Qayıdışdan Qurtuluşa aparan yol Azərbaycan xalqının və onun dövlətçiliyinin nicat yoluna çevrildi

 

17 il... Bizi ən yeni tariximizin kandarında yaxalayıb çətin sınaqlara çəkən hadisələrdən ayıran zaman məsafəsi. Həqiqi müstəqilliyimizin, xilas və nicatımızın təvəllüd və ömür yolu.

 

El arasında "bir igidin ömrü" də deyirlər bu vaxt axarına. Bəli, bu, həqiqi müstəqilliyinə məhz 1993-cü ildə qovuşmuş gənc bir dövlətin keşməkeşli və şərəfli ömür tarixidir.

Bu gün həmin ilin iyun hadisələrinə ən müxtəlif baxış bucaqlarından qiymət vermək mümkündür; tarixçi-filosof kimi, siyasətçi və ictimai xadim kimi, hüquqşünas və vətəndaş kimi.

Heç şübhəsiz, ölkəni xaos, dərəbəylik və böhranın ağuşuna atmış hadisələrdə siyasi qüvvələrin, mövcud iqtidarın hüquqi məsuliyyət məsələsi də vardı. Zaman hər şeyi çalxalayıb öz yerinə qoydu. Qanun sərt, lakin ədalətli sözünü dedi.

Həmin dövrün səciyyəsi barədə çox danışmaq olar. Çünki hadisələrə yoldaşlıq etmiş nisbətən qısa zaman kəsiyi həm siyasi, həm də coğrafi-siyasi mündərəcəsinə görə çox zəngin idi. Elə hadisələr var ki, onları yaşamasan, onun ovqatını, ruhunu çatdıra, məsuliyyət dərəcəsini dərk edə bilməzsən. Həmin anın fövqündə dura biləcək zaman məsafəsini qət etdikdən, təfərrüatları ayıraraq əhəmiyyətinə, mahiyyətinə görə analitik təhlil süzgəcindən keçirdikdən sonra onun həqiqi qiymətini verməyə çalışırsan. Elə buna görə də Azərbaycanın taleyində həm ictimai mahiyyətinə, həm də tarixi əhəmiyyətinə görə müstəsna rol oynamış məsələlərlə bağlı daha çox bir vətəndaş kimi fikir bildirmək ehtiyacı hiss edirəm.

1993-cü ilin məşum iyun hadisələri Azərbaycan tarixində keyfiyyət və xarakterinə görə yeni bir mərhələnin başlanğıcını qoydu. Yeni dövrün məziyyətlərini ictimai münasibətlərin tam fərqli - yeni tip dəyərləndirmə sistemlərinin hökmran olduğu müstəviyə adlaması təyin edirdi. Onun xarakterini isə demokratik, hüquqi və bəşəri inkişaf yolu seçmiş dövlətlərlə inteqrasiya və işbirliyinə yönəlmiş konkret fəaliyyət səciyyələndirdi.

1993-cü ilin iyununda dövlətin içində olduğu sistemli böhran özünün zirvəsinə, son mərhələsinə yetişmişdi. Sonralar - ictimai şiddət səngiyəndə çoxları belə bir ehtimal irəli sürməyə cəhd edirdi ki, əgər AXC - Müsavat cütlüyünün ovaxtkı faciəvi səhvi olmasa idi, həmin hakimiyyət sonadək davam edəcəkdi. Nə qədər yanlış və bəsit bir düşüncə tərzidir. Əslində, həmin proses çoxdan başlanmışdı. Hələ ötən əsrin 80-ci illərinin sonlarından hakimiyyəti təmsil edən şəxslər Azərbaycanda ictimai-siyasi vəziyyəti mürəkkəbləşdirərək kritik həddə çatdırmışdılar. Və adıgedən konkret dövrdə artıq Surət Hüseynov məsələsi ciddi faktor deyildi. O bu silsilədə adi, ağzınacan dolmuş səbr kasasını daşdıran sonuncu damla idi. AXC hakimiyyətinin özünün yaratmış olduğu və çözə bilmədiyi problemə çevrilən Surət Hüseynov olmasa idi də, davam etməkdə olan xaos və hərc-mərcliyə nöqtə qoyacaq kritik məqam yetişəcəkdi. Çünki artıq hadisələr səbəb və nəticə asılılığından çıxıb labüdlük müstəvisinə adlamışdı. Yəni, bu məsələ yalnız ovaxtkı iqtidarın bir səhvi nəticəsində deyil, məhz ictimai sistemin özünün iflas həddinə yetişməsi ilə gündəliyi zəbt etmişdi. Operativ cərrahi müdaxilə tələb olunurdu. Qurtuluşun əsas ictimai əhəmiyyəti ondan ibarətdir ki, o, xalqın, ölkənin canını həmin səriştəsizlərin pəncəsindən xilas etdi.

