Anlaşma memorandumu imzalanmışdır
İyunun 9-da Bakıda Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında anlaşma memorandumu imzalanmışdır.
Sənədi Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və BƏƏ-nin xarici işlər nazirinin müavini Tariq Əl Haydan imzalamışlar.
İmzalanma mərasimindən sonra jurnalistlərin suallarını cavablandıran Xələf Xələfov Azərbaycan ilə BƏƏ arasında münasibətlərə toxunaraq ölkələrimiz arasında əlaqələrin gündən-günə inkişaf etdiyini söyləmişdir. Nazir müavini demişdir ki, həmkarı ilə keçirdiyi görüşdə ikitərəfli münasibətlərin inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır. Biz siyasi məsləhətləşmələr və ikitərəfli əməkdaşlığın bütün istiqamətləri ilə bağlı, o cümlədən qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında müzakirələr apardıq. Ölkələrimiz arasında əlaqələr gündən-günə inkişaf edir. Eyni zamanda, bu məsləhətləşmələr çərçivəsində əməkdaşlığın yeni istiqamətləri, yeni layihələr və perspektivlər geniş müzakirə olundu.
BƏƏ-nin xarici işlər nazirinin müavini Tariq Əl Haydan isə səfərinin ölkələrimiz arasında ikitərəfli əlaqələri gücləndirmək məqsədi daşıdığını söyləmişdir. O demişdir ki, Azərbaycan ilə BƏƏ arasında əlaqələr sürətlə inkişaf edir. İki ölkə arasında indiyə qədər müxtəlif sahələrdə sazişlərin imzalandığını xatırladan qonaq nümunə kimi ikiqat verginin aradan qaldırılması, sərmayələrin təşviqi və aviasiya xidməti sahəsində sazişləri göstərmişdir. Vurğulamışdır ki, bütün sazişlər iki ölkə arasında əlaqələri daha da inkişaf etdirməyə yönəlmişdir.
BƏƏ-nin xarici işlər nazirinin müavini diplomatik pasport sahiblərinin vizadan azad olunması
haqqında sazişin ikitərəfli əlaqələrin
inkişafına mühüm
töhfə verəcəyini
söyləmişdir.
Azərbaycan.- 2010.- 10 iyun- S.
4.