Xalqa çörək verən rəhbər
Azərbaycanın müasir tarixində elə təqvim günləri var ki, bütövlükdə xalqın nicatı və gələcək taleyi ilə bağlı mühüm hadisələri özündə ehtiva edir. 15 iyun tarixi də məhz belə unudulmaz günlərdən biri kimi ulu öndər Heydər Əliyevin ölkənin ağır və böhranlı şəraitində xalqın tələbi ilə böyük cəsarət, siyasi iradə nümayiş etdirərək hakimiyyət sükanı arxasına keçməsi, xalqımızı böyük fəlakət və faciələrdən xilas etməsi kimi şanlı bir səhifənin rəmzi təcəssümünə çevrilib.
Azərbaycanın anarxiya burulğanından, vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olaraq davamlı ictimai-siyasi sabitlik, qanunçuluq və iqtisadi inkişaf mərhələsinə qədəm qoyması da məhz bu tarixdən - Milli Qurtuluş Günündən başlayır.
1991-1993-cü illərdə respublikamızın üzləşdiyi ağrılı-acılı günləri çoxlarımız bu gün də ürək ağrısı ilə xatırlayırıq. Dövlət müstəqilliyinin ilk illərində Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması son nəticədə daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun təminatı, vətəndaşların təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. Həmin dövrün canlı şahidi kimi deyə bilərəm ki, o illərdə respublikanın bütün bölgələrində müşahidə olunan özbaşınalıq və hərc-mərclik mühiti sakini olduğum Bərdə rayonunda da özünü qabarıq göstərirdi. Yerli icra orqanlarının qanunazidd əməlləri, yerli əhalinin mənafeyini nəzərə almaması, inanılmaz hərisliklə talançılığa qurşanması insanlarda hiddət doğurur, onların mərkəzi hakimiyyətə inamını tamamilə sarsıdırdı.
Ən dəhşətlisi isə günü-gündən dərinləşən sosial-iqtisadi tənəzzül şəraitində əhalinin bir tikə çörəklə imtahana çəkilməsi idi. Hər bir bölgədə olduğu kimi, Bərdə sakinləri də çörək qıtlığını qabarıq hiss edir, saatlarla çörək növbəsinə dayanır, mənəvi-psixoloji sarsıntı keçirirdilər. Müəssisələrin bağlanması, işsizliyin artması, inflyasiyanın güclənməsi fonunda dövlətin sosial müdafiə sisteminin iflic vəziyyətində olması insanların böyük əksəriyyətini səfalətə və aclığa sürükləyirdi. Belə ağır mərhələdə hər bir azərbaycanlı kimi, bərdəlilər də hakimiyyətə müdrik və səriştəli dövlət xadiminin gəlməsini vacib sayır, ulu öndər Heydər Əliyevin Bakıya qayıdışını nicat yolu kimi görürdülər. Əksəriyyət hələ ötən əsrin 70-ci illərində kəndlinin, fəhlənin əlini çörəyə çatdıran, onun firavan yaşayışını təmin edən, şəhərləri, kəndləri abadlaşdıran, respublikanı bütün sahələrdə öncüllər sırasına çıxaran Heydər Əliyevin xalqı ağır bəlalardan çıxaracağına ürəkdən inanırdılar.
Taleyin xoş qismətindən bu tarixi qayıdış reallaşdı, ulu öndər xalqın istəyi, təkidli tələbi ilə son dərəcə çətin və kəşməkəşli günlərdə - 1993-cü il iyunun 9-da Bakıya döndü. Ulu öndər yüksək dövlətçilik və idarəçilik səriştəsi ilə çiyinlərini son dərəcə ağır yükün altına verdi, məsuliyyətdən çəkinmədi, əsl liderlərə xas bir şəkildə dövlətinin üzləşdiyi faciələrə biganə qalmadı. Çətinliklərə mətinliklə sinə gərərək ilk gündən xalqın inam və etimadını doğrultmaq üçün əməli addımlar atdı. Qısa zamanda vətəndaş itaətsizliyinin, hərc-mərcliyin, hakimiyyət böhranının qarşısı alındı, qanunsuz silahlı qüvvələr zərərsizləşdirildi, ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi təmin olundu.
