Milli Qurtuluşumuzun zəfər yürüşü

 

 17 il əvvəl - 1993-cü il iyunun 15-də Azərbaycan dövlətinin və dövlətçiliyinin formalaşmasında 40 ildən çox bir dövr ərzində misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin ölkənin ali qanunvericilik orqanına sədr seçilməsi ilə ikinci dəfə hakimiyyətə gəlməsi xalqımızın şanlı tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Vətənini, xalqını sevən, o dövrdəki çətin və ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri öz gözləri ilə görən insanlar üçün 15 iyun - əsl Qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, cahanşümul əməlləri ilə Azərbaycan xalqının qəlbində özünə möhtəşəm abidə ucaldan, daim xalqına arxalanan və xalqa xidmət edən Heydər Əliyevdir. Bu tarixin yaranması isə heç də asan olmamış, Heydər Əliyev siyasəti çoxsaylı siyasi, hərbi və iqtisadi təlatümlərin sınağından üzüağ çıxaraq daha da möhkəmlənmişdir. Bu nadir tarixi simanın Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikamızda əldə edilmiş böyük nailiyyətlər gələcək müstəqilliyimiz üçün möhkəm iqtisadi, mənəvi və siyasi zəmin yaratmışdır.

Məlumdur ki, 1988-ci ildən başlayaraq nankor qonşumuz Ermənistan Azərbaycana qarşı ərazi iddiası ilə separatçılıq siyasəti yeritməyə başladı. SSRİ-yə o vaxtlar rəhbərlik edən ikiüzlü şəxslər isə bu separatizmin qarşısını almaq əvəzinə ona dəstək vermək xəttini tutdu, münaqişə ocaqlarını genişləndirərək alovlandırdı, ölkənin iqtisadi və hərbi dayaqlarını çökdürmək siyasəti yeritdilər.

O vaxtlar ittifaq rəhbərliyinin xəbis niyyətlərinə dözməyərək vəzifəsindən istefa verən Heydər Əliyev 1990-cı ildə doğma torpağı olan Naxçıvana qayıtdı. Tezliklə Azərbaycan Ali Sovetinə deputat seçilən Heydər Əliyev Dağlıq Qarabağ problemi ilə əlaqədar Bakı rəsmilərinin yeritdiyi siyasəti və Moskvanın mövqeyini kəskin tənqid etdi. Uzaqgörən siyasətçi kimi o, SSRİ-nin tezliklə dağılacağını dəfələrlə bəyan etsə də, səbatsız iqtidar bu fikirlərə məhəl qoymur, milli maraqlara uyğun tədbirlər görmək əvəzinə Kremlə sədaqət nümayiş etdirirdi.

Amma həmin vaxt ölkənin digər bölgələrindən fərqli olaraq Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev fenomeninin böyük təsiri sayəsində tamam başqa bir siyasi ab-hava hökm sürürdü. 1990-cı il noyabrın 17-də muxtar respublikanın ali qanunvericilik orqanında Heydər Əliyevin təşəbbüsü ilə doğma Azərbaycanın üçrəngli bayrağı qaldırıldı və bununla da həmin vaxtdan müstəqilliyimizin ikinci dəfə əsası qoyuldu. Onun təklifi ilə muxtar respublikanın adından "Sovet Sosialist" sözləri çıxarıldı. Sərhəd məftillərinin söküldüyü gün - dekabrın 31-i - Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi. Belə bir mürəkkəb şəraitdə Naxçıvanda yaşayan Heydər Əliyev 1991-ci il sentyabrın 3-də muxtar respublikanın Ali Məclisinə sədr seçildi. Qurtuluşa gedən yol məhz bu gündən başladı.