1993-cü ilin yaratdığı ən qorxulu fəsadlardan biriortaya milli separatçılıq, etnik bölücülük kimi oyunların atılması oldu. Bu, tamaşanın ikincidaha faciəvi hissəsi idi. Onun ssenarisinin də hansı qüvvələrin "yaradıcılığının bəhrəsi" olduğu heç kimdə şübhə doğurmurdu.

Həmin günlərdə yarıtmaz fəaliyyətlərinin girovuna çevrilmiş iqtidar mənsubları Heydər Əliyevə müraciət edərək onu təkidlə Naxçıvandan Bakıya çağırır, bir ağsaqqal kimi araya girib "qanlıları" barışdırmasını xahiş edirdilər. İqtidarda olduqları bir il ərzində xalqa səriştəsiz hakimiyyətlərinin acı meyvələrini dadızdıran, vəd etdikləri rifah və əmin-amanlıq əvəzinə çörək imtahanı, vətəndaş müharibəsinin faciə və iztirablarını yaşadan bu adamlar daha milli-azadlıq hərəkatının kütləvi eyforiya atəşfəşanlığı yaratdığı dövrdə olduğu kimi, kütləni inandıra və arxalarınca apara bilmirdilər.

Ən böyük zərbələrin hədəfində də xalq, onun rifahı, həyatı, mənafe və azadlığı durduğu üçün hadisələrə daha ayıq, çevik və ağıllı reaksiya verməli idi. Bəli, həmin dar macalda, mürəkkəb hərbi-siyasi situasiyada Azərbaycana Heydər Əliyev lazım idi. Heç kim təsəvvürünə belə gətirə bilməzdi ki, bir ildən sonra Azərbaycanın iqtisadi tərəqqi, təhlükəsizlik və geosiyasi varlığının qarantı olacaq əsrin neft müqaviləsi imzalanacaq. Daha sonra Azərbaycanın adı Qərbin ən nüfuzlu kürsülərindən səslənəcək. Ölkə bütövlükdə Cənubi Qafqaz bölgəsinin aparıcı dövlətinə çevriləcək.

Bəli, Heydər Əliyev qayıtmalı idi. Bu, Qayıdış tarixi zərurət və qaçılmaz labüdlük idi. Bunu xalqın mənafeyi, ayaqlar altında od tutub alışan torpaqlarımızın harayı və özünün yüksək vətənpərvərlik duyğuları ilə aşılanmış vətəndaş hissləri tələb edirdi.

Hakimiyyətdəkilərdən məkr və xəyanətdən savayı heç nə görməmiş Heydər Əliyev, əslində, Bakıya dönmək istəmirdi. Ancaq Azərbaycan, Azərbaycan xalqı, dövlətçilik, müstəqilliyimiz təhlükə altında idi. Heydər Əliyev canından artıq sevdiyi vətəninin özbaşınalıq və anarxiyanın simasında qarı düşmənlə təkbətək qaldığını görüb qəti qərarını elan etdi - Bakıya dönməliyəm! Xalqın təkidli xahişlərini nəzərə alan ulu öndər 1993-cü il iyunun 9-u indi böyük qürurla onun adını daşıyan Binə hava limanında ayağını Bakı torpağına basdı.

