Xilaskarlıq missiyası

 

Hər bir xalqın, hər bir ölkənin tarixində elə gün olur ki, tarixə çevrilərək qərinələrlə nəsildən- nəslə yaşayır, anılır. Xalqımızda belə bir kəlam var: "Ay var bir günə dəyməz, gün var min aya dəyər..." 15 iyun da belə günlərdən biridir. 15 iyun tariximizə qızıl hərflərlə yazılan bir gündür. 15 iyun təzəcə müstəqillik qazanmış Azərbaycan Respublikasının qorunub saxlanmasına, möhkəmlənməsinə, inkişafına zəmanət olan gündür. 15 iyun bütöv Azərbaycan xalqının öz dahi oğluna inam, dəyanət günüdür.

Ötən əsr tariximizə bir nəzər yetirək. Azadlığa, suverenliyə can atan Azərbaycan xalqı 1918-ci il may ayının 28-də öz müstəqilliyini elan etdi. Xalq azadlığın nə olduğunu dərk edə bildi.

Cəmi 23 ay ömür sürən Azərbaycan Xalq Cümhuriyyəti öz vətəndaşları üçün az vaxt ərzində yetərincə iş gördü. Belə bir xalqın, belə bir ölkənin olduğunu dünyaya bəyan etdi. Əlbəttə, bunlar çox böyük tarixi xidmət idi. Görüləsi işlər hələ qabaqdaydı. Ancaq min təəssüflər olsun ki, rus bolşeviklərinin XI Qırmızı Ordusu vətənimizi işğal etdi, qazanılmış azadlığı beşikdəcə boğdu.

Azərbaycan xalqı sovet hakimiyyəti illərində də azadlığa, müstəqilliyə daim can atmışdır. Ona görə ki, 28 Mayın səpdiyi azadlıq toxumları hər cür məhrumiyyətə baxmayaraq, zəif də olsa, cücərməkdə davam edirdi.

SSRİ dağılmağa başlayanda Azərbaycan azadlıq mübarizəsi meydanına çevrildi və çox keçmədi, məqsədinə nail oldu. Ulu öndər Heydər Əliyevin təbirincə desək, "Azərbaycan Demokratik Respublikası ilk dəfə milli-azadlıq, müstəqillik toxumlarını bütün Azərbaycana səpdi. Bu toxumlar uzun müddətdən sonra cücərdi, boy atdı və nəhayət, 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini əldə etdi".

Azərbaycan Respublikasının müstəqilliyini öncə qardaş Türkiyə (9 noyabr 1991-ci il) olmaqla dünya dövlətləri tanıdı.1992-ci il martın 2-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv qəbul olundu, bu təşkilatın qəbul etdiyi bir çox mühüm beynəlxalq konvensiya və paktlara qoşuldu. Yenicə müstəqillik qazanmış Azərbaycanın Türkiyə, ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, İran və İrlandiya Krallığında və başqa ölkələrdə səfirlikləri açıldı.

Bütün bunlarla bərabər, xalqın mübarizəsi və dönməz iradəsi ilə müstəqilliyini, suverenliyini elan etmiş Azərbaycan Respublikası ilk gündən çox mürəkkəb və ağır günlər yaşadı.

1988-ci ildə Ermənistan-Azərbaycan arasında yaranmış böhranlı vəziyyət müstəqillik dövründə daha da kəskinləşdi. Sovet hərbi qüvvələrinin köməyi ilə erməni daşnakları Dağlıq Qarabağda irimiqiyaslı əməliyyatlar keçirərək azərbaycanlıları öz doğma yurdlarından qovub çıxarmağa başladılar.

Tarix dəfələrlə sübut etmişdir ki, azadlığı qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha çox çətin və mürəkkəbdir. Azadlıq, müstəqillik mübarizələri baş qaldırdıqda çox vaxt hakimiyyətə heç bir idarəçilik səriştəsi olmayan insanlar gəlirlər. Azərbaycanda da belə oldu. Ölkədə sürətli hakimiyyət dəyişiklikləri baş verdi. Belə ki, Ə.Vəzirovu A.Mütəllibov, bir ildən sonra isə onu Ə.Elçibəy əvəz etdi.

Ölkədə hakimiyyətdə boşluq yaranmışdı və onu ələ keçirmək üçün mübarizə gedirdi. Bütün bunlar isə xaos, başıpozuqluq yaradırdı. Azərbaycanın bu vəziyyətindən ermənilər havadarlarının köməyi ilə istifadə edirdilər. Hakimiyyətdə bu boşluğun nəticəsində 1992-ci il fevralın 26-da erməni daşnakları Xocalı faciəsini törətdilər. Bir qədər sonra isə düşmən xalqımızın mədəniyyət beşiyi olan Şuşanı işğal etdi.

