Qobustan sirlər xəzinəsi
Hörmətli redaksiya!
Biz, Vətəndən uzaqlarda yaşayan insanlar, ölkəmiz haqqında xəbərlərlə əsasən internet saytlarında tanış oluruq. Sizin qəzet də diaspor təmsilçiləri üçün Azərbaycana açılan bir pəncərədir. Öz yurdlarından kənarda yaşayanlara Vətən əlçatmaz göründüyündən daha müqəddəs, daha əziz olur. Nə vaxtsa ziyarət etdiyimiz yerlər şüurumuzda yenidən canlanır, bizi xatırlamağa, düşünməyə və dünyanın oxşar məskənləri ilə müqayisələr aparmağa vadar edir. Bu baxımdan Qobustanla bağlı mülahizələrimlə bölüşmək istəyirəm. Ola bilər ki, mənim yanaşmam sıravi oxucuya bir az qeyri-adi, bir qədər də mistik görünsün. Lakin ölkənin birinci xanımı Mehriban Əliyeva Qobustanın bir abidə kimi YUNESKO-nun "Dünya irsi" siyahısına daxil edilməsinə nail olması Azərbaycan mədəniyyəti tarixində unikal bir hadisədir. Birinci xanımın təşəbbüsü ilə dünyanın məşhur abidələri sırasında qərar tutan Qobustan da daha geniş və dərindən öyrəniləcək, Misir ehramları, Tibet dağları, Sfinkslər və dünyanın başqa möcüzələri kimi məşhurlaşacaq, Azərbaycana böyük turist axınına səbəb olacaqdır. Məhz buna görə Qobustanın sirlərinin açılmasında elmi tədqiqatlarla yanaşı müxtəlif fərziyyələrin və izah edilməsi mümkün olmayan, fərdi intuisiyalardan bəhrələnən mülahizələrin də nəzərdən keçirilməsi vacibdir.
İnsanların Yer kürəsində mövcud olduqları minilliklər ərzində öz müqəddəs yerlərinə və tanrılarına inancları əsrlər boyu dəfələrlə dəyişib. Hər bir xalqın bu məsələdə verdiyi son qərar fərqli olub. Bu gün də planetimizdə bütpərəstlərin, xristianların, müsəlmanların müxtəlif allahları və ziyarət yerləri mövcuddur. Sakini olduğumuz və tanımadığımız dünyaları yaradanın təkliyinə şəkk gətirmədən onu deyim ki, insanların müqəddəs saydıqları kiçik və dünya miqyaslı inanc yerləri var.
Misir ehramları, Pasxa adasının heykəlləri, Stoundıxenc, Böyük sfinks və onların arxasınca yer üzünə səpələnən saysız-hesabsız məbədlər, kilsələr və məscidlər insanlar tərəfindən tanrıya yaxınlaşmaq, onunla ünsiyyət qurmaq üçün ucaldılıb.
Tarixə ənənəvi yanaşan alimlər ulu əcdadlarımızın məhdud əqli inkişafa malik ibtidai insanlar olduqlarına inandırmağa çalışırlar. Bunu həqiqət kimi inkar etmək də olmur. Lakin yuxarıda sadaladığımız yaşı minilliklərlə ölçülən unikal tarixi abidələrin əqli inkişafı kamilləşməyən əcdadlarımız tərəfindən tikilməsinə də inanmaq çətindir. Görəsən hansı məqsədlə ilk vəhşi insanlar ağırlığı tonlarla ölçülən böyük daşları - stounxecləri düzəngahların ortasına düzüblər və bunun üçün hansı texnikadan istifadə ediblər? Misir ehramlarına nəhəng daşları kim və haradan daşıyıb? Bəlkə qədim əcdadlarımıza daha böyük biliklərə və yüksək texnologiyalara malik olan başqa sivilizasiyalardan gələn yadplanetlilər kömək ediblər? Bu abidələrin müəlliflərinin planetimizin itmiş sivilizasiyalarının təmsilçilərinin - lemuriyalılar, hiperboreylər və atlantlar da olduğunu ehtimal etmək mümkündür.
