Müstəqillik dövrünün şərəfli səhifələri

 

"Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır".

 

Heydər ƏLİYEV

 

1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclası keçirildi. Gürcü nümayəndələri Seymdən çıxıb Gürcüstanın müstəqilliyini elan etdilər. Zaqafqaziya Seyminin süqutunun səhərisi, mayın 27-də bölgədə yaranmış mürəkkəb vəziyyəti müzakirə etmək məqsədilə Tiflisdə keçmiş Seymin müsəlmanlardan ibarət üzvləri fövqəladə iclas keçirdilər. İclasda Zaqafqaziya Seyminə daxil olan "Müsavat" partiyası və partiyasızların demokratik qrupunun, Müsəlman sosialist blokunun, "İttihad" və müsəlman sosial-demokratın, menşevik "Hümmət" partiyalarının nümayəndələri iştirak edirdilər.

İclas Şərqi Zaqafqaziyanın idarəçiliyini öz üzərinə götürmək məqsədilə özünü Zaqafqaziya müsəlmanlarının Müvəqqəti Milli Şurası elan etmək barədə yekdil səslə qərar qəbul etdi. Gizli səsvermə yolu ilə həmin vaxt Batumda Türkiyə nümayəndə heyəti ilə sülh danışıqları aparan M.Ə.Rəsulzadə Müvəqqəti Milli Şuranın sədri, H.Ağayev və M.Seyidov sədrin müavinləri, M.Mahmudov və R.Vəkilov isə katib seçildilər. Müvəqqəti Milli Şuranın yaradılması və onun vəzifələri haqqında məlumat vermək üçün N.Yusifbəyli, Səfi bəy Rüstəmbəyov və Xosrovpaşa Sultanovdan ibarət nümayəndə heyətini Tiflisdən Gəncəyə göndərilməsi haqqında qərar qəbul olundu.

1918-ci il mayın 28-də Tiflisdə keçmiş Qafqaz Canişin sarayında sədr müavini Həsən bəy Ağayevin sədrliyi və Mahmudovun katibliyi ilə Müsəlman Milli Şurasının ilk iclası oldu. İşgüzar və ətraflı müzakirələrdən sonra Müvəqqəti Milli Şura Şərqi və Cənubi-Şərqi Zaqafqaziyada Azərbaycanın Müstəqil Xalq Cümhuriyyəti kimi elanı barədə "İstiqlal bəyannaməsi"ni qəbul etdi. Milli Şuranın 24 səslə (iki nəfər - Sultan Məcid Qənizadə və Cəfər bəy Axundov bitərəf qaldı) qəbul etdiyi qərar və altı bənddən ibarət "İstiqlal bəyannaməsi", yaxud "Misaği-milli" (əqdnamə) Azərbaycan millətinin varlığını bütün dünyaya bəyan etdi. Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusiya aktı - "İstiqlal bəyannaməsi"nin qəbulu ilə Azərbaycan dövlətçiliyi Xalq Cümhuriyyəti formasında elan olundu. Bu hüquqi və siyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan edilmiş, onun hakimiyyətinin şamil olunduğu ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdır. "İstiqlal bəyannaməsi"ndə demokratik dövlətə məxsus atributların - hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmsil edilməsi, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyətin bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi. "İstiqlal bəyannaməsi" Azərbaycan millətinin millət-mədəniyyət statusundan tamamilə başqa siyasi-hüquqi və mənəvi-psixoloji statusa - millət-dövlət statusuna qədəm qoyduğunu göstərdi. Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqrafla məlumat verildi.

"İstiqlal bəyannaməsi"ni qəbul edən Milli Şura Azərbaycan hökumətini təşkil etməyi bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Bir saatlıq fasilədən sonra Fətəli xan Xoyski "Müsavat", Müsəlman sosialist bloku, "Hümmət", "İttihad" və bitərəflərdən təşkil edilən 9 nazirdən ibarət ilk hökumətin tərkibini elan etdi.

Milli Şura ilk Azərbaycan müvəqqəti hökumətini aşağıdakı tərkibdə təsdiq etdi: Nazirlər Şurasının sədri və daxili işlər naziri - Fətəli xan Xoyski, hərbi nazir - Xosrovpaşa bəy Sultanov, xalq maarifi və maliyyə naziri - Nəsib bəy Yusifbəyli, xarici işlər naziri - Məhəmməd Həsən Hacınski, poçt-teleqraf və yollar naziri - Xudadat bəy Məlik-Aslanov, əkinçilik naziri - Əkbər ağa Şeyxülislamov, ədliyyə naziri - Məmməd Yusif Cəfərov, dövlət nəzarəti naziri - Camo bəy Hacınski. Bununla Azərbaycan Milli Şurası Azərbaycan xalqı qarşısında çox böyük tarixi bir missiyanı yerinə yetirdi.

