YAP-ın Seçki Məcəlləsinə təklif etdiyi dəyişikliklər seçki praktikasının təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə yaxınlaşdırılması niyyətindən irəli gəlir

 

Yeni Azərbaycan Partiyası Sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun "yap.org.az" internet saytına müsahibəsi

 

- Əli müəllim, Yeni Azərbaycan Partiyasının Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı irəli sürdüyü təkliflər hazırda gündəmin əsas mövzularından biridirbu istiqamətdə aparılan müzakirələr ictimaiyyət tərəfindən olduqca maraqla izlənilir. Ümumiyyətlə, seçki qanunvericiliyinə əlavə və dəyişikliklərin edilməsi hansı zərurətdən yaranıb?

- İlk olaraq qeyd etmək istərdim ki, Azərbaycanda bir neçə ildir ki, seçki praktikası və qanunvericiliyi təkmilləşdirilir. Burada məqsəd seçki praktikasını inkişaf etdirmək və dünya təcrübəsinə maksimum uyğunlaşdırmaqdır. Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputatların bir qrupu bu yaxınlarda parlamentin rəhbərliyinə Seçki Məcəlləsinin təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə yaxınlaşdırılması məqsədilə bəzi təkliflərini irəli sürübmüvafiq qanun layihəsi təqdim edilib. Qaldırılan təşəbbüsdə Seçki Məcəlləsinin tənzimlədiyi iki məsələ ilə əlaqədar təkliflər irəli sürülüb.

Birinci təklif seçki kampaniyası üçün ayrılan vaxt müddətinin 75 gündən 60 günə endirilməsi ilə əlaqədardır. Təklif olunan ikinci dəyişiklik isə seçki kampaniyasına qoşulan namizədlərə Mərkəzi Seçki Komissiyası tərəfindən verilən vəsaitlərin ləğv edilməsi ilə bağlıdır. Bir daha qeyd etmək istəyirəm ki, bu təkliflərin arxasında duran məqsəd və niyyət Azərbaycanda seçki praktikasını təkmilləşdirməkdir. Hesab edirik ki, Azərbaycanda seçki praktikası və seçki kampaniyasını həyata keçirən müvafiq seçki administrasiyası kifayət qədər böyük təcrübə toplayıb, səriştəsi əhəmiyyətli dərəcədə yüksəlibdir. Bu mənada MSK seçki kampaniyasını yüksək keyfiyyətlə və qanunvericilikdə nəzərdə tutulan bütün müddəaların nəzərə alınması şərtilə həyata keçirmək iqtidarına malikdir. Dünya praktikasının öyrənilməsi onu göstərir ki, seçki kampaniyasının müddətləri kifayət qədər ölçülüb biçilmiş və bütövlükdə seçki kampaniyasının səmərəli şəkildə həyata keçirilməsini təmin edən bir vaxt çərçivəsi müəyyənləşdirilib. Biz dünya praktikasını öyrənərkən belə bir reallıq ortaya çıxdı ki, Azərbaycandan həm ərazisi, həm də əhalisi çox olan ölkələrin özündə belə seçki kampaniyalarının keçirilməsi üçün ayrılan vaxt müddəti 60 gün çərçivəsindədir və ya daha azdır. Hesab etdik ki, seçkilərin keçirilməsi üçün 2 ay zaman müddətinin ayrılması heç bir halda onun demokratik mahiyyətinə xələl gətirmir və gətirə bilməz. 60 gün demokratiya prinsipləri də daxil olmaqla bütün seçki prinsip və normalarına tam riayət edilməsi üçün yetərlidir. Bu fikri beynəlxalq praktika təsdiq edir. Ona görə də Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən təkliflərin bəzi müxalifət partiyalarının guya Azərbaycanda seçkilərin demokratikliyinə qarşı çevrilmiş bir addım kimi dəyərləndirməsi hər cür arqumentdən uzaqdır. Belə yanaşma mahiyyətcə beynəlxalq təcrübəyə ziddir. Vaxt amilindən səmərəli istifadə istənilən prosesin üstünlüklərindən sayılır. Başqa bir misal da gətirilə bilər. Seçki praktikasının inkişafı və seçki orqanlarının peşəkarlığının artması Azərbaycanda səsvermənin nəticələrinin əvvəllərdəkindən fərqli olaraq çox qısa bir zamanda elan olunmasını mümkün edib. Müxalifət və beynəlxalq təşkilatlar da daxil olmaqla heç kim səsvermənin nəticələrinin az vaxt içərisində elan olunmasına qarşı çıxmır, onu qeyri-demokratik hal saymır. Heç bir prosedur pozuntularına yol vermədən və seçki imkanlarını məhdudlaşdırmadan, dünya praktikasına istinad edərək vaxt amilindən səmərəli istifadə etmək təklifinə qarşı çıxmaq, düşünürəm ki, səmərəsizdir.