Müxtəlif mənbələrdə yox olan sivilizasiyaların dərin biliklərə və qeyri-adi imkanlara, uca boya və sıx energetik cövhərə malik olduqları göstərilir. Onlar kainatın enerjisi ilə qidalanır, şüurun fiziki gücündən faydalana bilirdilər. Dünyanın ilk sakinləri şüurlarında istədikləri obyektin surətini yaradır və onu zehnin gücü ilə qayalara həkk edir, sonra bu qaya parçalarını, sal daşları yenə də zehnin fiziki gücü ilə istədikləri məsafəyə qaldırıb apara bilirdilər. Təbiəti sevir və onunla harmonik vəhdət təşkil edərək, kainatın qanunlarına zidd hərəkətlərə yol vermirdilər. Bir-birlərinə və dünyaya açıq, düşmənçilikdən uzaq insanlar idilər. Ehtiyacı olana ildırım sürəti ilə yardım etməyi xoşlayar, istənilən maneədən - daşdan, qayadan və sulardan keçməyi bacarardılar. Lemuriyalılar, hiperboreylər və atlantlar haqqında kifayət qədər yazılıb. Siz soruşa bilərsiniz ki, bütün bunların Qobustanla əlaqəsi varmı?
Bu geniş izahat tələb edən ciddi sualdır. Yer kürəsində bütün diqqət çəkən sirli abidələr kifayət qədər tədqiq edilib, məşhurlaşıblar. Belə abidələr turistlərin ürək çırpıntıları seyrinə tələsdikləri yerlərdəndir. Qobustan möcüzələrinin təbliği yeni vüsət alır. Bu yerin qeyri-adi energetik gücə malik olması, ilk sivilizasiyaların məskən saldığı və yadplanetli şüurlu varlıqların qonaq gəldiyi məkan kimi təqdimatı da xüsusi əhəmiyyət kəsb edir.
Ölkənin birinci xanımı Mehriban Əliyevanın Qobustanın YUNESKO-nun mühafizə etdiyi abidələrin siyahısına daxil etməsi böyük və təqdirəlayiq işin uğurlu başlanğıcıdır. Bu abidəyə beynəlxalq diqqətin cəlb olunmasında, bəşəriyyətin tarixi ilə maraqlanan alimlərin Qobustana ayaq açmasında katalizator rolunu oynayacaq və şübhəsiz ki, onun dünyanın unikal abidələrindən biri kimi öyrənilməsinə öz töhfəsini verəcəkdir.
İndi gəlin Qobustana - təbiətin ecazkar və sirli guşəsinə birlikdə səyahət edək. Uzaqdan hündür daş qayalar qədim və unudulmuş şəhərin qalıqlarını xatırladır. Bura yaxınlaşdıqca qayaların lal sükutunda ruhuna hakim kəsilən və səni öz övladı kimi ağuşuna alan ana təbiətin əsrarəngiz təsiri altına düşürsən. Əvvəlcə onu qeyd edim ki, Qobustanda insan, quş və vəhşi heyvanların qayaüstü rəsmləri həkk edilmiş mindən artıq daş var. Bu rəsmlər daşların düz aşağısında, ya da ki, yuxarısında - yerdən təxminən 10 metr hündürlükdə yerləşirlər. Qobustanı olduğu kimi dərk etmək üçün real ölçülərin dağıldığı, əfsanələrin həqiqətə çevrildiyi sehrli bir dünyaya ayaq basdığını duya biləsən gərək.
Sübh şəfəqlərinə bələnən daşlar sanki dil açıb danışmaq istəyən insana bənzəyirlər. Düz qarşımızdakı 7-8 metrlik məsafədəki sal qayada ilk petroqraf bu yerin ümumi mənzərəsinin əsas ekspoziyası kimi diqqəti cəlb edir.
