Heydər Əliyev Azərbaycanın
beynəlxalq standartlara tam cavab verən sosial müdafiə
sisteminin memarıdır
Hər bir cəmiyyətin həyatının dəyərləndirilməsinə diqqəti çəksək, inkişafın əsas məqsədi olan sosial rifah ön plana çıxır. Müasir mərhələdə bu sahədə tətbiq olunan modellərin uğuru qloballaşmanın diktə etdiyi yanaşma meyarları ilə milli reallıqlara əsaslanan baxışların əlaqələndirilməsindən birbaşa asılıdır. Azərbaycanın sosial müdafiə modeli onun sosial-iqtisadi həyatının əsas mərhələlərinin təsiri ilə formalaşmış, dövlət quruculuğu fəlsəfəsinin başlıca elementlərindən biri kimi meydana gəlmişdir.
Ölkəmizin sosial-iqtisadi inkişafının və dövlətçilik bazasının yaradılmasının dönüş mərhələsi öz başlanğıcını ötən əsrin 70-ci illərindən götürdüyündən, dövlət quruculuğu və iqtisadiyyatın gücləndirilməsi hesabına xalqın sosial rifahının artırılmasının praktiki həlli də həmin dövrdən etibarən reallaşmağa başlamışdır.
Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin gələcəyə hesablanan strateji proqramında sosial müdafiənin daim gücləndirilməsi çoxşaxəli fəaliyyətin başlıca məqsədi kimi təyin olunmuşdur. "Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim" - deyən Heydər Əliyev sovet dönəmindəki fəaliyyətinə qısa xarakteristika verməklə yanaşı, zamanın bütün anları üçün özünün dəyişməz üslubunu ortaya qoymuşdur. Öz xalqının rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi ümummilli liderin bütün fəaliyyətinin əsas məqsədini, onun dövlətçilik fəlsəfəsinin ana xəttini təşkil etmişdir.
Bu üslub bazar iqtisadiyyatının, geosiyasi maraqların, qlobal güclərin diktəsi kimi sərt tələblərin əsasında formalaşmış müasir dünya müstəvisində də ümummilli liderin əsas prinsipi olmuşdur.
Dövlət müstəqilliyini əldə etdikdən sonra ən məqbul inkişaf istiqaməti kimi sərbəst bazar iqtisadiyyatı yolunu tutmuş Azərbaycanda keçid dövrü cəmiyyətin müxtəlif sahələrində özünü göstərən çeşidli problemlərlə müşayiət olunurdu. Təbiətin ona bəxş etdiyi bir çox nadir keyfiyyətlər sayəsində Heydər Əliyev tarixi və sosial-iqtisadi proseslərin axarını əvvəlcədən müəyyən edə bilir, öz xalqının rifahı naminə qərarlar qəbul edilən zaman əsl qətiyyət nümayiş etdirirdi. Digər tərəfdən, keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyni, mövcüd sosial müdafiə modelinin quruluşunu və dünya sistemləri ilə müqayisəsini daha dərindən müşahidə etmək imkanına malik olan bu böyük şəxsiyyətdə siyasi-iqtisad və sosiologiya sahəsində dərin intellektual baza formalaşmışdı. O, qlobal siyasi-iqtisadın əsl bilicisi idi.
Azərbaycanda yeni iqtisadi sistemə keçid dövründə hansı modelə üstünlük veriləcəyi ilə bağlı çoxlu fərqli fikirlər irəli sürülsə də, ümummilli lider bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyən etmiş və Azərbaycan xalqının sosial rifahının artırılmasını fəaliyyətinin başlıca məqsədi kimi elan etmişdi.
Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası bu prinsipi dövlətin ali məqsədi kimi ön plana çəkmişdi. Yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt olmaqla yanaşı, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi olan bu ali sənəd Azərbaycan dövlətinin hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qaldığını ən yüksək səviyyədə bəyan etmişdir.
