17. Əhalinin etibarlı sosial müdafiəsini təmin edən dövlət siyasəti

 

"Bizim düşünülmüş siyasətimiz, iqtisadi potensialımız, güclü sosial siyasətimiz vardır. Bizim bütün siyasətimizin başında Azərbaycan vətəndaşı dayanır. Mən başda olmaqla bütün məmurlar xalqın xidmətçiləridir. Biz elə etməliyik ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın".

 

İlham ƏLİYEV

 

Demokratik inkişaf yolu seçən hər bir dövlətin ən ali vəzifələrindən biri də əhalinin, onun hər bir üzvünün sosial müdafiəsini təmin etmək, həyat səviyyəsinin daha da yüksəldilməsinə nail olmaqdır. Çünki bunsuz dayanıqlı iqtisadi inkişafın təmin edilməsi mümkünsüzdür. Azərbaycanda əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, ölkə Prezidentinin imzaladığı fərman və sərəncamlar, görülən digər konkret tədbirlər isə sözügedən sferada ölkəmizdə mühüm nəticələrə nail olmasına gətirib çıxarmaqla yanaşı, insanların maddi rifah halının yüksələn xətt üzrə inkişafında da önəmli rol oynayır. Bununla belə, sosial sahədə əhalinin müdafiəsinin daha da güclənməsinə xidmət edən siyasət davam etdirilməkdə, zamanın tələblərinə uyğun olaraq daim yenilənməkdədir.

 

Xalqın hamisi

 

Azərbaycanın ötən əsrdə ikinci dəfə qazandığı müstəqilliyin ilk illərində ölkəni bürüyən ictimai-siyasi xaos dövlətin ən vacib vəzifələri sırasında yer alan əhalinin sosial müdafiəsi məsələsini arxa plana keçirsə də, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə respublikanın inkişafı tarixində tamamilə yeni səhifə açıldı. Bu fonda əhalinin sosial problemləri ön plana çəkildi, onların həlli məqsədilə təxirəsalınmaz tədbirlər görüldü. Nəticədə əhalinin sosial müdafiəsinin təşkili inkişaf etməyə, həyat səviyyəsi ildən-ilə yüksəlməyə başladı.

Ümumiyyətlə, ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrdə insanların maddi-rifah halının daim yüksəlməsi, onların etibarlı sosial təminatına xüsusi önəm verib. İkinci dəfə Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra Heydər Əliyevin bu xüsusda verdiyi fərmanlar ayrıca diqqət çəkir. Onlardan biri "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 15 iyun tarixli 152 saylı fərmanıdır. Həmin fərmanın əsas məqsədlərindən biri Azərbaycanda mövcud olan inflyasiyanın qarşısının alınmasına yönəlmişdi və bu, həmin dövr üçün olduqca vacib əhəmiyyət kəsb edirdi. Bilindiyi kimi, ölkəmizdə iqtisadiyyatın tənəzzülü ötən əsrin 80-ci illərinin sonlarından başlayıb 90-cı illərin əvvəllərinə qədər davam edib. Tədqiqatlar göstərir ki, 1992-ci ildən 1994-cü ilə qədər olan dövrdə milli gəlir 50 faiz azalmışdı və bunun əsas səbəbi də müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi idi. Bu fonda 1994-cü ildə inflyasiya həddi ən yuxarı nöqtəyə qalxmışdı və belə vəziyyət insanların maddi durumuna təsirsiz ötüşmürdü. Hakimiyyətə gəldikdən sonra proseslərin inkişafında dönüş yaratmaq məqsədilə ulu öndərin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında" fərmanı mühüm rol oynadı. Lakin fərmandan irəli gələn vəzifələrin daha effektiv yerinə yetirilməsinin təmininə nail olmaq və yol verilən bəzi qüsurların aradan qaldırılması üçün Heydər Əliyev "Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" növbəti sənəd imzaladı. Prezidentin yeni fərmanı isə bilavasitə əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə qorunmasına xidmət edirdi. Məsələn, fərmana əsasən, 1994-cü il oktyabrın 15-dən əməyin ödənilməsinin minimum məbləği odövrkü pulla ayda 4000 manat müəyyən edilirdi. Həmçinin pensiya, təqaüd və müavinətlərin məbləğləri əməyin ödənilməsinin minimum məbləğinə uyğunlaşdırılırdı. Eyni zamanda, 1994-cü il oktyabrın 15-dən sosial və işləməyən pensiyaçılara, ali və orta ixtisas təhsili müəssisələrinin gündüz şöbələrində oxuyan tələbələrə və texniki peşə məktəblərinin şagirdlərinə ayda 3000 manat, adambaşına aylıq gəliri minimum əməkhaqqının iki mislindən az olan ailələrdə 16 yaşınadək uşaqların hər birinə ayda 2000 manat məbləğində pul kompensasiyası təyin olunurdu.

