İnsanın
immunçatışmazlığı virusunun törətdiyi
xəstəliklə mübarizə haqqında Azərbaycan
Respublikası Qanunu
Bu Qanun Azərbaycan
Respublikası ərazisində insanın
immunçatışmazlığı virusunun törətdiyi
xəstəliyin (İİV infeksiyasının)
profilaktikasının, diaqnostikasının,
müalicəsinin, İİV-lə yaşayan
şəxslərə tibbi və sosial-psixoloji yardım
göstərilməsinin hüquqi əsaslarını
müəyyən edir, bu sahədə yaranan
münasibətləri tənzimləyir.
I fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə
edilən anlayışlar aşağıdakı
mənaları ifadə edir:
1.0.1. İİV – insanın
immunçatışmazlığı virusu;
1.0.2. İİV
infeksiyası – İİV-in törətdiyi xəstəlik;
1.0.3. QİÇS –
qazanılmış immunçatışmazlığı
sindromu (İİV infeksiyasının son
mərhələsində insanın immun sisteminin dərin
zədələnməsi nəticəsində yaranan
xəstəlik);
1.0.4.
İİV-müsbət status – insan orqanizmində yoluxma
faktını təsdiq edən İİV-in və ona
qarşı anticisimlərin olması;
1.0.5. İİV-lə
yaşayan şəxslər – İİV-ə yoluxmuş
və həm xəstəliyin əlamətlərinin olmayan
mərhələsində, həm də immun sisteminin dərin
zədələnməsi mərhələsində olan
şəxslər;
1.0.6. İİV-ə anonim
müayinə - şəxsiyyətini təsdiq edən
sənədi təqdim etmədən və ya şəxsi
məlumatları bildirmədən İİV-ə tibbi müayinə;
1.0.7. İİV-ə konfidensial
müayinə - müayinə və onun nəticələri
barədə məlumatın gizli saxlanılmasına
zəmanət verməklə İİV-ə tibbi
müayinə;
1.0.8. psixososial
məsləhətləşmə - psixoemosional stressin aradan
götürülməsi və İİV-lə
əlaqədar düzgün davranış qaydalarının
müəyyən edilməsi məqsədilə müayinə
olunan (müayinə olunmuş) şəxslə tibb
işçisi və ya sosial işçi arasında
testdən əvvəl və sonra aparılan konfidensial dialoq;
1.0.9. yüksək
riskli əhali qrupları – İİV-ə yoluxmaya
münasibətdə riskli davranış tətbiq edən
və ictimai sağlamlığa təhlükə yaradan
əhali qrupları (inyeksion narkotik istifadəçiləri,
nizamsız cinsi əlaqə tətbiq edən
şəxslər, cinsi azlıqlar və s.);
1.0.10. postkontakt
profilaktika – peşə fəaliyyəti ilə əlaqədar,
yaxud hər hansı təsadüfi və ya zorakı seksual münasibətlər
və digər riskli davranış zamanı İİV-lə
yoluxma riski olduqda yoluxma ehtimalını azaltmaq məqsədi
ilə tətbiq edilən yüksək aktiv antiretrovirus müalicəsi
kursu;
1.0.11. antiretrovirus
müalicəsi – orqanizmdə İİV-in
çoxalmasının və yayılmasının qarşısını
almaq məqsədilə spesifik dərman
vasitələrindən istifadə etməklə aparılan
müalicə;
1.0.12. İİV-in anadan
uşağa ötürülməsinin profilaktikası –
hamiləlik dövründə, doğuş və ana
südü ilə qidalandırma zamanı İİV-in anadan uşağa
keçməsinin qarşısının alınmasına
yönəldilmiş kompleks profilaktik tədbirlər sistemi;
1.0.13. palliativ
yardım – müalicəsi mümkün olmayan
şəxslərin və onların ailə üzvlərinin
fiziki, psixoloji, mənəvi və digər problemlərinin
müəyyən edilməsi, qiymətləndirilməsi və
bu şəxslərə yardımın göstərilməsi
üzrə tədbirlər sistemi;
1.0.14. əvəzedici
müalicə – opioidlərdən asılı inyeksion narkotik
istifadəçilərinin ölkədə qeydiyyatdan
keçmiş əvəzedici opioid dərman vasitələri
ilə (qeyri-inyeksion üsullarla) müalicəsi.
Maddə 2. İnsanın immunçatışmazlığı
virusunun törətdiyi xəstəliklə mübarizə
haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
İnsanın
immunçatışmazlığı virusunun törətdiyi
xəstəliklə mübarizə haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının
Konstitusiyasından, “Əhalinin sağlamlığının
qorunması haqqında” Azərbaycan Respublikası Qanunundan, bu
Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 3. İİV infeksiyası ilə mübarizənin əsas
prinsipləri
İİV
infeksiyası ilə mübarizə və İİV-lə
yaşayan şəxslərə tibbi və sosial yardım
göstərilməsi dövlət təminatı,
qanunçuluq, humanistlik, insan və vətəndaş
hüquqlarına və azadlıqlarına riayət və
hörmət edilməsi prinsipləri əsasında həyata
keçirilir.