Böyük strateq keyfiyyətcə yeni mərhələdə Azərbaycanın üzləşdiyi ağır sosial-iqtisadi problemlərin həlli məqsədilə ilk növbədə respublikanın yeni dövrlə səsləşən iqtisadi siyasətinin əsas konturlarını müəyyən etdi. İqtisadiyyatı dirçəltmək, ölkənin etibarlı gələcəyinə maddi zəmin hazırlamaq üçün yeni neft strategiyasını irəli sürdü. 1994-cü ilin sentyabrında ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı, eyni zamanda, həmin dövrdə ARDNŞ-nin vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin gərgin diplomatik səyləri nəticəsində əfsanədən reallığa çevrilən "Əsrin müqaviləsi" ölkənin böhrandan çıxarılması, respublikamıza xarici investisiyaların cəlbi yönündə ciddi addım oldu.
Azərbaycanın tarixən aqrar-sənaye ölkəsi kimi tanındığını, iqtisadiyyatda bu sahənin üstün mövqeyə malik olduğunu özünəməxsus müdrikliklə dəyərləndirən ümummilli lider yaxşı bilirdi ki, torpağı əsil sahibinə - kəndliyə qaytarmadan böyük nailiyyətlər əldə etmək mümkün olmayacaq. Müdrik rəhbərin gərgin və yorulmaz əməyi, yerli xüsusiyyətləri ciddiliklə nəzərə alması, mövcud reallığı düzgün dəyərləndirməsi, sıravi vətəndaşların - kəndlilərin mənafeyini uca tutması nəticəsində Azərbaycanda torpaq islahatı ağrısız-fəsadsız, şəffaf, ədalətli şəkildə gerçəkləşdirildi.
1994-cü ildən ölkədə aqrar islahatların aparılması üçün normativ hüquqi sənədlər, qanunlar hazırlandı, 1995-ci ilin əvvəlindən aqrar islahatlara başlanıldı. 1995-1996-cı illərdə "Aqrar islahatların əsasları", "Sovxoz və kolxozların islahatı", "Torpaq islahatı" haqqında qanunların, habelə digər vacib hüquqi aktların qəbulu aqrar-sənaye kompleksində köklü dəyişikliklər aparmaq üçün imkanlar açdı. "Torpaq islahatı haqqında" qanunda Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq torpağın xüsusi mülkiyyətə verilməsi, onun alqı-satqı obyekti olması kimi amillər əksini tapdı. Kənd təsərrüfatında aparılan ciddi struktur islahatları nəticəsində dövlət mülkiyyətində saxlanılan az sayda damazlıq, toxumçuluq və digər bu kimi təsərrüfatlar istisna olmaqla, bütün müəssisələr, o cümlədən sovxozlar və kolxozlar ləğv edilərək onların əmlakı təsərrüfat üzvləri arasında ədalətli şəkildə bölüşdürüldü.
Ulu öndər Heydər Əliyevin 22 mart 1999-cu il tarixli "Aqrar sahədə islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında" fərmanı isə xüsusilə mühüm əhəmiyyət daşıyırdı. Fərmanla Nazirlər Kabineti kənd təsərrüfatı məhsulu istehsalçılarına dövlət büdcəsi hesabına güzəştli pərakəndə satış qiyməti ilə neft məhsullarının (benzin, dizel yanacağı və motor yağları) satılması barədə qərar qəbul etdi. Milli Məclis isə həmin fərmana əsasən, təqdim edilmiş layihəni müzakirə edərək kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi barədə qanun qəbul etdi.
Aqrar sahəyə xüsusi diqqət göstərməklə yanaşı, Heydər Əliyev həm də bu sektorda güclü iş adamlarının - fermerlərin, ailə təsərrüfatlarının, sahibkarların formalaşmasına xüsusi səy göstərirdi. Bu mənada, Heydər Əliyevin 2002-ci ilin aprelində yerli sahibkarlarla keçirdiyi görüşü indi böyük razılıq hissi ilə xatırlayıram. Həmin görüşdə şəxsən iştirak etmiş şəxs kimi ulu öndərin aqrar sektorda güclü sahibkarlar ordusunun formalaşmasında nə qədər maraqlı olduğunu gördüm. Ulu öndərin həmin görüşdəki proqram xarakterli nitqi və sahibkarlara tövsiyəsi illər keçsə də, öz dəyərini və aktuallığını qoruyub saxlayır.