Əhalinin sosial müdafiəsi sahəsində qanunvericilik bazasının güclənməsi istiqamətində ən mühüm addımlardan biri də Heydər Əliyevin rəhbərliyi altında hazırlanan, Avropa dəyərlərinə, demokratiya və insan azadlığına söykənən, 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyasında bu məsələnin təsbit olunması idi. Konstitusiyanın 16-cı maddəsində deyilirdi ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır. Bununla faktiki olaraq müəyyən edilirdi ki, bütün inkişaf etmiş sivil dövlətlərdə olduğu kimi, iqtisadiyyat fərdin, şəxsin maddi və mənəvi sosial tələbatlarının ödənilməsinə istiqamətləndirilməlidir.

Ümummilli liderin rəhbərliyi altında görülən digər tədbirlər nəticəsində ölkədə iqtisadi sabitlik təmin olunmaqla bərabər, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün də möhkəm zəmin yarandı. Sosial sahədə insanların durumunun yaxşılaşdırılması üçün görülən real işlər sayəsində maaşlar, pensiyalar, digər sosial müavinətlər tez-tez artırılır, sənət adamlarına, alimlərə, hətta tələbələrə xüsusi prezident təqaüdü təyin edilirdi. Qeyd edək ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir.

1997-ci ildə pensiya qanunvericiliyinə edilmiş dəyişikliklərdən sonra 1993-cü ilə qədər təqaüdə çıxmış 650 min vətəndaşın pensiya məbləği 2,2 dəfə artırıldı, əlillərin, tənha, ahıl vətəndaşların və sosial təqaüdçülərin pensiyalarının üzərinə əlavə müavinətlər hesablandı. Odövrkü pulla bu məqsədlə 240 milyard manat xərcləndi. Eyni zamanda, 1998-ci il avqust ayının 1-dən pensiyaların yeni hesablanma mexanizminin tətbiqi nəticəsində şəhid ailələrinin, müharibə əlillərinin, qaçqın və məcburi köçkünlərin pensiyalarının məbləğinin 2 dəfədən də çox artırılmasına 170 milyard manat vəsait sərf olundu. Minimum pensiya ilə daha yüksək pensiya alanlar arasında uyğunsuzluğu aradan qaldırmaq üçün 1 yanvar 2000-ci ildən 450 min nəfərin pensiyasının minimum məbləğinin 50000 manata çatdırılması məqsədilə dövlət büdcəsindən ayda 5 milyard manat vəsait ayrıldı, həmin ilin noyabr ayından isə sosial pensiyaçılara dövlət qayğısının nəticəsi olaraq onların pensiyalarının üzərinə 10000 manat məbləğində aylıq müavinət hesablandı.

Heydər Əliyevin 29 dekabr 2000-ci il tarixli "Əlil olmuş və digər kateqoriyadan olan bir qrup aztəminatlı vətəndaşa dövlət yardımının artırılması haqqında" sərəncamına əsasən, ölkəmizi erməni təcavüzündən müdafiə edərkən və 1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə verilən aylıq müavinətlər artırıldı. Növbəti ildə isə bu kateqoriyadan olan insanlara hesablanan aylıq müavinətlər orta hesabla yenidən 50 faizə kimi çoxaldıldı. Qarşıdakı illərdə də bu sahədə tədbirlər davam etdirildi. Artıq dövlət büdcəsinin xərclərinin sosial xarakterli olması ənənəvi hal aldı. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 1997-2005-ci illərdə büdcədən xərclənən vəsaitin orta hesabla 50 faizdən çoxu əməkhaqqı, pensiya və müavinətlərin verilməsinə yönəldildi.

