Ömür itmir, bitmir, davam edir
Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələrindən biri olan Əbdürrəhim
bəy Haqverdiyevin anadan olmasının 140 ili tamam olur. İstər
dərsliklərdə, araşdırmalarda, istərsə də
mədəniyyət tarixində adı əbədiləşən
bu istedadlı şəxsiyyət əslində unudulmuş
unudulmazların sırasındadır. Çünki zamanın
qalın pərdələri arxasında görünməz olan
bir çox həqiqətlər hələ də
çoxlarına bəlli deyildir. Orta və ali məktəblərdə
bu dahi ədibin adının yanındakı "bəy" kəlməsini
bizə keçmiş dövrün müraciət forması
kimi izah edirdilər. Əslində isə Azərbaycan ədəbiyyatının
klassiki sayılan bu cəfakeş söz sahibi bəyzadələr
nəslindən imiş. Akademik Bəkir Nəbiyevə məxsus
fikirdir ki, Azərbaycan dramaturgiyası və teatrı
özünün XIX əsrin sonlarında və XX əsrin əvvəllərində
əldə etdiyi bir sıra nailiyyətlər
üçün Şuşadan pərvazlanmış Nəcəf
bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev,
Süleyman Sani Axundov və Üzeyir Hacıbəyliyə
borcludur.
Həqiqətən də Azərbaycan
realist nəslinin görkəmli nümayəndəsi
sayılan Əbdürrəhim bəy Haqverdiyevin əsərləri
Azərbaycan ədəbiyyatına yeni nəfəs və
şöhrət gətirdi. Orta məktəbdən üzü
bəri bu unudulmaz yazıçı və dramaturqun adı
çəkiləndə öyrəndiklərimiz,
oxuduqlarımız yada düşür. "Bəxtsiz
cavan", "Dağılan tifaq", "Pəri cadu",
"Ağa Məhəmməd şah Qacar" pyesləri,
"Bomba", "Mirzə Səfər", "Şeyx Sənan"
kimi hekayələri, "Xortdanın cəhənnəm məktubları"
adlı povesti müəllifin işıqlı obrazını
gözlərimiz qarşısında canlandırır.
"Marallarım" neçə-neçə tipləri yada
salır.
Azərbaycan ədəbiyyatında
Mirzə Fətəli Axundov ənənələrinin mahir
davamçısı sayılan Əbdürrəhim bəy
Haqverdiyev məsləkdaşı Mirzə Cəlil kimi hekayə
janrına çox əhəmiyyət verərək bu ədəbi
formanın bənzərsiz nümunələrini
yaratmışdır. Rus ədəbiyyatında A.P.Çexov
kimdirsə, Azərbaycan nəsrində də Əbdürrəhim
bəy Haqverdiyev o zirvədə dayanıb. Adi hadisələri
bədii təfəkkürdən keçirərək mənalandıran,
şirin bir üslubda, təsirli bir formada oxucuya
çatdıran müəllifin "Mirzə Səfər"
hekayəsində qələmə aldığı məşhur
mükalimə bu gün də dillər əzbəridir. Bir
növ də lətifəyə, müdrik kəlama
çevrilib. Bütün dövrlər üçün aktual
sayılıb:
"- Mirzə, mənim
kağızımı mümkünsə tez yaz, aparım!
- Dayan, bu saat yazaram, əlimdə
özgə iş var!
- Bilirsiniz, mən Həsən
ağanın qohumuyam.
Mirzə qələmi əlindən
buraxıb, kişinin gözlərinin içinə baxdı:
- Doğrudan Həsən
ağanın qohumusan?
- Doğrudan!
- Sən Allah, Həsən
ağanın qohumusan?
- Vallah, doğru deyirəm!..
- Degilən, sən öl, Həsən
ağanın qohumuyam.
- Sən öl Həsən
ağanın qohumuyam.
- Bəs elə isə gəl
min mənim boynuma!.."
Bu əsərlə əlaqədar
ədəbiyyatşünas alim Mir Cəlal yazırdı:
"Mirzə Səfər insanlıq şərəfini hər
şeydən uca tuturdu. Bunun özü bir xidmətdir.
Bütün insanlar Mirzə Səfər kimi düşünsəydilər,
Həsən ağa kimi nanəcib insanlar cəmiyyətdə
yuva salmağa imkan tapmazdılar".
Əbdürrəhim bəy
Haqverdiyev 1870-ci ilin may ayında
Üç yaşında
atasını itirən Əbdürrəhim bəy Haqverdiyev
bir müddət əmisi Əbdülkərim bəydən
qayğı görsə də, o dövrün qanunlarına
görə anası Hüsnücahanı ölmüş bacısının
yerinə Həsənalı bəyə ərə veriblər.
