Heydər Əliyevin yeni neft strategiyası: qətiyyətin təntənəsi

 

Ulu öndər Heydər Əliyevin banisi olduğu Azərbaycanın yeni neft strategiyasından danışanda o zaman ölkədə, neft-qaz sənayesində gedən prosesləri xatırlamamaq olmur. 1980-ci illərin sonunda artıq qəbul edilirdi ki, müasir Qərb texnologiyalarını, avadanlıqlarını və böyük həcmdə tələb olunan maliyyə resurslarını cəlb etmədən Xəzər dənizinin dərin sularında yerləşən neft-qaz ehtiyatlarının kəşfiyyatını, işlənməsini təmin etmək mümkün olmayacaq. Hətta o da qəbul olunurdu ki, bu işlərin uğurla aparılması üçün mütləq tanınmış xarici şirkətlər də cəlb edilməlidir.

1990-1993-cü illərdə çoxsaylı xarici şirkətlərlə, maliyyə-kredit institutları ilə görüşlər keçirilirdi, danışıqlar aparılırdı, tenderlər, hətta bu tenderlərin qalibləri elan edilirdi, protokollar, memorandumlar, başqa sənədlər imzalanırdı.

Ancaq... Ancaq nəticə yox idi!

Nəticə deyəndə söhbət nədən gedir - imzalanmış və hüquqi qüvvəyə minmiş anlaşma, saziş, bunun davamı olaraq qoyulmuş sərmayələr, başlanmış işlər - bunlar yox idi.

Bunlar ola da bilməzdi, çünki o zamanlar hakimiyyətdə olanların arasında beynəlxalq iqtisadiyyatın, maliyyə-kredit sisteminin, ümumilikdə beynəlxalq siyasətin və konkret olaraq milli təbii ehtiyatların kəşfiyyatı, işlənməsində xarici şirkətlərin cəlb edilməsinin qanunvericilik, hüquqi, idarəetmə və s. əsaslarını, incəliklərini mükəmməl bilən, böyük təcrübəsi, beynəlxalq dairələrdə nüfuzu olan, millətin ehtiramına, inam və dəstəyinə arxalanıb, müsbət və mənfi məqamları, riskləri nəzərə alıb uzunvədəli neft-qaz strategiyasını, bu strategiya ilə bərabər və buna əsaslanan iqtisadiyyatın başqa sahələrinin inkişaf strategiyasının işlənməsini və həyata keçirilməsini təmin edə bilən, bu prosesi idarə edən, bunlarla bağlı bütün məhsuliyyəti öz üzərinə götürən siyasi lider yox idi.

1993-cü ilin iyun ayı...Faktiki olaraq Azərbaycanda vətəndaş müharibəsi başlayıb, Azərbaycan dövlət kimi parçalanma ərəfəsindədir. Ermənistanın Azərbaycana qarşı təcavüzü genişlənərək davam edir, bir sözlə, ölkə ictimai-siyasi, iqtisadi, maliyyə böhranındadır.

Bu gərgin şəraitdə xalqın təkidi ilə Azərbaycanda hakimiyyətə ümummilli liderimiz Heydər Əliyev gəlir.

Çoxları və birinci növbədə xarici neft şirkətləri onları dəstəkləyən dövlət və hökumətlər, beynəlxalq maliyyə qurumları gözləyirdilər ki, bu böhrandan çıxış olaraq xəzinəsində bir quruş parası olmayan və təcili maliyyə yardımına ehtiyacı olan dövlətin yeni rəhbərliyi Azəri-Çıraq-Günəşli neft yataqlarına dair kontraktın imzalanmasını məcburiyyət qarşısında tezləşdirəcək və...

Ancaq hadisələr başqa istiqamətdə inkişaf etdi... Xarici neft şirkətləri ilə danışıqlar faktiki olaraq dayandırıldı.

O zamano şəraitdə bu qərarı verən şəxs nə qədər səbirli, dözümlü olmalı idi, hansı iradənin sahibi olmalı idi - bunları bu gün də təsəvvür etmək adi insan üçün çox çətindir. Eyni zamanda, bu qərarı verən şəxsin nə qədər müdrik, uzaqgörən olduğunu sonrakı hadisələr göstərdi.