 

Sığorta-pensiya sisteminin inkişafına dair yeni Dövlət Proqramı

 

Ulu öndərin bu siyasəti onun layiqli siyasi varisi olan Prezident İlham Əliyev tərəfindən indi də uğurla davam etdirilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr seçkilərindən sonra imzaladığı ilk fərmanlar sırasında yer alan "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" və "Azərbaycan Respublikası regionları sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında" sənədlər ölkə iqtisadiyyatının daha intensiv inkişaf etməsini ehtiva etməklə yanaşı, əhalinin sosial müdafiəsinin getdikcə daha artıq dərəcədə güclənməsinə də xidmət edirdi.

2004-cü ildə isə ümumilikdə ölkə vətəndaşlarına dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini gücləndirmək məqsədilə Prezident tərəfindən 10-dan çox fərman və sərəncam imzalandı. Bütün bunlar nəticəsində isə maaşlar, pensiyalar və digər müavinətlərin həcmində əhəmiyyətli artım oldu. Sosial sahədə diqqətçəkən mühüm addımlardan biri isə "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı" oldu. Prezidentin 2006-cı il 17 aprel tarixli sərəncamı ilə təsdiq edilən proqramda Azərbaycanda ahıl vətəndaşların sosial müdafiəsi sahəsində mövcud vəziyyətə diqqət yetirilir, onların sosial müdafiəsinin təkmilləşdirilməsi işlərindən söz açılırdı.

Yeni Dövlət Proqramının əsas məqsədi ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə nail olmaqdan ibarət idi və bunun üçün o, aşağıdakı vəzifələri əhatə edirdi: ahıl vətəndaşların sosial təminatı sahəsində hüquqlarının artırılması və onların həyata keçirilməsi; ahıl vətəndaşların cəmiyyətin sosial-iqtisadi və siyasi həyatında iştirakının təmin edilməsi; ahıl vətəndaşların sosial-mədəni tələblərinin ödənilməsi sahəsində tədbirlərin həyata keçirilməsi; ahıl vətəndaşların sağlamlığının qorunması; qocalma probleminin həll olunması istiqamətində dövlət, vətəndaş cəmiyyəti və özəl sektorun sıx əməkdaşlığının təmin edilməsi; ahıl vətəndaşların sosial müdafiəsinin təminatının elmi əsaslarının möhkəmləndirilməsi.

Növbəti illərdə dövlət başçısı tərəfindən verilən müvafiq fərman və sərəncamlarla daim əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin miqdarı artırılıb, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi daha da gücləndirilib. Bununla bağlı önəmli məqamlardan biri də 2005-ci il may ayının 12-də Bakıda yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramının icrasına dair keçirilən illik konfransda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər oldu: "Azərbaycanda heç kim yoxsulluq şəraitində yaşamamalıdır. Yoxsul insan olmamalıdır". Bunun ardınca isə dövlət başçısı aztəminatlı əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə 21 oktyabr 2005-ci il tarixdə "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunu imzaladı. Bu gün də belə yardımların verilməsi insanların aztəminatlı təbəqəsinin maddi rifah halının yüksəlməsində mühüm rol oynayır və ildən-ilə bu yardımın verilmə mexanizmi daha da təkmilləşdirilir. Ünvanlı sosial yardım təyin edilərkən yoxsulluğun mənfi nəticələrinin yüngülləşdirilməsi, bu yardımın real olaraq ehtiyaca uyğun müəyyən edilməsi və subyektin dəqiq seçilməsi vacib faktor kimi nəzərdə tutulur.