Maddə 4. İİV infeksiyası ilə mübarizə sahəsində
dövlət təminatları
4.0. İİV infeksiyası
ilə mübarizə sahəsində dövlət
təminatları aşağıdakılardan ibarətdir:
4.0.1. İİV
infeksiyası ilə mübarizə üzrə milli
strategiyanın və dövlət proqramlarının qəbul
edilməsi və həyata keçirilməsi;
4.0.2. İİV
infeksiyası ilə mübarizə üzrə
xidmətlərin ölkənin bütün ərazisində
təşkilinin təmin edilməsi;
4.0.3. əhalinin
İİV infeksiyası və onunla mübarizə
sahəsində hərtərəfli
məlumatlandırılması və maarifləndirilməsi;
4.0.4. yüksək
riskli əhali qrupları arasında İİV
infeksiyasının səmərəli profilaktikası
üzrə kompleks tədbirlərin həyata
keçirilməsi;
4.0.5. İİV-ə tibbi
müayinənin anonimliyinə və
konfidensiallığına təminat verilməsi;
4.0.6. İİV-ə tibbi
müayinənin dövlət tibb
müəssisələrində pulsuz həyata
keçirilməsi;
4.0.7. İİV-ə tibbi
müayinənin testdən əvvəl və testdən
sonrakı psixososial məsləhətlərlə
müşayiət olunması;
4.0.8. İİV-ə tibbi
müayinənin məlumatlandırılmış
razılıq əsasında həyata keçirilməsi;
4.0.9. İİV
infeksiyası ilə mübarizə sahəsində epidemioloji
nəzarət, monitorinq və qiymətləndirilmə
sisteminin təşkili;
4.0.10. tibbi
prosedurların, eləcə də diaqnostik, müalicəvi
və elmi məqsədlərlə istifadə olunan qanın,
qan komponentlərinin, digər bioloji mayelərin, orqan və
toxumaların təhlükəsizliyinin təmin edilməsi;
4.0.11. İİV-ə yoluxma
riski olan tibb işçilərinin və digər
mütəxəssislərin təhlükəsiz əmək
şəraiti ilə və zəruri qoruyucu vasitələrlə
təmin edilməsi;
4.0.12. İİV-in anadan
uşağa ötürülməsinin profilaktikasının
təmin edilməsi;
4.0.13. İİV-lə
yaşayan Azərbaycan Respublikası
vətəndaşlarının, Azərbaycan Respublikasında
daimi yaşayan vətəndaşlığı olmayan
şəxslərin və Azərbaycan Respublikası
tərəfindən qaçqın statusu verilmiş
şəxslərin dövlət tibb
müəssisələrində tibbi yardımla (o
cümlədən ixtisaslaşdırılmış tibbi
yardımla) və dərman vasitələri ilə pulsuz
təmin edilməsi;
4.0.14. QİÇS
mərhələsində olan İİV-lə yaşayan
şəxslərə palliativ yardımın
göstərilməsi;
4.0.15. İİV-lə
yaşayan şəxslərin və İİV
infeksiyasından zərər çəkmiş
şəxslərin qanunvericiliklə müəyyən
edilmiş qaydada sosial müdafiəsi;
4.0.16. İİV
infeksiyası problemləri üzrə
mütəxəssislərin hazırlanması, tibb
işçilərinin bilik və bacarıqlarının
artırılması üçün şəraitin
yaradılması;
4.0.17. İİV
infeksiyası problemləri üzrə elmi və xüsusi
araşdırma və tədqiqatların aparılması,
eləcə də ölkədə İİV
infeksiyasının profilaktikasının,
diaqnostikasının və müalicəsinin müasir
səmərəli üsullarının tətbiq edilməsi;
4.0.18. İİV infeksiyası
ilə bağlı məsələlərin həllinə
yönəldilmiş ictimai və xeyriyyə
fəaliyyətlərinə dəstək verilməsi;
4.0.19. İİV
infeksiyası problemləri üzrə beynəlxalq
əməkdaşlığın inkişafına,
beynəlxalq proqramlar çərçivəsində
mütəmadi olaraq məlumatların və
təcrübənin mübadiləsinə şərait
yaradılması;
4.0.20. qanunvericiliklə
müəyyən edilmiş digər tədbirlərin
həyata keçirilməsi.