Bu dövrdə sosial müdafiə sisteminin yeni şəraitə uyğun qurulması üçün zəruri dəyişikliklərə, etibarlı iqtisadi baza yaradıldıqdan və demoqrafik baxımdan əlverişli vaxt seçildikdən sonra başlamaq, buna qədər isə çox çətinliklə başa gəlsə belə, əvvəlki həmrəylik və dövlət təminatı sistemlərinə əsaslanmaq əsas taktiki addımlar kimi seçilmişdi. Məhz bu səbəbdən də digər dövlətlərdən fərqli olaraq Azərbaycanda müstəqilliyimizin ilk illərindən başlayaraq, ümummilli liderimiz Heydər Əliyevin müdrik yanaşması nəticəsində ölkə əhalisinin aztəminatlı təbəqəsi keçmiş sovet sisteminin iqtisadi məzmununa daha çox bağlı olan, qısa vaxt ərzində isə dəyişdirilməsi çətinliklər törədən əvvəlki sosial müdafiə sisteminin bazar iqtisadiyyatı ilə ciddi uyğunsuzluğunun təsirini kəskin hiss etməmişdir.
Qeyd olunan seçim nəticəsində həmin dövrdə əhalinin həyat səviyyəsinin qorunması, habelə vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılmışdır. Həmin vaxt Heydər Əliyevin siyasi və ictimai həyatın bütün sahələrində həyata keçirdiyi planlarda əhalinin sosial müdafiəsinin mühüm meyar olduğu aydın görünür.
Bu mərhələdə xalqımızın 1990-cı ilin 20 Yanvar faciəsinə əsl hüquqi qiymət verilməsi ilə yanaşı, "20 yanvar Şəhidi" fəxri adı təsis edildi və bu faciənin qurbanlarının sosial müdafiəsi xüsusi nəzarətə götürüldü. Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında, Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi qanunlar qəbul olundu. Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinin maddi imkanının yaxşılaşdırılması, Azərbaycan Milli Qəhrəmanlarının və onlardan həlak olanların ailələrinə yardım edilməsi Azərbaycan Respublikası Prezidentinin müxtəlif fərman və sərəncamları ilə hüquqi normaya çevrildi. Ümummilli liderin təşəbbüsu ilə 1994-cü ildə 9 May Azərbaycanda yenidən Qələbə Günü kimi rəsmiləşdirildi. O vaxtdan müharibə veteranlarına dövlət qayğısı sosial siyasətin mühüm istiqaməti kimi müəyyən olundu.
Həyata keçirilən tədbirlərin davamı kimi 1994-cü ildən əməyin ödənilməsinin minimum məbləği əhəmiyyətli şəkildə artırıldı, pensiya, təqaüd və müavinətlərin məbləği əməyin ödənilməsinin minimum məbləğinə uyğunlaşdırıldı.
Dünya birliyində Azərbaycan Respublikasının mövqelərinin güclənməsi, daxili ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi nəticəsində 1995-ci ildən etibarən Azərbaycanda makroiqtisadi sabitliyin və struktur dəyişikliklərinin təmin olunmasına yönəldilmiş genişmiqyaslı islahatlar prosesinə başlanıldı.
Ölkədəki iqtisadi inkişafın artımı nəticəsində 1996-cı ildən etibarən əhalinin həyat səviyyəsinin yüksəldilməsi, vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində atılan ciddi addımların müsbət təsiri əhəmiyyətli şəkildə hiss olundu. Xüsusilə, əhaliyə pensiya və müavinətlərin ödənilməsi və digər sosial ödənişlər üzrə xərclərin artımı davamlı xarakter aldı, bu sahədə köklü dəyişikliklər baş verdi. Ümumilikdə, 1996-2003-cü illər ərzində aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 8 fərman və sərəncamı, Nazirlər Kabinetinin 2 qərarı oldu ki, bunların tətbiqi nəticəsində, eləcə də ölkədə əməkhaqlarının artımı hesabına pensiya və müavinətlərin orta aylıq məbləği 1995-2003-cü illər ərzində 8 dəfə artdı.
