Müşfiq nəğməsi - çağlayan ruhun səsi

 

Təkcə poeziya nümunələri ilə deyil, Vətənə, yurda, doğma Azərbaycanına nəfəsi, ruhu ilə bağlı olan Mikayıl Müşfiqin bahar təravətli, çiçək ətirli, payız sovqatlı, qış ovqatlı poeziyasında şah əsəri onun özüdür! Mikayıl Müşfiqin poeziya buketi, nəğmə çələngi təbiətin fəsilləri rəngindədir - çiçək açır, ətri qoxlanmamış xəzan vurmuş ləçəyə dönür, ürəyi döyünən sətirlərində misralar buza dönür, istər şair arzuladığı "Yenə o bağ olaydı", istərsə də "Küləklər"lə "Günün səsləri" "Vuruşmalarda" "Bir gün" "Şəngül, Şüngül, Məngül"ə "Kəndli və ilan"dan "nağıl" danışsın...

Ötən əsrin repressiya qurbanları xatırlandıqda, adı dilə ilk gətirilənlərdən birincisi, gəncliyinin odlu-alovlu illərində "dili qıfıllanmayanlar"dan idi Mikayıl Müşfiq. Qəlbinin pıçıltılarını "Oxu, tar, oxu, tar..."la tarın "sarı simi"nə toxunan Mikayıl Müşfiq sevən və sevilənlərdən idi.

Müşfiqli və Müşfiqsiz günlərimizdə o, eyni dərəcədə sevilib, nəğmələri dillər əzbərinə çevrilib. Qəlbi həyat eşqi ilə çağlayan, əsərlərində vətəni, gözəlliyi, məhəbbəti eyni formada tərənnüm edən Mikayıl Müşfiq qısa, lakin parlaq bir ömür yaşayıb. Ötən əsrin otuzuncu illərinin repressiyası zamanı coşqun təbiətli, qaynar təbli, odlu baxışlı şair saxta ittihamlarla həbs olunaraq güllələnib. Əlbəttə, onun parlaq simasında ədəbiyyatımız bir şəxsiyyəti, romantik ruhlu poeziya çələngi toxuyan qəlb sahibini itirib. İtirib deməsək daha doğru olardı.

Mikayıl Müşfiqin adı da poeziya nümunələri kimi dövlətimizin qayğısından kənarda qalmayıb. Bu gün Müşfiqin adını şərəflə daşıyan "Müşfiq ocağı" təkcə poeziya həvəskarlarının, yazıçı və şairlərimizin deyil, yolu Xızıdan Altıağaca doğru düşən hər kəsin, müşfiqsevərlərin ziyarətgahına çevrilib. Bu ocaqda neçə-neçə sənətkarın ruhu dolaşır...

Cəmi 29 illik ömründə Mikayıl Mirzə Qədir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) çox məşəqqətlərlə üz-üzə gəlib. Kiçik yaşlarından ata-anasını itirib, nənəsi Qızqayıtın, əmiləri və dayılarının himayəsində böyüyüb. Əvvəl Bakı Müəllimlər Seminariyasını, 1937-ci ildə isə Ali Pedaqoji İnstitutu bitirən Mikayıl Müşfiq orta məktəblərdə ədəbiyyat müəllimi işləyib. Qısa ömründə böyük ədəbi irs qoyub getmiş Mikayıl Müşfiqin 1930-cu ildə çap olunmuş "Küləklər", iki ildən sonra işıq üzü görən "Günün səsləri", "Vuruşmalar", "Qaya", "Pambıq", "Buruqlar arasında", "Kəndli və ilan" kitabları hələ yaşadığı dövrdə sevilə-sevilə oxunub.

Amma o dövrün acı rüzgarı qarşısında sinəsini küləklərə verməyə məcbur olub. 1938-ci ildə bəzi həmkarları kimi, Mikayıl Müşfiq də repressiyaya məruz qalaraq qətlə yetirilib.

Lakin o, həmişə vətənisevərlərin dilinin əzbəridir. Adının əbədiləşdirilməsi ötən əsrin 70-80-ci illərindən başlayan şairin ünvanı bu gün başdan-başa vətən torpağıdır. Bakıda fəaliyyət göstərən bir sıra mədəni-maarif müəssisələri onun adını daşıyır. Əzizbəyov rayonunun Binə qəsəbəsindəki kitabxana da belə mədəniyyət ocaqlarındandır. Kitabxananın müdiri Leyla Sadıqova deyir ki, Müşfiqin bədii sənət nümunələri oxucuların marağını daha çox çəkir. Hər üç oxucudan ikisi məhz Müşfiqin yaradıcılığı ilə dərindən maraqlanır. Onun yaradıcılığından dissertasiya müdafiə edirlər.