1992-ci ilin mayında A.Mütəllibov iqtidarını devirib hakimiyyətə gələn Azərbaycan Xalq Cəbhəsi heç bir yeniliklə yadda qalmadı. AXC-Müsavat cütlüyünün populist çıxışları, ziyalılara arxa çevirmələri çox sürətlə onları xalqdan uzaqlaşdırdı.

AXC-Müsavat cütlüyünün iqtidarı dövründə respublikada iqtisadi-siyasi vəziyyət böhran halına çatdı. Hakimiyyətə gələnə qədər hey demokratiyadan dəm vuran Xalq Cəbhəsi-Müsavat partiyalarının liderləri öz fəaliyyətləri ilə sübut etdilər ki, onlar bu sahədə çox naşıdırlar.

AXC-Müsavat iqtidarının daxili siyasəti kimi xarici siyasəti də yarıtmaz oldu. Onların səriştəsiz xarici siyasəti ilə Azərbaycanın beynəlxalq mövqeləri daha da zəiflədi. Bütün bunlar isə Azərbaycan torpaqlarını işğal edən ermənilərin xeyrinə idi.

Azərbaycan tarixən çoxxalqlı bir məmləkət olmuşdur. Vətənimizdə dini, əqidə ayrılığına baxmayaraq hamı mehriban bir ailə kimi yaşamışdır. Ancaq AXC-nin birillik iqtidarı dövründə milli məsələ sahəsində buraxılan səhvlər nəticəsində Azərbaycanda parçalanma prosesi başlandı.

Azərbaycanı federativ respublikaya, hətta xanlıqlara bölmək çağırışları da eşidilirdi. Orduda vəziyyət də dözülməz haldaydı. Mərkəzləşmiş ordu olmadığından yaradılan silahlı dəstələr arasında əlaqə yox idi. Çox vaxt belə hərbi birləşmələr düşmənlə deyil, bir- biri ilə münaqişə yaradırdılar. O illəri yaşayanlar bilirlər ki, 1993-cü ilin iyun ayında Azərbaycan Respublikasının taleyi, necə deyərlər, tükdən asılı vəziyyətdə idi.

Yaxşı ki, o vaxt xalqın inam, güvənc yeri olan xalqımızın dahi oğlu Heydər Əliyev var idi. Ağır günlərini yaşayan ölkənin hər yerində cavanı, qocası da, fəhləsi, kəndlisi, ziyalısı da başa düşürdü ki, Azərbaycanı bu fəlakətdən yalnız və yalnız Heydər Əliyev kimi müdrik dövlət və siyasi xadim qurtara bilər.

Artıq iqtidarda olan AXC-Müsavat cütlüyü də bunu başa düşürdü. Ona görə ki, 1993-cü il iyunun əvvəllərində Surət Hüseynovun rəhbərlik etdiyi 709 saylı hərbi hissə Gəncədə qiyam qaldırdı. Hökumət qüvvələri ilə qiyamçılar arasında baş vermiş toqquşmada 35 nəfər həlak oldu, 135 nəfər yaralandı. S.Hüseynov öz silahlı dəstəsini Bakıya yönəltdi.Yaranmış vəziyyətlə əlaqədar parlamentin sədri, baş nazir və üç güc nazirliyinin rəhbərləri istefaya getməyə məcbur oldular.

O vaxt Heydər Əliyev Naxçıvanda idi. Burda bir həqiqəti də xatırladaq ki, blokada vəziyyətində yaşayan Naxçıvanı Heydər Əliyev müdrikliyi, Heydər Əliyev dəyanəti xilas etdi. Naxçıvan MR Ali Məclisinin sədri kimi ulu öndər Türkiyə və İranın dövlət başçıları ilə görüşdü.1992-ci il mayın 28-də Naxçıvan ilə Türkiyə arasında Sədərək-Dilicu "Ümid" körpüsü açıldı. İrandan Naxçıvana elektrik enerjisi verildi.