Maddə 5. İİV infeksiyası ilə mübarizə
sahəsində maarifləndirmə
5.1. Dövlət əhali
arasında, xüsusilə yüksək riskli əhali
qruplarının üzvləri, mütəmadi miqrasiya edən
şəxslər və gənclər arasında
təhlükəsiz və məsuliyyətli
davranışın aşılanması məqsədi ilə
İİV infeksiyasının əsas xüsusiyyətləri,
İİV-ə yoluxma və yoluxmadan qorunma yolları
haqqında maarifləndirməni həyata keçirir.
5.2. Təhsil müəssisələrində
gənclər arasında İİV infeksiyasının, cinsi
yolla keçən infeksiyaların profilaktikası və bu
sahədə bilik səviyyəsinin artırılması məqsədi
ilə tədris proqramlarına ayrıca bölmələr
daxil edilir. Təhsilin
hər bir pilləsində İİV infeksiyasının profilaktikası
üzrə tədrisin məzmunu, həcmi və
metodologiyası yaşa uyğun, elmi cəhətdən
dəqiq, dəlillərin göstərildiyi və insan
hüquqlarına söykənən məlumatlara
əsaslanır.
5.3. Dövlət və
ictimai teleradio yayımçıları İİV
infeksiyasının profilaktikası barədə maarifləndirici
verilişlərin, sosial reklam çarxlarının
nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayırmalı və
həmin verilişlərin daha əlverişli vaxtda
yayımını təmin etməlidir.
Maddə 6. İİV infeksiyası ilə mübarizə
üzrə tədbirlərin maliyyələşdirilməsi
İİV
infeksiyası ilə mübarizə üzrə tədbirlər
dövlət büdcəsinin vəsaiti, qrantlar, icbari tibbi
sığorta vəsaitləri, hüquqi və fiziki
şəxslərin ianələri, eləcə də
qanunvericiliklə qadağan olunmayan digər vəsaitlər
hesabına maliyyələşdirilir.
II fəsil
İİV-lə yaşayan şəxslərin
hüquqları və vəzifələri
Maddə 7. İİV-lə yaşayan şəxslərin
hüquqları
7.1. İİV-lə
yaşayan şəxslərin İİV-ə yoluxması
səbəbinə görə hüquq və
azadlıqlarının hər hansı formada
məhdudlaşdırılmasına yol verilmir.
7.2. İİV-lə
yaşayan şəxslər aşağıdakı
hüquqlara malikdirlər:
7.2.1. İİV
infeksiyası ilə əlaqədar diskriminasiyaya və
stiqmatizasiyaya (şərəf və ləyaqətin
alçaldılmasına) yol verilməməsi və onlara
humanist münasibət bəslənilməsi;
7.2.2. İİV-ə tibbi
müayinə və onun nəticələri, habelə
tətbiq edilən tibbi nəzarət və müalicə
üsulları haqqında məlumat əldə etmək;
7.2.3. tibbi
göstərişlər əsasında mümkün olan
bütün müalicə növlərini almaq;
7.2.4. nikaha
daxil olmaq, digər reproduktiv hüquqlarını həyata
keçirmək;
7.2.5. İİV-in yayılmasının
qarşısının alınması üzrə universal
təhlükəsiz davranış qaydalarına
yiyələnmək;
7.2.6. qoruyucu
vasitələrlə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunmuş qaydada
təmin olunmaq;
7.2.7. qanunvericilikdə
nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.
7.3. İİV-lə
yaşayan şəxslərin İİV-müsbət statusunu
açıqlayan elmi tədqiqat işlərinə və ya
təhsil prosesinə, foto-video və ya kino çəkilişlərinə
cəlb edilməsi yalnız onların özlərinin və ya
qanuni nümayəndələrinin yazılı
razılığı ilə aparıla bilər.
Maddə 8. İİV-lə yaşayan şəxslərin
əmək hüquqları
8.1. İİV-lə
yaşayan şəxslərin işləməsinə yol
verilməyən peşə növləri və
vəzifələr istisna olmaqla, onları İİV-ə
yoluxması səbəbinə görə işə qəbul
etməkdən, işdə irəli çəkməkdən
imtina etmək və ya işdən azad etmək
qadağandır. İİV-lə yaşayan
şəxslərin işləməsinə yol
verilməyən peşə növləri və
vəzifələrin siyahısı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
8.2.
İşəgötürən işçinin
İİV-ə yoluxması barədə məlumata malik
olduqda bu məlumatı açıqlamamalıdır.
8.3. Müvafiq icra
hakimiyyəti orqanı İİV-lə yaşayan
şəxslərin xəstəliyin mərhələsindən
asılı olaraq ixtisaslarını dəyişdirməsi
və ya yeni peşəyə yiyələnməsi
üçün təxirəsalınmaz tədbirlər
görməlidir.
