Heydər Əliyevin əsasını qoyduğu hüquqi islahatlar bəhrəsini verir

 

"Demokratik prinsiplər mənim həyatımın mənasını təşkil edir və bundan sonra demokratiya bizim dövlətimizin əsasını təşkil edəcəkdir... Hər bir şəxs Konstitusiyaya və qanunlara dönmədən əməl etməlidir. Ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir".

 

Heydər ƏLİYEV

 

Xalqımız əsrlər boyu milli azadlıq hüququnu təmin etmək, müstəqillik haqqına nail olmaq arzusu ilə yaşamışdır. Müstəqilliyin təmin edilməsinin və qorunub saxlanmasının nə qədər çətin olduğunu dəfələrlə bəyan etmiş ulu öndər Heydər Əliyev, ötən yüzilliyin sonunda Azərbaycan xalqının bu fundamental haqqını gerçəkliyə çevirdi.

Hər il xalqımız çoxəsrlik tarixinin ən parlaq günlərindən biri olan Dövlət Müstəqilliyi Gününü qeyd edərkən həmin keşməkeşli zamanda milyonlarla azərbaycanlının təməl hüququnu-müstəqil məmləkətdə yaşamaq, azad ölkənin vətəndaşı olmaq hüququnu təmin edən ümummilli liderin ruhu qarşısında baş əyir.

Müstəqil demokratik, hüquqi dövlət quruculuğu prosesi Heydər Əliyevin Azərbaycana rəhbərliyinə qayıdışı ilə başlanmışdı. Ulu öndər bu istiqamətdə ardıcıl siyasət yeridərək, ilk növbədə ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradılmasını təmin etdi. 1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycanın Konstitusiyası qəbul edildi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkiləri keçirildi, Konstitusiya Məhkəməsi fəaliyyətə başladı, Azərbaycanda ölüm cəzası, mətbuat üzərində senzura ləğv olundu.

Demokratik hüquqi dövlət quruculuğunun, insan hüquq və azadlıqlarının fundamental prinsiplərinin qərar tutmasına zəmin yaradan ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi yoluna doğru aparan islahatlar Heydər Əliyev siyasi xəttinin əsasını təşkil etmişdir. Azərbaycan dövləti müstəqilliyin əldə edilməsi ilə paralel şəkildə, tarixdə ilk dəfə olaraq: milli dövlət; müstəqil siyasi dövlət; demokratik hüquqi dövlət quruculuğu vəzifələrini eyni vaxtda və qısa zamanda həyata keçirmək tələbləri ilə üz-üzə durmuşdur. Əgər tarixə nəzər salsaq, dövlət quruculuğunun müxtəlif dövrlərinə müvafiq gələn bu mərhələlərin hər birini dünya ölkələri çox böyük bir zaman müddətində, tədricən keçmiş, təkamül yolu ilə onları ardıcıl qət etmişdir.

Hüquqi dövlət - dövlətin təşkilinin və fəaliyyətinin elə bir formasıdır ki, burada insan və vətəndaş hüquqları və azadlıqları təmin olunur, dövlət hakimiyyətinin fiziki şəxslər və onların müxtəlif birlikləri ilə əlaqələri hüquq əsasında qurulur. Belə dövlət quruculuğunun əsas cəhətləri bunlardır: hakimiyyətin bölünməsi prinsipi; ictimai həyatın bütün sahələrində konstitusiya qanunlarının aliliyi; insanların və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin təmin edilməsi; konstitusiya və qanunlar çərçivəsində dövlətin fəaliyyət göstərməsi; beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərinin və normalarının üstünlüyü; dövlət tərəfindən insan və vətəndaş hüquqlarının və azadlıqlarının tanınması, onlara əməl olunması və müdafiə edilməsi; dövlətlə şəxsiyyət arasında qarşılıqlı məsuliyyətin olması; məhkəmənin müstəqilliyi, hakimiyyət üzərində və konstitusiyaya əməl olunması üzərində məhkəmə nəzarəti; qanunçuluğun, şəxsi təhlükəsizliyin, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini; siyasi və ideoloji plüralizm.