Bu bir həqiqətdir ki, əgər o vaxt Heydər Əliyev Naxçıvanda olmasaydı, ermənilər Azərbaycanın bu bölgəsini də işğal edəcəkdilər... Çıxılmaz vəziyyəti, təhlükəli proseslərin getdiyini görən iqtidar kömək üçün Heydər Əliyevə müraciət etdi. Azərbaycanın böyük vətənpərvər oğlu Heydər Əliyev ölkənin belə bir ağır günündə xalqın və iqtidarın təkidi ilə dəvəti qəbul etdi.1993-cü il iyun ayının 9-da Bakıya gəldi. Xalqımız bu gəlişi ümidlə, sevinclə qarşıladı.

1993-cü ilin iyun ayını tariximizin dönüş nöqtəsi kimi qəbul etməyə tam haqqımız vardır. Heydər Əliyev öz müdrikliyi, dərin düşüncəsi, mükəmməl bacarığı, uzaqgörən siyasəti ilə Azərbaycanda vətəndaş müharibəsinin qarşısını almaq üçün siyasi manevrlər etdi. Hərbi müxalifəti neytrallaşdırmaq üçün Gəncəyə getdi. Hamı bu böyük şəxsiyyəti yüksək qarşıladı.

1993-cü il iyunun 15-də xalqın istəyi və dəstəyi ilə ümummilli lider Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Tariximizə qızıl hərflərlə yazılmış həmin gün Milli Qurtuluş Günü kimi qəbul edildi. Milli Məclis xalqın çoxsaylı xahiş və tələbini nəzərə alaraq bu günü bayram elan etdi.

Özünün millətsevərliyi, vətənpərvərliyi ilə fərqlənən Heydər Əliyev ilk gündən ölkədə sabitlik yaratmaq, xaosa, hərc-mərcliyə son qoymaq üçün titanik fəaliyyət göstərdi. Başqa cür də mümkün deyildi. AXC-Müsavat cütlüyü bir ilin ərzində ölkəni təkcə ictimai-siyasi cəhətdən deyil, mənəvi cəhətdən də əsl xarabazara çevirmişdi.

Heydər Əliyevin Ali Sovetin sədri seçilməsindən iki gün sonra, yəni, iyunun 17-də prezident Ə.Elçibəy heç kimə xəbər etmədən, gizlicə Bakıdan öz kəndinə -Kələkiyə getdi.

Ölkəni o dəhşətli vəziyyətdən yalnız və yalnız Heydər Əliyev kimi şəxsiyyət çıxara bilərdi. Bu böyük şəxsiyyətin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsində Azərbaycan məhv olmaq, parçalanmaq təhlükəsindən xilas oldu. Az vaxt içərisində Azərbaycanda hakimiyyət böhranı aradan qaldırıldı, vətəndaş müharibəsinə son qoyuldu, seperatçılıq meyillərinin, dövlət çevrilişlərinə cəhdlərin qarşısı alındı.

Bu böyük insanın yorulmaz səyi nəticəsində azad, müstəqil, müasir Azərbaycan Respublikası yaradıldı. Müasir Azərbaycan Respublikasının memarı xalqın ümummilli lideri Heydər Əliyev olmuşdur. Titanik işləri görməkdə isə Heydər Əliyevin daim güvəndiyi Azərbaycan xalqı idi. Ulu öndər bütün varlığı ilə xalqa bağlı olduğu kimi, xalq da dahi oğlunu əvəzsiz bir məhəbbətlə sevirdi.

Azərbaycan Respublikasının əbədiliyinə, gələcəyinə inanan böyük azərbaycanlı Heydər Əliyev deyirdi: "Respublikamızda hüquqi dövlət qurulması demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir."

Hazırda Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada addımlayır. Müstəqillik illərində ölkəmizin, xalqımızın qazandığı iqtisadi-siyasi, mənəvi nailiyyətlər dünyanın ən nüfuzlu dövlət və ictimai-siyasi xadimləri ilə adı birgə çəkilən Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev cismən bizimlə olmasa da, mənən bizimlədir, xalqımızladır, vətənimizlədir. Həmişə də belə olacaqdır.

Belə bir kəlam var: Müdrüklərin işlərini müdrüklər davam etdirməlidirlər. Bunu Azərbaycanın timsalında görmək olar. Belə ki, böyük Heydər Əliyevin iqtisadi-siyasi kursunu inamla, uğurla həyata keçirən müasir dünyanın nüfuzlu dövlət başçılarından biri olan hörmətli Prezident İlham Əliyev göstərdi ki, dövlət sükanı etibarlı əllərdədir.

 

 

Həvva MƏMMƏDOVA,

Milli Məclisin deputatı, tarix

elmləri üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2010.- 11 iyun- S.  3.