Daşın hamar və sanki əvvəldən cilalanmış səthində insan rəsmləri iki cərgəyə düzülüb. Üst cərgədəki, 4 nəfərin hər biri alt cərgədəki 6 nəfərdən 2-sini barmaqlarının ucunda arxasınca aparır. Elə təsəvvür yaranır ki, onlar dabanlarını ehmalca yerə toxunduraraq səmada süzürlər.
Buranı seyr edərkən insan təfəkkürünə hakim kəsilən fantastik hisslərin əsarətindən yaxa qurtarmaq olmur. Bir anda rəsmlər adi ölçülərindən çıxaraq, həcmli canlılara çevrilir, inana bilmirsən ki, gördüklərin vəhşi əcdadlarımızın fırçasının ibtidai məhsuludur.
Alt cərgədəki insan rəsmlərinin başında antenanı və ya şüanı xatırladan görüntülər var. Dəstəni qapayan sonuncu adam adi insana bənzəsə də, alnında üçüncü gözün olduğu görünür. Yerin ilk sakinləri limuriyalıların da alnında üçüncü göz yerləşibmiş. Onun sol əlində tutduğu əşyadan səmaya şüa ucalır.
Qobustanın ən maraqlı cəhətlərindən biri ümumi mənzərənin doğan günəşin şəfəqləri ilə heyrətamiz vəhdət təşkil etməsidir. Qarşımızdakı petroqrafın təqdimatı bənzərsizdir: ərazinin üst layına qalxan istənilən adam qayaüstü şəkilləri görmək məcburiyyətindədir. Hər bir qayaüstü şəkildə bəşəriyyətə bu günədək məlum olmayan uzaq keçmişin böyük sirlərinin gizləndiyini dərk etmək çətin deyil. Qayıq rəsminin altında barmaqlarının ucunda dayanan 4 böyük adam dairəvi, 4 balaca adam isə spiralvarı yayılan iki müxtəlif dalğalarla əhatə olunub. Bunları energetik dalğa kimi qəbul edərək daha ciddi fərziyyələr yürütmək mümkündür. Elə bu qayanın qarşısında üstündə 4-5 adamın rahat yerləşib qaya rəsmlərini seyr etməyə imkan verən böyük bir sal daş yerləşir. Buradan seyr edəndə sanki sənə istiqamətləri və cəhətləri asan təyin etməyə imkan verən təbii bir ekran görürsən. Təxəyyülün fantaziyası Qobustandan başqa aləmlərə, başqa dünyalara "səyahət"in mümkünlüyünü düşünməyə imkan verir.
Qayaların arxasınca nəhəng daşların bəlkə də çoxlarının fikir vermədiyi muzey sistemi üzrə zal düzülüşü başlayır. 8-10 metrlik hündürlüyündə müxtəlif rəsmlərlə "bəzədilən" bu daşlar bizim ulularımız lemuriyalı-atlantların bu günədək açılmayan sirli kitabələri kimi dünyanın ən güclü mütəxəssislərinin yolunu gözləyir. Əslində Qobustan sinergetik yanaşma - hər hansı problemin öyrənilməsi üçün müxtəlif sahələri tədqiq edən alimlərin birgə çalışmasını tələb edir. Arxeologiya, fizika, coğrafiya, astronomiya, tarix, fəlsəfə, filologiya, biologiya və başqa sahələrdə çalışan tədqiqatçıların vahid qənaətə gəlməsi həm tarixin öyrənilməsi, həm də Qobustana turist axınının güclənməsində əhəmiyyətli rol oynayacaq.