Hüquqi dövlət anlayışı özündə konstitusion əsaslı demokratik dövlət anlayışında mövcud olan əlamətləri birləşdirir. Lakin hüquqi dövlətin spesifik əlamətlərinin üzərində dayansaq hüquqi dövlət haqqında daha geniş, aydın təsəvvür yaratmış olarıq. Bu prinsiplərə əsasən hüququn aliliyi; hakimiyyətin bölünməsi; hamının qanun qarşısında bərabərliyi; hüquq və azadlıqların üstünlüyü; insan və vətəndaşın hüquq və azadlıqlarının real təminatı; qarşılıqlı məsuliyyət, yəni şəxsin dövlət qarşısında və dövlətin şəxs qarşısında məsuliyyəti; məhkəmə hakimiyyətinin müstəqilliyi və sairə daxildir.

Ümummilli lider Heydər Əliyev öz çıxışlarında həmişə vurğulamışdır ki, insan hüquq və azadlıqlarının təmin edilməsi, hüquqi demokratik və dünyəvi dövlət yaradılması, vətəndaş cəmiyyətinin qurulması həmişə bəşəriyyəti düşündürən problemlərdən olmuşdur. Tarixə nəzər salsaq, hələ qədim Roma dövründə qanunun aliliyinin təmin edilməsi ilə yanaşı, hüquqi dövlətin digər mühüm əlaməti olan hakimiyyətin bölünməsi prinsipinin rüşeyminə rast gəlirik. Hüquqi islahatlar strategiyasından danışanda bu prosesin Azərbaycanda özünəməxsus cəhətlərinə nəzər salmaq çox önəmlidir:

- Müstəqillik tarixinin suveren torpaqların işğalı, ərazi bütövlüyünün pozulması ilə paralel şəkildə başlanması, bütün səviyyələrdə xalqımızın və beynəlxalq hüququn pozulmuş fundamental prinsiplərinin bərpasının tələb edilməsi mövqeyindən çıxış etmək həm daxili qanunvericiliyin, həm də beynəlxalq hüquq məkanına inteqrasiyanın ana xəttini təşkil etmişdir;

- Ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda uğurla aparılan hüquqi islahatlar qabaqcıl dünyanın demokratik hüquq məkanına inteqrasiya xəttini bəyan edən milli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi olmuşdur;

- Azərbaycanda bütün sahələrdə olduğu kimi, hüquqi dövlət quruculuğu yönündə də həyata keçirilən fəaliyyətin ən mühüm xüsusiyyətindən biri-burada islahatlara "yuxarıdan təşəbbüslə" təkan verilməsi, dövlət başçısının siyasi iradəsindən qaynaqlanması olmuşdur. Hüquqi islahatların ideoloqu, təşəbbüskarı, aparıcı qüvvəsi və subyekt kimi siyasi elita və onun liderinin çıxış etməsi olmuşdur;

- Təməli ümummilli lider tərəfindən qoyulan hüquqi islahatlar dövlətçiliyin bütün - milli, demokratik, siyasi və sairə formalarının əsasıdır. Məhz buna görə də bu sahə strateji xarakter daşıyır. Bəzən bu, təsəvvür və izah edildiyi kimi sadəcə yeni qanunların qəbul edilməsi demək deyildir. Dövlətin siyasəti hər bir addımda hüquqi əsaslar üzərində bərqərar olur;

- Azərbaycanda hüquqi islahatlar dövlətçilik tarixində köklü transformasiyalarla, dəyişikliklərlə bağlı olmuş, müstəqil, demokratik, hüquqi dövlət quruculuğu ilə əlaqəli proses kimi başlanğıcını götürmüşdür;

- Bütün dövrlərdə və ya bütün ölkələrdə hüquqi islahatlar birmənalı qarşılanmır. Əksər hallarda qeyri-adekvat reaksiya müşahidə edilir. Onun tərəfdarları da, əleyhdarları da olur;

- Suveren dövlət kimi Azərbaycanda islahatların gedişində qabaqcıl dünya təcrübəsindən optimal bəhrələnmə, ən yaxşı olanın qəbul edilməsi və seçilməsi, milli qanunvericiliyin beynəlxalq hüquqi prinsip və normalarla ahənginin nəzərə alınması son dərəcə həssaslıq tələb edən məsələ olmuşdur. Bu milli təhlükəsizlik məsələləri ilə sıx bağlıdır;

- Yeni hüquqi dövlətin təşəkkülü məsələlərinin geniş ictimaiyyətin hüquq mədəniyyəti və maariflənməsi ilə paralel aparılması həyati vacib məsələ kimi nəzərə alınmışdır;

- İslahatların mövcud olan bütün hüquqi infrastruktura nüfuz etməsi və yeni infrastrukturun yaranması mühüm problem kimi diqqət mərkəzində olmuşdur.