Bu proseslərdə nəzərəçarpacaq xüsusi bir məqam əməkhaqlarının, pensiya və müavinətlərin artımı sahəsində həyata keçirilən tədbirlərin digər islahat istiqamələri ilə uzlaşdırılması, heç bir tələsikliyə yol verilməməsi olmuşdur. Əgər MDB məkanına daxil olan bir sıra dövlətlərdə pensiyaların artımı sahəsində tələsik addımlar bu ölkələri maliyyə böhranı və inflyasiya ilə üzləşdirmişdisə, Azərbaycandakı ehtiyatlı və düşünülmüş addımlar belə neqativ halların qarşısını almaq baxımından uğurla nəticələnirdi. Eyni zamanda xüsusi qeyd olunmalıdır ki, lazım gəldikdə zəruri qərarların vaxtında qəbul edilməsi nəinki diqqətdən yayınmamış, əksinə, ölkəmiz bir sıra məsələlərdə digər dövlətləri qabaqlamışdır. Məsələn, kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərdən istifadə mexanizmi özünü doğrultmadığından, həm enerji sektorunun dinamik inkişafına nail olunması, həm də aztəminatlı vətəndaşlara dövlətin verdiyi imtiyazların ünvanlılığının təmin edilməsi məqsədilə kommunal güzəştlərin pul kompensasiyası ilə əvəz edilməsi 2001-ci ilin sonunda ümummilli liderimiz Heydər Əliyev tərəfindən qərara alınmışdır. Halbuki digər MDB dövlətlərində bu tədbirin vacibliyi 2005-ci ildən qəbul edilməyə başlanılmışdır.
Bütün bunlara paralel olaraq isə, sabit və ardıcıl inkişaf tempinin fəaliyyətin əsas meyarı kimi götürülməsi nəticəsində mövcud sosial müdafiə sisteminin bazar iqtisadiyyatının mühitinə uyğunlaşdırılaraq keyfiyyətcə yenidən qurulması, o cümlədən pensiya sisteminin beynəlxalq normalara və inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan islahatının aparılması sosial siyasətin strateji istiqamətlərindən biri kimi müəyyənləşdirildi. 2001-ci ilin iyul ayından etibarən, ümummilli liderin məlum sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyasının icrasına, yəni köklü dəyişikliklərə başlanıldı. Konsepsiyada nəzərdə tutulmuş mərhələlər 2001-2005-ci illərə aid olmaqla, həmçinin pensiya sisteminin köklü dəyişdirilməsi üçün demoqrafik baxımdan da ən sərfəli dövr kimi qiymətləndirilməlidir.
Konsepsiya islahatın mahiyyətini təşkil edən sığorta-pensiya və sosial yardım sistemlərinin bir-birindən ayrılmasını, sığorta münasibətlərinə əsaslanan pensiya sisteminin qurulmasını ifadə edir. Bu dəyişikliklərin başlıca elementi sosial sığorta haqlarının fərdi uçotuna əsaslanan avtomatlaşdırılmış sığorta-pensiya sisteminin yaradılmasıdır. Fərdi uçot sisteminin tətbiqində əsas məqsəd ödənilən məcburi dövlət sosial sığorta haqqı ilə pensiya məbləği arasında birbaşa qarşılıqlı əlaqənin təmin edilməsidir.
Ümummilli liderimizin Pensiya İslahatı Konsepsiyası Azərbaycanın müasir və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modelini ortaya qoymuşdur. İslahat pensiyaçıların sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması məqsədilə pensiya ödənişlərinin etibarlı maliyyə təminatına nail olunması, pensiya təminatı sisteminin bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılması və onun rolunun artırılması, pensiya və müavinət ödənişləri üçün nəzərdə tutulan vəsaitin tam yığılması və məqsədyönlü istifadəsi, pensiya təminatı sisteminin idarə olunmasını təkmilləşdirməklə onun səmərəliliyinin yüksəldilməsi, sosial sığorta haqları ilə ödənişlər arasındakı əlaqənin uyğunlaşdırılması kimi mühüm problemlərin həllinə yönəldilmişdir. Qeyd olunan məqsədlərə çatmaq və qarşıda duran