Səyahətimizi davam edək. "Təbii müzey"in girişindəki zirvələri ilə az qala bir-birinə toxunan 3 qayanın arasındakı kiçicik məsafə kosmik enerjinin yerə ötürülməsi üçün vacibdir. Müasir elmə də kosmosdan dünyanın bəzi nöqtələrinə güclü enerjinin istiqamətləndirildiyi və yerlə məlumat mübadiləsinin aparıldığı məlumdur. Ümumi mənzərəsi haqqında təsəvvür yaratmaq istədiyimiz "zal"ın dördüncü tərəfini bir o qədər də hündürlüyü ilə seçilməyən qaya təşkil edir. Onun arxasında isə göyə təxminən 15 metr hündürlüyündə başqa bir sal qaya təbii antena kimi ucalır və bu günədək bizim anlamadığımız tərzdə digər dünyaların sivilizasiyaları ilə əlaqələrini qurur. Belə qənaətə gəlmək olar ki, Qobustan qayaları üstünə şəkillər cızılan adı daşlardan daha çox haradasa bizdən milyard kilometrlərlə uzaqlıqda mövcud olan bir şüur və ya məlumatlar bazası ilə aramsız və sıx əlaqə quran nəhəng kosmik rabitə kompleksidir. Bu antena qaya E.Muldaşevin yazdığı kimi, Tibetdə yerləşən məşhur Kaylas dağının gördüyü işi Xəzərin sahilində həyata keçirir. E.Muldaşev dünyanın bir neçə akademiyasının müxbir üzvü, göz cərrahiyyəsi sahəsində nadir mütəxəssislərdəndir. Planetimizdəki sivilizasiyaların aqibətini öyrənmək üçün Tibet dağlarına 6 ekspedisiya təşkil edib. Biz də çəkinmədən belə bir fərziyyə irəli sürə bilərik ki, E.Muldaşevin vəsf etməkdən yorulmadığı Kaylas dağı təbiətin məhsuludursa, Qobustan qayalıqlarında hətta daşların adicə düzümündə belə şüurlu əməyin izləri hiss olunur. Belə bir qənaətə də gəlmək olur ki, Qobustanda həyat Kaylasdan və Misir ehramlarından daha əvvəllər mövcud olub.
Bələdçimizlə Qobustanı bir xeyli gəzdikdən sonra dostum Şahin ayaqlarının ağrımadığına təəccübləndi. İkimiz də bu ecazkar görüntülərdən tilsimlənmiş kimi, gözəgörünməz bir qüvvənin təsiri altında insan beynini sıxan bütün fikirlərdən qurtularaq yüksək bir əhval-ruhiyyədə idik. Yorğunluğumuz da var idi. İki asma yonulmuş qayanın arasında durub onlardan birinə dincimizi almaq üçün söykənirik və tədricən bədənimizə bu daşlardan gələn gücün enerjisini hiss edirik. Əks istiqamətdə eyni ölçülü iki qaya parçası qoşa qanad kimi gərilərək sanki uçuşa qərar verən qartala bənzəyir. Bu daşın üstünə çıxıb "qanad"ın ucuna tərəf yaxınlaşanda qəribə hisslər yaşayırsan, yerdən üzülüb taleyində ağlına belə gətirmədiyin nabələd aləmlərə qanadlanırsan. Özünü unudursan, qollarını geniş açaraq kainatın dərinliklərinə baş vuran ruhunun təlatümünü idarə etməyə çalışırsan.
Bələdçimiz balıqqulağına bənzər daşın ortasındakı deşiyi göstərərək bildirir ki, buralarda belə bir inanc var ki, kim bu daşın içindən 3 dəfə keçərsə, rəbbindən ona övlad hədiyyə edilər. Çarə tapanlar da az deyil.
