Prezident İlham Əliyev Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati
binasının yenidənqurmadan sonra
açılışında iştirak etmişdir
İyunun 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının yenidənqurmadan sonra açılışı olmuşdur.
Prezident İlham Əliyev açılışda iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə binanın ətrafında yaradılan şəraitlə tanış oldu.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirdi ki, ümumi sahəsi 10 min 190 kvadratmetr olan fasad müasir formada yenilənmiş, ətrafda abadlıq işləri görülmüş, binanın qarşısında 1500 kvadratmetr sahədə yaşıllıq zolağı salınmış, fəvvarələr kompleksi quraşdırılmışdır. Üzlük daşlarla döşənmiş ərazidə "Azad qadın" heykəlinin postamenti də yenidən mərmərlə üzlənmişdir. Əlillərin sərbəst hərəkəti üçün panduslar quraşdırılmış, müasir işıqlandırma sistemi yaradılmışdır.
Sonra Prezident İlham Əliyev bina ilə yaxından tanış oldu.
Birinci mərtəbədə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin aztəminatlı insanlarla, şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi veteranları ilə görüşlərindən çəkilən fotoşəkillərdən ibarət guşə yaradılmışdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bölgələrdə tikdirdiyi və dövlətimizin başçısının iştirakı ilə açılışı olan yaşayış binaları barədə məlumat verildi. Bildirildi ki, 1999-2008-ci illərdə əlil və şəhid ailələrinin istifadəsinə 2763 mənzil verilmişdir. Bu kateqoriyadan olan insanlara təkcə 2009-cu ildə 700-dən çox mənzil verilmişdir.
Bildirildi ki, ümumi sahəsi 15 min 489 kvadratmetr olan 18 mərtəbəli binada müasir dizaynla yenidənqurma işləri aparılmış, təhlükəsizliyə nəzarət kameraları, müasir tələblərə uyğun holl, turniket sistemi, postterminallar quraşdırılmışdır.
Binada 260 nəfərlik konfrans zalı, 150 nəfərlik yeməkxana da fəaliyyət göstərir. Videokonfrans zalı bölgələrlə birbaşa əlaqə saxlamaq üçün müasir kompüter avadanlığı, monitorlar və proyektor, işıqlanma sistemi ilə təchiz olunmuşdur. Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, nazirlikdə yeni yaradılan bu sistem yerlərdən məlumatları dərhal qəbul etməyə, məsələləri operativ həll etməyə, paytaxta gəlmək imkanı olmayan vətəndaşların suallarını videoəlaqə vasitəsilə cavablandırmağa imkan verir. Hazırda Naxçıvan, Qusar və Gəncədə belə mərkəzlər fəaliyyət göstərir. Mərkəzlərin sayı gələn il daha da artırılacaqdır. Qeyd olundu ki, nazirliyin binasının açılış mərasimi zamanı birbaşa videoəlaqəyə qoşulan bölgələrdə və onlara yaxın ərazilərdə yaşayan Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə və əlillərə 88 avtomobil veriləcəkdir.
Naxçıvan, Qusar və Gəncə ilə yaradılmış birbaşa videoəlaqə zamanı Prezident İlham ƏLİYEV dedi:
- Sabahınız xeyir olsun. Mən sizi ürəkdən salamlayıram. Sizi yaradılmış bu gözəl şəraitlə əlaqədar canlı bağlantı vasitəsilə təbrik edirəm. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni binasının əsaslı təmirdən sonra açılışını qeyd edirik. Burada, bu binada çox gözəl şərait yaradılıb, o cümlədən artıq ən müasir, qabaqcıl texnologiyalar da tətbiq olunub ki, biz bu gün sizinlə bu görüşü keçiririk. Ümumiyyətlə, demək istəyirəm ki, bu nazirliyin çox böyük funksiyaları vardır. Azərbaycanda çox güclü sosial siyasət aparılır. Sosial siyasət bizim ümumi siyasətimizin əsas istiqamətlərindən biridir. Azərbaycanın artan iqtisadi imkanları gücümüzü artırır və beləliklə, sosial siyasəti daha da uğurlu aparmaq üçün bizə şərait yaradır. Biz çalışırıq ki, bütün sosial məsələlər vaxtında və yüksək səviyyədə həllini tapsın.