problemləri həll etmək üçün pensiya sisteminin idarə olunması üzrə prinsipial tələblər, pensiya islahatının həyata keçirilməsi mərhələləri böyük öndərimiz tərəfindən dəqiq müəyyən olunmuşdu. Respublikamızın həyatının bütün sahələrində olduğu kimi, sosial sahədə də ümummilli liderimizin müəyyənləşdirdiyi prinsiplər uğurla reallaşdırılmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın həyatının bütün sahələrində davam etdirilən sürətli islahatlar insanlarımızın sosial müdafiəsini gücləndirməyə geniş imkanlar yaratmış, ölkəmizdə aztəminatlı əhalinin sosial müdafiəsi sahəsində yeni bir sistem formalaşmışdır. Bu məqsədlə 2003-2005-ci illərdə pilot və hazırlıq tədbirləri başa çatdırılmış, 2006-cı ildən sığorta-pensiya sistemi ilə dövlət sosial yardım sistemlərinin bir-birindən ayrılması və beynəlxalq standartlar əsasında fəaliyyət göstərməsi təmin edilmişdir. 2006-cı ilin 1 yanvarından ölkədə sosial sığorta münasibətlərinə əsaslanan əmək pensiyaları sistemi tətbiq olunmuş, pensiyaçıların sosial müdafiəsinin dövlət tənzimləməsi və bazar münasibətləri əsasında təminatının müasir forması təşəkkül tapmışdır. Eyni zamanda əmək qabiliyyətini itirmiş, lakin əmək pensiyası hüququ olmayan şəxslərin sosial müdafiəsi üçün dövlət sosial müavinətlərinin, gəlirləri aşağı olan ailələrin sosial müdafiəsi üçün isə ünvanlı dövlət sosial yardımı sisteminin uğurla tətbiqinə başlanılmışdır.
Bu gün Azərbaycanın sığorta-pensiya sahəsində həyata keçirdiyi islahatlar və qurulan model nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir, keçid dövrü ölkələri üçün bir örnək kimi tövsiyə olunur. Əldə olunan bu uğurların başlıca səbəbi isə, yuxarıda da qeyd olunduğu kimi ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanın müasir və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modelinin ortaya qoyulmasıdır. Həmin model müasir dünyada sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirir. Bir çox hallarda əldə olunan nəticələr digər ölkələrlə müqayisədə məhz Azərbaycan modelinin dayanıqlığını ortaya qoyur.
Bu sırada aparılan islahatlarda sosial sığortaya mahiyyətinə uyğun daha düzgün yanaşılması, sığorta-pensiya sistemi və dövlət sosial yardımı sisteminin bir-birindən tam ayrılması xüsusi qeyd olunmalıdır.
Pensiya sistemlərinin ilkin formalaşması dövründə pensiyalar sabit məbləğdə müəyyənləşdirilirdisə, bir qədər sonra buraya əməkhaqqı ilə bağlı pensiyalar, ödənilən sosial sığorta haqlarının fərdi uçotuna və indeksasiyasına əsaslanan pensiyalar, nəhayət, sosial sığorta haqlarının fərdi hesablarda real yığılmasına və bu vəsaitin yerləşdirilməsinə əsaslanan pensiyalar əlavə olundu. Başqa sözlə, sığorta prinsiplərinə əsaslanan pensiya sisteminin ədalətliliyini artırmaq istiqamətində atılan addımlar pensiyaların məbləğinin hər kəsin sistemə verdiyi paya uyğun müəyyənləşdirilməsi tezisini ortaya çıxardı və bu da sığorta-pensiya sistemlərinin inkişafının ən müasir istiqamətlərini təyin etdi. Beynəlxalq praktikada bunun üçün hər bir sığortaolunana fərdi hesabın açılaraq ödənilən sığorta haqlarının həmin hesabda fərdi uçotunun qurulması, vətəndaşların pensiya təyinatının bu uçotun məlumatları əsasında aparılması nəzərdə tutulur. Qeyd edilən sistemə qoşulmaq iqtidarında olmayan insanların isə dövlət büdcəsi hesabına sosial müavinət və sosial yardımlarla əhatə olunması düzgün addım sayılır.