8.4.
İşəgötürən İİV-lə yaşayan
işçi ilə məsləhətləşmə aparmaqla
onun üçün münasib iş şəraiti (xüsusi
avadanlıqlarla təminat, istirahət fasilələri
üçün imkanlar və tibbi müayinələr
üçün icazələrin verilməsi və s.)
yaratmalıdır.
Maddə 9. Təhsil və sosial
xidmət müəssisələrində diskriminasiya və
stiqmatizasiyanın qadağan edilməsi
9.1. İİV-ə
yoluxması səbəbinə görə şəxsin
özünün və ya ailə üzvlərinin təhsil
almaq hüququnun hər hansı formada məhdudlaşdırılması,
o cümlədən onların təhsil
müəssisələrinə qəbulundan imtina olunması
və ya onların istənilən tədbirlərdə
iştirakına məhdudiyyətlər qoyulması,
eləcə də təhsil müəssisəsindən xaric
edilməsi qadağandır.
9.2. Təhsil
müəssisələrinin rəhbərliyi
təhsilalanların və ya onların valideynlərinin, yaxud
yaxın qohumlarının İİV-ə yoluxması
barədə məlumata malik olduqda bu məlumatları
məxfi saxlamalıdır. Bununla bağlı
sorğuların verilməsi və araşdırmaların
aparılması qadağandır.
9.3. Stasionar müalicə
müəssisələrində və ya ambulator qaydada ev şəraitində müalicə olunan
İİV-lə yaşayan şəxslərin təhsil
alması müvafiq qanunvericiliklə müəyyən
olunmuş qaydada həyata keçirilir.
9.4. İİV-lə
yaşayan şəxslərin sosial xidmət
müəssisələrinə yerləşdirilməsindən
və onlara sosial xidmət göstərilməsindən imtina
edilməsinə yol verilmir.
Maddə 10. İİV-lə yaşayan şəxslərin
vəzifələri
10.1. İİV-lə
yaşayan şəxslər:
10.1.1. İİV
infeksiyasının başqa şəxslərə
yoluxmasına yol verməmək üçün
məsuliyyətli və təhlükəsiz davranış
tətbiq etməli;
10.1.2. nikaha
daxil olarkən bu barədə digər tərəfi
məlumatlandırmalıdır.
10.2. İİV-ə
yoluxduğunu bilən şəxs başqa şəxsi
(şəxsləri) bilərəkdən hər hansı bir
formada İİV-ə yoluxma təhlükəsi
qarşısında qoymağa və ya İİV-ə
yoluxdurmağa görə Azərbaycan Respublikasının
qanunvericiliyinə əsasən cinayət məsuliyyəti
daşıyır.
III fəsil
İİV-ə tibbi müayinə
Maddə 11. İİV-ə tibbi müayinənin
aparılmasının ümumi qaydaları
11.1. İİV-ə tibbi
müayinə zəruri şəraitə, müvafiq tibbi
avadanlığa malik olan istənilən tibb
müəssisəsində (özəl tibb fəaliyyəti
ilə məşğul olan müəssisələrin
qanunvericilikdə müəyyən edilmiş qaydada bu
fəaliyyətlə məşğul olmaq hüququ olduqda)
aparıla bilər.
11.2. İİV-ə
təsdiqedici tibbi müayinə İİV infeksiyasının
diaqnostikası üzrə referens laboratoriyası olan tibb
müəssisələri tərəfindən həyata keçirilir.
11.3. İİV-ə tibbi müayinə
şəxsə fiziki, psixoloji və mənəvi təzyiq
göstərməklə aparıla bilməz.
11.4. Müayinə olunan
şəxs məcburi müayinə halları istisna olmaqla,
istənilən mərhələdə İİV-ə tibbi
müayinədən imtina etmək hüququna malikdir.
11.5. Yetkinlik yaşına
çatmayanların və qanunvericiliklə müəyyən
edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab
edilmiş şəxslərin İİV-ə tibbi
müayinəsi və müalicəsi onların valideynlərinin
və ya digər qanuni nümayəndələrinin
razılığı (müraciəti) ilə aparılır.
Yetkinlik yaşına çatmayan şəxsin
İİV-ə tibbi müayinəsi və müalicəsi
zəruri hesab edildikdə və uşağın
maraqlarının qorunması tələb etdikdə, lakin
valideynin və ya digər qanuni nümayəndənin
razılığını almaq mümkün
olmadığı təqdirdə bu müayinə və
müalicə müvafiq icra hakimiyyəti orqanının
razılığı ilə aparıla bilər. Yaranmış mübahisələr
məhkəmə qaydasında həll olunur.