Seçkilər Azərbaycanın ictimai-siyasi həyatının adi, mütəmadi keçirilən vacib hadisəsinə çevrilib. 2008-ci ildə prezident seçkisi keçirildi, 2009-cu ildə referendum və bələdiyyə seçkiləri oldu, 2010-cu ildə isə parlament seçkiləri baş tutacaq. Üç ildə dörd seçki kampaniyası keçir. Növbəti illərdə də belə olacaq. Deməli, elə ağlabatan zaman müddəti seçilməlidir ki, cəmiyyətin həyatı yalnız seçkilərdən ibarət olmasın. Seçki özü-özlüyündə nə qədər əhəmiyyətli olsa da, həyat yalnız seçkilərdən ibarət deyildir.

 

Digər tərəfdən, seçki orqanları təkmilləşdiyi və daha peşəkar olduğu kimi, seçkilərə qatılan partiyaların da təcrübəsi artıb. Onlar seçkiləri lazımi qaydada keçirmək üçün böyük səriştə toplayıb və vaxtdan səmərəli istifadə edə bilərlər.

Onu da nəzərə almaq lazımdır ki, hər bir siyasi təşkilat seçki kampaniyasında böyük insan potensialı ilə iştirak edir, vəsait xərcləyir. Partiyaların seçki prosesinə cəlb etdiyi on minlərlə fəalın vaxtından səmərəli istifadə edilməsi gündəlikdə duran vacib məsələdir. Çünki, dediyim kimi, bu insanlar çox tez-tez seçki prosesinə cəlb olunurlar. Bir çox hallarda onlar işlərindən ayrılırlar.

Nəhayət, partiyalar seçki kampaniyasını layiqincə keçirmək üçün vəsait xərcləməlidirlər. Vaxt nə qədər çoxdursa, o qədər də çox vəsait xərclənməsi tələb olunur.

Qeyd etmək istəyirəm ki, ağlabatan və məqsədəuyğun seçki müddəti təklifini irəli sürərkən məhz bu mülahizələrə istinad etmişik.

- Müxalifət partiyalarının iddialarından biribudur ki, seçki kampaniyasının müddətinin qısaldılmasında məqsəd guya onların seçki prosesində iştirakını məhdudlaşdırmaq məqsədi güdür...