Cənubi Qafqazda öz müstəqilliyini elan etmiş üç dövlətin - Azərbaycan, Gürcüstan və Ermənistanın nümayəndələri Batumda Osmanlı dövləti ilə danışıqlar apararaq iyunun 4-də ayrı-ayrılıqda müqavilə imzaladılar. Müqaviləni Azərbaycan tərəfindən Milli Şuranın sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri M.H.Hacınski imzaladılar. Müqavilənin şərtləri Ermənistan və Gürcüstan üçün çox ağır idi, Azərbaycanla Osmanlı dövləti arasında isə "daimi sülh və dostluq münasibətləri"ni bərqərar edirdi. Batum müqaviləsi Azərbaycan Xalq Cümhuriyyətinin xarici dövlətlə imzaladığı ilk müqavilə idi. On bir maddədən ibarət müqavilənin dördüncü maddəsi Azərbaycan üçün daha önəmli idi. Osmanlı dövləti sülh və əmin-amanlığı, ölkənin təhlükəsizliyini təmin etmək üçün ehtiyac yaranarsa, Azərbaycan Respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürürdü. Batum müqaviləsi bağlandığı zaman Milli Şura və Milli hökumət hələ Tiflisdə fəaliyyət göstərirdi. Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin daşnak-bolşevik ordusu Gəncə üzərinə hücuma başlamışdı. Hərbi vəziyyətin son dərəcə ağır olduğunu görən Batumdakı Azərbaycan nümayəndələri M.Ə.Rəsulzadə və Hacınski Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında bağlanmış müqavilənin dördüncü bəndinə əsasən Azərbaycana hərbi yardım göstərilməsi barədə Osmanlı dövlətinə müraciət etdilər. Müraciət qəbul olundu və Azərbaycanın ən çətin günlərində Qafqaz İslam Ordusu onun köməyinə gəldi. Osmanlı hökumətinin hərbi naziri Ənvər paşa ilk yardım kimi Azərbaycana 2 milyon türk lirəsi həcmində kreditin ayrılmasına, Azərbaycanda olan türk ordusunun ehtiyaclarına hər ay 50 min lirə xərclənməsi üçün göstəriş vermişdi. Bununla yanaşı, Ənvər paşa İstanbulda M.Ə.Rəsulzadə ilə görüşündə Azərbaycan milli ordusunun təşkil edilməsinin vacibliyini xüsusi qeyd etmişdi.

1918-ci il iyunun 13-də Azərbaycan Milli Şurasının Tiflisdə sonuncu - 6-cı iclası keçirildi. Milli Şuranın əsas məsələsi ermənilərin azərbaycanlı əhaliyə qarşı törətdiyi qırğınlar barədə İrəvandan gələn həyəcanlı xəbərlərə həsr olundu. İrəvandan qayıdan şura üzvü İbrahim ağa Vəkilov müsəlman qaçqınların acınacaqlı vəziyyəti haqqında məlumat verərək onlara 150 min manat həcmində yardım göstərilməsini təklif etdi. İ.Vəkilovun məlumatına görə, İrəvan quberniyası ərazisində müsəlman qaçqınların sayı 150 min nəfərə çatıb. Daşnak dəstələri tərəfindən müsəlmanlar yaşayan 206 kənd dağıdılmış, sakinləri isə hər cür işgəncələrə məruz qalmışdır. Şura türk ordusu komandanlığından İrəvan qaçqınlarına ərzaq yardımı etməyi və müsəlmanların öz doğma kəndlərinə qaytarılmasına kömək göstərmələrini xahiş etdi.