Sosial qanunvericilik sahəsində son illərdə diqqətçəkən daha bir məqam isə Prezidentin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"dır. Həmin proqram barədə danışmazdan öncə xatırladaq ki, ölkəmizdə sovet dönəmindən qalmış və günün tələblərinə cavab verməyən pensiya münasibətlərində köklü dəyişikliklərin başlanğıcı Heydər Əliyev tərəfindən təsdiq olunan və 2001-2005-ci illəri əhatə edən "Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası"nın reallaşdırılması ilə qoyulub. Məhz bu dövrdə sığorta-pensiya sisteminin müasir standartlara uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılıb, vətəndaşların pensiya təminatında sığorta prinsiplərinin tətbiqinə istiqamətlənmiş tədbirlər həyata keçirilib. Sığorta-pensiya və sosial yardım sistemlərinin bir-birindən ayrılması və ödənilən sosial sığorta haqları ilə təyin olunan pensiya məbləğlərinin əlaqələndirilməsi bu tədbirlərin başlıca istiqamətini təşkil edir.

2006-cı ildən etibarən ölkəmizdə yeni, beynəlxalq təcrübədə özünü doğrultmuş üçpilləli struktura (baza, sığorta və yığım hissələrindən ibarət) əsaslanan əmək pensiyaları sistemi fəaliyyətdədir. Artıq əldə olunmuş ilkin təcrübə yeni sistemin yüksək sosial səmərəliliyini göstərir. Yeni sistemin fəaliyyəti dövründə əmək pensiyalarının istər minimal məbləği (baza hissəsi), istərsə də orta aylıq məbləği əhəmiyyətli şəkildə artıb. Digər tərəfdən o da faktdır ki, bütövlükdə pensiyaların artım mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə həyata keçirilməsi mövcud maliyyə imkanlarının pensiyaçılar arasında daha ədalətli bölgüsünə şərait yaradıb. Eyni zamanda, məcburi dövlət sosial sığortada fərdi uçot sistemi yaradılıb, vətəndaşların pensiya təminatının fərdi uçotun məlumatları əsasında aparılması həyata keçirilib və beləliklə də pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilib.

Həmçinin bu dövrdə məcburi dövlət sosial sığortası sahəsində idarəetmə, sığortaolunanların fərdi uçotunun təşkili və pensiya təminatı məsələləri vahid pensiya qurumunda cəmləşdirilib və bu sahələrin mütərəqqi texnologiyalar əsasında təkmilləşdirilməsi, yenidən qurulması əməli surətdə həyata keçirilib.

Yeni proqrama əsasən, sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı üçün aktual təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılması və nəticələrin modelləşdirilməsi, müfəssəl fəaliyyət planının gerçəkləşdirilməsi zəruri xarakter daşıyır. Bu sırada vətəndaşların 2006-cı il 1 yanvar tarixinədək (yeni pensiya sistemi fəaliyyətə başlamazdan əvvəlki dövrdə) qazanılmış pensiya hüquqlarının adekvat qiymətləndirilməsi, yeni sistemin fəaliyyətindən əvvəl və sonra pensiyaya çıxmış şəxslərin pensiya məbləğləri arasındakı fərqlərin tədricən aradan qaldırılması və bu tədbirlərin yeni sistemə əlavə maliyyə yükü yaratmadan icrası xüsusi diqqət tələb edən məsələlər kimi dəyərləndirilir. Bildirilir ki, hazırda ölkəmizdə əmək pensiyaları sistemi çərçivəsində nəzərdə tutulmuş baza və sığorta hissələri müsbət nəticələrlə tətbiq olunsa da, əmək pensiyalarının qanunvericiliklə nəzərdə tutulmuş üçüncü elementinin - yığım hissəsinin fəallaşdırılması məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi gündəlikdədir: "Bununla yanaşı, pensiya münasibətlərinin könüllü pensiya sığortası və qeyri-dövlət pensiya təminatı kimi elementləri özündə cəmləşdirən islahat istiqamətinin reallaşdırılması ölkəmizin perspektiv sosial-iqtisadi tərəqqisində mühüm rol oynamalıdır.