Bir neçə aydan sonra SSRİ dağıldı və zaman Heydər Əliyevin uzaqgörənliyini və haqlı olduğunu bir daha təsdiq etdi. Azərbaycan tezliklə öz müstəqilliyinə qovuşdu. Tale elə gətirmişdir ki, müstəqilliyimizin ilk illərinə təsadüf edən 1992-1993-cü illər ölkəmizin müasir tarixinə hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi daxil olmuşdur. Bütün bunlar isə həmin vaxt yeni yaradılmış suveren dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapa bilməyən şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi.

O dövrdəki iqtidarın səbatsızlığı ucbatından xalqın milli azadlıq arzuları puça çıxmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Azərbaycan xalqı artıq iqtidara inanmırdı. Heydər Əliyevin nüfuzu isə nəinki Naxçıvanda, bütün Azərbaycanda günbəgün artırdı. Bundan qorxuya düşən AXC-Müsavat iqtidarının silahlı qüvvələri 1992-ci il oktyabrın 24-də Naxçıvanda çevriliş etməyə, Heydər Əliyevi tutduğu vəzifədən uzaqlaşdırmağa cəhd göstərdilər. Onlar Daxili İşlər Nazirliyinin binasını, televiziyanı zəbt etsələr də, xalq ayağa qalxıb öz böyük oğlunu müdafiə etdi, onunla birlikdə olduğunu bir daha sübuta yetirdi. İlk çevrilişə cəhdin qarşısı alındı. Çünki Heydər Əliyevi hakimiyyətə Naxçıvan əhalisinin dərin sevgisi və möhkəm iradəsi gətirmişdi.

Bakıda isə iqtisadi və siyasi böhran baş alıb gedirdi, Azərbaycan ərazilərinin dalbadal işğalı, əhalinin günbəgün ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edərək xalqı öz ardınca aparmağa qadir bir siyasi qüvvənin yaranmasını tələb edirdi. Belə bir şəraitdə baş verən hadisələri və siyasi prosesləri diqqətlə izləyən, xalqın gələcək taleyinə biganə qala bilməyən insanların, xüsusilə "91-lər"in müraciəti eşidildi və 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Müdrik və uzaqgörən xalqımız möhtərəm Heydər Əliyevin ətrafında sıx birləşməklə gələcək taleyini özü həll etmək niyyətində idi. Ona görə də Heydər Əliyevin sədrliyi ilə bu partiya böyük təzyiqlərə, təqiblərə və təxribatlara baxmayaraq, tezliklə Azərbaycanın bütün bölgələrində yaranaraq təşkilatlandı və respublikanın siyasi həyatında öz dəst-xətti, yeri olan qüdrətli bir siyasi qüvvəyə çevrildi.

O dövrdə YAP-ın yaranması tarixi zərurət idi və Azərbaycanın dünyada tanınmış, zəngin dövlətçilik təcrübəsi olan liderə ehtiyacı vardı. Bu lider Heydər Əliyev idi və Azərbaycanda hamı bu həqiqəti bütün varlığı ilə dərk edirdi. Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi qısa müddət ərzində isə o, çox ciddi nəticələr əldə etdi.

Blokada şəraitində olan, heç kimdən yardım və kömək almayan və öz taleyi ilə baş-başa qalıb həddindən çox ağır şəraitdə yaşayan Naxçıvanda Heydər Əliyev işığı gələcəyə nur saçmağa başladı. Heydər Əliyevin təşəbbüsü əsasında ilk növbədə Naxçıvanın müdafiəsini təmin etmək məqsədilə onun rəhbərliyi altında Müdafiə Komitəsi yaradıldı və erməni hücumlarına tutarlı cavablar verildi. Respublikada ilk dəfə olaraq sovet ordu hissələri Naxçıvanda bütün əmlaklarını qoyaraq muxtar respublikanın ərazisini tərk etdilər. Qonşu Türkiyə və İranla normal münasibətlər qurularaq əlaqələr genişləndirildi, Sədərəkdə "Ümid körpüsü" adlı həyati əhəmiyyətli körpü salındı. İranla sərhəddə keçid və ticarət məntəqələri yaradıldı. Naxçıvanda siyasi və iqtisadi sabitlik bərpa olundu, insanlarda gələcəyə böyük ümid yarandı.