Ümummilli liderin təyin etdiyi islahat istiqamətlərinə uyğun olaraq, ölkəmizdə də sığorta-pensiya sistemi və dövlət sosial yardımı sistemlərinin ayrı-ayrılıqda beynəlxalq standartlar əsasında fəaliyyət göstərmələri müəyyənləşdirilmişdir. Bu məqsədlə 2001-ci ilin noyabrında "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" qanun qəbul edilmiş, 2006-cı ilin 1 yanvarından isə 3 qanun - "Əmək pensiyaları haqqında", "Dövlət sosial müavinətləri haqqında" və "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunlar qüvvəyə minmişdir. Beləliklə, hər iki sistemin fəaliyyətini təmin edəcək qanunvericilik bazası yaradılmışdır. Hazırda sığorta-pensiya sistemi 3 qanun ("Sosial sığorta haqqında", "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında", "Əmək pensiyaları haqqında" qanunlar), dövlət sosial yardım sistemi isə ayrıca 2 qanun ("Dövlət sosial müavinətləri haqqında" və "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunlar) əsasında fəaliyyət göstərir.
Növbəti əsas meyar vahid sığorta-pensiya orqanının fəaliyyətinin təşkili, sosial sığorta, fərdi uçot və pensiya təminatı funksiyalarının həmin orqanda cəmləşdirilməsidir.
Konsepsiyanın icrası və onun yerinə yetirilməsinin təşkilati-idarəetmə bazasının yaradılması istiqamətində ümummilli liderin 2 fərmanını xüsusilə qeyd etmək istərdim. Bunlardan biri "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 26 dekabr 2001-ci il tarixli 616 nömrəli, digəri isə "Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında" 4 avqust 2003-cü il tarixli 908 nömrəli fərmanlardır. Birinci fərmanla ölkəmizdə məcburi dövlət sosial sığorta sistemində fərdi uçotun əsası qoyulmuş, məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən Dövlət Sosial Müdafiə Fondunun funksiyalarında mühüm dəyişiklik edilərək, ona fərdi uçotu həyata keçirmək səlahiyyəti verilmişdir. İkinci fərmanla isə pensiyaların təyini və maliyyələşdirilməsi funksiyalarının məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən orqan tərəfindən icra olunmasını təmin etmək məqsədilə vahid sığorta-pensiya qurumunun yaradılması müəyyənləşdirilmişdir. Bununla da Pensiya İslahatı Konsepsiyasının "Ölkədə pensiya sisteminin idarə olunması yeni təşkil olunacaq icra orqanında cəmləşəcəkdir. Bu orqan pensiya haqlarının yığılması, fərdi uçotun işlənməsi və həyata keçirilməsi, pensiyaların təyin edilməsi və ödənilməsinə nəzarət, gəlirlərin və pensiya xərclərinin səviyyələrində dəyişikliklər haqqında təfsilati statistik məlumatın yığılması işlərini həyata keçirəcəkdir" müddəası tam gerçəkləşmişdir. Halbuki, Azərbaycandan xeyli əvvəl yeni sistemə keçmiş qonşu ölkələrdə sosial sığorta haqlarının toplanmasının fərdi uçotu və pensiya təminatını aparan orqan tərəfindən icrasına, daha doğru addım kimi, yalnız son illərdə başlanılmışdır.
Ötən dövr ərzində sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsində idarəetməni həyata keçirən Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti beynəlxalq standartlar əsasında tamamilə yenidən qurulmuşdur. Fondun 61 yerli şöbəsinin yeni inzibati binası istifadəyə verilmiş, hər bir binada müasir informasiya texnologiyalarına əsaslanan lokal şəbəkə qurulmuşdur. Dünya Bankının vəsaiti hesabına ən müasir 1600 dəst kompüter avadanlığı alınaraq sistemdəki kompüterlərin sayı 2280-ə çatdırılmış və beləliklə, 1 işçiyə 1 kompüter prinsipi ilə müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri yaradılmışdır.
Yeni sistemin əsas məzmunu olan sığortaolunanlar üçün ödənilən sığorta haqlarının fərdi uçotunun qurularaq, vətəndaşların pensiya təminatının həmin uçotun məlumatlarına əsasən aparılması sahəsində işlər müvəffəqiyyətlə yerinə yetirilməkdədir. 2010-cu ilin 1 yanvar tarixinə 1 milyon 640 minə yaxın sığortaolunana sosial sığorta nömrəsi verilmiş və onlar üçün fərdi hesab açılmışdır.
