət olan Azərbaycanla ABŞ-ın qlobal hədələrə qarşı mübarizənin aparılması, regional sabitliyin gücləndirilməsi və ümumi təhlükəsizlik problemlərinin aradan qaldırılmasında qurduğu tərəfdaşlıqdan qürur hissi duyduğunu xüsusi olaraq diqqətə çatdırırdı. Bununla da Prezident Barak Obama Azərbaycanın ABŞ üçün təkcə geosiyasi əhəmiyyətinə görə yox, həm də demokratik inkişafına görə mühüm tərəfdaşlardan biri olduğuna dair ölkəmizin əleyhinə təbliğat aparan bədxah qüvvələrə aydın bir mesaj vermiş oldu.

Bunun ardınca ABŞ-ın dövlət katibi Hillari Klintonun XVII Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransının açılışı münasibətilə Prezident İlham Əliyevə göndərdiyi məktubda belə bir məqama toxunuldu ki, Azərbaycan ticarət və sərmayə vasitəsilə insanları birləşdirmək arzusunu həyata keçirməklə enerji resurslarından səmərəli şəkildə istifadə edən ölkə nümunəsidir.

Xanım Klinton onu da qeyd etdi ki, Birləşmiş Ştatlar Şərq-Qərb enerji dəhlizini, eləcə də Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz boru kəmərlərinin inşası kimi layihələrin həyata keçirilməsində Azərbaycanın tərəfdaşı olmaqdan fərəh hissi duyur. Məktubda, şübhəsiz ki, diqqətçəkən ən mühüm məqamlardan biri Avropaya qazın nəqli üçün nəzərdə tutulan "Cənub dəhlizi"nin həyata keçirilməsində Azərbaycanın lider dövlət olmasının qəbul edilməsidir. ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın Bakıda olarkən verdiyi açıqlamalar da "Cənub dəhlizi"nin reallaşmasında əsas söz sahiblərindən biri kimi Azərbaycanın çıxış etdiyini təsdiqlədi. Qeyd edilənlər qlobal enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın vacib rol oynadığını göstərməklə yanaşı, bu xüsusda yeni transmilli layihələrin formalaşmasında ölkəmizin lider mövqedə olmasının okeanın o tayında da yaxşı sezildiyinin göstəricisidir.

İyunun 6-da ABŞ müdafiə naziri Robert Qeytsin Azərbaycana səfəri və onun vasitəsilə Barak Obamanın Prezident İlham Əliyevə ünvanlandığı növbəti məktub ölkəmizin ABŞ-la əməkdaşlığının əhəmiyyətinin daha genişmiqyaslı olduğunu, Vaşinqton üçün son dərəcə vacib əhəmiyyət kəsb etdiyini təsdiqlədi. Azərbaycan bunun dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizlə ABŞ arasında əməkdaşlığın ulu öndər Heydər Əliyevin rəhbərliyi altında başladığına diqqət çəkən Barak Obama mövcud münasibətlərin qarşıdakı dövr ərzində genişləndirilməsi və dərinləşdirilməsində maraqlı tərəf olduqlarını da açıq bildirdi. Bununla bağlı cənab Obamanın aşağıdakı fikirləri xüsusi qeyd olunmalıdır: "Mənə münasibətlərimizdə ciddi məsələlərin olması məlumdur, lakin əminəm ki, biz onları həll edə bilərik. Nazir Qeytsin bu səfəri və gələcəkdə yüksək səviyyəli səfərlər zamanı biz regional təhlükəsizlik, demokratiya və çiçəklənmə naminə ikitərəfli dialoqu irəliyə doğru aparmaq və əməkdaşlığımızı daha da inkişaf etdirmək imkanlarını araşdıracağıq".

Məktubda ən əsas məqamlardan biri isə Azərbaycan üçün vacib məsələ olan Dağlıq Qarabağ münaqişəsinin həllinin ABŞ üçün prioritet təşkil ediləcəyinin vurğulanması və sözügedən münaqişənin çözümünün regional təhlükəsizlik baxımından nə dərəcədə vacib əhəmiyyət daşıdığının qeyd olunması ilə bağlıdır: "Mən, eyni zamanda, inanıram ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli Cənubi Qafqaz regionunda uzunmüddətli sabitlik üçün zəruridir və bu nəticənin əldə edilməsinə dəstək Birləşmiş Ştatlar üçün prioritet olacaqdır".

