İnsan hüquq və
azadlıqlarına yüksək sadiqlik
nümunəsi
Əsrlərin sınağından çıxmış təcrübə göstərir ki, yüksək dövlətçilik və idarəçilik təfəkkürünə malik lideri olmayan xalqlar nəinki müstəqil dövlət yarada bilməmiş, hətta dünya səhnəsindən tamamilə silinmək təhlükəsi ilə üzləşmişlər. Bu mənada, liderin siyasi iradəsindən çox şey, ən başlıcası isə onun təmsil etdiyi ölkənin taleyi asılıdır. Belə fenomen şəxsiyyətlərin ətrafında birləşən xalqlar tarixən mürəkkəb siyasi reallıqları düzgün dəyərləndirərək lazımi məqamda doğru seçim etməyi, qətiyyət göstərməyi bacarmış, çətin sınaqlardan, mürəkkəb vəziyyətlərdən üzüağ çıxmış, gələcəyə doğru inamla irəliləmiş, özünütəsdiq imkanı qazanmışlar.
Belə taleyüklü məqamlarda bu reallıq da tam təsdiqini tapmışdır ki, əsl siyasi lider daim öz cəsarəti, çevik və prinsipial qərarları, ən çətin situasiyalardan optimal çıxış yolu tapmaq məharəti ilə seçilən parlaq şəxsiyyətdir. Siyasi liderlik isə fərdi keyfiyyətləri ilə seçilən belə şəxsiyyətlərin tükənməz optimizmə, yüksək xarizmaya, fitri idarəçilik keyfiyyətlərinə əsaslanır, kütlələri konkret ideya, məram və məqsədlər ətrafında səfərbər edib inandırmaq, öz ətrafında toplamaq, arxasınca aparmaq bacarığında ifadə olunur. Yaşadığı zaman və məkanın xarakterindən asılı olmayaraq, qərinələr boyu əxz etdiyi milli-mənəvi dəyərlərini, mental xüsusiyyətlərini qoruyub saxlayan Azərbaycan xalqı da gələcək taleyini hər zaman inandığı, etimad bəslədiyi siyasi rəhbərə etibar etməklə nicat yoluna çıxmışdır.
Azərbaycanlıların əsrlər boyu cilalanaraq formalaşan güclü, qətiyyətli, xarizmatik lider idealı isə məhz ümummilli lider Heydər Əliyevin şəxsiyyətində həqiqətə çevrilir. Bu gün obyektivlik hissini itirməyən bütün tarixçilər birmənalı etiraf edirlər ki, Azərbaycan xalqının tarixən formalaşmış ənənələri əsasında milli dövlətçilik modelinin yaradılması, qorunub saxlanılması və möhkəmləndirilməsi XX əsrin sonlarına doğru - ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövründə gerçəkləşmişdir.
Böyük siyasi lider, ilk növbədə, öz cəsarəti, çevik və rasional qərarları, ən çətin vəziyyətlərdən optimal çıxış yolu tapmaq məharəti ilə seçilən parlaq şəxsiyyətdir. Bu baxımdan ümummilli lider Heydər Əliyevin hakimiyyətinin ikinci mərhələsi nə qədər təlatümlü, ziddiyyətli, ictimai-siyasi gərginliklərlə səciyyələnən dövrə təsadüf etsə belə, ona xas uzaqgörənlik və siyasi müdriklik, qətiyyətlilik, yenilməzlik ölkəni sürətlə fəlakətə aparan təhlükəli proseslərin qarşısını almış, xalqın müstəqilliyə və firavan gələcəyə inamını qaytarmışdır. 1993-cü ildə Azərbaycanda məlum səbəblərdən yaranmış vətəndaş müharibəsi təhlükəsinin, hakimiyyət böhranı və xaosun tez bir zamanda aradan qaldırılması Heydər Əliyevin ən ekstremal şəraitlərdə düzgün qərarlar qəbul etmək məharətinə malik rəhbər olduğunu bir daha təsdiqləmişdir.
Mürəkkəb bir dövrdə hakimiyyətə gələn ulu öndər müdrik siyasi addımları ilə ilk gündən sübuta yetirdi ki, demokratiya heç də özbaşınalıq və hərc-mərclik deyil, qanunların aliliyinə söykənən idarəetmə forması və siyasi mədəniyyətdir. Onun müəyyən qanunauyğunluqlarından kənara çıxdıqda demokratiya insanların, dövlətin inkişafına deyil, demokratik idealların, prinsiplərin buxovlanmasına, kütləvi anarxiyaya, xaosa, hakimiyyət böhranına gətirib çıxarır.
Xilaskarlıq missiyası ilə xalqı böyük fəlakətlərdən qurtarmış ümummilli lider Heydər Əliyevin böyük müdrikliklə yaratdığı milli dövlətçilik modeli spesifikliyi və unikallığı ilə fərqlənməklə xalqın gələcək yaşam fəlsəfəsini, milli inkişaf prioritetlərini müəyyənləşdirmiş, demokratik dəyərləri özündə maksimum dərəcədə ehtiva etmişdir. Azərbaycanın prioritet inkişaf yoluna çevrilmiş milli iqtisadi modelini özünəməxsus uzaqgörənliklə yaradan ümummilli lider bu spesifik modelin yalnız demokratik tərəqqiyə əsaslanan möhkəm ictimai-siyasi sabitlik şəraitində davamlı nəticələr verə biləcəyini diqqətə çəkmişdir.
