Milli Qurtuluş Günü bir tərəfdən Heydər Əliyev əzəmətinin və qüdrətinin, digər tərəfdən Azərbaycan xalqının müdrikliyininsiyasi kamilliyinin təntənəsidir

 

Bu fikir Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Qurtuluş-17" adlı konfransda səslənmişdir

 

İyunun 12-də "Hyatt Regency-Naxçıvan" mehmanxanasında Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Qurtuluş-17" mövzusunda konfrans keçirilmişdir.

Konfransda YAP İdarə Heyəti və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, nazirlik və komitə rəhbərləri, digər siyasi partiyaların nümayəndələri iştirak etmişlər.

Konfransı açan YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə tarixi qayıdışının 17-ci ildönümünün ölkənin hər yerində qeyd edildiyini vurğulayaraq, bildirmişdir ki, 15 iyun - Milli Qurtuluş Günü bir tərəfdən Heydər Əliyevin əzəmətinin və qüdrətinin, digər tərəfdən Azərbaycan xalqının müdrikliyininsiyasi kamilliyinin təntənəsidir.

Əli Əhmədov qeyd etmişdir ki, Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər Azərbaycan tənəzzül etməkdə olan bir ölkə kimi tanınırdısa, bu gün o, bütün dünyada ən yüksək sürətlə inkişaf edən iqtisadiyyata malik bir dövlət kimi qəbul olunur.

YAP sədrinin müavini demişdir: "Ümummilli lider Heydər Əliyevin möhtəşəm qayıdışı Azərbaycanın bir ölkə olaraq həyatının tamamilə dəyişməsi ilə müşayiət edildi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanın keçdiyi yola nəzər salsaq, ölkəmiz hərtərəfli iflas və tənəzzül yolundan ümummilli liderin müəyyənləşdirdiyi siyasətin təsiri altında inkişaf, tərəqqi və yüksəliş dövrünə qədəm qoydu".

Natiq vurğulamışdır ki, Heydər Əliyevin hakimiyyətə qayıdışının 17-ci ildönümü həyatımızın bütün sahələrindəki inkişaf, tərəqqi, yüksəlişlə müşayiət olunur. Xalqımız xoşbəxtdir ki, 17 il öncə Heydər Əliyevin möhtəşəm qayıdışı ilə əsası qoyulan inkişafın böyük mərhələsini keçərək yüksələn, müasirləşən, yeniləşən bir Azərbaycan kimi özünü tanıda bilmişdir. Azərbaycanın müasir tarixinin ən əzəmətli hadisəsi Heydər Əliyevin qayıdışında özünü ehtiva edən qurtuluş məfkurəsi ilə əlaqədardır.

Əli Əhmədov 17 ildə Azərbaycanın çox böyük uğurlara imza atdığını, xalqda gələcəyə dərin inam hissinin formalaşdığını qeyd etmişdir. Qurtuluş Azərbaycana nə verdi sualına cavab axtararkən ölkəmizin bugünkü həqiqətlərini, mənzərəsini, vətəndaşlarımızın əhval-ruhiyyəsini, bütövlükdə Azərbaycanın yaxşı gələcəyi üçün yaradılan imkanları göstərmək lazımdır. Ötən 17 ildə Azərbaycan fəlakətlərdən, hərtərəfli iflasdan geniş inkişaf yoluna çıxaraq sabitliyin təmin olunduğu, iqtisadiyyatı sürətlə inkişaf edən, dünyada rolu durmadan artan bir ölkə kimi özünü təsdiq etmişdir. Bütün bunlar Heydər Əliyev qətiyyətinin, müdrikliyinin bəhrəsidir. Bütün bunlara çatmaq üçün Azərbaycan 17 illik bir yol keçmişdir. Bu illər ərzində keçilən yolun dəyəri, görülən işlərin miqyası 17 ilə çox çətinliklə sığışır.