İslahatların mühüm həlqəsi kimi 2004-cü ildən etibarən pensiya və müavinətlərin əhaliyə çatdırılmasında müasir texnologiyaların tətbiqinə nail olunmuşdur. Hazırda ölkə üzrə bütün ödəniş aparılan pensiyaçıların 98 faizi öz pensiyalarını plastik kartlarla alırlar. Bu məqsədlə ümumilikdə 465, o cümlədən kənd və qəsəbələrdə 85 bankomat qurularaq istifadəyə verilmişdir. Bu göstərici üzrə Azərbaycan dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur. Bunların nəticəsi kimi, 2004-cü ilin sentyabrında ölkəmiz Beynəlxalq Sosial Təminat Assosiasiyasının büro üzvü, 2007-ci ildə isə Assosiasiyanın "Avropa şəbəkəsi"nin rəhbəredici komitəsinin üzvü seçilmişdir.
2009-cu ilin mart ayında Afina şəhərində BMT-nin İnkişaf Proqramının Şərqi Avropa və Orta Asiya ölkələrində demokratik idarəetmənin formalaşdırılmasına həsr edilmiş toplantısında Dövlət Sosial Müdafiə Fondunun işinin xüsusi təqdimatı olmuş və sonradan həmin təqdimat BMT-nin vebsaytında geniş işıqlandırılmışdır. Pensiya və sosial təminat layihəsinin icrasına nəzarət etmək məqsədilə 2009-cu ilin noyabrında ölkəmizdə olmuş Dünya Bankı missiyasının rəsmi məlumatında Azərbaycanın sığorta-pensiya sisteminin beynəlxalq model olaraq çıxış etdiyi və Fondun beynəlxalq sosial təminat aləmində nüfuzlu bir quruma çevrildiyi əks etdirilmişdir.
Göstərilənlərlə yanaşı, ölkəmizdə qurulmuş sığorta pensiya sisteminin üç pilləli olması onun çevikliyni şərtləndirən əsas amildir.
Qeyd olunmalıdır ki, dünyanın bir çox ölkələrində sığortaolunanların fərdi uçotu sisteminə keçid real yığıma əsaslanmaqla baş verib. Lakin məsələyə birbaşa belə yanaşma öz mənfi təsirlərini (xüsusilə əvvəlki sistemlə əhatə olunan insanların sosial müdafiəsində, yığım vəsaitlərinin maliyyə bazarlarında qorunmasında və s.) də ortaya qoyub. Odur ki, bu sahədə problemlər nəzərə alınmaqla, eləcə də pensiya sistemində dövlətin sosial müdafiəedici rolunu qoruyub saxlamaq üçün bir sıra ölkələrdə, o cümlədən Şərqi Avropa ölkələrində daha təkmil hesab olunan 3 pilləli sistem tətbiq olunub. Bu sistemdə əmək pensiyaları 3 pillədən - baza, sığorta və yığım hissələrindən ibarət olmaqla hesablanır. Əmək pensiyalarının baza hissəsi birinci pillə olmaqla, əmək pensiyaçılarının sosial müdafiəsinin dövlət təminatıdır və bu hissə dövlət tərəfindən mütləq rəqəmlə təyin olunur. Sığorta hissəsi fərdi hesabda şərti olaraq uçota alınan və real pul kütləsi olmayan pensiya kapitalına əsasən hesablanır. Yığım hissəsi isə fərdi hesabda real olaraq toplanan pensiya kapitalına görə təyin olunur. Azərbaycan Respublikasında 2006-cı ildən qüvvədə olan "Əmək pensiyaları haqqında" qanunla üç pilləli pensiya sistemi qəbul olunmuşdur ki, bu da ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş əhalinin sosial müdafiəsinin dövlət siyasətində daim ön plana çəkilməsi prinsipinin əyani təzahürüdür.
Ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə dəyişdirilməsi, yəni baza hissəsinin istehlak qiymətləri indeksinin illik səviyyəsindən az olmamaqla bütün pensiyaçılar üzrə bərabər məbləğdə artırılması, sığorta hissəsinin isə indeksləşdirilməsi mövcud maliyyə imkanlarının əmək pensiyaçıları arasında ədalətli bölgüsünə imkan vermişdir. Beləliklə, ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanmışdır. Nəticədə, yeni sistem fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının minimum məbləği 3 dəfə, orta aylıq məbləği isə 3,4 dəfə artmışdır.
