Prezident İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasında aparılan tikinti işlərinin gedişi ilə, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eskizi və inşası üçün nəzərdə tutulan yerlə tanış olmuşdur

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyunun 10-da Dənizkənarı Milli Parkın ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binada aparılan tikinti işlərinin gedişi ilə maraqlanmış, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eskizi və inşası üçün nəzərdə tutulan yerlə tanış olmuşlar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tikinti işləri barədə dövlətimizin başçısına məlumat vermişdir. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və YUNESKO-nun birgə layihəsi əsasında inşa olunan yeni bina memarlıq üslubuna və qeyri-adi formasına görə tamamilə fərqlənəcəkdir. İnşaat işləri başa çatdıqdan sonra binanın ətrafında yaşıllaşdırma işləri aparılacaq, muzey kompleksi yaradılacaqdır. Dövlətimizin başçısı və xanımı inşaat işlərinin gedişi ilə bir daha yaxından tanış oldular, binanın üst görünüşündə asılacaq milli ornamentlərlə bəzədilmiş lövhələrə baxmışlar. Prezident İlham Əliyev inşaat işlərinin yüksək standartlara uyğun surətdə həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini vermişdir.

 Daha sonra dövlətimizin başçısı və xanımı yaxınlıqdakı "Venesiya şəhərciyi" adlanan ərazidə inşa olunacaq Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eskiz layihəsi ilə tanış olmuşlar. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev layihə barədə Azərbaycan Prezidentinə və xanımına məlumat vermişdir. Eskizin üst görünüşündə Azərbaycanın dövlət himninin notlarının əks olunduğu bildirilmişdir. Qeyd olunmuşdur ki, işçi layihəni bu ilin sonunadək başa çatdırmaq, gələn il isə inşaat işlərinə başlamaq nəzərdə tutulmuşdur.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eskiz layihəsi ilə tanış olduqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin inşası üçün nəzərdə tutulan əraziyə baxmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 11 iyun- S.  2.