Qafqaz İslam Ordusunun Gəncə istiqamətində hərəkəti sovet Rusiyasının və bütün Azərbaycan torpaqlarını işğal etmək iddiasında olan Bakı Xalq Komissarları Sovetinin ciddi narahatçılığına səbəb oldu. İyunun 6-da Bakı Xalq Komissarları Sovetinin sədri S.Şaumyan gürcü tərəfinə müraciət edərək Osmanlı hücumlarından müdafiə olunmaq üçün onlara yardım göstərməyi təklif etmişdi. Müraciətdə göstərilirdi ki, Gürcüstan hökuməti Osmanlı qoşunlarını öz ərazisindən Azərbaycana buraxmasa, sovet Rusiyası Cənubi Qafqazda öz hakimiyyətini bərqərar etdikdən sonra Gürcüstana muxtariyyət verə bilər. Osmanlı qoşunlarının Azərbaycana buraxılmamasında Almaniya dövləti də maraqlı idi. Bu məsələ ilə bağlı almanlar da gürcülərə təzyiq göstərirdilər. Hətta Gürcüstan ərazisində Osmanlı qüvvələri ilə alman-gürcü dəstələri arasında toqquşmalar baş verirdi. Alman-gürcü dəstələri Osmanlı ordusunun Gəncəyə, son nəticədə isə Bakıya olan yürüşünün qarşısını ala bilmədi. Osmanlı qoşunlarının bu inadkarlığı və Tiflisdə fəaliyyət göstərən Azərbaycan hökumətinin Osmanlı dövlətinə səmimi münasibəti Milli hökumətin Tiflisdə qalmasını mümkünsüz etdi.

Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası və hökuməti bütün hazırlıq işlərini başa çatdırdıqdan sonra 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçdı.

İyunun 17-də Milli Şuranın üçüncü iclası keçirildi. İclas Azərbaycan Milli Şurasının buraxılmasını və F.Xoyskinin başçılığı ilə yeni hökumətin təşkil olunmasını təsdiq etdi.

F.Xoyskinin Gəncədə təşkil etdiyi ikinci hökumət çox çətin və mürəkkəb bir dövrdə fəaliyyətə başladı. Hökumət Gəncədə siyasi və iqtisadi həyatın normallaşdırılması, anarxiyanın aradan qaldırılması, dəmir yollarının bərpası, ölkənin ayrı-ayrı bölgələri arasında poçt-teleqraf əlaqələrinin yaradılması istiqamətində və başqa sahələrdə bir sıra mühüm tədbirlər həyata keçirdi. Hökumətin başlıca vəzifəsi 1918-ci ilin mart soyqırımından sonra Şaumyanın rəhbərliyi altında Bakıda təşkil olunmuş Xalq Komissarları Sovetini devirib Bakını Milli hökumətin paytaxtına çevirmək idi. Bu istiqamətdə Gəncədə öz qərargahını quran Qafqaz İslam Ordusunun başçısı Nuru paşa ilə intensiv danışıqlar aparılırdı.

Azərbaycan Xalq Cümhuriyyətinin dəvəti ilə türk qoşun hissələrinin Gəncəyə gəlməsi, Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun təşkil edilməsi, Azərbaycanın milli qoşun hissələrinin yenidən qurulmasına başlanması Şaumyan başda olmaqla Bakı Xalq Komissarları Sovetinin rəhbərliyini ciddi təşvişə salmışdı. Gəncədə fəaliyyətə başlayan və Qafqaz İslam Ordusu tərəfindən müdafiə olunan milli Azərbaycan hökumətinin fəaliyyətinə birdəfəlik son qoymaq üçün 1918-ci il iyunun 6-da 20 minlik Bakı Soveti qüvvələri hərbi və dəniz işləri üzrə komissar Q.Korqanovun 8 nömrəli əmri ilə Gəncə istiqamətində hücuma başladı. Qırmızı Ordunun tərkibindəki əsgərlərin 70 faizi, zabitlərin isə hamısı ermənilər idi. Gəncə istiqamətində hücuma keçən ordunun dörd komissarından üçü də həmçinin.

Qafqaz İslam Ordusunun hissələri Bakıya yaxınlaşdıqca Bakı komissarlarının ətrafına toplaşmış siyasi qüvvələr arasında parçalanma baş verdi. Azərbaycan xalqı ilə heç bir əlaqəsi olmayan bu qurum Bakının azad ediləcəyi təqdirdə törətdikləri faciələrə, qanunsuzluqlara görə cavab verməli olacaqlarını dərk edərək vəziyyətdən çıxış yolu axtarır və bunu ingilis qoşunlarının Bakıya gətirilməsində görürdülər. Bakı Sovetinin təmsilçiləri olan eserlər və daşnaklar güman edirdilər ki, ingilislər Bakıya gəlməklə həm Qafqaz İslam Ordusunun qarşısını alacaq, həm də onların Bakıda mövqelərini möhkəmlədəcəkdir. İyulun 25-də Bakı Sovetinin fövqəladə iclasında bolşeviklər ağır məğlubiyyətə məruz qaldılar. İclasda bolşeviklərin bütün səylərinə baxmayaraq, sağ eserlər, daşnaklar və menşeviklər ingilis qoşunlarının Bakıya dəvət olunması lehinə səs verdilər.