- Bizim təkliflərimizin arxasında heç də Azərbaycanda seçki kampaniyasında iştirak etmək istəyən şəxslərin və siyasi partiyaların öz seçki kampaniyalarını lazımi səviyyədə aparmalarına mane olmaq məqsədi dayanmır. Əvvəla, bu təklifi irəli sürən Yeni Azərbaycan Partiyası da seçki kampaniyasında iştirak edir. Əgər irəli sürülən təkliflər bütövlükdə partiyaların seçki kampaniyasının səmərəli şəkildə aparılmasına mane olsaydı, partiyamız belə təklif irəli sürməzdi. Qeyd etmək istəyirəm ki, YAP Azərbaycanda keçirilən bütün seçkilərdə ən geniş şəkildə və uğurla iştirak edən yeganə partiyadır. Ən yeni misal kimi qeyd etmək istəyirəm ki, 2009-cu ilin dekabr ayında keçirilən bələdiyyə seçkilərində yüksək fəallıq göstərərək ən çox namizədlə seçki kampaniyasında iştirak edən yalnız YAP olub. Partiya şəklində də bələdiyyə seçkilərində iştirak edən yeganə siyasi təşkilat YAP-dır. Demək, seçki kampaniyasının ağlabatan müddətdə keçirilməsi ən çox YAP-ın maraqlarına uyğun gəlir. YAP tərəfindən irəli sürülən təkliflərin seçki kampaniyasının normal keçirilməsinə mane olmaq məqsədi güddüyünü iddia etmək qədər məntiqsizlik təsəvvür etmək mümkün deyil. Digər tərəfdən, belə bir təklifin arxasında müxalifət nümayəndələrinin öz seçiciləri ilə təmaslarının qarşısının alınması kimi bir niyyətin durduğunu düşünmək də gülüncdür. Sübuta ehtiyac yoxdur ki, siyasi partiyaların və istənilən siyasətçinin öz seçiciləri və ya digər insanlarla təmasları yalnız seçki kampaniyası dövrü ilə məhdudlaşmamalıdır. Bəlkə də müxalifət elə hesab edir ki, siyasi partiya öz mövcudluğunu yalnız seçki kampaniyası dövründə nümayiş etdirməlidir. Biz isə YAP olaraq tamamilə belə bir məntiqdən kənardayıq. Hesab edirik ki, siyasi təşkilat özünün vəzifələrini və məqsədlərini ictimaiyyətə çatdırmaq üçün istənilən zamanda insanlarla təmaslarını saxlamalıdır. Siyasi təşkilat yalnız bunun sayəsində cəmiyyətlə qarşılıqlı fəaliyyəti təmin edə bilər. Digər tərəfdən, müasir dövrdə partiyaların və namizədlərin seçicilərə ünvanlanan mesajlarının onlara çatdırılmasının üsul və vasitələri rəngarəngdir. Yeni texnologiyalar yaranıb və bütün dünyada, o cümlədən Azərbaycanda uğurla istifadə olunur. Digər bir reallıq da mütləq nəzərə alınmalıdır. Azərbaycanda artıq oturuşmuş partiya sistemi mövcuddur. Cəmiyyət fəaliyyəti az-çox görünən partiyaları tanıyır, onların ümumi baxışlarını, istək və niyyətlərini bilir. Seçki kampaniyası heçondan ötrü deyil ki, partiyalar özlərini cəmiyyətə təqdim etsinlər. Mən deyərdim ki, Azərbaycanda elektoral sistem formalaşıb. Seçicilərin çox əhəmiyyətli hissəsinin siyasi simpatiyaları müəyyəndir. Bu baxımdan siyasi təqdimata elə də ehtiyac yoxdur. Qaldı ayrı-ayrı partiya və namizədlərin konkret seçki proqramının və mesajlarının seçicilərə çatdırılmasına, təklif olunan 2 aylıq seçki kampaniyası dövrü və 23 günlük təşviqat müddəti, hesab edirəm ki, tamamilə kifayətdir. Beləliklə, bizim təkliflərimizin seçki kampaniyasının daha məzmunlu, dünya standartlarına uyğun olaraq keçirilməsini təmin etmək kimi xoş niyyət güddüyünə heç kim şübhə etməməlidir.

- Bəs digər təklifin - namizədlər üçün dövlət tərəfindən ayrılan vəsaitlərin verilməsinin dayandırılması ilə bağlı təklifin mahiyyəti nədir? Bunun üçün arqumentlər nədən ibarətdir?