11.6. İİV-ə tibbi
müayinənin aparılması həyati
göstərişlər əsasında
təxirəsalınmaz hesab edildikdə və xəstə
vəziyyəti ilə əlaqədar öz qərarını
bildirmək iqtidarında olmadıqda tibbi müayinə
həkimlərin konsiliumunun qərarı əsasında
həll olunur.
11.7. İİV-ə tibbi
müayinə testdən əvvəl və testdən
sonrakı psixososial məsləhətləşmə ilə
müşayiət olunur. Yetkinlik yaşına çatmayanlarla psixososial
məsləhətləşmə psixoloqun, valideynlərin
və ya digər qanuni nümayəndələrin
iştirakı ilə aparılır. Psixososial
məsləhətləşmə şəxsin fərdi
xüsusiyyətləri nəzərə alınmaqla təyin
olunur.
11.8. Tibb müəssisəsi
müayinə olunan şəxsə İİV-ə
müayinənin nəticələri haqqında məlumat
verir. İİV-ə müsbət diaqnoz
təsdiqedici müayinə əsasında referens laboratoriya
tərəfindən verilir.
11.9. Şəxsə
İİV-ə yoluxduğunu tibbi müayinə aparmış
müəssisənin məsul işçisi bildirir. İİV-ə yoluxduğu müəyyən
edilmiş şəxsə tibb müəssisəsi
tərəfindən universal təhlükəsizlik
tədbirləri, hüquqi və sosial təminatlar izah edilir,
xəstəliyin yayılmasının qarşısının
alınması qaydalarına (ehtiyat tədbirlərinə)
riayət etmək tapşırılır və yoluxdurma
təhlükəsi yaratmağa və ya qəsdən
başqasını yoluxdurmağa görə cinayət
məsuliyyəti daşıdığı haqqında
yazılı xəbərdarlıq edilir. İİV-ə
yoluxmuş şəxs əgər 16 yaşına
çatmışdırsa xəbərdar edilməsini
yazılı surətdə təsdiq edir və imzalayır.
11.10. İİV-ə tibbi
müayinə, İİV-müsbət status, eləcə
də İİV-lə yaşayan şəxs vəfat
etdikdən sonra onun İİV-müsbət statusu haqqında
məlumatlar konfidensial saxlanılır və qanunvericiliklə
müəyyən olunmuş qaydada qorunur. Bu
məlumatlara malik olan şəxslər onları sirr olaraq
saxlamağa borcludurlar.
11.11. İİV-ə tibbi
müayinənin aparılması qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunur.
Maddə 12. İİV-ə tibbi müayinənin
nəticələri barədə məlumatın verilməsi
12.0. İİV-ə tibbi
müayinənin nəticələri barədə məlumat
konfidensiallıq prinsipinə və testdən sonrakı
məsləhətləşmə şərtlərinə
əməl edilməklə yalnız aşağıdakı
şəxslərə verilir:
12.0.1. müayinə
olunan şəxs 16 yaşına çatmışdırsa
onun özünə;
12.0.2. müayinə
olunan 16 yaşına çatmamış şəxsdirsə
onun valideynlərinə və ya qəyyumlarına və yaxud
müayinə olunan şəxsin müayinə olunmasına
razılıq vermiş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətli nümayəndəsinə;
12.0.3. fəaliyyət
qabiliyyəti olmayan hesab edilmiş şəxsin qanuni
nümayəndəsinə;
12.0.4. məcburi
tibbi müayinə haqqında qərar qəbul etmiş
hakimə.
Maddə 13. İİV-ə tibbi müayinənin növləri
13.1. İİV-ə tibbi
müayinənin aşağıdakı növləri
müəyyən olunur:
13.1.1. könüllü
tibbi müayinə;
13.1.2. mütləq
tibbi müayinə;
13.1.3. məcburi
tibbi müayinə.
13.2. Könüllü və
mütləq tibbi müayinə İİV-ə tibbi
müayinə olunan şəxsin və ya onun qanuni
nümayəndəsinin razılığı ilə
keçirilir. Şəxsin hər hansı bir
formada gizli surətdə (məlumatlandırılmadan)
İİV-ə tibbi müayinəsinin aparılması
qadağandır.
Maddə 14. İİV-ə könüllü tibbi müayinə
14.1. Hər bir şəxs
könüllü surətdə İİV-ə tibbi
müayinə oluna bilər.
14.2. Yüksək riskli
əhali qruplarına aid olan şəxslərin, hamilə
qadınların və İİV-ə tibbi müayinəsi
zəruri hesab edilən digər şəxslərin İİV-ə
tibbi müayinəyə cəlb edilməsi üçün
tibb müəssisələrinin işçiləri
təşəbbüs göstərməlidirlər.