Həm uşaqları yetim böyütməmək, həm də
onlara doğma münasibət göstərmək
üçün yenidən bir ailənin ocağını
qalamaq zorunda qalan bu ilk bəxtdən yarımayanlar beş
oğul və bir qız böyütdülər. Vaxtilə Həsənalı
bəylə Əsəd bəyin yaxın ünsiyyəti var
idi. Bu səbəbdən də dostunun yadigarına çox həssaslıqla
yanaşırdı. İstəmirdi ki, kimsə ağız
büzüb söyləsin: "Ögey atadır". Əbdürrəhim
bəy Haqverdiyev də öz xatirələrində onu
böyüdüb, oxutmuş Həsənalı bəydən
çox razılıq edir. İlk təhsilini
Əbdürrəhim bəy
Haqverdiyev həm də dövrünün böyük jurnalisti
idi. O, "Həyat" qəzetində və "Molla Nəsrəddin"
dərgisində çeşidli janrlarla çıxış
edirdi. O, "Molla Nəsrəddin" jurnalının fədakar
əməkdaşlarından biri idi.
1933-cü ildə vəfat edən
Əbdürrəhim bəy Haqverdiyevin qəbri Fəxri
xiyabandadır.
Cəmi 63 il
yaşamış bu böyük ədibin repressiyalardan necə
qurtulduğu maraqlıdır. Bu barədə qardaşı
oğlu Teymur Hacıyevin söylədikləri o illərin
vahiməsini bir daha xatırladır: "Atası Əsəd
bəy Ağbulaqda kəhriz qazdırmışdı. İndi
də həmin su mənbəyi "Əsəd bəy kəhrizi"
adlanır. Əbdürrəhim bəyi və
qardaşlarını saxlayıb böyüdən Həsənalı
bəyin böyük mülkləri, var-dövləti var idi. Nənəmiz
Hüsnücahan xanım Qarqar çayından ayrılan və
yeddi kəndi su ilə təmin edən bir kəmər çəkdirmişdi.
Adına "Xatun arxı" deyirdilər. Qardaşlardan
üçü Rusiyada hərbi təhsil alaraq çar
ordusunun yüksək rütbəli zabitləri oldu. Həmid bəy
Şuşada qalmışdı, təsərrüfatı idarə
edirdi. Əbdürrəhim bəy də Pənahabadın
salınmasında böyük işlər görmüş
Mamay xanın nəslindən olan Məşədi Mamayın
qızı Tükəzbanla evlənmişdi. Təəssüf
ki, onların övladı olmayıb. İstər
bacısının övladları, istərsə də
qardaşları o dövrdə böyük nüfuz
qazanmışdılar. Çox sevdiyi qardaşı Abbas bəy
gözügötürməyənlərin şərinə
düşüb. Uzun müddət Sibirə sürgün
olunub. Sonralar öz xahişi ilə cəbhəyə göndərilib.
Göstərdiyi qəhrəmanlığa görə
"Müqəddəs Georgi xaçı" ilə təltif
olunub. Arxasınca da Saleh bəy cəbhəyə üz tutub.
Bundan ruhlanan o biri qardaş Zeynalabdin də hərbiyə
bağlanıb. Abbas bəy həm də "Polnıy kavaler
Georgiyevskoqo Kresta" adı almışdı. 1905-ci ildə
erməni-müsəlman qırğını zamanı Abbas bəyə
xəbər çatır ki, əmisi Əbdülkərim bəyi
ermənilər çox vəhşiliklə qətlə
yetiriblər, kəndin əhalisini qırıblar. O, dərhal
Qarabağa qayıdaraq (o vaxt ona çarın əmri ilə
"Sultan Karabağa" titulu da verilmişdi)
Şuşanın ermənilərdən təmizlənməsində
fəaliyyət göstərmişdir.
Müsavat hökuməti
dövründə hərbi nazir təyin edərkən general
Mehmandarovun əvəzinə general Şıxlinskinin namizədliyini
irəli sürən Abbas bəyin təklifi qəbul olunmur.
Abbas bəy çıxış edərək bildirir ki,
Mehmandarov böyük hərbçi olsa da, boynundan xaç
asmasına və hərbi andına görə rus ordusuna
qarşı vuruşmayacaq. Təəssüf ki, təcrübədən
çıxış edən bu böyük hərbçinin
fikri qəbul olunmayıb. Teymur Hacıyev söyləyir:
"Yoxsa XI qızıl ordu heç nə edə bilməzdi.
Cümhuriyyətin süqutuna dözə bilməyən Abbas bəyin
ürəyi partlayıb.
Əmim Saleh bəy rus-yapon
müharibəsində polkovnik rütbəsində həlak
olub. Kiçik qardaş, yəni mənim atam Zeynalabdin bəy
mahir Cıdır ustası olub. Hətta qardaşı Abbas bəyin
ona bağışladığı Alapaça adlı atı
ilə üç dəfə Rusiya çempionu olmuşdu.
İki qızıl, bir bürünc priz
almışdır".
