Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri mətbuatın diqqət mərkəzində olmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri Türkiyə və dünya mətbuatının diqqət mərkəzində olmuşdur.

"Zaman" qəzetinin "İsraili qınayan İlham Əliyev Türkiyəyə tam dəstək verdi" başlıqlı yazısında Azərbaycan dövləti başçısının Aralıq dənizindəki son hadisələrə ədalətli mövqeyi vurğulanmış, Türkiyə-Azərbaycan əlaqələrinin güclənməsindən məmnunluq ifadə olunmuşdur.

Nüfuzlu "CNN-Türk" televiziya kanalının internet saytında yerləşdirilmiş "Türkiyə və Azərbaycan arasında önəmli addım" başlıqlı analitik yazıda Azərbaycan Prezidentinin işgüzar səfəri çərçivəsində imzalanmış enerji sazişlərinin əhəmiyyətindən ətraflı bəhs olunmuşdur. Qeyd edilmişdir ki, bu sənədlər Nabukko layihəsinin həyata keçirilməsinə də əlverişli zəmin hazırlayır. Qardaş ölkə olan Azərbaycan iqtisadi gücünü artırmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynayacaqdır.

"Amerikanın səsi" (VOA) radiosunun "Türkiyə və Azərbaycan qaz məsələsində anlaşdı" reportajında Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın Azərbaycan ilə imzalanmış sənədlərin əhəmiyyəti haqqında fikirləri yer almaqla yanaşı, Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin düşünülmüş enerji siyasəti önə çəkilmişdir.

"Hürriyyət" və "Milliyyət" qəzetlərinin xəbərlərində də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın "Hörmətli qardaşım İlham Əliyev Türkiyənin mövqeyinə tam dəstəyini bildirmişdir" cümləsi xüsusi olaraq verilmişdir. Qəzetlər Azərbaycan dövləti başçısının qətiyyətli mövqeyinin rəsmi Ankara üçün vacib olduğunu da vurğulamışlar.

Türkiyənin Anadolu xəbər agentliyi və "Cihan" agentliyi İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısındakı çıxışına geniş yer vermişlər. Dövlətimizin başçısının təhlükəsizlik tədbirlərinə kompleks şəkildə yanaşmanın və terrorizmlə mübarizənin gücləndirilməsinin zəruriliyi, Azərbaycanın həyata keçirdiyi layihələrin bölgədə əməkdaşlığa zəmin yaratdığı barədə fikirləri xüsusi olaraq vurğulanmışdır.

Azərbaycan Prezidentinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü toplantısında iştirakı və çıxışı, səfər çərçivəsində Türkiyə ilə Azərbaycan arasında imzalanmış sənədlər Reuters və Assoşieyted Press agentlikləri, dünyanın və Türkiyənin digər aparıcı kütləvi informasiya vasitələri tərəfindən də geniş işıqlandırılmışdır.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2010.-  10 iyun- S.  2.