İyulun 30-dan 31-nə keçən gecə bolşeviklər öz hakimiyyətlərini qoruyub saxlamaq üçün sonuncu dəfə cəhd göstərdilər. Bakı Soveti rəhbərliyi və Daşnaksütyun partiyasının liderləri belə razılığa gəldilər ki, bütün silahlı dəstələrini cəbhəyə yola salsınlar. Lakin nəzərdə tutulan 1300 silahlının əvəzinə, 320 nəfər əsgər və zabit cəbhəyə yola düşdü. Qafqaz İslam Ordusu hissələrinin güclü hücumlarına davam gətirə bilməyən və məğlubiyyətlə barışmalı olan S.Şaumyan hakimiyyətdən əl çəkdiyini elan etdi. Avqustun 1-də yeni hökumət -"Sentrokaspi" diktaturasının yaradıldığı elan edildi. Bu hökumətin eser, menşevik və ermənilər tərəfindən təşkil edildiyi bildirilsə də, əsas hakimiyyət "Daşnaksütyun" partiyasının əlində idi.

Azərbaycan xalqı Bakının azad edilməsini və bu şəhərin müstəqil Azərbaycan dövlətinin paytaxtına çevrilməsini səbirsizliklə gözləyirdi. Bakının azad edilməsi Azərbaycan xalqının ölüm-dirim məsələsi idi.

Sentyabrın 15-də döyüşlər səhər saat 530-da başladı. Bütün qüvvələrin əsas vəzifəsi kimi Bakının ələ keçirilməsi müəyyənləşdirildi. Bakı şəhəri azad edilərkən 17 erməni, 9 rus, 10 gürcü zabiti, 1151 erməni, 383 rus, 4 ingilis və 113 nəfər müxtəlif millətdən olan əsgər əsir götürüldü. Təkcə avqust ayının əvvəllərindən sentyabrın 15-nə qədər Bakı uğrunda gedən döyüşlərdə 5-ci Qafqaz diviziyasının döyüşçüsü 1130-a qədər şəhid olmuşdu.

Sentyabrın 15-i saat 15-dən sonra Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi. Nuru paşa Bakının azad edilməsi ilə bağlı hərbi nazir Ənvər paşaya, Gəncədəki Azərbaycan hökumətinə təbrik teleqramı göndərdi. Nuru paşa Azərbaycan hökumətindən xahiş edirdi ki, Bakıda asayişin təmin edilməsi üçün Gəncədən polis qüvvələrinin göndərilməsini tezləşdirsin.

Azərbaycanda siyasi hadisələrin inkişafı daxili proseslərdən daha çox dünyanı lərzəyə gətirən Birinci dünya müharibəsinin gedişindən və nəticələrindən asılı idi. İki hərbi qruplaşma arasında gedən imperialist müharibəsində Azərbaycan öz mənafeyi baxımından Osmanlı dövlətinin qalib gəlməsini arzulayırdı. Lakin hadisələr başqa cür cərəyan edirdi. 1918-ci il oktyabrın 30-da Türkiyə ilə Antanta dövlətləri arasında Mudros müqaviləsi imzalandı. Mudros müqaviləsinə görə məğlub sayılan Osmanlı dövlətinin qüvvələri Bakını tərk etməli, Antanta qüvvələri tərəfindən Bakının tutulmasına mane olmamalı, Zaqafqaziya dəmir yolu üzərindəki nəzarət hüququnu Antantaya güzəştə getməli idi. İranın Ənzəli limanında yerləşən ingilis hərbi hissələri müttəfiqlər adından Bakını tutmalı idi. Mudros barışığının 11-ci maddəsinə əsasən, Azərbaycan İngiltərənin nüfuz dairəsi elan edilir, 15-ci maddəyə əsasən isə Azərbaycanın yolları və neft mədənləri ingilis komandanlığının nəzarəti altına keçir, Türkiyədən Bakının işğalına etiraz etməməsi tələb olunurdu. Azərbaycan hökuməti və onun Osmanlı dövlətində olan diplomatik nümayəndəsi Mudros barışığının Azərbaycana aid ağır şərtlərinə biganə qalmadı. Azərbaycanın İstanbuldakı fövqəladə və səlahiyyətli nümayəndəsi Əlimərdan bəy Topçubaşov Türkiyə tərəfinə Azərbaycan nümayəndəsinin iştirakı olmadan Bakı və Azərbaycan dəmir yolu haqqında Mudros barışığına bəndlərin daxil edilməsinə öz etirazını bildirdi. Etiraz notasında deyilirdi ki, Osmanlı hökumətinin Azərbaycan Xalq Cümhuriyyətini tanımasına baxmayaraq, Cümhuriyyətin paytaxtı Bakı şəhəri haqqında maddənin Mudros barışığına daxil edilməsi beynəlxalq hüquq və normalara zidd olub, Azərbaycanın ingilislər tərəfindən işğal olunmasının asanlaşdırılmasına xidmət edir. Bununla yanaşı, Azərbaycan hökuməti başa düşürdü ki, müqavilənin şərtlərinə təsir göstərmək onun imkanları xaricindədir. Buna görə də Bakıya daxil olan ingilis qüvvələri ilə münasibətləri tənzimləmək üçün Ənzəliyə nümayəndə heyəti göndərildi.

