Azərbaycan milli mətbuatının
135 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2010-cu ildə zəngin tarixi
ənənələrə malik Azərbaycan milli mətbuatının
135 ili tamam olur. 1875-ci il iyulun 22-də görkəmli
maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən
nəşr olunmağa başlayan "Əkinçi" qəzeti
ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı
bütün dövrlərdə həqiqət
carçısı olmuş, cəmiyyəti
düşündürən problemləri, dövrün
qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini
əks etdirmiş, xalqımızın maariflənməsində,
milli və bəşəri dəyərlərin təbliğində
mühüm rol oynamışdır.
Mürəkkəb, lakin
şərəfli inkişaf yolu keçmiş milli mətbuatımız
həmişə xalqımızın şanlı tarixinin
güzgüsü olmuşdur. XlX əsrin ikinci yarısı -
XX əsrin əvvəllərində "Əkinçi" ənənələrini
davam etdirən "Ziya", "Kəşkül",
"Şərqi-rus", "Həyat",
"İrşad", "Molla Nəsrəddin" və digər
nəşrlər insanları yüksək ideallar uğrunda
mübarizəyə səsləmiş, milli oyanış və
özünüdərk prosesinin aparıcı nümunələri
kimi tanınaraq şöhrət qazanmışlar. Azərbaycan
mətbuatı xalqımızın azadlıq arzularının
gerçəkləşməsinə, mənəvi dəyərlərinin
qorunmasına, mədəniyyətinin tərəqqisinə,
qabaqcıl ictimai fikrin, milli şüurun formalaşmasına
böyük töhfələr vermişdir.
XX əsrin sonlarında
müstəqillik qazandıqdan sonra demokratik, hüquqi, dünyəvi
dövlət quruculuğunu özünün inkişaf modeli
kimi qəbul edən Azərbaycan Respublikasında söz və
məlumat azadlığının təmin edilməsi,
kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə
zəruri şərait yaradılması prioritet vəzifə
kimi müəyyənləşdirilmişdir. Ümummilli lider
Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri
nəticəsində plüralizmi, söz və məlumat
azadlığını məhdudlaşdıran süni maneələr
aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin
fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək
beynəlxalq standartlara
uyğunlaşdırılmışdır. Heydər Əliyevin
fərman və sərəncamları ilə mətbuatın
maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi,
jurnalistlərin azad fəaliyyəti üçün əlverişli
şəraitin təmin edilməsi məqsədilə
çoxsaylı tədbirlər həyata keçirilmiş, mətbuat-dövlət
münasibətlərində mütərəqqi ənənələrin
əsası qoyulmuşdur. Hazırda Azərbaycanda yüzlərlə
mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri,
sürətlə inkişaf edən internet resursları vətəndaş
cəmiyyəti quruculuğunun fəal
iştirakçısına çevrilərək cəmiyyətimizin
informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli
rol oynayırlar.
Ölkəmizin sürətlə
inkişaf etdiyi, demokratikləşmə prosesinin dərinləşdiyi,
cəmiyyət həyatının bütün sahələrinin
yeniləşdiyi müasir dövrdə kütləvi
informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın
qarşısında yeni vəzifələr durur. Bu gün Azərbaycan
mətbuatı müasir informasiya cəmiyyəti
quruculuğunda, sosial ədalət və şəffaflığın
təmin edilməsində, milli həmrəyliyin və
tolerantlığın möhkəmləndirilməsində,
demokratik özünüdərkin, siyasi mədəniyyətin
inkişafında, milli-mənəvi və ümumbəşəri
dəyərlərin qorunub saxlanması və təbliğində
mühüm rol oynamalı, tədris və maarifləndirmə
sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan
jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik,
yüksək milli şüur və vətənpərvərlik
prinsiplərinə dönmədən əməl etməli,
söz və məlumat azadlığından sui-istifadənin
qarşısı qətiyyətlə alınmalıdır.
Bütün dünyada
olduğu kimi, Azərbaycanda da mətbuat qarşıda duran vəzifələri
yeni informasiya resurslarının ardıcıl inkişafı
ilə şərtlənən mürəkkəb rəqabət
mühitində yerinə yetirir. Azərbaycan dövlətinin
artan imkanları milli mətbuatımızın inkişafı
yolunda çətinliklərin aradan qaldırılması, onun
aktual problemlərinin həlli məqsədilə kompleks tədbirlərin
həyata keçirilməsinə şərait
yaratmışdır. Bu gün mətbuatın maddi-texniki
bazasının möhkəmləndirilməsi, müasir
informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin
stimullaşdırılması, dövlət orqanları ilə
mətbuat arasında səmərəli əməkdaşlığın
inkişafı, jurnalistlərin peşəkarlığının
və məsuliyyətinin artmasına daha münbit şəraitin
yaradılması, onların sosial müdafiəsinin gücləndirilməsi
Azərbaycan dövləti və cəmiyyətinin
qarşısında duran mühüm vəzifələrdir.
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, demokratikləşmə və müasir vətəndaş cəmiyyəti quruculuğunda milli mətbuatın rolunu nəzərə alaraq qərara alıram:
1. Azərbaycan milli mətbuatının 135 illik yubileyi ölkəmizdə geniş qeyd olunsun.
2. Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasına tapşırılsın:
2.1. Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası
ilə birlikdə Bakı şəhərində və
respublikanın bölgələrində yubiley tədbirlərinin
keçirilməsini təmin etsin;
2.2. Bir ay müddətində
jurnalist təşkilatlarının və redaksiyaların təklifləri
əsasında Azərbaycan milli mətbuatının
inkişafında xüsusi xidmətləri olan jurnalistlərin
mükafatlandırılması haqqında təklifləri Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun 2010-cu il
Azərbaycan.- 2010.- 11
iyun- S. 1.