Yeni sığorta-pensiya sisteminin fəaliyyəti üçün zəruri qanunvericilik bazası və müasir tələblərə cavab verən maddi-texniki baza əsasən yaradılsa da, sistemin işinin tam avtomatlaşdırılmış qaydada təşkili və onu çalışdıracaq kadr potensialının formalaşdırılması, eyni zamanda, fərdi uçotun və xüsusilə də sığortaolunanların məlumatlandırılması sisteminin inkişafı mühüm vəzifə olaraq qarşıda durur".

"2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" məhz qeyd olunan problemlərin kompleks həllinə yönəlib və Prezidentin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda müəyyən olunmuş strateji məqsəd, hədəf və göstəricilər nəzərə alınmaqla, ölkəmizdə sığorta-pensiya sistemində həyata keçirilən islahatların növbəti mərhələsini müəyyənləşdirir.

Pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsini və tədricən yığım komponentinin tətbiqinə keçidi nəzərdə tutmaqla pensiya islahatlarının daha da dərinləşdirilməsi, aparılan islahatlar nəticəsində qurulmuş yeni sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunması, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi Dövlət Proqramının əsas məqsədini təşkil edir. Onun əsas vəzifələri aşağıdakılardır: sığorta-pensiya sisteminin fəaliyyətində sığorta prinsiplərinin gücləndirilməsi və qeyri-sığorta xarakterli ödəmələrin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi; vətəndaşların 2006-cı il yanvarın 1-dən əvvəlki dövrdə qazanılmış pensiya hüquqlarının yeni əmək pensiyaları sisteminə daha sıx inteqrasiyasının təmin edilməsi; məcburi dövlət sosial sığortasının təkmilləşdirilməsi və konüllü pensiya sığortasının inkişaf etdirilməsi; əmək pensiyalarının yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının formalaşdırılması və inkişaf etdirilməsi; bütövlükdə sığorta-pensiya sisteminin cari ödəmə qabiliyyətinin, habelə orta və uzunmüddətli maliyyə dayanıqlığının təmin edilməsi; sığorta-pensiya sisteminin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqinə nail olunması, idarəetmənin tam avtomatlaşdırılması və fərdi uçot sisteminin əhatəli inkişafının təmin olunması.

 

Yoxsulluğun azaldılmasına xidmət edən dövlət proqramları

 

Sosial sferada həyata keçirilən siyasətin mühüm elementlərindən biri də yoxsulluğun azaldılmasına xidmət edən proqramlardır. Ölkəmizdə sosial problemlərin, o cümlədən yoxsulluq probleminin həlli istiqamətində hələ 2003-cü il 20 fevral tarixində Heydər Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı" xüsusi əhəmiyyətə malik olub. Həmin Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki 46,7 faizdən 29,3 faizə endi. Sonrakı illərdə bu istiqamətdə nailiyyətlər daha da artırıldı və 2007-ci ilin axırına yoxsulluq səviyyəsi 15,8 faiz təşkil etdi.

"2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nın başa çatması ilə bağlı olaraq 2005-ci ilin iyununda Prezident İlham Əliyev tərəfindən yeni sərəncam imzalandı. "2006-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın hazırlanması haqqında bu sərəncamda qeyd olunurdu ki, görülən işlərə baxmayaraq, hələlik ölkədə işsizlik problemini tam həll etmək mümkün olmamış və dünyanın çox ölkəsində olduğu kimi, Azərbaycanda da əhalinin bir hissəsi yoxsul vəziyyətdə yaşayır: "Məhz yoxsulluq probleminin dünyada geniş yayıldığını nəzərə alaraq Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası qəbul etdiyi "Minilliyin İnkişaf Məqsədləri"ndə 2015-ci ilədək yoxsulluğun səviyyəsinin yarıyadək azaldılmasını əsas məqsəd kimi müəyyən etmişdir. Azərbaycan Respublikası da bu təşəbbüsə qoşularaq qarşıdakı illərdə əhalinin əsas ehtiyaclarının daha dolğun ödənilməsi üçün zəruri tədbirlərin görülməsini nəzərdə tutur".