Qeyd etdiyimiz kimi, Heydər Əliyevin qayıdışı tarixi zərurətlə şərtlənirdi. Hansı siyasi mövqeni bölüşməsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı onun şəriksiz lider, hakimiyyət ustası, xilaskar rolunu qeyd-şərtsiz qəbul edirdi. Bu dönüş tarixin sosial sifarişi, xalqın istəyi ilə hasil oldu. O dalana dirənmiş situasiyanın - Nə etməli? - sualına - Yalnız belə! - qətiyyəti ilə cavab verdi. Nadir şəxsiyyətlərdən sayılan Heydər Əliyevin həmin taleyüklü məqamda Azərbaycanın qurtuluş və səadəti naminə gördüyü işləri idarəetmə səriştəsi və rəhbərlik bacarığının zirvəsi hesab etmək olar.

Həmişə elm və incəsənət xadimləri, ziyalılarla ünsiyyətə xüsusi önəm verən Heydər Əliyev elə ilk günlərdən birində Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında ölkənin elm xadimləri, tanınmış ziyalıları ilə görüşdü. Üzünü Azərbaycan dövlətçiliyini dağıtmaq istəyənlərə tutan Heydər Əliyev deyirdi: "Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm".

Həmin günlərdə zamanın əqrəbləri inadinamla irəliyə, iyunun 15-nə - Qurtuluş gününə sarı gedirdi. Siyasi süqutunun son günlərini yaşamaqda olan AXC-Müsavat iqtidarının Heydər Əliyevin Gəncə səfərindən yararlanmaq cəhdləri də puça çıxdı. Bu səfəri ilə həyatını böyük təhlükə altına atan Heydər Əliyev ədalətli münsif kimi çıxış edərək qiyamla bağlı iqtidarın ondan gözlədiyi bəyanatı vermədi. "Cinayətimiz məğlubiyyətimizdir" deyənlərlə əməkdaşlığa gedərək xalqı ağır vəziyyətdə olan dövlətçiliyin müdafiəsinə səsləmək onu növbəti dəfə aldatmaq demək olardı. İyunun 15-də Milli Məclis öz işinə sədrsiz başladı. Həmin gün Heydər Əliyev parlamentin Sədri seçilməli idi. Bu dəfə də hər vasitə ilə səsvermə prosesinə badalaq vurmaq istəyənlər oldu. Amma tarixin oxundan çıxmış təkərini qaytarmaq mümkün deyildi. Lakin tabloda közərən rəqəmlər Heydər Əliyevin Azərbaycan parlamentinin Sədri seçildiyini göstərdi.

Həmin gün Azərbaycan tarixinə QURTULUŞ günü kimi daxil oldu. Qurtuluşun müstəqil Azərbaycan dövləti, milli azərbaycançılıq ideologiyası və təfəkkürü, bütövlükdə sivil bəşəriyyətlə qovuşmaq yolunu seçmiş xalqımız üçün müstəsna tarixi, ictimai-siyasi, iqtisadi, sosiomədəni və beynəlxalq əhəmiyyəti vardı. Qurtuluş konkret məqamda nədənsə xilas olmağımızla məhdudlaşmayaraq sonrakı pozitiv işlərin də rəhninə çevrildi. Azərbaycanda qeyri-qanuni silahlı qüvvələrin hökmranlığına son qoyuldu. Ölkənin parçalanma təhlükəsi aradan götürüldü. Azərbaycanın Konstitusiyası qəbul olundu, parlament, prezident seçkiləri keçirildi. Bütün bunlar yalnız və yalnız ümummilli lider Heydər Əliyevin məharəti, uzaqgörənliyi, müdrikliyi sayəsində mümkün oldu. Azərbaycan böyük itki vermədən dövlət quruluşunu, müstəqilliyini, tarixi nailiyyətlərini qoruyub saxlaya bildi. Tənəzzülə yuvarlanan iqtisadiyyat dirçəldildi, ona yeni nəfəs, yeni impuls verildi. Ölkədə iqtisadi, hüquqi islahatlar həyata keçirilməyə başladı. Dünyəvi, demokratik tərəqqiyə meyilli, zəngin insan və təbii resursları olan bir ölkə imici formalaşdı.