YAP-ın icra katibi Azərbaycan vətəndaşlarının Heydər Əliyev şəxsiyyətinə ehtiramlarını həmişə ifadə etdiklərini diqqətə çatdıraraq demişdir: "Azərbaycan vətəndaşı istər Heydər Əliyevin doğum günü, istər ümummilli liderin möhtəşəm qayıdışı günü, istərsə də hər hansı bir gündə ulu öndərin şəxsiyyətinə ehtiramını, hörmətini ifadə edir".

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə 1993-cü ilin mayiyun aylarının həm faciəvi, həm də məsuliyyətli bir dövr olduğunu ifadə etmişdir. Qeyd etmişdir ki, Azərbaycan parçalanaraq məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri Azərbaycana qarşı ərazi iddiaları üçün əlverişli şərait əldə etmişdilər. Ayaz Mütəllibovun hakimiyyəti dövründə ağır olan vəziyyət 1992-ci ildə AXC-Müsavat iqtidarının dövründə fəlakət həddinə yaxınlaşmışdı. Cəmiyyətdə mənəvi aşınma prosesi başlanmış, insan hüquqlarının tapdanması, başqa cür düşünənlərə fiziki təzyiq göstərilməsi adi hal almışdı.

1993-cü ilin əvvəlində səriştəsiz rəhbərlik nəticəsində həyatın bütün sahələrini böhran bürüdüyünü, müstəqilliyimizin süquta uğramaq təhlükəsi ilə üzləşdiyini bildirən A.Rəhimzadə ölkədəki xaos və anarxiyanın son akkordunun Gəncə hadisələri olduğunu xatırlatmışdır. Gəncə hadisələrindən iki gün keçməsinə baxmayaraq, rəhbərlikdəkilərin vəziyyət haqqında heç bir xəbəri yox idionlar prosesləri idarə edə bilmirdilər. Real təhlükə təkcə dövlətçiliyimizə deyil, həm də hər bir vətəndaşa qarşı yönəlmişdi. Əhali evdən bayıra çıxa bilmirdi. Xarici havadarlarının köməyi ilə cənubda "Talış-Muğan Respublikası" yaratmağa cəhd göstərilir, şimalda separatçılıq meyilləri güclənirdi. Cəmiyyətdə böyük bir ümidsizlik yaranmışdı.

Bu faciəli günlərdə xalq gözünü böyük oğlu, daim qəlbində və yaddaşında yaşatdığı Heydər Əliyevə dikmişdi. Xalqın yaddaşında Heydər Əliyev təkcə ötən əsrin 70-80-ci illərindəki quruculuq fəaliyyəti ilə deyil, eyni zamanda blokada şəraitində yaşayan Naxçıvandakı gördüyü işlərlə yaşayırdı və onlara Azərbaycanın gələcəyinə ümidlə baxmağa əsas verirdi.

Ziyalılar, sadə əmək adamları Naxçıvanda ulu öndəri ziyarət edir, onu hakimiyyətə qayıtmağa çağırırdılar. 1992-ci ilin oktyabrında Azərbaycan ziyalıları ona müraciət edərək ulu öndərin rəhbərliyi ilə siyasi partiya yaradılmasını təklif etdilər.

Qeyd olunmuşdur ki, xalqın təkidli tələbi və iqtidarın dəfələrlə xahişindən sonra Heydər Əliyevin iyunun 9-da Bakıya gəlişi əslində iqtidarın süqutunu bəyan edən hadisə idi.

İyunun 13-də Milli Məclisin iclasında Heydər Əliyevin Gəncəyə getmək barədə təklifi o dövr üçün son dərəcə təhlükəli və eyni zamanda, cəsarətli bir addım kimi qiymətləndirilməlidir.

Bir gün sonra Gəncədən qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu gün Azərbaycan üçün əsl qurtuluş günü oldu.

Heydər Əliyevin dühası, qlobal inkişaf meyillərini əvvəlcədən görmək, öz ölkəsinin dünya birliyində rolunu, yerini və imkanlarını dəqiq müəyyənləşdirmək qabiliyyəti, güclü şəxsi nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı Azərbaycanın başının üstünü alan təhlükələri aradan qaldırdı.