Bu modelin uğurlu tətbiqi, eləcə də Azərbaycan Respublikası Prezidenti tərəfindən sığorta-pensiya sistemində maliyyə dayanıqlığının qorunmasını və islahatların davam etdirilməsinin diqqət mərkəzində saxlanılması dünyada davam edən maliyyə böhranı şəraitində belə ölkəmizdə pensiya proqramlarının vaxtında və tam icra edilməsinin başlıca təminatçısı olmuşdur.
Sığorta-pensiya
sisteminin Azərbaycan modelinin digər mühüm bir cəhəti
onun əhatəliliyidir.
Yeni sığorta-pensiya
sisteminə keçidin xarakterik xüsusiyyətlərindən
biri əvvəlki sistemlə pensiya alan
insanların da bu sistemlə əhatə olunması, onların
hüquqlarının qorunmasında sosial ədalətin gözlənilməsi
və heç bir məhdudiyyət qoyulmadan yeni şəraitə
inteqrasiyasıdır. Belə ki, Azərbaycan Respublikası
Prezidentinin 7 mart 2006-cı il tarixli 377 nömrəli fərmanına
uyğun olaraq, əvvəlki pensiya sistemi ilə əhatə
olunmuş şəxslərin pensiya təminatı yeni normalara
uyğunlaşdırılmış və onların yeni
sistemin iştirakçısına çevrilməsi, o
cümlədən pensiyaların artımı və indeksləşdirilməsinin
yeni qaydaları ilə əhatə olunmaları təmin
edilmiş, onlara pensiyaya çıxdıqdan sonrakı əmək
fəaliyyətlərinin nəticələrinə görə
pensiya kapitalını artımaq imkanları da verilmişdir.
Bununla yanaşı, 100 min nəfərdən çox işləyən
pensiyaçıya yaşa görə əmək
pensiyasının 50 faizi həcmində ödənilməsi
kimi mənfi praktika aradan qaldırılmış və onlar
öz pensiyalarını tam məbləğdə almağa
başlamışlar.
2007-ci il yanvarın 1-dən
hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin
məcburi dövlət sosial sığortasına cəlb edilməsi
və fərdi uçotla əhatə olunmasına, həmin
şəxslərin və dövlət
qulluqçularının əmək pensiyaları ilə təminatına
keçilmişdir. Bu tədbirlər nəticəsində hərbi
qulluqçular, xüsusi rütbəli şəxslər və
dövlət qulluqçularının yeni
sığorta-pensiya sisteminin üstünlüklərindən
(Fondun hesabına plastik kartlarla ödənilməsi, natamam hərbi
xidmət müddətinin pensiya məbləğlərinə
təsirinin təmin olunması, hərbi qulluqçular və
dövlət qulluqçularının gələcəkdə
sığorta-pensiya sistemində yığım komponentinin tətbiqində
iştirakı və s.) istifadə etmələrinə imkan
yaradılmışdır. Qeyd olunmalıdır ki, vaxtilə
təcrübəsini öyrəndiyimiz Polşa Sosial
Sığorta Təşkilatı hazırda hərbi
qulluqçular və xüsusi rütbəli şəxslərin
məcburi dövlət sosial sığortasına cəlb edilməsi
və fərdi uçotla əhatə olunması sahəsində
Azərbaycan təcrübəsinə ciddi maraq göstərir.
İşləyənlərə
pensiya və sosial sığorta müavinətlərinin verilməsi
də yeni qaydalarla əhatə olunmuşdur. Həyata
keçirilən islahat tədbirlərinə uyğun olaraq,
2006-cı il 1 yanvarından etibarən məcburi dövlət
sosial sığorta haqları hesabına müəssisə və
təşkilatlar tərəfindən aparılan sosial ödəmələrin
idarə olunmasının Dövlət Sosial Müdafiə
Fonduna verilməsi nəticəsində işləyənlər
üzrə pensiya və müavinətlərin ödənişinin
iş yerlərindən aparılması səbəbindən
yaranan problemlər, o cümlədən sosial ödənişlər
üzrə borc yaranması halları aradan
qaldırılmış, bu ödəmələrin yeni əsaslarla
təşkili və plastik kartlarla həyata keçirilməsi
təmin edilmişdir.