Biz 1993-cü ildə dünənimizdən qurtulmaqla sabahımızı - bu günümüzü qazandıq. Düz deyiblər ki, insanı dünyada yaşadan əməlləridir. O insan xoşbəxtdir ki, arzu və istəkləri özündən sonra da layiqli varisləri tərəfindən həyata keçirilir. Hazırda respublikamızda mövcud olan daxili sabitlik, milli barışıq mühiti demokratik inkişafın, qanunçuluğahüquq qaydalarına, ədalət meyarlarına ciddi şəkildə riayət olunmasının, habelə sürətli iqtisadi tərəqqinin və uğurlu xarici siyasi kursun başlıca təminatlarından biri kimi çıxış edir. Bu nailiyyətlərin müəllifi və Azərbaycanı modernləşmə yolu ilə irəliləməyə təşviq edən lider Heydər Əliyevin siyasi dövlətçilik irsinin layiqli davamçısı Prezident İlham Əliyevdir.

Cənab İlham Əliyev öz tükənməz enerjisi, zəhmət yanğısı, quruculuq fəlsəfəsi ilə hakimiyyətdə varisliyin yeni, daha bitkin, konkret, əyani və universal modelini ortaya qoydu. Bu model qarşıdakı illərdə Azərbaycanın aqrar, sənaye, sosial, mədəni, bir sözlə, bütün sferalarda kəskin keyfiyyət sıçrayışını nəzərdə tutduğu üçün xalqa daha yaxındır.

Dövlət başçısı ilk gündən bildirmişdir ki, demokratiksivil cəmiyyət quruculuğunun fundamental şərtlərindən biri də məhz zamanla səsləşən hüquq islahatlarının həyata keçirilməsi, ədalət mühakiməsini həyata keçirən məhkəmələrin müstəqilliyinin təmin edilməsi, qanunun aliliyinin bütün səviyyələrdə qorunmasıdır.

Demokratiyanın sonuson imkanları görünmədiyi kimi, insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə təminatı ilə bağlı islahatları da konkret çərçivə ilə məhdudlaşdırmaq, bu sahədə qazanılmış nailiyyətlərlə məhdudlaşmaq mümkün deyildir. Qanunların cəmiyyətin inkişaf ahənginə uyğunlaşdırılması, ictimai münasibətlərin tənzimlənməsində daha çevik, işlək hüquqi mexanizmlərin formalaşdırılması hər bir demokratik dövlətin qarşısında mühüm vəzifələrdən sayılır.

Qurtuluş böyük bir prosesdir. Onun əvvəli var, sonu yoxdur. Davam edir. Başlanğıcını möhtərəm Heydər Əliyev öz qayıdışı ilə qoydu. Davam etdirmək isə öndə Prezident İlham Əliyev olmaqla hamımızın vəzifəsidir.

Bu yaxınlarda bir rus jurnalistinin həmin illərdə ulu öndərimiz haqqında qələmə almış olduğu maraqlı bir məqalə ilə tanış oldum. Müəllif yazırdı ki, Heydər Əliyevin fəaliyyətinə indi obyektiv qiymət vermək çox çətindir. Ancaq vaxt gələcək ki, xalq Heydər Əliyevin həqiqi qiymətini verəcək böyük bir abidə ucaldacaqdır.

Ümummilli lider Heydər Əliyev nəinki 15 iyundan sonra, bütövlükdə 1969-cu ildən bəri gördüyü işlərlə özünə böyük möhtəşəm bir abidə ucaltmışdır. Həm tarixdə, həm insanların qəlbində əbədi yaşayacaq, müstəqil qüdrətli Azərbaycan adlı bir abidə.

 

 

Aqşin ZIYADOV,

baş ədliyyə müşaviri,

Nəsimi rayon prokuroru

 

Azərbaycan.- 2010.- 12  iyun- S.  5.