Ənzəliyə danışıqlar aparmaq üçün gələn Azərbaycan nümayəndə heyəti ingilis hərbi hissələrinin komandanı general V.Tomsona Azərbaycan ərazisinə daxil olmazdan əvvəl Azərbaycan Xalq Cümhuriyyətini tanımaq haqqında bəyanat verilməsini təklif etdi. Lakin general Tomson bu təklifi rədd edib dedi ki, "Azərbaycan xalqının ümumi seçkilər nəticəsində yaranmış bir cümhuriyyəti yoxdur, yalnız türk komandanlığının intriqası ilə təşəkkül tapmış bir hökumət vardır. Bir halda ki, siz bunun əksini iddia edirsiniz, o zaman hər şeyi yerində yoxlayıb, buna münasib də qərar verərik". V.Tomson bəyanat verərək elan etdi ki, noyabrın 17-si səhər saat 10-a qədər Bakı şəhəri Azərbaycan və türk ordularından təmizlənməlidir: Bakı və onun neft mədənləri ingilislərin nəzarəti altına keçəcəkdir, ölkənin qalan hissəsi isə Azərbaycan hökumətinin və ordusunun nəzarəti altında olacaqdır. Azərbaycan rəsmi şəkildə tanınmır, lakin İngiltərə, Fransa və ABŞ nümayəndələri onun hökuməti ilə de-fakto əlaqə yaradacaqlar, bütün idarə və təşkilatlar bəzi dəyişikliklərlə fəaliyyət göstərəcəklər. General V.Tomson Bakının general-qubernatoru olacaq, ingilislər şəhər polisinə rəhbərlik edəcək, şəhər duması yenidən azad fəaliyyətə başlayacaq, Azərbaycan Paris Sülh Konfransında milli müqəddaratını təyinetmə prinsipi əsasında iştirak edəcək, L.Biçeraxov və onun dəstələri Britaniya ordusu ilə birlikdə Bakıya daxil olacaq və nəhayət, silahlı erməni dəstələri şəhərə buraxılmayacaq.

Azərbaycan nümayəndə heyətinin Ənzəlidə general V.Tomsonla apardığı danışıqlar müəyyən qədər uğurlu oldu. Ən əsası ona görə ki, Azərbaycanın Paris Sülh Konfransında iştirak edəcəyi, Bakıya erməni hissələrinin daxil olmayacağı barədə general Tomson öz üzərinə öhdəliklər götürdü.

Noyabrın 17-də Tomsonun hərbi dəstələrinin Bakıya gəlişini şəhər əhalisi eyni cür qarşılamadı. Rus və erməni milli şuralarının tərəfdarları sevinc içərisində idilər. Biçeraxov təyyarələrdən "Rusiya vətəndaşlarına" adlı intibahnamələr səpir, xristian əhalisini Bakının "Ana vətənə qovuşması" münasibəti ilə təbrik edirdi. General Tomsonun da iki gün sonra yaydığı bəyannamə eyni ruhda idi. General Biçeraxov daha irəli gedərək qurama "Qafqaz-Xəzər" hökuməti yaratdı, Bakıda çevriliş təşkil etmək üçün geniş fəaliyyətə başladı. Bakıdakı erməni və rus milli şuraları A.Biçeraxovun gəlişi ilə bağlı belə bir şayiə yayırdılar ki, guya Azərbaycan deyilən dövlət yoxdur, yalnız Rusiya vardır. Azərbaycan hakimiyyəti devrilməli və o, Biçeraxovun başçılıq etdiyi Xəzəryanı hökumətlə əvəz edilməlidir.

1918-ci il iyunun 17-də Gəncədə məcburiyyət üzündən fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası noyabrın 16-da Bakıda öz işini yenidən bərpa etdi.