Bu gündən baxanda islahatlar kursunda bütün dünyada nəzərə alınan varislik, komplekslik, tətbiq edilən dünya təcrübəsinə tənqidi yanaşma, milli reallığın və hüquq məkanının özünəməxsus cəhətlərinin diqqətdə olması kimi prinsiplərin rəhbər tutulduğunu görə bilərik.

Ümummilli liderin insan hüquqlarının qorunması, demokratik inkişaf istiqamətində həyata keçirdiyi siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməkdədir. Bunu çoxlu sayda imzalanan qərar və sərəncamlardan da aydın görmək mümkündür.

Prezident İlham Əliyevin 2006-cı il dekabrın 28-də Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsinə dair imzaladığı sərəncam mühüm əhəmiyyətə malikdir. Burada Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir.

Sərəncamda xüsusi vurğulanmışdır ki, hazırda Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Qarşıdan gələn illər üçün Azərbaycan Respublikasının normativ hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələr müəyyən edilir.

Dövlət başçısı Azərbaycan Respublikasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini ümumdövlət vəzifəsi hesab edərək, BMT-nin "Minilliyin inkişaf məqsədlərinin" və Avropa Şurasının 3-cü Zirvə Görüşünün insan hüquqlarının müdafiəsi və demokratiyanın, qanunun aliliyinin təmini sahəsində müəyyən etdiyi prioritetləri nəzərə alaraq, insan hüquqlarının müdafiəsi sahəsində görülən tədbirlərin genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı təsdiq edilməsinə qərar vermişdir.

Azərbaycanın yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Bu səbəbdən Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmini, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələr müəyyən edilmişdir.

Bütün bunlar ölkədə insan hüquqlarının etibarlı təminatının xüsusi diqqət mərkəzində saxlandığını göstərir. Azərbaycan əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan demokratik inkişafını əvvəlki əzmkarlıqla davam etdirməkdə, bu sahədə əməli işlər görməkdədir.

İctimai münasibətlərin dinamik xarakterindən asılı olaraq hər bir dövlət vaxtaşırı olaraq konstitusiyaya müəyyən əlavə və dəyişikliklər etməli olur. 18 mart 2009-cu ildə Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumun nəticələri də belə obyektiv şərtlərdən irəli gəlirdi. Referendumun keçirilməsində əsas məqsəd bir idi: insan və vətəndaşların hüquqlarının genişləndirilməsində və təminatında dövlətin üzərinə əlavə öhdəliklər qoyulması. Konstitusiyanın 12-ci maddəsində göstərilir ki, insan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 12-ci maddənin birinci hissəsinə vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi sözünün əlavə edilməsi dövlətin insan və vətəndaşların hüquqlarına daha çox diqqət yetirdiyini göstərir. Bu gün Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulan əlavə və dəyişikliklərin əksəriyyəti insan və vətəndaşların konstitusion hüquq və azadlıqlarının genişləndirilməsini və onların təminatını nəzərdə tutur. Xüsusilə qeyd olunur ki, hər kəsin üzərinə vəzifələr mövcud konstitusiya ilə qoyula və ya dövlətin digər qanunları ilə müəyyən oluna bilər. Azərbaycan Respublikası Şərqin ilk demokratik dövləti kimi tolerant bir ölkə kimi seçilir. Ona görə də təklif olunan əlavə və dəyişikliklərdə heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə, dini mərasimləri yerinə yetirməyə və iştirak etməyə məcbur edilə bilməz. Demokratik prinsiplərə uyğun olaraq ölkəmizdə milli və dini azlıqların hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

İnsan hüquqları həm də müxtəlif iqtisadi və siyasi sistemlərin, ideologiyaların və mədəniyyətlərin mövcud olduğu dünyada cəmiyyətləri birləşdirən əsas meyardır. Ulu öndər belə məsələlərə xüsusi həssaslıqla yanaşır və həmişə deyirdi ki, bu hüquqların qorunması və ona hörmət müasir dünyaya qovuşmağın əsas yoludur.

Azərbaycanda insan hüquqlarının demokratik dünyada qəbul edilmiş dəyərlər çərçivəsində təmin edilməsi dövlətin əsas prinsiplərindən biri olduğuna görədir ki, hazırda ölkəmiz insan hüquqlarının təmini sahəsində mühüm nailiyyətlər qazanmış, cəmiyyətimiz demokratik dünyaya tam inteqrasiya etmişdir. Azərbaycan insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmuş, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığı daha da inkişaf etdirmişdir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müxtəlif qurumları, ATƏT, Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur.