Yolumuza davam edərək bələdçinin dediyinə görə, ulu babalarımızın yağışdan, qardan gizləndiyi mağaraya sarı üz tuturuq. İçəri daxil olan kimi qeyri-adi yerdə olduğunu dərk edirsən. Bura adi mağaradan daha çox daş dövrünə məxsus tava daşlarından ibarət təbii sərdabəyə bənzəyir. Dünyanın heç bir yerində belə unikal sərdabəyə rast gəlmək mümkün deyil. Onun tən ortasında üstündə 4-5 adamın əyləşə biləcəyi formaca qeyri-müəyyən bir daş var. Sərdabədə, bu daşın ətrafında isə 10 nəfərə yaxın adam rahat əyləşə bilər. Girişin sağındakı sal divarda mağaranın içinə doğru çapan atların rəsmi paralel dünyalara səyahət edən çaparları xatırladır. Ümumiyyətlə, bu sərdabə sanki başqa aləmlərlə əlaqə yaratmaq, ünsiyyət qurmaq üçün məxsusi olaraq seçilmiş qərargahı xatırladır. Mağara hər tərəfdən səni sıxsa da, içində ruhunun səni dərk etmədiyin aləmlərə daşımaq üçün hayqıran yüksəlişini eşidirsən. Oturduğun yerin darısqal və balaca olması da böyük kainatın sonsuzluğuna uçuşlarına mane olmur. Buranı tərk edərək, girişdən sağ əldə yerləşən "kiçik qavaldaş"ın yanında dayanırıq. Ətraf müxtəlif ölçülü belə daşlarla doludur.
Ümumiyyətlə, Qobustan ziyarətçilərinə tələbkar bir yerdir. Gərək bura açıq ürəklə ayaq basasan. Bəzən bizim dərk etdiyimiz həqiqət birtərəfli, natamam və yarımçıq olur. Dünya haqqında əksər biliklər materialist təfəkkürünə söykənir, əksər qanunlar kosmik reallıqlardan yan keçərək yalnız insan şüurunun dərk edə və görə biləcəyi planetar təfəkkürə və elmlərə əsaslandığından bir çox məqamların izah edilməsində aciz qalır. İbtidai insanların ovdan sonra rəşadətlərini həkk etmək üçün daş iskənələri qamarlayıb qayaların 10 metr hündürlüyünə dırmaşdıqlarına inanmaq olmur. Qayaüstü təsvirlərin zərgər dəqiqliyi ilə işlənilmiş konturları başqa bir fərziyyənin də irəli sürülməsinə əsas verir. Bu şəkillər nə vaxtsa planetin sakinlərində olan və ya başqa sivilizasiyalar tərəfindən hədiyyə edilən yüksək texnologiyalarla və ya lazer şüasına bənzər enerji ilə - daha doğrusu lemuriyalıların zehninin energetik gücü ilə qayalara cızılıb.
Bələdçimiz bizi böyük qavaldaşın yanına aparır. O üfüqi vəziyyətdə zərgər dəqiqliyi ilə nəhəng sal qayanın üstündə bütün əzəməti ilə qərar tutub. Onun qavalı düz dayansın deyə altına trapesiya şəkilli nisbətən kiçik daş qoyulub. O iti ucu ilə sal daşın çəp səthinə söykənir. Adi gözlə də görünür ki, bu nə ibtidai insanların gücü, nə də təbii aşınmalarla izah olunur. Bu ağırlıqda qavaldaşı qayanın üstünə qaldırmaq üçün ən azı güclü texnika lazım idi. Lakin ətrafda kiçik daşların çoxluğu da müasir texnikanın hərəkətini mümkünsüz edir. Güman etmək olur ki, burada görülən işlər bizdən əvvəlki sivilizasiyalara aiddir. Təsəvvür etsək ki, qavaldaş bura başqa, daha hündür qayaların üstündən qopub, qırılıb düşüb yenə yanılacağıq, çünki ətrafda bu daşdan yüksəkdə mavi səmadan başqa heç nə yoxdur. Qavaldaş bura xüsusi məqsədlər üçün qaldırılıb. Onun altına qoyulan daş isə qavalın səsinin təmiz və ucadan çıxması üçün dəqiqliklə yerləşdirilib. Qavaldaşın saf və "daş ürəy"inin dərinliyindən baş alıb ətrafa, səmaya ucalan səsin ecazkar sehri var. O, bu dünyadan daha çox insan dərrakəsinin gedib çata bilmədiyi daha uzaq məsafələri qət edir.