Ünvanlı sosial yardım Azərbaycanda bir neçə ildir ki, təşkil olunubdur və minlərlə, on minlərlə Azərbaycan vətəndaşı dövlətdən bu yardımı alır. Əmək bazarının tənzimlənməsi işində nazirliyin çox vacib funksiyaları vardır. Bu gün bu məsələlərə xüsusi diqqət göstərilməlidir. Bilirsiniz ki, Azərbaycan dövləti Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün öz qayğısını əsirgəmir. Bütün bölgələrdə evlər tikilir, mənzillər, avtomaşınlar verilir və bu gün isə biz bu gözəl tədbiri keçiririk. Biz bu gün Naxçıvan, Gəncə və Qusarla əlaqədəyik. Bu bölgələrdə yaşayan soydaşlarımız bu gün bu maşınları alacaqlar.
Mən bu hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Xahiş edirəm ki, mənim səmimi salamlarımı öz rayon və şəhərlərinizin sakinlərinə çatdırasınız. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti bundan sonra da Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılması və sosial məsələlərin həlli üçün öz səylərini göstərəcəkdir. Bunun üçün bizim həm iqtisadi imkanlarımız, həm də güclü siyasi iradəmiz vardır. Biz əsas istiqamətimizi bunda görürük - güclü iqtisadiyyat və güclü sosial siyasət. Keçən il dünyanı bürümüş iqtisadi böhran məhz bu siyasətin nəticəsində Azərbaycandan yan keçib. Nəyə görə? Çünki biz görülən tədbirlərlə, insanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində apardığımız işlərlə böhranın acı nəticələrini minimum səviyyəyə endirə bilmişik.
Sosial məsələlərin həlli bundan sonra da işimizdə prioritet məsələ kimi qalacaqdır. Hər şey Azərbaycan xalqı üçün olmalıdır və Azərbaycan xalqı gündən-günə daha da yaxşı yaşamalıdır. Bu gün hələ ki, ağır vəziyyətdə, yoxsulluq şəraitində yaşayanlara da Azərbaycan dövləti öz yardımını göstərəcəkdir. Ancaq o da həqiqətdir ki, son illər ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 11 faizə enmişdir. Bu da işlərimizin ən gözəl göstəricisidir. Mən əminəm ki, gələcəkdə də bütün planlarımız həyatda öz əksini tapacaq və Azərbaycanın bütün bölgələrində işlər ən yüksək səviyyədə görüləcəkdir.
Mən Azərbaycanın bütün bölgələrində dəfələrlə olmuşam. Vəziyyətlə tanış olmuşam və bütün müvafiq göstərişləri vermişəm. Regionların inkişaf proqramı, infrastruktur layihələri, sosial proqramlar - bütün bunlar Azərbaycanın bugünkü reallıqlarıdır. Biz uğurla və inamla irəliyə gedirik. Sizi bu gözəl hadisə münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı və uğurlar arzulayıram.
Nazir Füzuli ƏLƏKBƏROV: Cənab Prezident, bizim yerlərdəki adamlarımızın Sizə ürək sözləri vardır. İcazə versəydiniz, onlara da söz verərdik.
Prezident İlham ƏLİYEV: Bəli.
Naxçıvan şəhərindən müharibə veteranı: Möhtərəm cənab Prezident, bu gün Sizin rəhbərliyinizlə davam və inkişaf etdirilən Heydər Əliyev quruculuq xətti nəticəsində ölkəmiz sürətlə tərəqqi edir, insanlarımızın rifah halı gündən-günə yaxşılaşır. Naxçıvan Muxtar Respublikasının bütün sakinləri kimi, biz müharibə əlilləri də Sizin diqqət və qayğınızı daim üzərimizdə hiss edirik. Mənzillərlə təmin olunuruq, Prezident təqaüdü alırıq, müalicəmiz vaxtında təşkil edilir, asudə vaxtımızın səmərəli keçməsi üçün bizə hər cür şərait yaradılmışdır.
Bu gün müharibə əlillərinə avtomobillərin təqdim edilməsi Vətən yolunda sağlamlığını itirən insanlara göstərdiyiniz diqqət və qayğının əyani ifadəsidir. Bütün bunlar bizə hədsiz sevinc bəxş edir. O avtomobillər bir tərəfdən bizim rahat hərəkət etməyimizə şərait yaradırsa, digər tərəfdən muxtar respublikanın ictimai həyatında daha fəal iştirak etməyə ruhlandırır.
Cənab Prezident, ölkəmizdə yaradılan əmin-amanlığa və bizə göstərdiyiniz yüksək diqqətə və qayğıya görə muxtar respublikada yaşayan bütün müharibə veteranları və sakinlər adından Sizə öz dərin minnətdarlığımızı bildiririk. Sağ olun.