1918-ci il noyabrın 19-da M.Ə.Rəsulzadənin sədrliyi ilə Milli Şuranın Bakıda keçirilən ikinci iclasında "Müvəqqəti Azərbaycan parlamanının təşkili haqqında" qanun layihəsi geniş müzakirə olundu. Məlumdur ki, 1917-ci ilin axırlarında Cənubi Qafqazın müsəlman partiyaları Rusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə iştirak etmiş və 14 yer qazanmışdılar. Rusiya Müəssislər Məclisində iştirak etmək mümkün olmadığı üçün Tiflisdə Azərbaycan, erməni və gürcülərdən ibarət Zaqafqaziya Komissarlığının təşkil olunması qərara alındı. Ümumi səsvermə yolu ilə seçilmiş 14 nəfər müsəlman nümayəndələrinin siyahısı qazandıqları səslər müqabilində genişləndirilərək 44 nəfərə çatdırılmışdı. O zaman Azərbaycanda Məclisi-Müəssisan toplamağın mümkün olmadığını görən Cənubi Qafqaz Mərkəzi Müsəlman Komitəsi bu məsələnin hələlik Zaqafqaziya Seymində Azərbaycanı təmsil etməkdə görürdü. Rusiya Müəssislər Məclisinə seçilmiş bu nümayəndələr Cənubi Qafqazın müsəlman əhalisinin müxtəlif siyasi cərəyanlarını təmsil edir və bir milyondan çox müsəlman əhalisinin səsini qazanmışdılar. Ona görə də 1918-ci il mayın 26-da Zaqafqaziya Seymi öz işinə xitam verdikdə, Seymdəki 44 müsəlman nümayəndəsi özünü Azərbaycan Milli Şurası elan etmiş və Azərbaycanın idarəçiliyini üzərinə götürmüşdü.

Milli Şuranın noyabrın 19-da keçirilən iclasında qeyd olundu ki, Azərbaycanda azərbaycanlı əhali ilə yanaşı, digər millətlərin də nümayəndələri yaşayır. Ona görə də Milli Şura Azərbaycan ərazisində yaşayan bütün millətləri təmsil etməlidir. Hazırda Milli Şuranın 44 nəfər nümayəndəsi arasında onları təmsil edən yoxdur. Digər tərəfdən, siyasi partiya nümayəndələri ilə yanaşı, Azərbaycan xalqının müxtəlif təbəqələrinin də belə bir təşkilatda təmsil olunmasına böyük ehtiyac vardır. Azərbaycan parlamentinin təsis edilməsi haqqında qərarda deyilirdi ki, Azərbaycan ərazisinə Bakı və Gəncə quberniyaları, Zaqatala dairəsi, İrəvan və Tiflis quberniyalarının bir hissəsi daxildir. Qafqaz təqviminə görə bu ərazidə 2.750 min nəfər əhali yaşayır. Onlardan 1.900 min nəfəri müsəlman, 500 min nəfəri erməni, 230 min nəfəri isə ruslardır. Hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlara 80, ermənilərə 21, ruslara 10, azlıqda qalan alman, yəhudi, gürcü və polyaklara bir yer ayrılması qərara alındı. Qanunda göstərilirdi ki, Milli Şuranın 44 üzvü ümumi səsvermə yolu ilə seçildiyi üçün mexaniki olaraq parlamentə üzv olurlar. Qalan 36 nəfər isə şəhər və qəzalar arasında bölündü. Qanunda respublika ərazisində yaşayan bütün xalqların və hər iki cinsin seçki hüququ təsbit edilirdi. Bununla da, Azərbaycan Cümhuriyyəti bütün Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət oldu.

1918-ci il noyabrın 17-də Bakıya daxil olan general Tomson Rusiyanın müttəfiqi olan İngiltərənin sovet Rusiyasına qarşı mübarizənin təşkilində iştirak etməklə yanaşı, Denikin, Kolçak və Yudeniçin hərəkətlərini hərtərəfli dəstəkləyirdi. V.Tomson Azərbaycan hökumətindən tələb edirdi ki, Bakıdakı rus Milli Komitəsi ilə səmimi münasibətlərin yaradılmasına təşəbbüs göstərsin. Rus Milli Komitəsi isə Azərbaycan hökuməti qarşısında tələblər qoyurdu ki, Rusiyanın birliyi və bütövlüyünü, Rusiya Müəssislər Məclisini və Ufadakı A.Kolçak hökumətini tanımalıdır. Bu məsələləri müzakirə etmək üçün noyabrın 24-də axşam Milli Şuranın qapalı iclası keçirildi. Bu barədə məlumat verən F.Xoyski bildirdi ki, Ümumrusiya Müəssislər Məclisini qəbul etmək mümkün olsa da, Azərbaycanın birinci dünya müharibəsinin nəticələrinə həsr olunacaq Paris Sülh Konfransına nümayəndə heyəti göndərməsi ən böyük arzumuzdur. Kolçakın rəhbərlik etdiyi Ufa hökumətini isə hələlik qəbul etmək mümkün deyil. Onun kimlərdən və necə təşkil olunması bizə məlum olmadığına görə, onu qəbul etmək qeyri-mümkündür.

