Üzeyirşünaslığa
layiqli töhfə
Bu günlərdə "Elm" nəşriyyatında professor Şirməmməd Hüseynovun gərgin zəhmətinin bəhrəsi olan "Üzeyir Hacıbəyli. Nəşrlərdə kənara qoyulmuş, ixtisar və "redaktə" edilmiş əsərləri" kitabının II hissəsi işıq üzü görmüşdür.
Adından da göründüyü kimi, kitabda Azərbaycan mədəniyyətinə, eyni zamanda dünya mədəniyyəti xəzinəsinə verdiyi misilsiz töhfələrlə yalnız intibah dövrünün nəhəngləri ilə müqayisə oluna biləcək dahi Üzeyir Hacıbəylinin indiyədək çap olunmayan publisistik əsərləri yer almışdır. Üzeyir bəyin indiyədək oxuculara bəlli olmayan məqalələrini böyük məhəbbət və tükənməz səbrlə toplayan, ərəb əlifbasından latın qrafikasına çevirən və xüsusi lüğət tərtib edən professor Şirməmməd Hüseynov kitaba yazdığı ön sözdə qeyd edir ki, Üzeyir Hacıbəylinin "Nəşrlərdə kənara qoyulmuş əsərləri"nin 1904-1912-ci illəri əhatə edən I hissəsini ötən il oxuculara təqdim etmişdir. İndi isə həmin kitabın 1915-1917-ci illər dövrünə aid II hissəsi Üzeyir Hacıbəyli sevərlərinin istifadəsinə verilir. Buraya onun "Yeni İqbal", "Sovqat", "Açıq söz", "Doğru söz", "İttihad" qəzetlərində dərc edilmiş əsərləri daxildir. Müəllif bildirir ki, bu yazıların bir qismi Üzeyir bəyin nə əsərlərinin biblioqrafiyasında, nə "Həyat və yaradıcılıq salnaməsi"ndə və nə də ensiklopediyasında göstərilməmişdir. Kitaba həmçinin 1918-ci il noyabrın əvvəllərində "Azərbaycan" (rus dilində) qəzetində dərc edilmiş "Pisma o Persii" sərlövhəli çox mühüm bir əsəri də daxil edilmişdir.
Kitabda, eyni zamanda ayrıca bölmə kimi Üzeyir bəyin əvvəlki nəşrlərdəki əsərlərində aparılmış ixtisar və hətta "redaktə" edilmiş hissələrinin orijinallarla yoxlanılmış tam mətni də verilmişdir. Müəllif qeyd edir ki, 1906-1915-ci illərdə dərc edilmiş və belə "əməliyyat"a məruz qalmış yazıların miqdarı 30-dan artıqdır.
Professor Ş.Hüseynov "Ön söz"də yazır: "Məncə bütün görülən bu işlər milli iftixarımız, əvəzsiz tarixi şəxsiyyət Üzeyir bəyin əsərlərinin akademik külliyatını hazırlamaq və nəşr etmək üçün vacib idi. Qarşıda bu müqəddəs vəzifənin icrası durur. Üzeyir bəy irsinin pərəstişkarı kimi mən də bu məsuliyyətli və şərəfli işə bundan sonra da kömək etməyə hazıram".
Professor Şirməmməd Hüseynovun ərsəyə gətirdiyi, milli iftixarımız Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr edilmiş, üzeyirşünaslıq tədqiqat məktəbinə layiqli töhfə olan bu kitabın oxucular tərəfindən maraqla qarşılanacağına əminik.
AzərTAc
Azərbaycan.- 2010.-11
iyun- S. 8.