- Bütün dünyada olduğu kimi, Azərbaycanda da seçki kampaniyasının maliyyələşdirilməsi dövlət tərəfindən həyata keçirilir. Azərbaycan dövləti seçki kampaniyasının bütün səviyyələrdə maliyyələşdirilməsi üçün lazım olan maliyyə xərclərini öz üzərinə götürüb. Digər tərəfdən, Azərbaycan azsaylı ölkələrdəndir ki, daimi fəaliyyət göstərən seçki komissiyaları yaradılıb. O ki qaldı, ayrı-ayrı siyasi partiyalara və namizədlərə seçkilərdə iştirak etmək üçün ayrılan pul vəsaitinin ləğv edilməsi təklifinə, bu normaldır. Azərbaycanın Seçki Məcəlləsində təsbit olunan bu norma keçirilən bütün seçki kampaniyalarında mütəmadi olaraq və kütləvi şəkildə pozulub. İndiyə qədər seçki kampaniyalarında iştirak edən siyasi partiyalar və namizədlər Mərkəzi Seçki Komissiyasından və digər seçki komissiyalarından aldıqları pulu qanunla müəyyənləşdirilmiş formada bu quruma qaytarmaq haqqında heç düşünməyiblər. Mövcud Seçki Məcəlləsinin tələbinə görə, seçkidə 3 faizdən az səs toplayan namizədlər və ya siyasi partiyalar MSK-dan aldığı vəsaiti geri qaytarmalıdırlar. Amma indiyə qədər ayrı-ayrı seçkilərdə iştirak edən namizədlərin böyük bir hissəsi 3 faizlik səs toplamadığı halda, MSK-dan aldığı pulu geriyə qaytarmayıb və bunun nəticəsində də Seçki Məcələsinin müvafiq müddəası ardıcıl olaraq pozulub. Belə çıxır ki, Azərbaycanın Seçki Məcəlləsində bütün seçki kampaniyalarında namizədlər tərəfindən kütləvi şəkildə pozulan bir maddə var ki, onun qarşısının alınması mexanizmləri mövcud deyil. Ən maraqlısı isə odur ki, bir dəfə seçki prosesində iştirak edərək 3 faizlik səs toplaya bilməyən və verilən vəsaiti MSK-ya geri qaytarmayan namizədlər növbəti seçkilərdə də həmin pul vəsaitini alıblar və yenə də lazımi səs toplamayıb, lakin pulu geri qaytarmayıblar. Beləliklə də, hesab edirəm ki, Seçki Məcəlləsinin daim pozulan belə bir müddəasının saxlanılmasına heç bir lüzum yoxdur. Digər tərəfdən, namizədlər üçün ayrılan bu pul vəsaitlərinin onların seçki kampaniyasının maliyyələşdirilməsində önəmli amil olduğunu iddia edənlərə bildirmək istəyirəm ki, 2005-ci ilin parlament seçkiləri zamanı namizədlər üçün ayrılmış vəsait 200 manat civarında idi. Bu pulla seçki kampaniyasının maliyyələşdirilməsi iddiası təbii ki, ciddi sayıla bilməz. Beləliklə, həm Seçki Məcəlləsinin müvafiq maddəsinin kampaniyada iştirak edən insanlar tərəfindən mütəmadi olaraq pozulması, digər tərəfdən, ayrılan pul vəsaitinin real olaraq seçki kampaniyasına hər hansı bir əhəmiyyətli təsir göstərmək imkanında olmamasını nəzərə alaraq, qərara gəldik ki, bu maddənin Seçki Məcəlləsində saxlanılmasının heç bir əhəmiyyəti yoxdur. Burada çox vacib üçüncü məqam da var. Təəssüflə bildirirəm ki, bu cür normanın olması seçki kampaniyasına bəzi hallarda qeyri-ciddi yanaşmalara rəvac verir, elə bu cür yanaşma ilə də çoxlu sayda namizədlərin peyda olmasını, sanki stimullaşdırır. 2005-ci ilin parlament seçkiləri zamanı 125 dairə üzrə keçirilən seçkilərə 2400 nəfərdən çox namizəd qoşuldu. Beləliklə, hər dairə üzrə 20 nəfərdən çox namizəd seçkilərdə iştirak edirdi. Etiraf etmək lazımdır ki, onların içində çoxlu sayda adamların öz namizədliklərini irəli sürməsi cəmiyyət tərəfindən ciddi qəbul olunmurdu. Sonradan məlum oldu ki, həmin adamların əhəmiyyətli bir hissəsinin seçkiyə qoşulmaqda məqsədi yalnız sözügedən məbləği əldə etmək olub. Demək, belə bir normanın mövcudluğu seçki kampaniyasına bəzi insanlar tərəfindən qeyri-ciddi baxılmasına və onların seçki kampaniyasına qoşulmasına gətirib çıxarır. Qeyd edildiyi kimi, ölkəmizdə seçki artıq ictimai-siyasi həyatın daim təkrarlanan oturuşmuş bir hadisəsinə çevrilib. Azərbaycan cəmiyyəti dərk edir ki, seçki kampaniyası kimi ciddi siyasi hadisəyə elə həmin ciddiyyətlə də yanaşmaq vacibdir. Bəlkə də nə zamansa dövlət tərəfindən namizədlərə pul verilməsi insanların seçki kampaniyasında passiv seçki hüququndan istifadə etməsinə təşviq kimi başa düşülə bilərdi. Lakin indi buna heç bir ehtiyac qalmayıb. Passiv seçki hüququndan istifadə etmək istəyən və seçki kampaniyasına ciddi şəkildə yanaşan insanlar kifayət qədərdir.

- Yeni Azərbaycan Partiyasının bu təkliflərinə artıq bəzi beynəlxalq təşkilatlar da müəyyən reaksiya verməkdədirlər. Onların mövqeyinə münasibətiniz necədir? Artıq ATƏT-in Bakı Ofisinin rəhbəri məsələni YAP-ın rəhbərliyi ilə müzakirə edəcəyini də bildirib. Beynəlxalq təşkilatların irəli sürəcəyi hər hansı bir təklif bu prosesdə nəzərə alına bilərmi?