Gərgin müzakirələrdən sonra Milli Şura aşağıdakı qərarları qəbul etməyə müvəffəq oldu: 1. Azərbaycanın siyasi vəziyyəti və dövlət quruluşu məsələsi qəti olaraq Paris Sülh Konfransında həll olunsun; 2. Hazırda Azərbaycanda mövcud olan faktiki idarə sistemi öz qüvvəsində qalır; 3. Əgər Ümumrusiya Müəssislər Məclisi öz müqəddəratını təyin etmiş bütün xalqların nümayəndələri ilə Paris Sülh Konfransında iştirak edərsə, Azərbaycan da orada iştirak edəcək və öz müqəddəratının təyini məsələsində öz prinsipləri üzərində təkid edəcəkdir.

1918-ci il noyabrın 26-da M.Ə.Rəsulzadənin sədrliyi ilə Milli Şuranın növbəti gizli iclası keçirildi. Milli Şuranın üzvü M.H.Hacınski Xəzər-Qafqaz hökuməti təşkil etmək istəyən sağ eserlərlə apardığı danışıqlar barədə məlumat verdi. Məlum oldu ki, sağ eserlərin təşkil etmək istədikləri hökumətə Azərbaycan aşağıdakı şərtlərlə daxil ola bilər: 1. Azərbaycan Ufa hökumətini tanımalıdır; 2. Azərbaycan Rusiyanın bölünməzliyini və Rusiya Müəssislər Məclisinin vahidliyini tanımalıdır. Əslində, bu şərtlər Milli Şuranın noyabrın 24-də qəbul etdiyi prinsiplərə tamamilə zidd idi. Rus və erməni milli şuraları ilə aparılan danışıqlar haqqında F.Xoyski məlumat verərək bildirdi ki, Rus Milli Şurası ilə aparılan danışıqlar nəticəsiz başa çatdı. Erməni Milli Şurasının üzvləri Ter-Azarov və Manandyanla aparılan danışıqların nəticəsi olaraq, onlar 24 noyabr iclasının qərarı əsasında yaradılacaq parlament və hökumətə daxil olmağa hazır olduqlarını bəyan etdilər. İclasın sonunda Azərbaycanın müstəqilliyi barədə məlumat verən və bu ideyanın müdafiəsi məqsədi ilə Avropa və Amerika ölkələrinə göndəriləcək parlament nümayəndə heyətinin əsasnaməsi də müzakirə olunaraq qəbul edildi.

Parlamentin çağırılması ilə bağlı Milli Şura adından, onun sədri M.Ə.Rəsulzadənin imzası ilə noyabrın 29-da Azərbaycan və rus dillərində "Bütün Azərbaycan əhalisinə" müraciətnaməsi dərc olundu. Müraciətnamədə deyilirdi: "Bu ayın19-da qəbul etdiyimiz qanunnaməyə görə, Şurai-Milli dekabrın 3-nə qədər 120 əzalıq bir Məclisi-Məbusan halına gələcəkdir. Bu məclisə azlıqda qalan millətlərdən nümayəndələr cəlb olunduğu kimi, məmləkətin vilayətlərindən də vəkillər çağırılmışdır. Bu surətdə yığılacaq məbusan irəlidə ümumi intibax üsulu ilə Azərbaycan Məclisi-Müəssisanı yığışıncaya qədər yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeyini müdafiə edəcəkdir".

Milli Şuranın sonuncu iclası 1918-ci il dekabrın 3-də M.Ə.Rəsulzadənin sədrliyi ilə keçirilidi. Hökumətin sədri F.Xoyski həmin gün general Tomsondan aldığı məktubun məzmununu şura üzvlərinə elan etdi. V.Tomson məktubunda tələb edirdi ki, koalisiyalı hökumətin tərkibi elan olunmayınca Bakıda parlamentin iclası keçirilə bilməz.

