Moskvada "Müasir
dövlətin fəlsəfi, sosial-iqtisadi
və hüquqi əsasları qloballaşma kontekstində" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir
Moskvada, Rusiya Federasiyasının Hökuməti yanında Maliyyə Akademiyasında "Müasir dövlətin fəlsəfi, sosial-iqtisadi və hüquqi əsasları qloballaşma kontekstində" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Maliyyə Akademiyasının fəlsəfə fakültəsi tərəfindən təşkil edilmiş konfransda Rusiyanın elmi və iqtisadi birliyinin nümayəndələri, o cümlədən Azərbaycan alimləri də iştirak etmişlər. Konfrans müasir dövlətin aktual ziddiyyətlərinin və problemlərinin müzakirəsinə, qloballaşma şəraitində sosial-iqtisadi inkişaf və demokratik təsisatların təkmilləşdirilıməsi məsələlərinə dair elmi-praktiki tövsiyələr hazırlanmasına həsr edilmişdir.
Maliyyə Akademiyasının rektoru, iqtisad elmləri doktoru, professor Mixail Eskindarov konfrans iştirakçılarını salamlayaraq bu cür elmi müzakirələrin əhəmiyyətini vurğulamışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi işçisi, Rusiya EA Dövlət və Hüquq İnstitutunun təcrübəçisi, Rusiya Fəlsəfə Cəmiyyətinin Avrasiya bölməsinin elmi katibi Kamilə Gözəlova "Qloballaşma və qloballaşma şəraitində dövlətin rolu (sosial-hüquqi təhlil)" mövzusunda məruzə ilə çıxış etmişdir. Konfransın ikinci bölməsində digər həmyerlimiz, fəlsəfə elmləri namizədi, Rusiya EA Fəlsəfə İnstitutunun doktorantı, Rusiya Fəlsəfə Cəmiyyətinin beynəlxalq məsələlər üzrə vitse-prezidentinin müşaviri Ariz Gözəlov "Qloballaşma və qloballaşma şəraitində dövlətin rolu (sosial-hüquqi təhlil)" və "XXI əsrdə dövlətin sosial-iqtisadi və hüquqi funksiyaları" mövzularında məruzələri tədbir iştirakçılarının diqqətinə təqdim etmişdir.
Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) Baş direktoru Aslan Aslanovun "Müasir dövlət və vətəndaş cəmiyyəti institutu" mövzusunda məruzəsi nəzərə alınmışdır. Bu məruzədə müasir dövlət institutunun universal prinsiplərinin formalaşması məsələləri, habelə qlobal dünyada müasir dövlət konsepsiyaları təhlil edilmişdir. Fəlsəfə elmləri doktoru, professor, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadənin "Əxlaq ilə hakimiyyətin qarşılıqlı təsirinin tədqiq edilməsi metodologiyası" mövzusunda məruzəsi də nəzərə alınmışdır.
Konfransda "Müasir dövlət və vətəndaş cəmiyyəti təsisatları", "Müasir Rusiyada vətəndaş cəmiyyətinin təşəkkülü problemləri", "Qlobal dünyada beynəlxalq münasibətlərin milli və fövqəlmilli aspektləri", "Qloballaşma və milli suverenlik problemləri" və digər məruzələr də müzakirə edilmişdir. Azərbaycanlı alimlərin hamısı diskussiyalarda fəal iştirak etmişlər. Qloballaşma məsələlərinə həsr edilmiş elmi konfransın materialları Maliyyə Akademiyasının elmi məqalələr məcmuəsində dərc ediləcəkdir.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi
müxbiri
Azərbaycan.- 2010.- 12 iyun- S.
6.