Azərbaycanla Avropa Parlamenti arasında əlaqələr
intensiv inkişaf edir
Avropaya inteqrasiya Azərbaycanın
xarici siyasətinin əsas istiqamətlərindən biridir.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan
bütün beynəlxalq təşkilatlar, o cümlədən
Avropa İttifaqı və Avropa Parlamenti ilə sıx əməkdaşlıq
edir. Bu sözləri Milli Məclisin Sədri Oqtay Əsədov
ölkəmizdə səfərdə olan Avropa Parlamentinin
Xarici əlaqələr komitəsi sədrinin müavini
Fiorello Provera ilə iyunun 9-da keçirdiyi
görüşündə səsləndirdi.
Oqtay Əsədov
qonağı Azərbaycanın yaxın dostu kimi Bakıda
salamlamaqdan məmnun olduğunu bildirərək dedi ki, Azərbaycan
ilə Avropa Parlamenti arasında çox yaxşı
münasibətlər var, Milli Məclisdə
yaradılmış komissiya neçə illərdir ki, Avropa
İttifaqı və Parlamenti ilə səmərəli əməkdaşlıq
edir. İkitərəfli əməkdaşlığımız
Şərq Tərəfdaşlığı Proqramı
çərçivəsində də uğurla davam edir. Bu əməkdaşlıq
çoxtərəfli də ola bilər, lakin Ermənistanın
Azərbaycan torpaqlarını işğal etməsi buna imkan
vermir. Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı Avropa Parlamentində qəbul olunmuş sənəd
Ermənistanın işğalçı olduğunu bir daha
sübut etdi.
Milli Məclisin Sədri həmin
sənədin mətninin hazırlanmasında və qəbulunda
fəal roluna görə qonağa minnətdarlıq edərək
bildirdi ki, bu cür sənədlərin qəbulu təkcə
Azərbaycanın haqlı mövqeyinin müdafiəsi deyil, həm
də beynəlxalq hüquq normalarının və dövlətlərin
ərazi bütövlüyü prinsipinin müdafiəsi
baxımından olduqca vacibir.
Oqtay Əsədov İtaliyaya səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırladaraq Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun fəaliyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, dostluq qrupları arasında əlaqələrin inkişafı digər sahələrdə mövcud olan münasibətlərimizin daha da möhkəmləndirilməsinə xidmət edir.
Azərbaycana səfər etməsindən şərəf duyduğunu vurğulayan Avropa Parlamentinin Xarici əlaqələr komitəsi sədrinin müavini Fiorello Provera isə öz növbəsində ölkəmizdə dövlətin, parlamentin və dinin vəhdət təşkil etməsinin çox böyük və mühüm əhəmiyyət kəsb etdiyini dedi. Qonaq qeyd etdi ki, bu amil, eləcə də Azərbaycanda dini dözümlülük, hamının bərabər hüquqlara malik olması demokratiyanın yüksək inkişafından xəbər verir. Azərbaycan bununla digər ölkələr üçün nümunə olmalıdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Anar RASİMOĞLU
Azərbaycan.- 2010.- 10 iyun- S.
2.