Bütün bunlarla yanaşı, ölkəmizdə insan hüquqlarının qorunmasının əsas göstəriciləri olan tolerantlığın yüksək səviyyədə təmin edilməsi, irqi ayrı-seçkiliyə heç bir vəchlə yol verilməməsi çox mühüm uğurlarımızdır. Bu məsələ ümummilli lider Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. Azərbaycan tarixin heç bir dönəmində milli-dini zəmində qarşıdurmanın və ayrı-seçkiliyin olmadığı nadir ölkələrdən biridir. Müxtəlif millətlərdən, dinlərdən olan, ayrı-ayrı adət-ənənələrə, mədəniyyətlərə mənsub insanlar arasında dostluq münasibətlərinin təmin edilməsi, milli-dini tolerantlığın hökm sürməsi dövlətimizin tarixi nailiyyətidir. Azərbaycanlılar heç vaxt başqa xalqlara və dinlərə qarşı mənfi münasibət göstərməmiş, düşmənçilik etməmiş, ədavət aparmamış və başqa xalqın nümayəndəsini öz dininə və mədəniyyətinə itaətə məcbur etməmişlər.

Təsadüfi deyil ki, BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə komitəsinin 2009-cu ildə Cenevrədə keçirilmiş 75-ci sessiyası çərçivəsində "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiya üzrə Azərbaycan Respublikasının beşinci və altıncı dövri məruzəsinə baxılarkən Azərbaycan hökumətinin götürdüyü öhdəliklərin yerinə yetirilməsinə ciddi yanaşması, insan hüquqları sahəsində bütün əsas beynəlxalq sənədləri ratifikasiya etməsi, ölkədə insan hüquqlarının qorunmasına dair Milli Fəaliyyət Planının qəbul olunması, insan alverinə qarşı mübarizənin gücləndirilməsi, məhkəmə sisteminin müstəqilliyinin artırılması, qaçqınların, məcburi köçkünlərin və miqrantların vəziyyətinin yaxşılaşdırılması üçün mühüm işlərin görülməsi, milli azlıqların dilinin, mədəniyyətinin və adət-ənənələrinin qorunması üçün ardıcıl tədbirlərin həyata keçirilməsi komitə üzvləri tərəfindən yüksək dəyərləndirilmişdir.

Azərbaycanda insan hüquqları sahəsində görülən işlər, o cümlədən millətlərarası, dinlərarası vəziyyət həqiqətən yüksək qiymətə layiqdir.

Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu il Azərbaycanda "Uşaq ili" elan edilmiş, həmin ildə istər dövlət qurumları, istər uşaq hüquqları ilə əlaqəli olan təşkilatlar, istərsə də cəmiyyətimiz ölkədə uşaq hüquqlarının təmin edilməsi məqsədi ilə həyata keçirilən işlərə öz töhfəsini vermişdir. Hazırda respublikada uşaq hüquqları üzrə qanunvericilik bazası ən müasir standartlara cavab verir.

Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın uşaqların problemlərinin həlli sahəsindəki fəaliyyəti xüsusilə bütün dünyada etiraf olunur. Onun prezidenti olduğu Heydər Əliyev Fondu yarandığı gündən bütün uşaqların hüquqlarının təmin edilməsi məqsədilə hökumət və parlament, beynəlxalq icma, qeyri-hökumət təşkilatları, media vasitələri və gənclərlə birgə işlər həyata keçirir, heç bir uşağı özünün diqqət və fəaliyyətindən kənarda qoymamağa çalışır. Azərbaycanlı uşaqların sağlam, təhsilli olması, sosial müdafiənin güclü olduğu bir mühitdə yaşaması və öz ölkələrinin gələcəyinə töhfə verəcək məsuliyyətli vətəndaşlar kimi formalaşması üçün səylərini əsirgəmir. Ermənistanın Azərbaycana qarşı təcavüzü və torpaqlarımızın 20 faizinin işğalı nəticəsində on minlərlə uşaq məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu, uşaq hüquqlarının kobud şəkildə pozulması deməkdir. Fondun yorulmaz fəaliyyəti nəticəsində bu həqiqət ən müxtəlif səviyyəli tədbirlərlə bütün dünya ictimaiyyətinin diqqətinə çatdırılır.