Qanunsuz silahlı birləşmələr və quldur dəstələri ləğv edildi, vətəndaş müharibəsi dayandırıldı, ordu yaradıldı. Dövlət çevrilişi cəhdlərinin, terror aktlarının qarşısı alındı. Asayişqayda-qanun bərqərar edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Azərbaycanın haqq səsi dünya birliyi tərəfindən dəstəkləndi və ölkənin dünya birliyinə fəal inteqrasiyası başlandı. İdarəetmə sistemi yaradıldı və 1995-ci ildən başlayaraq iqtisadiyyatda, mədəniyyətdə dirçəliş dövrü yaşandı.

Ölkədə siyasiiqtisadi islahatlar aparıldı. Müstəqil dövlətimizin yeni Konstitusiyası qəbul olundu. Ölkədə dövlətçilik, azərbaycançılıq ideologiyası formalaşdı.

Arif Rəhimzadə vurğulamışdır ki, 2003-cü ildə İlham Əliyev Prezident seçildikdən sonra ölkənin inkişafında yeni mərhələ başlandı. Artan iqtisadi potensial və büdcə imkanları, dövlət bölmələrinin dəqiq fəaliyyəti, işçilərin ixtisas səviyyəsinin yüksəlməsi idarəçilikdə yeni ideya və yanaşmaların tətbiqinə, iqtisadiyyatın üstün istiqamətlərində dövlət təsirini gücləndirməyə imkan verdi. Bir neçə il ərzində həyata keçirilən dövlət proqramları bütün sahələrdə misli görünməmiş sürətli inkişafı təmin etdi.

Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə ikinci gəlişi Azərbaycanın siyasi, iqtisadi, mədəni inkişafında yeni dövrün başlanğıcı olduonun əsasını qoydu.

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Heydər Əliyevin Naxçıvan Ali Məclisinin Sədri seçildikdən sonra Azərbaycanın ayrılmaz hissəsi olan bu qədim torpağın xilası üçün atdığı addımları xatırlatmışdır. Bildirilmişdir ki, Naxçıvanın çətin bir vəziyyətdə olduğu dövrdə Türkiyə və İranla danışıqlar aparan ulu öndər Naxçıvan əhalisini soyuqdan və aclıqdan məhv olmaqdan xilas etdi: "İran və Türkiyə ilə danışıqlar aparan Heydər Əliyev bir sıra müqavilələr imzaladı və əhalini aclıqdan qurtardı. Halbuki Azərbaycanın o vaxtkı hakimiyyəti Naxçıvanı blokadaya almışdı".

Milli Qurtuluş Gününün əhəmiyyətini qeyd edən E.İbrahimov demişdir ki, 15 iyun olmasaydı, nə digər bayramlar, nə də müstəqil Azərbaycan olardı: "Mən Heydər Əliyevin tarixi qayıdışı üçün müraciət edən "91-lər" qarşısında baş əyirəm. Biz bu gün xoşbəxt, güclü bir Azərbaycanda yaşayırıq".

YAP İdarə Heyətinin üzvü, professor Şahlar Əsgərov Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda bütün sahələrdə inkişafın başlandığını vurğulamışdır. Bildirilmişdir ki, ümummilli liderin hakimiyyətə gəlişi ilə ölkədə siyasi, iqtisadi stabillik yaranmış və Azərbaycanın inkişaf dövrü başlanmışdır.

Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik, iqtisadi inkişaf, milli mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi ilə bağlı qiymətli kəlamlarını xatırladan professor vurğulamışdır ki, bu gün bizim əldə etdiyimiz uğurlar, nailiyyətlər görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlıdır. Hər birimiz həyatımızdakı inkişafa görə Milli Qurtuluş Gününə borcluyuq. Haqlı olaraq bu gün Azərbaycanın tarixində bayram kimi qeyd olunur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 13 iyun- S.  1, 2.