Azərbaycanın xarici neft şirkətləri ilə Azəri-Cıraq və Günəşli yatağının dərin sularda yerləşən hissəsinə dair sazişlə bağlı danışıqlara hazır olduğu ancaq 1994-cü ilin may ayında elan edildi. Sonrakı hadisələr göstərdi ki, bu 10 ay ərzində (iyul 1993 - may 1994-cü il) Azərbaycanın uzunvədəli, ancaq bir sazişlə, ancaq neftqaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi ilə məhdudlaşmayan, çoxşaxəli, onlarla illəri əhatə edən neft-qaz strategiyası üzərində gərgin işlər aparılmışdır.

İllər keçdikcə, ulu öndərin neft-qaz strategiyasının uğurlarını gördükcə, bu strategiyanın hüquqi, qanunvericilik, iqtisadi nəticələri, regional siyasətə, regionda, Avrasiya məkanında güclər balansına, geosiyasi tarazlığa təsirlər açıqlandıqca başa düşürsən ki, Heydər Əliyevin neft-qaz strategiyasını izah etmək, təhlil etmək bir adamın işi, bir yazı ilə əhatə olunan deyil.

Ancaq yeni neft strategiyasının böyüklüyü, zənginliyi ayrı-ayrı misallarda da göründüyündən, cəhd edib bəzi məqamlara toxunmaq mümkündür.

Azəri-Çıraq-Günəşli layihəsini əhatə edən sazişə dair danışıqlar zamanı xarici şirkətlər ən böyük risklər kimi bəzi məsələləri ortaya qoymuşdular (misal üçün Xəzərin delimitasiyası) və bəyan etmişdilər ki, saziş imzalansa da bu risklər onları qane edən şəkildə həll edilməyincə şirkətlərin sərmayə qoyub yataqların dəyərləndirilməsini, işlənməsini təmin edib, neft hasilinə başlamaq öhdəlikləri olmamalıdır. Bu risklərdən də ən önəmlisi kimi Xəzər dənizinin statusunun qeyri-müəyyənliyi göstərilirdi.

Vəziyyət o yerə gəlmişdi ki, 1994-cü ilin iyul ayından aparılan danışıqlar faktiki olaraq dayanmışdı və nəticə olaraq həmin dövrdə ARDNŞ-nin birinci vitse-prezidenti olan İlham Əliyev Vaşinqtonda ABŞ-ın yüksək səviyyəli rəsmiləri ilə görüşüb beynəlxalq hüquq normalarına, müvafiq sazişlərə və təcrübəyə əsaslanaraq bu tələbin əsassız olduğunu sübut edə bildixarici şirkətlər tələblərini geri götürməli oldular. Ancaq ümumilikdə götürəndə, problem var idi və gələcəkdə bu, kəşfiyyat və işlənmə işlərinin ləngiməsinə gətirib çıxara bilərdi.

Bəs çıxış yoluidi?

Azərbaycan tərəfinin təkidi ilə sazişdə mütləq bir şərt öz əksini tapdı: saziş qüvvəyə minəndən 30 ay ərzində xarici şirkətlər bu yataqlardan neft hasilatına başlamasalar, Azərbaycan tərəfi bu sazişə birtərəfli xitam verə bilər və xarici şirkətlər tərəfindən xərclənmiş vəsaitləri ödəmək öhdəliyi olmayacaq. Daha önəmli və strateji əhəmiyyətli gedişat ondan ibarət idi ki, sazişin adında və dəfələrlə mətnində də yazılmışdır: "...Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən... Azəri-Çıraq yataqları və Günəşli yatağının..."

20 sentyabr 1994-cü ildə bu sazişin təntənəli imzalanma mərasimində sazişi imzalayan şirkətlərin səlahiyyətli nümayəndələri ilə bərabər həm də onların təmsil etdiyi ölkələrin (ABŞ, Böyük Britaniya, Rusiya, Norveç, Türkiyə) yüksək rütbəli hökumət rəsmiləri var idi.