Sovet hakimiyyətinin ilk illərində
Zeynalabdin bəy Bakıda Cıdıra rəhbərlik
edirmiş. Teymur müəllim söyləyir: "Bir axşam
Əbdürrəhim bəy Haqverdiyevə dostları
çatdırıblar ki, bu gecə Zeynalabdin bəyi
aparacaqlar. "Xalq düşməni" adı ilə onu
tutmaq üçün əmr hazırlanıb. Bu, adi xəbər
deyildi. Hər kəlməsindən ölüm hökmü
tökülürdü. Bu səbəbdən də Əbdürrəhim
bəy Haqverdiyev qardaşının dərhal Şuşaya
getməsini məsləhət görüb. Sonra özü də
Şuşaya gəlib. Repressiyanın təzəcə
başlamış dalğasından xilas yolunu qaçmaqda
görən ədib qardaşının Azərbaycandan
çıxmasını məsləhət bilib. Beləliklə
də Zeynalabdin bəy 1926-cı ildə İrana, oradan da
Türkiyəyə gəlib. Onda mən bələkdə
olmuşam. Bizə - iki qardaşa və anama bəy ailəsi
olduğumuza görə güllələnmə kəsilib.
Anam Tubu bu haqsızlığa dözməyərək
dünyasını dəyişib. Ana babamız Məşədi
Novruz və nənəmiz Firəngiz xanım
soyadımızı, ata-anamızın adını dəyişdirərək
bizi qorumağa nail olublar. Onlar bizi köynəklərindən
keçirərək öz ad və soyadlarını verdilər.
Beləliklə, bizi "bəylik" statusundan "xilas"
etdilər. Nəcabətimizdən sübut qalmasın deyə
bütün nişanələr, albomlar, fotolar, məktublar və
başqa əşyalar məhv edildi. Babamız Məşədi
Novruz bizi xilas etmək xatirinə canını güllə
qabağına verdi. Məni və böyük qardaşım
Saleh bəyi ana nənəmiz min bir əziyyətlə saxladı,
oxutdu. Hətta Əbdürrəhim bəy Haqverdiyevin
qardaşı balaları olduğunu da gizlətmişik ki, əmimə
xətər toxunar. Təbii ki, baş verən bu ədalətsizliklər,
qiyamlar Əbdürrəhim bəy Haqverdiyev kimi həssas təbiətli
bir insanı için-için yeyirdi. Elə ona görə də
qəflətən ürəyi dayandı. Atamdan isə bir xəbər-ətər
çıxmadı. Yalnız çox sonralar rəhmətlik
Xan Şuşinski xəlvətcə
danışmışdı ki, İranda qastrol səfərində
olarkən konsert zamanı atam ona yaxınlaşaraq
görüşüb".
Teymur Hacıyev Ağdamda bir nömrəli orta məktəbi qızıl medalla bitirib. Bir müddət dəmiryolunda çalışıb. Sonralar qabaqcıl mexanizator olub. İkinci Dünya müharibəsindən sonra Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Hətta aspiranturada təhsil alıb. 1960-cı ildə texnika elmlər namizədi adı almaq üçün dissertasiya müdafiə edib. Yüz əllidən çox elmi əsərin müəllifidir. Lakin bəy övladı olması daim bir qara kabus kimi onu izləyib. Hətta repressiya qurbanları bəraət aldıqda da belə bu gecikmiş mərhəmətdən onlara pay düşməyib. Min əziyyətlə başa vurduğu doktorluq dissertasiyasını müdafiə etməyə imkan verməyiblər. "Şükür ki, dövlət müstəqilliyimizi qazandıq. Bunun da sayəsində halal adımıza, sanımıza qayıtdıq. Yoxsa mənim ürəyim partlardı. Nələr gəlmədi başımıza. Gah məni kommunist partiyasından azad etdilər, gah institutdan qovdular... Şərəfli nəslimiz töhmət, qınaq hədəfi olmuşdu".
Teymur Hacıyev geniş dünyagörüşlü şəxsiyyət, Vətənini, dövlətini ürəkdən sevən əsl vətəndaşdır. "Şuşada dörd yerdə mülkümüz var", - dedi. Müqabilində "var idi" söylədik. Etiraz etdi: "Xeyr var. Torpağımızı da aparmayıblar ki, gedib yenə tikərik. Mən 85 yaşımı ona görə gözləməmişəm ki, Qobustanda arıçılıqla məşğul olum. Mən Şuşaya qayıtmalıyam. Üstümdə bu boyda nəslin adı var. Mən onların ruhu qarşısında övladlıq borcumu qaytarmalıyam".
Teymur
Hacıyev danışdıqca yalnız kitablarda müxtəlif
şəkillərini gördüyümüz şıx geyimli
Əbdürrəhim bəy Haqverdiyevin əzəmətli
siması gözlərimiz önündə canlanırdı.
Qardaş oğlu da əmisinə bu qədər çox bənzəyərmiş?!
Tanrının nəqşidir. Ömür itmir, bitmir, davam edir!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2010.- 10 iyun- S.
7.