Enerji sahəsində "Cənub dəhlizi"nin inkişafında Azərbaycanın liderliyinin bir daha qeyd olunduğu məktubda ölkəmizin regional və beynəlxalq təhlükəsizliyə verdiyi mühüm töhfə yüksək qiymətləndirilir və konkret misal olaraq Əfqanıstanda sülhməramlı əməliyyatın yerinə yetirilməsində Azərbaycanın oynadığı rola nəzər salınır. Şübhəsiz ki, bu məktub ABŞ üçün Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsinin nə dərəcə vacib xarakterə malik olduğunu aydın göstərir. Prezident İlham Əliyev də İstanbulda Azərbaycan jurnalistlərinə müsahibəsində məktubda əks olunan məqamları yüksək qiymətləndirib: "Bu məktubda əks olunan məqamlar əminəm ki, Amerika-Azərbaycan əlaqələrinin perspektivlərini müəyyən edəcəkdir. Çünki məktubda həm bu vaxta qədər əldə edilmiş məqamlar öz əksini tapıb və həm də hesab edirəm ki, məktub daha çox gələcəyə ciddi bir addımdır. Məktubda sadalanan bütün istiqamətlər üzrə Amerika ilə Azərbaycan arasında əlaqələrin çox böyük tarixi vardır. Əlaqələrimiz son bir-iki il ərzində formalaşmayıb. Bu əlaqələrin çox böyük tarixi vardır". Azərbaycanın dövlət başçısı onu da vurğulayıb ki, Amerika ilə ölkəmiz arasında ikitərəfli münasibətlərin gündəliyi çox genişdir: "Mən ümid edirəm ki, biz gələcək illərdə iki tərəfi razı sala biləcək əməkdaşlığa yeni, əlavə amilləri daxil edəcəyik. Məktub çox xoşniyyətlidir. Biz məktubda göstərilən bütün məsələlər ətrafında gələcək əməkdaşlığımızı davam etdirəcəyik".

Beləliklə, aydın görünür ki, Azərbaycan da ABŞ-la münasibətlərin inkişaf etdirilməsində maraqlı tərəf kimi çıxış edir və hadisələrin bu istiqamətdə inkişafı hər iki tərəfin marağına cavab verir. Məsələni şərh edən Vaşinqtondakı Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutunun direktoru Svante Kornell isə bildirir ki, baş verənlər Azərbaycanın Qafqazda lider dövlət olduğunu bir daha təsdiq edir. Onun fikrincə, perspektivdə Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması da məhz Azərbaycanın razılığından, daha doğrusu, Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır: "ABŞ-ın Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində apardığı siyasət Bakıdan fərqli görünür. Azərbaycan bildirir ki, bu problemlər bir-biri ilə bağlıdır. ABŞ isə bunu qəbul etmirdi. Obama administrasiyası düşünürdü ki, Türkiyə-Ermənistan münasibətlərində normallaşma prosesi Azərbaycanın razılığı olmadan həll oluna bilər. Amma indi başa düşüblər ki, Azərbaycansız Qafqazda inkişaf yürütmək çətindir. Dağlıq Qarabağ probleminin həllində inkişaf olmasa, Türkiyə-Ermənistan münasibətlərində inkişaf olmayacaq. Bundan sonra Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət arta bilər".

"Washington Post" qəzeti isə yazır ki, Obama hökuməti Azərbaycanla əməkdaşlığa diqqət yetirməsinin göstəricisi kimi müdafiə naziri Robert Qeytsi Azərbaycana göndərib. Qəzetin yazdığına görə, ABŞ müdafiə naziri Azərbaycanın Vaşinqtonda dostları olduğunu da bildirib. Əfqanıstanda sülhməramlı əməliyyatın həyata keçirilməsində isə Azərbaycanın müstəsna əhəmiyyətə malik olduğu xüsusi qeyd edilir: "Birləşmiş Ştatlar Əfqanıstana qoşun, yanacaq, su və başqa materialların göndərilməsində Azərbaycanın dəmiryollarından, limanlarından və hava məkanından istifadədən asılı vəziyyətdədir". Yeri gəlmişkən qeyd edək ki, Robert Qeytsin Azərbaycana səfərilə bağlı Pentaqonun yaydığı məlumatda deyilir ki, Əfqanıstanda koalisiyanın bütün təchizatının 25 faizi Azərbaycanın payına düşür. 2001-ci ildən başlayaraq bu marşrut üzrə Əfqanıstana on minlərlə uçuş həyata keçirilib: "Azərbaycan hərbçiləri Əfqanıstanda beynəlxalq təhlükəsizlik qüvvələrinin (İSAF) tərkib hissəsidir. Ölkənin özü isə İSAF və Əfqanıstan qüvvələrini təchiz edən hava və yerüstü şəbəkədə mühüm rol oynayır". Robert Qeyts özü isə bununla bağlı bildirib: "Rusiya və Qırğızıstan kimi Azərbaycanın hava və yerüstü nəqliyyat yollarından istifadə olunması Amerika üçün çox vacibdir. Bu, maya dəyəri baxımından koalisiya qüvvələri və Əfqanıstan üçün ən effektiv təchizat marşrutudur".

Yaxın günlərdə isə ABŞ dövlət katibi Hillari Klintonun ölkəmizə səfəri gözlənilir. Sözsüz ki, bu səfər iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə öz töhfəsini verəcək. Beləliklə, ABŞ-Azərbaycan münasibətlərindəki son inkişaf iki dövlət arasında mövcud əməkdaşlığın daha da dərinləşdiyini və bu da tərəflərin hər birinin marağı olduğunu göstərir. Proseslərin bu səpkidə cərəyan etməsi isə hər iki tərəfin mövqeyinə uyğun olmaqla yanaşı, ümumi maraqlara da cavab verir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.- 10 iyun- S.  1, 2.