Maddə 15. İİV-ə mütləq tibbi müayinə
15.1. qan,
digər bioloji mayelər, orqan və toxumaların donorları
İİV-ə tibbi müayinədən
keçməlidirlər. İİV-ə mütləq tibbi
müayinədən imtina edən şəxslər donor ola bilməzlər.
15.2. Şəxslər
İİV-lə yaşayan şəxslərin
işləməsinə yol verilməyən peşələrə
və vəzifələrə qəbul edilərkən
mütləq İİV-ə tibbi müayinədən,
işlədiyi müddətdə isə vaxtaşırı
həmin müayinədən keçməlidirlər. İşçi bu müayinədən imtina
etdikdə işəgötürən əmək
qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər
görür.
15.3.
Azərbaycan Respublikası ərazisində daimi yaşamaq
hüququ (immiqrant statusu) əldə etmək istəyən
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər İİV-ə tibbi
müayinədən keçməlidirlər.
Maddə 16. İİV-ə məcburi tibbi müayinə
Başqa şəxsləri İİV-ə yoluxdurma
təhlükəsi yaradan şəxs və ya onun qanuni
nümayəndəsi tibbi müayinəyə razılıq
vermədikdə, İİV-ə tibbi müayinə
qanunvericilikdə müəyyən olunmuş qaydada məhkəmənin
qərarı ilə məcburi şəkildə
aparılır.
IV fəsil
İİV-lə yaşayan şəxslərə tibbi
nəzarət və yardım
Maddə 17. İİV-lə yaşayan şəxslərə tibbi
nəzarət
17.1. İİV-lə
yaşayan şəxslərə tibbi nəzarət onların
sağlamlıq vəziyyətini mütəmadi
müşahidə etmək, səhhətlərində baş
verə biləcək ağırlaşmaların
qarşısını almaq, müalicə-profilaktika
tədbirlərinin səmərəliliyini artırmaq məqsədi
ilə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada həyata keçirilir.
17.2. İİV-lə
yaşayan şəxslərə tibbi nəzarət
şəxsi və ailə həyatı sirrinin, eləcə
də İİV-müsbət statusu haqqında
məlumatın konfidensiallığının qorunması
prinsiplərinə riayət edilməklə həyata
keçirilir.
17.3. Tibb
müəssisələri öz xidmətləri
tərəfindən qeydə alınmış
İİV-ə yoluxma və QİÇS-lə
əlaqədar ölüm halları barədə İİV
infeksiyası ilə mübarizə üzrə
ixtisaslaşdırılmış dövlət tibb
müəssisəsinə konfidensial şəkildə bildiriş
(məlumat) verməlidirlər.
Maddə 18. İİV-lə yaşayan şəxslərə tibbi
yardım
18.1. Dövlət
İİV-lə yaşayan hər bir şəxsi İİV
infeksiyası ilə bağlı diaqnostika, profilaktika,
müalicə, onlara qulluq və dəstəyin göstərilməsi
üzrə mümkün olan yardım tədbirləri ilə
təmin edir.
18.2. İİV-lə
yaşayan Azərbaycan Respublikası
vətəndaşlarına, Azərbaycan Respublikasında daimi
yaşayan vətəndaşlığı olmayan
şəxslərə və Azərbaycan Respublikası
tərəfindən qaçqın statusu verilmiş
şəxslərə tibbi yardım (o cümlədən
ixtisaslaşdırılmış tibbi yardım) dövlət
tibb müəssisələrində dövlət
büdcəsi vəsaiti hesabına göstərilir. İİV-lə yaşayan şəxslərə
dövlət büdcəsinin vəsaiti hesabına
göstərilən tibbi yardımın həcmi müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
18.3. İİV-lə
yaşayan şəxslərə tibbi yardım üzrə
milli protokollar müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir.
Maddə 19. İİV-in anadan uşağa
ötürülməsinin profilaktikası
19.1. İİV-in anadan
uşağa ötürülməsinin profilaktikası
məqsədi ilə kompleks tədbirlər həyata
keçirilir.
19.2. Tibb
müəssisələri İİV-lə yaşayan
qadınların hamiləlik və doğuşla bağlı
məsələlərdə könüllü qərarlar
qəbul edə bilmələri üçün onları
hərtərəfli məsləhətlərlə təmin
edirlər.
19.3. Tibb müəssisəsi
İİV-lə yaşayan hamilə qadınları yeni
doğulmuş uşaqları ana südünün
əvəzediciləri ilə qidalandırmanın zəruriliyi
barədə elmi cəhətdən təsdiq olunmuş
məlumatlarla təmin etməlidir. İİV-lə
yaşayan analardan doğulmuş bir yaşadək uşaqlar
qida məhsulları ilə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunmuş
qaydada pulsuz təmin olunurlar.