Nakam taleli şairin şəhərin Yasamal rayonu ərazisindəki büstü istirahət parkına təkcə xüsusi zövq vermir, həm də o, burada iki sevən gəncin "Yenə o bağ olaydı..." pıçıltıları ilə ötənləri şirin xatirələrə çevirənlərin əhdinə-andına şahiddir, baxmayaraq ki, elə ikiaddımlığında bir vaxtlar fəaliyyət göstərən kitabxana-dükanın yerində bu gün adı dilimizə yad olan restoran-kafe fəaliyyət göstərir.

Bakı-Şamaxı yolunun on səkkizinci kilometrliyində gündən-günə genişlənən, gözəlləşən qəsəbə də şairin adını yaşadır. On min nəfərdən artıq sakini olan Müşfiqabad qəsəbə mədəniyyət evinin yaxınlığındakı parkda 1992-ci ildə qoyulmuş büst şairin ruhuna ehtiramın simvoludur.

Qəsəbədə iki mədəniyyət müəssisəsi fəaliyyət göstərir. Qəsəbə mədəniyyət evinin foyesində şairin portreti asılsa da, nədənsə onun həyat və yaradıcılığı ilə əlaqədar guşəyə təsadüf etmədik. Kitabxanada şairin son illər çapdan buraxılmış yeni nəşrlərindən ibarət sərgi oxucuların marağına səbəb olmaya bilməz. Kitabxananın müdiri Sevil Ələkbərovadan aldığımız məlumata görə, 7200 kitab fondu olan kitabxana əvvəlki illərdən fərqli olaraq, gənclərin daha çox qapısını açdığı mədəniyyət ocağıdır. 1990-cı ildən fəaliyyət göstərən kitabxanaya bu ilin fevral ayında yeni nəşr olunmuş kitablardan 40-45 nüsxə verilib. Bir sözlə, kitabxana qəsəbə sakinlərinə mədəni xidməti günün tələbləri səviyyəsində qurmağa çalışır. Onu da qeyd edək ki, kitabxana ilə mədəniyyət evinin birgə tədbirləri əsasən ərazidəki hərbi hissələrdə keçirilir.

Üç rayonun inzibati ərazisində (Qaradağ, Abşeron və Binəqədi) yerləşən Müşfiqabadda şairin ruhunun əziz tutulduğunun şahidi olduq. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Müşfiqabad qəsəbə üzrə nümayəndəsi Rəşad Qubadov söhbət əsnasında bildirdi ki, ölməz şairin adını daşıyan parkda yenidənqurma işləri aparılacaq və bura əsl istirahət guşəsinə çevriləcək (buradakı çayxana və digər iaşə obyektləri çıxarılıb başqa ünvana köçürüləcək və büstün yeri, üzü küçəyə baxmaqla dəyişdiriləcək, çünki vaxtilə layihə əsasında qurulmayıb).

Bizə elə gəlir ki, Müşfiqin adını daşıyan hər yerdə, hər ünvanda onun narahat ruhu dolaşır. Milli müstəqillik aşiqlərindən biri olan, qısa ömründə xalqının sevimlisinə çevrilən Mikayıl Müşfiq layiq olduğu kimi anılmalı və unudulmamalıdır.

Müşfiq 20 iyunu son nəfəsinə kimi qorudu. Axı, o gün Dilbərilə səadətə qovuşmuşdu: toy günləri idi. Sonrakı fırtınalar, acı yellər, ağrılı-acılı illər onu nə qədər üzsə də, sevgilisinə yazdığı "Qal, sənə qurban"ı ilə təsəlli tapırdı:

 

Deyirsən yanında qalacağam mən,

Çox gözəl fikirdir, qal, sənə qurban.

Nə zaman istəsən əziz canımı,

Qumral gözlərinlə al, sənə qurban.

Sən Müşfiqin yanında qal, sənə qurban,

İstəsən bu canımı al, sənə qurban.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2010.-  11 iyun- S.  7.