F.Xoyski bu məktubla bağlı hökumətin atdığı addımlar, general Tomsonla aparılan danışıqlar barədə də geniş məlumat verdi. Fətəli xanın məlumatına görə, Azərbaycan parlamentinin təsis edilməsini istəməyən təkcə ruslar və ermənilər deyil, hətta bir qrup müsəlman Azərbaycan Milli Şurasını V.Tomsonun gözündən salmağa və onun rolunu heçə endirməyə çalışır. F.Xoyski bildirdi ki, o, hökumətin təşkilinin parlament yolu ilə formalaşdırılması prinsipi üzərində israr etmiş və təşkil olunmuş hökumətin xalqın əsas hissəsi tərəfindən seçilmiş orqana arxalanmalı və onun qarşısında hesabat verməlidir fikrini müdafiə etmişdir. Uzun müzakirələrdən sonra V.Tomson F.Xoyskinin fikrini qəbul etmişdir.

Halbuki noyabrın 17-də Bakıya daxil olan V.Tomson özünün ilk bəyanat və çıxışlarında "Azərbaycan" ifadəsini belə, işlətməyi lazım bilmirdi. F.Xoyskinin Tomsonla ilk görüşü çox mübahisəli və sərt keçdi. General Azərbaycan Xalq Cümhuriyyətini tanımadığını və müttəfiqi olan rusların torpağına gəldiyini bildirdi. F.Xoyski Azərbaycan Cümhuriyyətinin elan edilməsinin Azərbaycan xalqının qərarı və istəyi ilə həyata keçirildiyini və bunu bütün dünya dövlətlərinə bəyan etdiklərini bildirdi. F.Xoyski: "Siz böyük bir millət və böyük bir imperatorluqsunuz, eyni zamanda, mədəni bir millətsiniz. Bizim istiqlalımızı qəbul etməlisiniz". General Tomson: "Bu söylədikləriniz siyasi məsələlərdir. İki dövlət arasında cərəyan edir. Mən bir əsgərəm". F.Xoyski: "Madam ki, siz əsgərsiniz, mən də istiqlalını elan etmiş Azərbaycan Cümhuriyyətinin baş naziriyəm. Biz sizi bura dəvət etmədik. Sizdən vətənimizi tərk etməyinizi tələb edirəm". Bu cavab qarşısında general Tomson tərcüməçiyə dönərək: "Baş nazir həzrətlərinə söyləyin ki, hər hansı bir hərbi qüvvəni çıxarmaq üçün əsgəri qüvvəyə sahib olmaq lazımdır. Aldığım məlumata görə, qurduğunuz cümhuriyyətin ordusu yaranmamışdır". Cavabında Fətəli xan tərcüməçiyə: "General həzrətlərinə söyləyin ki, o, yalnız hərbi savada malikdir. Ya xalq qüvvəsinin nə olduğunu bilmir. Biz Azərbaycan türkləri istiqlalımızı elan etməzdən əvvəl 100 mindən artıq rus əsgərini xalq qüvvəsinin köməyi ilə sərhədlərimizdən qovub çıxarmışıq. Əgər inad edirsinizsə, bir ovuc ingilis əsgərini dənizə tökmək xalqımızın qüvvəsiylə bir neçə saatlıq işdir. Ancaq biz nə sizdən pislik görmək, nə də sizlərə pislik etmək istəyirik" cavabını verir.

1918-ci ilin noyabrında general Tomson Londona göndərdiyi məktubunda hökumətin başçısı Fətəli xan Xoyski ilə görüşü barədə yazırdı: "O, ağıllı adamdır, hüquqşünasdır və öz bacarığı ilə Qafqazda bizə məlum olan bütün əvvəlki dövlət quranlardan daha qabil olan dövlət qurumu yaratmışdır. Mənimlə görüş zamanı ermənilərin xəyanətlərindən yana-yana danışdı".

1918-ci il dekabrın 7-də saat 13-də H.Z.Tağıyevin tikdirdiyi qızlar məktəbinin binasında Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman Şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə təbrik nitqi söylədi. Müsavat partiyasının təklifi ilə İstanbulda səfərdə olan Əlimərdan bəy Topçubaşov qiyabi olaraq parlamentin sədri, Həsən bəy Ağayev onun birinci müavini seçildi. Rəhim bəy Vəkilov Parlamentin katibi təsdiq olundu. Topçubaşov Azərbaycanda olmadığı üçün parlamentin fəaliyyətinə Həsən bəy Ağayev rəhbərlik edirdi. Parlamentin ilk iclasında Fətəli xan Xoyskinin istefası qəbul olundu və hökumətin təşkil olunması yenidən ona tapşırıldı.

 

 

(Ardı var)

 

Anar İSGƏNDƏROV,

tarix elmləri doktoru, professor

 

Azərbaycan.- 2010.- 11 iyun.- S.  5.