V fəsil
Yüksək riskli əhali qrupları arasında
İİV infeksiyasının profilaktikası
Maddə 20. İİV
infeksiyasının profilaktikası üzrə zərərin
azaldılması proqramları
20.1. İİV
infeksiyasının profilaktikası məqsədi ilə
yüksək riskli əhali qrupunun üzvləri arasında
beynəlxalq təcrübədə tətbiq edilən
zərərin azaldılması proqramları tətbiq olunur.
Buraya inyeksiya üçün steril ləvazimat ilə
təminat, fərdi qoruyucu vasitələrlə təminat,
əvəzedici müalicəyə cəlb etmə,
İİV-in yayılması yolları və onun
qarşısının alınmasının üsulları
haqqında, eləcə də təhlükəsiz davranış
haqqında məlumatlandırma, hüquqi və psixoloji
yardım və reabilitasiya proqramları aid edilir.
20.2. Zərərin
azaldılması proqramları tərbiyəvi,
maarifləndirmə, məlumatlandırma, müalicəvi,
tibbi-profilaktik, reabilitasiya və məsləhət xarakterli
tədbirləri əhatə edir, qabaqlayıcı xarakter
daşıyan üsulların əhali üçün
əlçatanlığını təmin etməklə
həyata keçirilir.
20.3. Zərərin
azaldılması proqramlarının tətbiqi qaydası
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunur.
Maddə 21. Yüksək riskli əhali qrupları arasında
İİV infeksiyasının profilaktikası
21.1. Müvafiq icra
hakimiyyəti orqanları, hər bir qrupun spesifik
tələbatları nəzərə alınmaqla,
yüksək riskli əhali qrupları arasında İİV
infeksiyası, o cümlədən QİÇS haqqında
biliklər əldə etməyə yönəldilmiş
profilaktik tədbirlər, təhlükəsiz və
məsuliyyətli davranış aşılanmasına
yönəldilmiş maarifləndirici və
məlumatlandırıcı proqramlar həyata keçirir,
onlara məlumatlandırma xarakterli materiallar təqdim
edirlər.
21.2. İİV
infeksiyasının, B və C hepatitlərinin
yayılmasının, İİV-ə yoluxmuş
şəxslərin inyeksion narkotik vasitələrindən
istifadənin qarşısını almaq, onların sosial
reabilitasiyasını və cəmiyyətə
inteqrasiyasını təmin etmək və digər
məqsədlərlə inyeksion narkotik
istifadəçiləri arasında könüllülük əsasında
əvəzedici müalicə proqramları tətbiq edilir. İnyeksion narkotik istifadəçilərinin
müalicəsində istifadə olunan əvəzedici
müalicə proqramlarının tətbiqinin
şərtləri və qaydaları Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyi ilə
müəyyən edilir.
Maddə 22. Penitensiar müəssisələrdə İİV
infeksiyasının profilaktikası
22.0. Penitensiar
müəssisələrdə İİV infeksiyasının
profilaktikası məqsədi ilə aşağıdakı
tədbirlər həyata keçirilir:
22.0.1. penitensiar
müəssisələrdə saxlanılan və ya cəza
çəkən şəxslərin, eləcə də onlara
xidmət göstərən əməkdaşların
İİV infeksiyası və onun profilaktikası
sahəsində məlumat almaq imkanının yaradılması
və biliklərinin artırılması;
22.0.2. penitensiar
müəssisələrdə İİV infeksiyasının
profilaktikasının həyata keçirilməsi, tibbi
göstərişlərə əsasən İİV-lə
yaşayan şəxslərin müalicəsinin təmin
edilməsi;
22.0.3. penitensiar
müəssisələrdə bu Qanunun 20-ci maddəsinə
uyğun olaraq zərərin azaldılması
proqramlarının tətbiqi.
Maddə 23. Postkontakt profilaktika
23.1. Peşə
fəaliyyəti ilə əlaqədar qan, qan komponentləri
və digər bioloji mayelərlə təmasda olan tibb
işçiləri və peşə fəaliyyəti ilə əlaqədar
İİV-ə yoluxma riski yüksək olan digər
şəxslər təxirəsalınmadan və
ödənişsiz postkontakt profilaktika tədbirləri ilə
təmin olunurlar.
23.2. Zorlamaya və
İİV-ə yoluxmaya təhlükə yaradan digər
zorakılığa məruz qalmış
şəxslərə təxirəsalınmadan və
ödənişsiz postkontakt profilaktika tədbirləri və
cinsi yolla keçən infeksiyaların müalicəsi
üzrə xidmətlər və psixoloji yardım
göstərilir.
VI fəsil
Tibbi prosedurların təhlükəsizliyinin təmin
edilməsi
Maddə 24. Universal
təhlükəsizlik tədbirlərinin tətbiqi
24.1. Universal
təhlükəsizlik tədbirləri müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş
əksepidemik qaydalar olaraq, tibbi və digər xidmətlər
göstərilərkən qan və digər bioloji
mayelərlə kontakt riskinin azaldılması
üçün tətbiq olunur.