Əminliklə deyə bilərik ki, Azərbaycanda 1993-cü ilin 15 iyun tarixindən - Qurtuluş Günündən başlanan dinamik inkişaf və tərəqqi kursu bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlət başçısının son 7 ildə inamla həyata keçirdiyi islahatlar respublikamızı regionun aparıcı dövlətinə çevirib, onun beynəlxalq imicini yüksəldib. Ötən müddətdə iqtisadi sahədə böyük uğurlara imza atılıb, iqtisadi həyatın bütün sahələrində iri infrastruktur layihələrinin həyata keçirilməsinə başlanılıb.
Müstəqilliyin ilk illərindəki qanlı-qadalı, ağrılı günlərini çoxdan unudan Azərbaycan insanının yüksək sosial rifah halı, firavanlığı təmin olunur. Bu gün Azərbaycan kəndində yaşayan insanlar halal zəhmətləri hesabına nəinki "çörək təknə"lərini doldurur, hətta böyük məbləğdə gəlir əldə edirlər. Son 7 ildə aqrar islahatların dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirilməsi bu sahədə çalışan vətəndaşlara geniş imkanlar açıb. 2003-cü ilin noyabr ayında hökumətin ilk iclasında "Kənd təsərrüfatında aparılan islahatların nəticəsində böyük uğurlar qazanılmışdır. Torpaq özəl mülkiyyətə verilibdir. Bu ənənə davam etməlidir və kənd təsərrüfatında islahatların ikinci mərhələsi başlanmalıdır" - deyən dövlət başçısı bu sahənin inkişafı üçün fərman və sərəncamlar, dövlət proqramları imzalayıb. Ötən illərdə kənd təsərrüfatı sahəsində çalışan fermerlərin lazımi texnika, gübrə və toxum məhsulları ilə təmin edilməsinə kömək məqsədi ilə "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması, onların gəlir vergisindən azad edilməsi, güzəştli şərtlərlə yanacaq və motor yağları ilə təmini də sahibkarlığa göstərilən qayğının mühüm tərkib hissəsi kimi xüsusi vurğulanmalıdır.
Bütün bunların nəticəsidir ki, Azərbaycan bu gün özünün etibarlı ərzaq təhlükəsizliyini təmin edir, kənd təsərrüfatı məhsullarına olan ehtiyacını ödəyir. Həyata keçirilən tədbirlərin nəticəsi kimi 2009-cu ildə Azərbaycanda rekord həcmdə - 3 milyon tona yaxın taxıl istehsal edilib. Bərdə rayonunda da məhsuldarlıq yüksək olub - ilk dəfə olaraq 95,2 min ton taxıl istehsal edilib. Bu həm də Bərdənin sözügedən sahədə əvvəlki şöhrətinin bərpasından xəbər verir. Kənd təsərrüfatında qazanılan uğurlar, əldə olunan bol məhsul rəhbəri olduğum "Bərdə-Çörək" ASC-nin də normal fəaliyyətinə, istehsal olunan un məmulatlarının keyfiyyətinə və həcminin artımına müsbət təsir göstərir. Müəssisəmiz vətəndaşlara layiqli xidməti qarşıda əsas məqsəd kimi müəyyənləşdirməklə yanaşı, dövlət və cəmiyyət qarşısında sosial öhdəliklərini də unutmur, ölkəmizin tərəqqisinə öz kiçik töhfəsini verməyə çalışır.
Bu gün əminliklə demək olar ki, Azərbaycan Qurtuluş Günündən başlanan tərəqqi və inkişaf yolunda inanılmaz uğurlar qazanaraq nəinki regionun, bütövlükdə Avropanın ən sürətlə inkişaf edən, müasirləşən, mühüm uğurları ilə öyünən dövlətlərindən birinə çevrilib. Ulu öndər Heydər Əliyevin xaos və anarxiya burulğanından dinamik inkişaf yoluna çıxardığı müstəqil Azərbaycan dövləti bu gün cənab İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir. İnanırıq ki, bu siyasət qarşıdakı illərdə respublikamızı daha böyük uğurlara aparacaq, bütün mövcud problemlər həllini tapacaq, vətəndaşların yüksək sosial rifah halı təmin olunacaqdır.
Məhərrəm ŞƏFİYEV,
"Bərdə-Çörək"
ASC-nin
idarə heyətinin sədri,
iqtisad
elmləri üzrə fəlsəfə
doktoru
Azərbaycan.- 2010.- 11 iyun- S.
3.