Dediklərimi adi oxucu reallıqlara söykənməyən əsassız fərziyyələr kimi qəbul edə bilər. Lakin məhz bu bölgədə uçan boşqabların peyda olması, Bermud üçbucağında okeanın dərinliyində şüşəyə bənzər materialla örtülmüş fəaliyyətdə olan piramidanın tapılması başqa sivilizasiyanın bizimlə bu gündə əlaqə saxlamasını sübut etmirmi?
Hüquqşünas dostum Şahin xatırlayır ki, Zevsin oğlu Prometey də Qafqaz dağlarında çarmıxa çəkilmişdi. Amazonkaların məhz Qafqaz dağlarında yaşadıqlarını, bəşəriyyətin ilk olimpiada oyunlarının Qobustanda təşkil edildiyini sübut edən tarixi mənbələr var. Əfsanələr boşuna yaranmır. Əgər belə paralelləri asanlıqla keçirmək mümkündürsə, bu gün Qobustanla bağlı irəli sürülən fərziyyələr sabah böyük elmi kəşflərin açılmasına təkan verə bilər. Limurialılar gözəgörünməz olub, böyük sürətlə hərəkət edə bilirdilər. Bu uzaq minilliklərin çətin dərk ediləsi və hələ elmi isbata ehtiyacı olan bir fərziyyədir. Lakin cəmisi yüz il bundan öncə elə Qafqaz dağlarında Şarifan baba adlı adam haqqında da eyni rəvayətlər gəzib. Onu Qafqazı istila edən rus qoşunları Axtıda və Dərbənddə qalada 2 dəfə dustaq etdikdən sonra yenə də çayın qırağında namaz qılan görüblər. Belə deyirlər ki, Şarifan baba eyni vaxtda bir neçə yerdə görünə bilirmiş. Yüz ilin rəvayəti bizim uzaq keçmişin qaranlıqlarına azacıq da olsa işıq səpməyə imkan verir.
Özümə və başqalarına Qobustanın təsir qüvvəsini dərk etmək üçün ora müxtəlif peşə sahibləri, hüquqşünaslarla, Mədəniyyət və Turizm Nazirliyinin departamentinin rəhbəri və həkimlərlə getmişəm. Onların hər biri doğrudan da buranın unikal yer olmasını, insana müsbət təsir etməsini söylədilər. Müxtəlif vaxtlardakı səfər yoldaşlarım Qobustanın qeyri-adi yer olduğunu təsdiq etdilər. Onun müsbət, insan ruhunu saflaşdıran enerjisini öz bədənlərində duydular.
Bura doğrudan da dünyanın ən böyük və məşhur abidələri ilə müqayisə olunası yerdir. Daşlardan qopan adi səslər də insanı təbiətə qarışmağa, kosmik şüura qovuşmağa, fəzanın sirlərini açmağa sövq edir. İnsan bura qədəm basanda artıq qayğılarından uzaqlaşır, ruhən dirçəlir, real həyatın çətinliklərini və pisliklərini unudaraq yaxınlığındakı tanımadığı adamda belə dostunu görür. Özündən asılı olmayaraq düşünürsən ki, bu min il də, milyon il də bundan qabaq belə olub.
Qobustanda qədim insanlar aşağıdakı daş qavaldan başlayaraq yuxarıya ekspozisiyaların başladığı zirvələrə doğru inkişafın dörd mərhələsindən keçiblər. Aşağıdan yuxarıya belə keçid enerjinin və şüurun 4 mərtəbəsi -yarusu kimi izah oluna bilər. Ən aşağıdakı böyük qavaldaşın yerləşdiyi yarusun landşaftı düzənlikdən ibarətdir. İkinci nisbətən geniş yarus saysız-hesabsız daşlarla örtülüb. Üçüncü yarus maili və uzundur. Bu layların bitki örtüyü yoxdur, ağaclar da gözə dəymir. Dördüncü yarus isə digərlərinə nisbətən canlıdır. Burada müxtəlif ağaclar və kollar bitir, ara-sıra gözə yaşıllıqlar dəyir. Müqəddəslərin müqəddəsi üçün seçilmiş yerdir. Uzaq keçmişlərdə bura böyük sirlərdən agah olmayanlara giriş qadağan idi.