Respublikada isə vəziyyət getdikcə gərginləşirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında günbəgün öz nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Bunu həmin dövrdə ölkəyə rəhbərlik edən şəxslər özləri də açıq etiraf edirdilər.

Hadisələrin bu fonunda xarici havadarları tərəfindən himayə olunan separatçı qüvvələr cənubda "Talış-Muğan Respublikası" elan etməyə səy göstərirdilər. Şimalda da bu cür qüvvələrin fəallığına təkan verilirdi. Bu dönəmdə AXC-Müsavat iqtidarının fərsizliyi ucbatından Gəncədə qardaş qanının tökülməsi ilə ölkədə vətəndaş müharibəsinin başlanması və respublikanın parçalanması təhlükəsinin artması xalqın və müstəqil Azərbaycan dövlətinin gələcəyini sual altına qoymuşdu. Bu barədə 2001-ci il mayın 26-da 28 May - Respublika Günü münasibətilə keçirilmiş tədbirdə Heydər Əliyev demişdir: "1991-ci ildə müstəqilliyi elan etmək çətin bir məsələ deyildi. Çünki bu, tarixi zərurətdən irəli gəlmiş bir hadisə idi. SSRİ dağılırdı, istəsən də, istəməsən də, sən öz respublikanın aqibətini müəyyən etməli idin. Burada da müstəqillikdən başqa yol yox idi. Amma bu müstəqilliyi qoruyub saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin idi". Müstəqilliyimizin ilk illərində heç bir dövlətçilik təcrübəsi, bacarığı və işgüzarlığı olmayan iqtidarın günahı üzündən yaranmış bu çıxılmaz vəziyyətdə Azərbaycan xalqının gözü Naxçıvana, yeganə ümid və nicat yeri olan Heydər Əliyevə dikilmişdi. 1993-cü il may ayının 25-də Prezident Aparatında hüquq-mühafizə orqanları işçilərinin müşavirəsində Əbülfəz Əliyev hakimiyyətin ölkədə yaranmış vəziyyətə nəzarət etməkdə gücsüzlüyünü etiraf edərək deyirdi: "Xalq deyir: "Kaş canımız bu Xalq Cəbhəsinin əlindən qurtaraydı" - prokurorluqdan, məhkəmədən xahiş edirəm buna cavab versinlər. Bu gün respublika niyə dağılır?"

Gəncədə isə qarşıdurma getdikcə daha da şiddətlənir və şəhərdə ardı-arası kəsilməyən mitinqlər keçirilir, hadisələrə siyasi qiymət verilməsi tələb edilirdi. Gəncədə baş verən hadisələrə ilk dəfə iyunun 5-də Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisinin bəyanatı ilə siyasi qiymət verildi. Bəyanatda gəncəlilərə müraciət edilərək onların imperiya nökərlərinə layiqli cavab verəcəklərinə, müstəqilliyimizi və gənc Azərbaycan dövlətini qoruyub saxlayacaqlarına böyük inam ifadə olunurdu.

Respublikanın parçalanmasının və vətəndaş müharibəsinin şiddətlənməsinin qarşısını almaq üçün gərgin vəziyyətdən çıxış yolunu isə xalq özü müəyyən etdi. Artıq ölkənin hər yerində izdihamlı mitinqlər keçirilir, Heydər Əliyevin təcili olaraq Azərbaycan Respublikasında rəhbərliyə gətirilməsi təkidlə tələb edilirdi.