Qusar sakini: Möhtərəm cənab Prezident, ilk öncə icazə verin Sizi bütün qusarlılar adından salamlayım, Sizə onların dərin hörmət və məhəbbətini çatdırım. Bu gün çox böyük qürur hissi keçirirəm ki, belə bir tədbirdə çıxış etmək mənə nəsib olmuşdur. Çünki çox hörmətli veteranlarımız dövlətimizin göstərdiyi bu qayğının nəticəsində o qədər həyəcanlıdırlar ki, çıxış etməyi mənə həvalə etmişlər.
Cənab
Prezident, bu gün respublikamız inkişaf edir, çiçəklənir.
Bu
inkişaf Qusar rayonundan da yan keçməmişdir. Bu gün
rayonumuzda yeni yolların salınması, sosial obyektlərin
tikintisi, "Şahdağ" dağ turizmi mərkəzinin -
dünyada analoqu olmayan belə bir mərkəzin tikintisi buna əyani
sübutdur. Bu gün hər bir Azərbaycan vətəndaşına
Sizin tərəfinizdən qayğı
göstərilir. Bunun ən gözəl
nümunələrindən biri də bu gün
veteranlarımıza avtomobillərin paylanılmasıdır.
Belə ki, çoxdan arzusunda olduqları avtomobillərin bu
gün məhz Sizin tərəfinizdən
veteranlara təqdim olunması onların sevincini qat-qat
artırmışdır.
Bir daha Sizə
bütün veteranlar adından öz dərin minnətdarlığımızı
bildirir, uzun ömür, cansağlığı arzu edirik. Cənab Prezident, biz
qusarlılar Sizi çox sevirik, həmişə Sizinləyik
və Sizin siyasətinizi dəstəkləyirik.
Prezident İlham ƏLİYEV:
Sağ olun.
Gəncədən videoəlaqəyə
qoşulan Qarabağ müharibəsi əlili: Hörmətli
möhtərəm Prezident, mən də Qarabağ müharibəsi
əlilləri, şəhid ailələri adından Sizə
çox sağ olun deyirəm ki, belə bir gündə yenə
bizi ətrafınıza yığıb sevindirdiniz. Sizin sosial siyasətiniz nəticəsində
bütün müharibə əlillərinə, şəhid
ailələrinə, Qarabağ müharibəsi əlillərinə,
ümumiyyətlə, Azərbaycandakı əlillərin
hamısına sosial yardımlar, kompensasiyalar, Prezident təqaüdü,
mənzillər, evlər, maşınlar verilir.
Bunların hamısı biz müharibə
iştirakçılarına, xüsusən Qarabağ
müharibəsi əlillərinə və şəhid ailələrinə
Sizin diqqət və
qayğınızın nəticəsidir. Sizin
sayənizdə respublikamızın gözəl məkanlarında
əlillərin reabilitasiya mərkəzləri tikilərək
istifadəmizə verilmişdir ki, orada biz
sağlamlığımızı bərpa edirik.
Cənab Prezident, Sizin sayənizdə
hər il onlarla müharibə əlili
öz müalicələrini respublikamızdan kənarda davam
etdirir. Bu gün bizi yenə sevindirməyiniz - bu
avtomobillərin bizə hədiyyə edilməsi, biz müharibə
iştirakçılarının rifah halının
yaxşılaşdırılması onu göstərir ki, Siz
bizim üçün əlinizdən gələni edirsiniz.
Mən çox şadam ki, bununla ikinci dəfədir
Sizinlə görüşürəm. İki il bundan öncə Göygöl rayonunda Siz
bizim Qarabağ müharibəsi əlillərinə mənzillərin
orderlərini təqdim etmişdiniz. Çox şadam ki, bu
gün yenə Sizinlə görüşürəm və Sizin bizə hədiyyə etdiyiniz avtomobillərin
birini də mən alacağam. Mən fəxr edirəm ki,
ümummilli liderimiz Heydər Əliyevin işlərini layiqincə
davam etdirən Sizin kimi Prezidentimiz vardır.
Bir daha müharibə əlilləri, şəhid
ailələri və xalqımız adından Sizə çox
sağ olun deyirik və qarşınızda baş əyirik.
Prezident İlham ƏLİYEV:
Çox sağ olun. Xoş
sözlərinizə görə hamınıza təşəkkür
edirəm. Əmin ola bilərsiniz ki,
bundan sonra da mən öz fəaliyyətimdə Azərbaycanın
inkişafı və Azərbaycanda bütün sosial məsələlərin
həlli üçün səylərimi əsirgəməyəcəyəm
və Sizinlə yaxın zamanlarda yenidən görüşəcəyik.
Bir daha sağ olun, salamat qalın!
* * *
Sonra Prezident İlham Əliyev
binanın yuxarı mərtəbələrində yaradılan
şəraitlə
AzərTAc
Azərbaycan.- 2010.- 11 iyun- S.
1.