Qobustana səyahətimizi sfinkslə başa çatdırmaq istəyirəm. Bu üç başlı abidənin hər üzünün özünə məxsus ifadəsi, cizgiləri var. Lakin təəssüf ki, iki böyük baş elə dağılıb ki, onların əsas cizgiləri itib, çətinliklə seçilən ümumi görünüşü qalıb. Lakin sfinksin ən kiçik sayca üçüncü başı insan üzünün ifadəsini bu günümüzədək qoruyub saxlaya bilib. Üç başlı sfinks bütün qayalardan ölçüləri ilə fərqlənən, lakin ümumi mənzərəyə xələl gətirməyən nəhəng bir qayanın zirvəsində yonulub.
Qobustan
haqqında yorulmadan sonsuzluğa qədər danışmaq
olar. Bunun üçün burada yaşamaq, daşları
dinləmək, kainatdan buraya göndərilən enerjini duymaq
və bu daşların arasında gəzərkən səni məhəbbətlə
uzaqlardan seyr edən gözlərin mərhəmətini və
bütün kainatın yaradıcısının sevgisini hiss
etmək lazımdır. Keçirdiyim hisslərin,
yaşadığım heyrətamiz duyğuların aliliyini
izah etmək çətin olsa da, bircə onu əminliklə
deyə bilərəm ki, Qobustan həm bizdən əvvəlki,
həm də bizim sivilizasiyanın yarandığı yerlərdən
biridir! Qayaüstü rəsmlərdəki ulu əcdadlarımızın
və başqa dünyalardan gələn səyyahların hələ
oxunmamış namələrində kainatın və bəşəriyyətin
tarixi haqqında misilsiz məlumatlar yatır.
Açıq səma
altındakı muzeyi seyrə gələnlər müxtəlif
xəstəliklərdən yaxa qurtara bilir, bəzən
arzularına çatır, buranı ruh yüksəkliyi ilə
tərk edirlər. Bura insanların qeyri-adi imkanlarının
açılmasına qanad verə bilən yerdir. Ümumiyyətlə, çox şey qəlbinizin və
ürəyinizin Qobustanı qəbul etməyə hazır
olmasından, sizin bu müqəddəs yeri hansı hisslərlə
və ümidlərlə ziyarət etməyinizdən
asılıdır. Burada ilk növbədə
ruhun da, bədənin də fiziki sağlamlığına və
kamilliyinə nail olmaq mümkündür. Əslində
təbiətlə müalicə qeyri-ənənəvi səhiyyənin
sərbəst qolu kimi elmə çoxdan məlumdur. Bu dağların arasında insan ruhu kosmosdan
yağış kimi yağan güclü enerjinin təsiri
altında bərpa olunur, təbiətlə ünsiyyətə
gedir. Sən təbiətlə harmoniya təşkil
etdiyini, bədənindən xəstəliklərin necə
çıxıb getdiyini hiss edirsən. Sadəcə bir
şeyi düşünmək lazımdır: bəşəriyyətin
keçmişi, bu günü və gələcəyi vahid,
bölünməz bir anlam kimi qırılmaz tellərlə
sıx bağlıdır. Bizim heç bir əməlimiz,
heç bir fikrimiz izsiz-soraqsız batıb getmir, əksinə
Qobustanın qayaüstü rəsmləri kimi fəzanın
yaddaşına yazılır. Ona görə
də yaradanın bütün nemətlərinə sevgi və
minnətdarlıqla yanaşmalıyıq ki, tale də bizdən
xeyirxahlığını və mərhəmətini əsirgəməsin.
Hikmət RƏMİXANOV,
psixoloq
Moskva-Bakı
Azərbaycan.- 2010.-12
iyun- S. 7.