Ulu öndər bu hadisələr barədə belə deyirdi: "Gərək heç kəs bunu unutmasın ki, 1993-cü ildə Azərbaycan parçalanmaq, bir ölkə kimi, müstəqil dövlət kimi məhv olmaq təhlükəsi qarşısında idi. Azərbaycanda vətəndaş müharibəsi baş vermişdi. Bundan istifadə edən bəzi qüvvələr, həmin o Xalq Cəbhəsinin içərisindən çıxmış qüvvələr Azərbaycanın cənubunda yeni bir "cümhuriyyət" yaratmağa çalışdılar.

Şimalda yeni hərəkat başladı, separatçılıq meyilləri artıq özünü göstərdi. Bir tərəfdən də Ermənistanın Azərbaycana qarşı 1988-ci ildən başlamış təcavüzü, müharibə və Azərbaycanın daxili vəziyyətinin bu qədər ağır, bu qədər çətin olması, idarə oluna bilməməsi. Bundan istifadə edərək Ermənistan silahlı qüvvələri çox hallarda heç bir müqavimətə rast gəlmədən Azərbaycanın torpaqlarını sürətlə işğal etməyə başladılar. 1993-cü ildə Azərbaycan yanırdı".

Belə bir vaxtda xalqın təkidli tələbi və iqtidarın məcburiyyət qarşısında qalaraq davamlı xahişi ilə Heydər Əliyev Bakıya gəldi. Yaranmış acınacaqlı vəziyyətdə günahı olan iqtidar sahibləri ölkəyə rəhbərlik etməyə mənəvi haqlarını itirdiklərinə görə bir-birinin ardınca istefaya gedir və vəzifələrini "dondururdular". Ölkədə və hakimiyyətdə ağlasığmaz dərəcədə baş alıb gedən bu xaos və gərginliyə baxmayaraq, ulu öndər Heydər Əliyevin Bakıda olması respublika əhalisində gələcəyə böyük ümidlər yaradırdı və xalq Heydər Əliyevi tezliklə yüksək vəzifədə görmək istəyirdi.

Bax, belə bir siyasi, sosial, iqtisadi və hərbi böhran şəraitində - 1993-cü il iyunun 15-də Heydər Əliyev ölkənin ali qanunvericilik orqanına sədr seçildi. Xalqın tələbi ilə hakimiyyətə bu qayıdışın dövlətçiliyimiz üçün misilsiz faydası oldu. Bu tarixi qayıdış, sözün həqiqi mənasında, Azərbaycan dövlətçiliyinin və millətimizin qurtuluşu oldu və xalqın öz seçimində yanılmadığı təsdiqini tapdı. Heç də təsadüfi deyil ki, sonralar xalqın müxtəlif təbəqələrinin nümayəndələri Milli Məclisə müraciət edərək öz istək və arzularının nəzərə alınmasını və bu günün Azərbaycan xalqının milli qurtuluş günü elan edilməsini tələb edirdilər. Tale elə gətirdi ki, iyunun 17-də parlamentdə çıxış edərək belə bir qərarın qəbul edilməsini təklif etmək mənə qismət oldu. Bundan 10 gün sonra, yəni 1997-ci il iyunun 27-də Milli Məclisin 45 deputatının çıxışında da bu təklif dəstəkləndi və həmin gün Milli Məclisin qərarı ilə 15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü elan olundu.

Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra AXC-Müsavat cütlüyündən miras qalmış xaos və anarxiya, Azərbaycanın dünya xəritəsindən silinməsi xülyası qısa zamanda aradan qaldırıldı. Bir sözlə, ulu öndərin Naxçıvanda başladığı milli qurtuluş savaşının əsl zəfər yürüşü başlandı. Tezliklə separatçıların respublikanı parçalamaq kimi məkrli niyyətlərinə layiqli cavablar verildi. Ordu quruculuğu sahəsində mühüm işlər görüldü. Cəbhədə atəşkəs elan olundu. Dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Bununla da ölkəmiz və xalqımız müstəqil respublikamızın məhv olmasından və milli mənafelərimizə zidd olan meyillərdən qurtuldu və yeni inkişaf mərhələsinə qədəm qoydu.