24.2. Tibbi, kosmetoloji,
bərbərxana xidmətləri, eləcə də qan və
digər bioloji mayelərlə təması nəzərdə
tutan digər xidmətlər göstərilərkən universal
təhlükəsizlik tədbirlərinə mütləq
şəkildə riayət olunmalıdır. Həmin
xidmətləri göstərən hüquqi və fiziki
şəxslərin fəaliyyətinin universal
təhlükəsizlik tədbirlərinin
tələblərinə uyğun olmasına nəzarət
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
həyata keçirilir, bu tələblərə riayət
etməyən şəxslər qanunvericiliyə uyğun olaraq
məsuliyyət daşıyırlar.
24.3. Tibb işçiləri
İİV-ə yoluxmanın qarşısının
alınması üçün universal təhlükəsizlik
tədbirlərinə əməl etməli, müvafiq
müdaxilələrin aparılması üçün
zəruri vasitələrə malik olmalıdırlar.
Maddə 25. Pasiyentlərin müdafiəsinin təmin edilməsi
25.0. Tibb
müəssisələri aşağıdakı hallarda
pasiyentlərin İİV-ə yoluxmasının
qarşısını almaq üçün zəruri
şərait yaratmalıdırlar:
25.0.1. qan,
qan komponentləri, digər bioloji mayelər, orqan və
toxumalar köçürüldükdə;
25.0.2. hər
hansı laborator və instrumental müayinələr
aparıldıqda;
25.0.3. hər
hansı tibbi müdaxilələr, o cümlədən
stomatoloji, ginekoloji, cərrahi və digər əməliyyatlar
aparıldıqda;
25.0.4. hər
hansı kosmetoloji proseduralar və manipulyasiyalar
aparıldıqda.
Maddə 26. Tibb işçilərinin müdafiəsinin təmin
edilməsi
26.1. İnsanların qanı
və qan komponentləri, digər bioloji mayeləri, orqan və
toxumaları ilə təmasda olan, o cümlədən
diaqnostik tədqiqatlar aparan, yaxud tibbi yardım göstərən
tibb işçiləri tibb müəssisəsi
tərəfindən zəruri qoruyucu vasitələrlə
pulsuz təmin edilir, onların mütəmadi olaraq
İİV-ə tibbi müayinəsi təşkil edilir.
26.2. Tibb işçiləri
və digər mütəxəssislər öz xidməti
vəzifələrini yerinə yetirərkən
İİV-ə yoluxarlarsa, bu halda həmin xəstəlik
peşə xəstəliyi hesab olunur.
26.3. Öz xidməti
vəzifələrini yerinə yetirərkən
İİV-ə yoluxma riskinə görə tibb
işçiləri müvafiq qanunvericiliklə
müəyyən edilmiş qaydada dövlət hesabına
icbari sığorta olunurlar.
26.4. İİV-lə yaşayan şəxslərə tibbi, psixoloji, sosial yardım göstərən, İİV infeksiyasının laborator diaqnostikasını həyata keçirən, yoluxmuş materialları istifadə etməklə elmi tədqiqatlar aparan, diaqnostika üçün bioloji preparatların istehsalı ilə məşğul olan şəxslərin qanunvericiliyə uyğun olaraq vəzifə maaşına əlavələr müəyyən edilir, həmin şəxslərə əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət verilir.
VII fəsil
Yekun müddəaları
Maddə 27. İİV-lə
yaşayan və İİV infeksiyasından zərər
çəkmiş şəxslərin sosial müdafiəsi
27.1. İİV-ə yoluxmuş şəxslərə yoluxmada təqsirkar şəxslər tərəfindən vurulmuş ziyanın ödənilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Vurulmuş ziyanın ödənilməsi təqsirkar şəxsləri qanunvericiliklə müəyyən olunmuş digər məsuliyyət növlərindən azad etmir.
27.2. Stasionar tibb müəssisəsində İİV-lə yaşayan 14 yaşınadək uşağı ilə birgə qalan işləyən valideynlərdən birinə və ya uşağa qulluq edən digər şəxsə qanunvericiliklə müəyyən edilmiş qaydada əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilir.
27.3. İİV-lə yaşayan şəxslərə əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilir.
Maddə 28. Qanunun pozulmasına
görə məsuliyyət
Bu Qanunu pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 29. Beynəlxalq
əməkdaşlıq
İİV infeksiyası, o cümlədən QİÇS ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən həyata keçirilir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 may 2010-cu il.
Azərbaycan.- 2010.- 12 iyun- S.
2.