Ölkənin iqtisadi və sosial həyatında müşahidə olunan müsbət meyilləri daha da möhkəmləndirmək, əhalinin rifah halının yaxşılaşdırılması və yoxsulluğun səviyyəsinin azaldılması sahəsində müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə "2006-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın hazırlanması üçün sərəncama əsasən, müvafiq Dövlət Komissiyası yaradıldı.

Bunun ardınca 2008-ci il sentyabrın 15-də Prezident tərəfindən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" təsdiq edildi. Proqramın aşağıdakı əsas doqquz strateji məqsədi müəyyənləşdirilib: makroiqtisadi sabitliyi saxlamaqla və qeyri-neft sektorunu tarazlı inkişaf etdirməklə davamlı iqtisadi artımın təmin edilməsi; əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yoxsul əhalinin sayının əhəmiyyətli dərəcədə azalmasına nail olunması; səmərəli sosial müdafiə sistemini inkişaf etdirməklə yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması; qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin sistemli şəkildə davam etdirilməsi; təhsil və səhiyyə sahəsində əsas xidmətlərin keyfiyyətinin yüksəldilməsi və onları əldə etmək üçün bərabər imkanların yaradılması; sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi; ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin davamlı idarə olunmasının təmin edilməsi; gender bərabərliyinin dəstəklənməsi; institusional islahatların davam etdirilməsi və dövlət idarəetməsinin təkmilləşdirilməsi.

 

Əhalinin sosial müdafiəsinin güclənməsi daim Prezidentin diqqət mərkəzindədir

 

Hazırda dövlətin sosial siyasətinin əsas istiqamətləri vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarının təmin edilməsinə, aztəminatlı vətəndaşların, o cümlədən əlillərin sosial müdafiəsinin təşkil edilməsinə, sosial yardım sistemində ünvanlılıq prinsiplərinin gücləndirilməsinə və cəmiyyətdə mövcud olan sosial münasibətlərin tənzimlənməsinə yönəldilib. Əhalinin sosial müdafiəsinə yönəlmiş tədbirlərin icrasında isə əsas vasitəçi orqan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çıxış edir. Nazirliyin əsas vəzifələri isə aşağıdakılardan ibarətdir: əmək, sosial müdafiə, pensiya təminatı, demoqrafiya və miqrasiya sahəsində dövlət siyasətini hazırlamaq və qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək; əmək qabiliyyətli əhalinin işgüzarlıq və təşəbbüskarlığının artırılması üçün zəruri şərait yaratmaq, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əmək və sosial hüquqlarının qorunmasını təmin etmək; işsizliyin səviyyəsinin azaldılmasına, əmək bazarında zəif rəqabətli əhali qruplarının, xüsusilə gənclərin, çoxuşaqlı qadınların, qaçqın və məcburi köçkünlərin, əlillərin, şəhid ailəsi üzvlərinin, şərbəstləşdirilmiş işçilərin məşğulluğuna yönəldilmiş siyasəti həyata keçirmək; müvafiq icra hakimiyyəti orqanları, dövlət və qeyri-dövlət müəssisələri ilə birgə yeni iş yerlərinin yaradılmasına yönəldilmiş tədbirlər hazırlamaq, əmək ehtiyatlarını bazar şəraitinə uyğunlaşdırmaq məqsədilə peşə hazırlığı mexanizmini təkmilləşdirmək; əhalinin sosial müdafiəsi sahəsində qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlayıb müvafiq orqanlara təqdim etmək; əhalinin aztəminatlı təbəqələrinə dövlət yardımının tənzimlənməsi üzrə təkliflər hazırlamaq, tənha ahıl vətəndaşlara və əlillərə sosial-məişət xidmətini təşkil etmək; demoqrafiya, əmək və sosial müdafiə məsələləri üzrə elmi-tədqiqat və beynəlxalq əməkdaşlıq sahəsində işləri əlaqələndirmək; tibbi-sosial ekspertizanı, əlillərin reabilitasiyasını təşkil etmək, əlillərin protez-ortopedik vasitələrlə təmin olunmasına kömək göstərmək; mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi, əmək şəraiti, əməyin ödənilməsi, əmək münasibətləri, əməyin gigiyenası, əhalinin məşğulluğu, miqrasiya sahəsində qanunvericilik aktlarının icrasının təmin olunmasına dövlət nəzarətini həyata keçirmək.