Görkəmli dövlət xadimi, bütün türk dünyasının ən nadir tarixi simalarından sayılan Heydər Əliyevin rəhbərliyi ilə respublikamız dünyanın tanınmış neft şirkətləri ilə "Əsrin müqaviləsi" və digər kontraktlar imzaladı, qədim İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. İqtisadiyyatın və həyatın bütün sahələrində islahatlar, tərəqqi və dirçəliş başladı.

1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu yeni tarixinə yeni eranın başlanğıcı kimi daxil oldu. Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə qoca Qafqazın bu bölgəsində yeni bir siyasi dövr, yeni təfəkkür mərhələsi başlandı. Ölkəmiz tezliklə vahid Avropa ailəsinə qəbul edildi, cəmiyyətin demokratikləşməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində səmərəli tədbirlər həyata keçirildi. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi daxil olmasına əsaslı təminat yaratdı. Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi: "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev o dövrdə baş verən hadisələri belə xarakterizə edir: "1993-cü ildə ölkəmizin düşdüyü ağır vəziyyət ölkə həyatının bütün sahələrinə mənfi təsir göstərirdi. Tənəzzülün nəticələrini aradan qaldırmaq, sabitliyə nail olmaq, əlbəttə ki, böyük siyasi təcrübə, bacarıq, cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyevin qətiyyəti, onun siyasi müdrikliyi, dünyadakı nüfuzu, cəsarəti və təcrübəsi, Azərbaycan xalqının Heydər Əliyev siyasətinə öz dəstəyini verməsi bu gün Azərbaycanı nəinki bölgədə, dünyada ən dinamik və sürətlə inkişaf edən ölkələrdən birinə çeviribdir".

Bugünün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi cənab İlham Əliyevin əlindədir. Möhtərəm Prezident və Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Respublikası misli görünməmiş sosial-iqtisadi inkişafa nail olmuş, regionda beynəlxalq aləm tərəfindən tanınan lider ölkə statusunu qazanmışdır. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində özünəməxsus xüsusi yeri olan önəmli bir ölkədir. Respublikamızda çox uğurla həyata keçirilən iqtisadi siyasətin nəticəsidir ki, dünyada tüğyan edən qlobal iqtisadi və maliyyə böhranının Azərbaycana təsiri o qədər də hiss olunmur və başqa ölkələrdən fərqli olaraq, respublikamızda dinamik və sürətli artım davam edir. Böyük maliyyə tutumlu layihələr həyata keçirilir, investisiya qoyuluşu daha da genişlənir, əhalinin sosial rifah halı yaxşılaşır. Heç də təsadüfi deyildir ki, məşhur beynəlxalq iqtisadi və maliyyə qurumları Azərbaycanın dünya iqtisadi böhranı şəraitində də dinamik artım əldə etməsini dəfələrlə yüksək tribunalardan bəyan etməklə ölkəmizi başqalarına nümunə göstərir, respublikamızın hələ bundan sonra da bir çox inamlı nailiyyətlərə imza atacağını məmnunluqla qeyd edirlər. 2009-cu ildə ölkəmizdə 9,3 faiz iqtisadi artımın əldə edilməsi Heydər Əliyevin siyasi kursunun daha bir təntənəsi kimi qəbul edilməklə onun uğurla həyata keçirilməsinin əyani sübutudur.

Bu gün bütün Azərbaycan vətəndaşları Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi - Prezident İlham Əliyevin siyasi və iqtisadi kursu sayəsində ölkəmizin XXI əsrdə daha yüksək zirvələr fəth edəcəyini görür və buna qəlbən inanırlar!

 

 

Eldar İBRAHİMOV,

Milli Məclisin Aqrar

siyasət komitəsinin sədri, professor

 

Azərbaycan.- 2010.- 13 iyun- S.  1, 4.