YUNESKO-nun faktaraşdırıcı
missiyasının eksperti
Şəkidə olmuşdur
Şəki şəhərinin davamlı inkişafı üçün mədəni ehtiyatların səfərbər olunması üzrə YUNESKO-nun sektorlararası layihəsinin həyata keçirilməsi planlaşdırılır.
Bu məqsədlə qurum tərəfindən iyunun 4-də Şəkiyə ilkin faktaraşdırıcı missiya göndərilmişdir. 4 gün davam edən missiya beynəlxalq baş məsləhətçi, fransalı ekspert Patrisio Jeretik tərəfindən həyata keçirilmişdir.
Şəhər icra hakimiyyətindən bildirmişlər ki, missiya regionda mədəni və təbii irsin müxtəlifliyinin qorunması məqsədilə mədəni siyasətin dəstəklənməsi, habelə mədəni və ekoloji turizm, təhsil, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi məqsədi daşıyır. Bundan əlavə, missiyanın yekunu olaraq, Şəkidə sözügedən layihənin həyata keçirilməsi və layihəyə maliyyə vəsaitinin cəlb olunmasının mümkünlüyü araşdırılacaq, hesabat hazırlanaraq YUNESKO-ya təqdim olunacaqdır.
İyunun 4-dən 8-dək davam edən səfər çərçivəsində fransalı ekspert Şəki şəhəri rəhbərliyi ilə görüşmüş, Heydər Əliyev muzeyi və ulu öndərin adını daşıyan parkla tanış olmuşdur. Qonaq şəhərin tarixi yerlərini gəzmiş, Xan sarayı, tarix-diyarşünaslıq və xalq-tətbiqi sənəti muzeylərinə baxmış, "Sənətkarlar evi"ndə Şəkidə inkişaf etmiş xalq tətbiqi sənəti sahələri ilə tanış olmuşdur. Bundan əlavə, ekspert folklor kollektivlərinin çıxışını izləmiş, Şəki Dövlət Dram Teatrı, habelə rayonun ən böyük istehsal müəssisələri olan "Şəki-İpək" ASC və "Şəki-Aqroindastrit" MMC ilə yaxından tanış olmuşdur.
Səfər çərçivəsində qonaq həmçinin Şəki mətbəxi, turizm obyektləri ilə tanış olmuş, şəhər gənclər və idman idarəsi, İdman Sağlamlıq Mərkəzi və şəhər stadionuna baş çəkmişdir.
Səfərin yekununda şəhər icra hakimiyyətinin başçısı Murad Cabbarlı ilə görüşən fransalı ekspert Şəkinin çox zəngin tarixi və mədəni irsə malik olduğunu bildirmiş, bu şəhərdən zəngin təəssüratla ayrıldığını nəzərə çarpdırmışdır. Qonaq mədəni irsin qorunub saxlanması sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, missiya zamanı əldə etdiyi məlumatların YUNESKO-ya təqdim olunacaq hesabatda geniş əksini tapacağını diqqətə çatdırmışdır.
Azərbaycan.- 2010.- 10 iyun- S.
7.