Bununla yanaşı, dövlət başçısı tərəfindən müxtəlif vaxtlarda verilən sərəncamlar da sosial təminat sahəsində böyük əhəmiyyətə malikdir. Buna misal olaraq "Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə" Prezident İlham Əliyevin 29 dekabr 2009-cu il tarixli fərmanını göstərmək olar. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində yaranmış vəziyyətin tənzimlənməsi məqsədilə dövlət başçısının qərarına əsasən, əhalinin 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinə yaranmış 327 milyon manat məbləğində borcları silinib. Əhalinin borclarının silinməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə silinmiş borcların məbləği həcmində Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsindən təzminat verilib.

Təhlillər göstərir ki, ildən-ilə ölkəmizdə sosial təminatın güclənməsi məqsədilə dövlət büdcəsindən ayrılan xərclərin miqdarı artan xətt üzrə inkişaf edir. Məsələn, dövlət başçısının tapşırığına uyğun olaraq 2009-cu ildə sosialyönümlü tədbirlərin və xərclərin büdcə icrasına üstünlük verilib, müvafiq dövlət proqramlarının maliyyələşdirilməsi tam təmin edilib. Bu məqsədlər üçün dövlət büdcəsindən 2 milyard 903 milyon manat, o cümlədən onun cari xərclərindən 2 milyard 763 milyon manat vəsait sərf edilib ki, bu da 2008-ci illə müqayisədə 450 milyon manat və ya 19,5 faiz çoxdur.

2009-cu ildə 2008-ci illə müqayisədə dövlət büdcəsinin cari xərclərində sosialyönümlü tədbirlər üzrə xərclərin tərkib hissəsi olan sosial-müdafiə və sosial-təminat xərcləri 24,6 faiz, təhsil xərcləri 17,2 faiz, səhiyyə xərcləri 16,2 faiz, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərcləri 12,9 faiz artıb.

Aztəminatlı ailələrin sosial müdafiəsini təmin edən ünvanlı sosial yardımın hesablanmasında tətbiq edilən ehtiyac meyarının məbləği artırılaraq 60 manata çatdırılıb, ünvanlı sosial yardımların göstərilməsi məqsədilə dövlət büdcəsindən 180 milyon manat vəsait istifadə olunub ki, bu da 700 min nəfər aztəminatlı şəxsi əhatə edib.

Əlillərin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması və əlillər üçün bərpa mərkəzlərinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi, o cümlədən respublikanın 22 rayonunda və Bakı şəhərinin Qaradağ, Suraxanı, Yasamal, Əzizbəyov və Sabunçu rayonlarında əlillər üçün çoxmənzilli və fərdi yaşayış evlərinin tikintisinə 46,2 milyon manat vəsait yönəldilib. 2009-cu il də məcburi köçkünlərin sosial-məişət və məskunlaşma şəraitinin yaxşılaşdırılması və yaşayış qəsəbələrinin tikintisi istiqamətində vacib mərhələ olub. Ötən il ərzində Dövlət Neft Fondundan həmin məqsədlərə 90 milyon manat vəsait sərf edilib.

Görülən bu tədbirlərin məntiqi nəticəsidir ki, 2003-2009-cu illərdə ölkəmizdə 840 mindən çox yeni iş yeri açılıb, yoxsulluq səviyyəsi 11 faizə düşüb. Qarşıdakı dövr ərzində isə əhalinin sosial müdafiəsi sahəsində Azərbaycanın daha böyük uğurlara imza atacağı şübhə doğurmur və bunu şərtləndirən əsas amillərdən biri ölkənin iqtisadi qüdrətinin günü-gündən artmasıdır.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.-  10 iyun- S.  3.