Məlumdur ki, qadın hüquqlarının müdafiəsi insan hüquqlarının müdafiəsinin tərkib hissəsidir və o bir sıra sənədlərdə ("İnsan alveri və III şəxslər tərəfindən istismarı ilə mübarizə haqqında" BMT Konvensiyası, "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq Pakt, "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi" haqqında Konvensiya) öz əksini tapmışdır. Azərbaycan Respublikası BMT-nin Qadınların Vəziyyətinə Dair Komissiyasına üzv seçilmişdi.

Ümummilli liderin təməlini qoyduğu hüquqi islahatların XXI əsrdə uğurla davamı, bu sahədə dünyada qəbul edilən irəliləyişlər təbii ki, öz nəticəsini göstərir, dünya miqyasında ölkəmizə olan münasibət yaxşılığa doğru dəyişir.

Azərbaycan insan hüquq və azadlıqlarının qorunmasını özünün ali prinsipi kimi qəbul edir. Ölkəmiz bu məsələ ilə bağlı bütün beynəlxalq konvensiyalara qoşulub. Bəzi dairələr Azərbaycanda insan hüquqlarına dair vəziyyətə kölgə salmaq istəyirlər. İnsan hüquqlarına dair müzakirələr obyektiv olmalıdır. MDB məkanında Ermənistanla, Gürcüstanla müqayisə aparılsa, bu cəhətdən Azərbaycanın nə qədər öndə olduğu sübuta yetər. İkili standartlardan uzaqlaşmağın vaxtıdır. İnsan hüquqları məsələsindən dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etmək düzgün deyil. Əks halda, bu, beynəlxalq təşkilatların özünün nüfuzuna da xələl gətirən amildir. Demokratiya və inkişaf yolunu tutan Azərbaycanda insan hüquqları 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən ölkə Konstitusiyası ilə qorunur. O vaxtdan ötən müddət ərzində parlamentin qəbul etdiyi çoxsaylı qanunlarla bu sahədə mükəmməl qanunvericilik bazası formalaşmışdır. Milli Məclis 200-dən çox beynəlxalq sənədi ratifikasiya etmişdir. Ölkədə insan hüquqlarına dair Milli Fəaliyyət Planı həyata keçirilir. Parlamentdə hazırlanan bütün qanun layihələri qəbul edilməmişdən əvvəl insan hüquqları baxımından ekspertizadan keçirilir.

Bu gün Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə məşğul olan institutlar, İnsan Hüquqları üzrə Müvəkkil, Milli Məclisdə İnsan hüquqları komitəsi fəaliyyət göstərir. Azərbaycan vətəndaşı təhsil almaq, sağlamlığını qorumaq, sərbəst yaşamaq, seçmək və seçilmək kimi hüquqlara sahib olmaqla istədiyi zaman bu təminatlarla bağlı azad şəkildə yerli və beynəlxalq məhkəmələrə çıxa bilir.

Ölkəmizin insan hüquqları sahəsində yeganə problemi Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın 20 faiz torpaqlarını zəbt etməsindən sonra yaranmışdır. İndi respublikada 1 milyondan çox insan qaçqın və məcburi köçkün şəraitində yaşayır. Erməni əsir və girovluğunda beynəlxalq hüquq normalarına, konvensiyalara zidd olan işgəncə, təhqir və zorakılıqlara, qeyri-insani hərəkətlərə məruz qaldıqdan sonra azad edilmiş yüzlərlə Azərbaycan vətəndaşı mənəvi-psixoloji gərginlik şəraitində həyat sürür. İnsan haqlarına xüsusi diqqətin ayrıldığı müasir dünyada Azərbaycan Ermənistan tərəfindən siyasi soyqırım və etnik təmizləməyə məruz qalmışdır. İnsan hüquqları günü ilə bağlı BMT Baş katibi Pan Gi Munun dünya ictimaiyyətinə ünvanladığı müraciətdə də etnik münaqişələr pislənir və insan hüquqlarının pozulmasına qarşı mübarizə aparılmasına çağırış edilir.

Ölkəmizdə demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları getdikcə daha dolğun və real məzmun kəsb edir, vətəndaşların əsas hüquqlarının müdafiəsinin milli mexanizmləri təkmilləşdirilir, bu sahədə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirilir. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasi xətt ölkəmizdə insan hüquqlarının etibarlı təminatına, Avropa və dünya hüquq məkanına inteqrasiyanın daha da inkişafına töhfələr verməkdədir.

 

 

Rəbiyyət ASLANOVA,

Milli Məclisin komitə sədri

 

Azərbaycan.- 2010.-  10 iyun- S.  3.