Azərbaycanda demokratikləşmə və modernləşmənin ilkin mərhələsi üçün xarakterik xüsusiyyətlərdən biri də dünya təsərrüfat sisteminə və ümumilikdə Avratlantik məkana sürətli inteqrasiyanın təmin edilməsi olmuşdur. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə Qərb şirkətlərinin Xəzər hövzəsində külli miqdarda investisiya yatırması Azərbaycana ən müasir innovasiya və informasiya texnologiyalarını gətirməklə yanaşı, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, habelə Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq xəttinin güclənməsinə ciddi təkan vermişdir. Avropa Şurası, ATƏT, Avropa Birliyi kimi mühüm demokratik təşkilatlarla əməkdaşlıq təkcə siyasi-hüquqi deyil, ictimai həyatın digər sahələrində də kardinal dəyişikliklərə yol açmış, respublikamıza xarici sərmayə qoyuluşlarının həcmi artmış, iqtisadi modernləşmə və siyasi liberallaşma üçün əlverişli zəmin formalaşmışdır.
Şübhəsiz, hüquqi, demokratik, dünyəvi dövlət məhz demokratik qanunlar əsasında yaradılır. Dünyanın bütün demokratik ölkələrində dövlətin hüquqi təməlini Konstitusiya təşkil edir, digər qanunlar məhz onun əsasında hazırlanaraq qəbul edilir. 1995-ci il noyabrın 12-də ulu öndərin təşəbbüsü əsasında Azərbaycan Respublikası Konstitusiyasının referendumla qəbul edilməsi ilə respublikamız hüquqi və demokratik dövlət quruculuğu yolunda inamla addımladığını bir daha dünyaya nümayiş etdirmişdir. Bu mərhələdən hüquqa və ədalətə söykənən mülki cəmiyyətin formalaşdırılması üçün, ilk növbədə, milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması prosesi davam etdirilmişdir. Ardıcıl surətdə həyata keçirilən köklü iqtisadi, sosial və hüquqi islahatların qayəsində məhz insana qayğı, insan ləyaqətinə, şəxsiyyətinə hörmət prinsipi dayanmışdır.
Konstitusiyanın qəbulundan sonra Azərbaycanda hüquqi islahatların keyfiyyətcə yeni mərhələsi başlanmış, dövrün tələblərinə cavab verən bir sıra yeni qanunvericilik aktları hazırlanaraq qəbul edilmişdir. 1996-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Azərbaycanın yalnız 2000-2003-cü illərdə ratifikasiya etdiyi "İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzaların qarşısının alınması haqqında", "İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında", "Ekstradisiya haqqında", "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında", "Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında" konvensiyalar praktik əhəmiyyəti ilə diqqəti çəkir.
Hazırda müxtəlif idarəetmə forması və hüquq sistemi olan 100-dən artıq dövlətdə təşəkkül tapmış İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) təsisatının yaradılması da Azərbaycanda ardıcıl şəkildə aparılan demokratik və hüquqi islahatların məntiqi davamı olmuşdur. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə 18 iyun tarixli sərəncamı ilə təsdiq olunmuş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" ölkəmizdə ilk dəfə olaraq İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) İnstitutunun təsis edilməsini gündəmə gətirmişdir. Bununla bağlı dövlət, ictimai və beynəlxalq təsisatlarla sıx əməkdaşlıq şəraitində iş aparılmış, mövcud xarici təcrübə təhlil edilərək konkret strategiya müəyyən olunmuş və nəticədə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" 28 dekabr 2001-ci il tarixli Konstitusiya Qanunu qəbul edilmişdir.
İctimai münasibətlər sisteminin qanunamüvafiq qaydada tənzimlənməsində, insan və vətəndaş hüquq və azadlıqlarının təminatında mühüm rol oynayan məhkəmə hakimiyyətində kompleks islahatların həyata keçirilməsi də ulu öndər Heydər Əliyevin daim xüsusi diqqət mərkəzində olmuşdur. 1995-ci ildən ardıcıl surətdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının başlıca məqsədi Azərbaycanda qanunun aliliyinin təmin edilməsi, məhkəmə hakimiyyətinin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, cinayət və mülki mühakimədə demokratik prinsiplərin qorunması, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər məsələlərin konseptual həlli olmuşdur.