- Qeyd etməyi lazım bilirəm ki, Azərbaycan beynəlxalq təşkilatlarla işləməyə həmişə önəm veribverir. O cümlədən seçki praktikası və qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq mövcuddur. Yeni Azərbaycan Partiyasının bu əməkdaşlıq çərçivəsindən kənarda qalmadığı məlumdur. Əgər beynəlxalq təşkilatlar tərəfindən irəli sürdüyümüz təkliflərlə əlaqədar fikir mübadiləsi aparılmasına dair təşəbbüs olacaqsa, biz buna müsbət cavab verəcəyik. Niyyətimizin aydın olduğunu izah etməyə çalışdım. Əgər onların bu təşəbbüsün mahiyyətinə dair sualları olarsa, cavablandıra bilərik. Dediyim kimi, partiyamızın təşəbbüsü Azərbaycanın seçki praktikasını təkmilləşdirmək və beynəlxalq təcrübəyə yaxınlaşdırmaq məqsədi güdür. Beynəlxalq təşkilatlar da bunu istəyirlər. Təşəbbüsün bizim tərəfdən irəli sürüldüyünə görə ona qarşı çıxmaq səmərəli yanaşma üsulu deyil. O ki qaldı bizim təkliflərin beynəlxalq təcrübənin Azərbaycanda tətbiq olunması kimi məqsədə xidmət etməsi məsələsinə, ən azından Avropa təcrübəsinə müraciət etmək yetər. Ən yeni nümunələr də ortadadır. Bu yaxınlarda İngiltərədə və Macarıstanda keçirilən seçkilər və ya Polşada, Almaniyada iyun ayında keçiriləcək prezident seçkiləri nümunəsi də bizim təkliflərin beynəlxalq praktikaya yaxınlaşmaq niyyətimizdən irəli gəldiyini bütünlüklə sübuta yetirə bilər.

Beləliklə, bizim təşəbbüsümüz seçki praktikasının təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə yaxınlaşdırılması istəyindən qaynaqlanır. O ki qaldı beynəlxalq təşkilatların bu təkliflərə bir az ehtiyatla yanaşmasına və ya tənqid etməyə cəhd göstərməsinə, hesab edirəm ki, bütün bunların arxasında ola bilsin ki, təkliflərimizin mahiyyətinin dərindən dərk edilməməsi kimi amillər dayanır. Güman edirəm ki, onlar bizimlə söhbət etsələr, bu təklifləri irəli sürərkən hansı arqumentlərdən istifadə etdiyimizi qarşı tərəfin nəzərinə çatdırsaq, tənqidlər aradan qalxacaq. İstənilən halda Azərbaycan iqtidarı ölkədə demokratik seçkilərin keçirilməsi üçün lazım olan bütün şərtlərin təmin edilməsinə indiyə qədər olduğu kimi bundan sonra da zəmanət verəcəkdir. YAP da iqtidar partiyası kimi Azərbaycanda keçirilən seçkilərin demokratik prinsiplərlə keçirilməsini, Azərbaycan xalqının iradəsini düzgün əks etdirməsini, Azərbaycanın seçki praktikasının dünya təcrübəsinə maksimum uyğun olmasını arzu edirbizim təşəbbüsümüz də məhz bu arzudan irəli gəlir.

Nəhayət, nəzərə alınmalıdır ki, Yeni Azərbaycan Partiyası onu parlamentdə təmsil edən deputatların bir qrupunun Konstitusiya ilə təmin edilən qanunvericilik təşəbbüsündən istifadə edib. Beynəlxalq təşkilatların Yeni Azərbaycan Partiyasının belə bir təşəbbüsünə qarşı çıxması, əgər demokratiya prizmasından baxılsa, nə qədər düzgün görünər? İrəli sürülən təkliflərin qəbul edilməsinə gəldikdə isə, bu, Azərbaycanın Milli Məclisinin səlahiyyətinə aiddir. Hər yerdə olduğu kimi, Azərbaycanın dövlət suverenliyinin bir ifadəsi də ölkədə qanunların sərbəst şəkildə, daxili milli maraqlara uyğun olaraq, xalqın seçdiyi parlament tərəfindən qəbul edilməsidir. Bunu hamımız qəbul etməliyik. Hələlik qanun layihəsi parlamentə təqdim edilib. Milli Məclis öz sözünü deyəcək. Onu gözləmək lazımdır.

 

 

Azərbaycan.- 2010.- 12 iyun- S.  6.