Xaricdə
çalışan azərbaycanlıların gələcək
sosial müdafiəsi yeni sistemin tətbiqində həllinə
çalışılan məsələlərdən biridir.
Azərbaycanda bu problemin həlli yolu ilk növbədə
ölkəmizdə əcnəbilərin fərdi uçot
sistemi ilə əhatə olunması, sonra isə ikitərəfli
müqavilələrlə qarşılıqlı pensiya təminatı
proseslərinə qoşulmaqdan keçir. Ölkəmizdə
belə sistem artıq fəaliyyətə başlayıb.
2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən
əmək ödənişi və məcburi dövlət
sosial sığorta haqqına cəlb olunan digər gəlirləri
əldə edən əcnəbilər məcburi dövlət
sosial sığortası ilə əhatə olunurlar.
Hazıradək 8 min nəfərdən çox əcnəbi vətəndaş
fərdi uçot sistemində qeydiyyatdadır və bu proses
davam etdirilir. Dövlət Sosial Müdafiə Fondunun
qarşıdakı dövrdə başlıca vəzifəsi
qeyd olunan sahədə ikitərəfli müqavilələrin
bağlanmasıdır.
Vahid sığorta-pensiya
sisteminin kifayət qədər əhatəliliyinin təmin
edilməsi hesabına, hazırda, Fondun mərkəzi məlumat
bazasında ölkə əhalisinin üçdə biri, yəni
1 milyon 302 min nəfər pensiyaçı və 1 milyon 640 min
nəfər sığortaolunan barədə müvafiq məlumatlar
toplanmışdır.
Hazırkı mərhələdə
sığorta-pensiya sisteminin özü-özünü tənzimləyən
və müstəqil gələcək inkişafına nail
olunması, bu konteksdə əsas məqsəd və vəzifələrin,
həyata keçiriləcək tədbirlərin müəyyənləşdirilməsi
mühüm əhəmiyyət kəsb edir. Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin 30 dekabr
2008-ci il tarixli sərəncamla təsdiq etdiyi "2009-2015-ci
illərdə Azərbaycan Respublikasında
sığorta-pensiya sisteminin inkişafına dair Dövlət
Proqramı" qeyd olunan vəzifələrin kompleks həllinə
yönəlmişdir və ölkəmizdə
sığorta-pensiya sistemində həyata keçirilən
islahatların növbəti mərhələsini müəyyənləşdirir.
Proqramla müəyyən edilmiş tədbirlərin həyata
keçirilməsində sığorta-pensiya sisteminin maliyyə
dayanıqlığına nail olunması, sosial sığorta
prinsiplərinin daha da gücləndirilməsi, bu zəmində
vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi
xüsusi diqqət mərkəzində saxlanılmaqdadır.
Azərbaycanın
sığorta-pensiya modelinin uğurlu nəticələri
ümummilli lider Heydər Əliyevin sosial müdafiənin
yenidən qurulması strategiyasının və onun icrası
sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin həyata keçirdiyi islahatların nə
qədər düzgün və alternativsiz olduğunu təsdiqləyir.
Bu gün hər bir azərbaycanlı
Heydər Əliyevin ən böyük sənət əsəri
olan müstəqil, inkişaf etməkdə olan Azərbaycanın
vətəndaşı olmaqdan qürur duyur, böyük
öndərə sayğı və məhəbbətini onun
ideyaları ətrafında daha da sıx birləşməkdə
görür. Qürur hissi ilə söyləyə bilərik
ki, xalqımızın ümummilli liderinin "Azad, sərbəst
demokratik ölkə kimi Azərbaycan inkişaf edəcək və
Avropa ilə Asiyanın qovuşduğu bir yerdə öz tarixi
xidmətlərini göstərəcəkdir" arzusu möhtərəm
Prezident İlham Əliyevin səyi nəticəsində tam
reallığa çevrilməkdədir.
Səlim MÜSLÜMOV,
Dövlət Sosial Müdafiə Fondunun sədri,
iqtisad elmləri doktoru
Azərbaycan.- 2010.- 12 iyun- S.
4.