Siyasətdə və dövlət idarəçiliyində mütərəqqi ənənələrin, irs-varislik əlaqələrinin qorunub saxlanılması hər bir xalqın sabit və davamlı inkişafı baxımından vacib əhəmiyyət daşıyır. İrs-varislik əlaqəsi Azərbaycan xalqının milli düşüncə sistemində də möhkəm intişar tapmış, xalqımız tarix boyu inandığı, etibar etdiyi siyasəti ürəkdən dəstəkləyərək təminatlı gələcəyinə doğru inamla addımlamaq ehtiyacı duymuşdur. Ümummilli lider Heydər Əliyev bu mənada həm də böyük müdrikliklə müəyyənləşdirdiyi milli inkişaf kursunu özündən sonra inamla davam etdirə biləcək layiqli siyasi varis yetişdirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələrdə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu hələ prezident seçilməmişdən xeyli əvvəl ulu öndərin müəllifi olduğu yeni neft strategiyasının həyata keçirilməsinə, Milli Məclisin deputatı və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri kimi beynəlxalq təşkilatlarla münasibətlərinin inkişafına, Azərbaycan idmanının yüksəlişinə verdiyi töhfələrlə sübuta yetirmişdir. Dövlətə rəhbərlik fəaliyyətinin ötən 7 ili isə cənab İlham Əliyevin Azərbaycan xalqına, dövlətinə qazandırdığı daha böyük uğurlarla əlamətdar olmuşdur.
Səmərəli nəticələrə yol açan iqtisadi islahatlar kursunu uğurla davam etdirərək dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən dövlət başçısı cənab İlham Əliyev hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində verdiyi bütün vədləri böyük səylə, ardıcıl və sistemli surətdə yerinə yetirmişdir. Dövlət başçısı qısa dövr ərzində imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olmuşdur.
Dövlət başçısı praqmatik və rasional addımları ilə Azərbaycanda demokratik proseslərə də yeni nəfəs vermiş, respublikanın iqtisadi resurslarının siyasi və hüquqi islahatların dərinləşdirilməsi yönümündə səfərbər etmişdir. 2003-2010-cu illərdə respublikada elmi əsaslara söykənməklə həyata keçirilən siyasət sabit iqtisadi və siyasi sistemin yaradılması, sosial vəzifələrin həlli, əhalinin sosial rifah halının, alıcılıq qabiliyyətinin yüksəldilməsinə, cəmiyyətdə ictimai konsensusun əldə edilməsinə yönəlmişdir. Qazanılan uğurlar Azərbaycanın davamlı və sonu görünməyən demokratiya magistralında uğurla irəliləməsinə, dünya miqyasında nüfuzunun yüksəlməsinə, özünüifadəsinə geniş imkanlar yaratmışdır.
Respublikamız demokratiyanın universal prinsiplərindən uzaqlaşmamaq şərtilə özünün milli-tarixi adət-ənənələrini, siyasi-mədəni köklərini, milli-mənəvi dəyərlərini ehtiva edən demokratiya modeli formalaşdırmağa çalışır. Tranzit mərhələsini uğurla başa vuran Azərbaycan üçün demokratikləşmə tendensiyasının əsas hədəfi totalitar siyasi sistemin - bütün institutları, strukturları və münasibətləri ilə birlikdə tamamilə yeni siyasi sistemə transformasiyasından ibarətdir. Azərbaycan Prezidenti İlham Əliyev məhz bu prinsiplərə söykənməklə ulu öndərin möhkəm təməl üzərində əsasını qoyduğu məhkəmə-hüquq islahatlarını da yeni dövrün tələbləri səviyyəsində davam etdirir. Dövlət başçısı ötən dövrdə respublikada qanunun aliliyinin təmin olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını özünün başlıca fəaliyyət prinsiplərindən biri elan etmiş, bu ali məqsədlərin gerçəkləşdirilməsinə yönəlmiş çoxşaxəli tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamışdır.
Hər bir dövlətdə ictimai münasibətlər sisteminin qanunamüvafiq surətdə tənzimlənməsinin ən fundamental şərti məhkəmələrin müstəqilliyinin təmin edilməsidir və dövlət başçısının həyata keçirdiyi islahatların əsasında da məhz bu amil dayanır. Beynəlxalq təcrübədən çıxış edən cənab İlham Əliyev məhkəmələrin insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, ədalət mühakiməsinin qanunamüvafiq şəkildə həyata keçirildiyi ali instansiyaya çevrilməsinə və cəmiyyətdə yüksək etimad qazanmasına çalışır. Demokratik dəyərlərin cəmiyyət həyatında getdikcə daha möhkəm əsaslarla intişar tapdığı, həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticələr verdiyi, siyasi sistemin, vətəndaş cəmiyyəti təsisatlarının möhkəmləndiyi, beynəlxalq təşkilatlarla əməkdaşlığın yeni müstəvidə davam etdirildiyi bir şəraitdə məhkəmələrin fəaliyyətindəki çatışmazlıqlarla bağlı ictimai narazılıqların tamamilə aradan qaldırılması Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca vəzifələrdən biridir.
Azərbaycan Prezidenti İlham Əliyevin 7 ilə yaxın fəaliyyətinin təhlilinə nəzərən əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi ictimai zərurət olmaqla Azərbaycanın dövlət müstəqilliyinə əbədi təminatdır. Dövlət başçısı bu siyasi kursun diktə etdiyi bütün sosial-siyasi reallıqları nəzərə alır, hər addımda milli maraq və mənafeləri uca tutur, vətəndaşların arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır.
Elşad ABDULLAYEV,
hüquq elmləri doktoru,
professor
Azərbaycan.- 2010.- 12 iyun- S.
5.