Şirkətlərin rəhbərləri "Əsrin müqaviləsi" kimi tanınmış sazişi imzalayandan sonra saziş hökumət rəsmilərinə (şahidlər qismində!) imzalanmaq üçün təqdim edildi.

Müvafiq prosedurlardan sonra bu saziş Milli Məclisdə ratifikasiya edilib hüquqi qüvvəyə mindi (faktiki olaraq-beynəlxalq saziş statusunda) və beləliklə, saziş əhatə etdiyi dəniz ərazisinin, bu yataqların Azərbaycana məxsus olması yeni tarixdə rəsmi, beynəlxalq sənədlə tanındı və bizim üçün həyati önəm daşıyan beynəlxalq hüquqi presedent yarandı. Bununla həm də Xəzər dənizinin delimitasiyasının sivil, beynəlxalq normalara, sazişlərə və təcrübəyə müvafiq şəkildə həll olunmasının təməli qoyuldu. Bu prosesin davamı kimi Rusiya, Qazaxıstan, Azərbaycan arasında Xəzər dənizinin delimitasiyasına dair iki və üçtərəfli sazişlər imzalandı.

Bir ticari sazişdən başlayaraq Azərbaycanın həyati maraqları üçün önəmli olan məsələnin beynəlxalq səviyyədə həllinə nail olmaq - bu, Heydər Əliyevin neft-qaz strategiyasının ancaq bir hissəsi, bir nümunəsidir. Və bu konkret misalda Azərbaycanın həyati maraqları deyəndə mən ancaq neft-qaz ehtiyatlarına mülkiyyət hüquqlarını, maraqlarını nəzərdə tutmuram. Söhbət həm də regionalgeosiyasi maraqlardan gedir.

Bir önəmli məqamı da hər zaman yadda saxlamalıyıq ki, neft-qaz strategiyası işlənilən zaman "Əsrin müqaviləsi"nə dair danışıqların getdiyi və həyata keçirilməsinin birinci mərhələlərində ölkədə həm də ictimai-siyasi sabitliyi təmin etmək, dövlətin bütövlüyünü, suverenliyini qoruyub saxlamaq, daxili, regional, beynəlxalq siyasətin prioritetlərini müəyyənləşdirmək və tətbiq etmək, bütün sahələri əhatə edən islahatlar proqramlarını hazırlamaq və həyata keçirmək..., biz sözlə, müstəqil, qüdrətli, zəngin Azərbaycanın əsaslı bünovrəsini qurmaq kimi çətin və şərəfli missiya da Heydər Əliyevin üzərinə düşmüşdür.

Heydər Əliyevin neft-qaz strategiyasının bir hissəsi olan "Əsrin müqaviləsi"nin Azəbaycan tarixində, iqtisadi inkişafında danılmaz yeri var. Bu haqda ölkə Prezidenti İlham Əliyev çox dəqiq deyib: "Əsrin kontraktı"nın Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt bizim nə imkanlarımız var idi, nə də vəsaitimiz. Ölkədə sənaye sahəsində hələ ki, tənəzzül yaşanırdı, iqtisadiyyat demək olar ki, çökmüşdü. Müstəqil ölkə üçün yaşamaq çox çətin idi. Müstəqilliyimiz demək olar ki, şübhə altında idi. Məhz o çətin illərdə Azərbaycana investisiyalar gətirmək, Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün münbit şərait yaratmaq, eyni zamanda Azərbaycanın dövlət maraqlarını tam şəkildə qorumaq böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. O vaxt Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı eyni zamanda bölgədə birmənalı qarşılanmırdı. "Əsrin kontraktı"nın imzalanması eyni zamanda böyük siyasi cəsarət tələb edirdi. Ancaq Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə biz ona nail ola bilmişik".

Yeri gəlmişkən, Prezident İlham Əliyev bir neçə il bundan əvvəl çıxışlarından birində deyəndə ki, Azərbaycan hasil etdiyi neft və qazı dünya bazarlarına artıq yeddi (!) boru kəməri vasitəsilə ixrac edə bilər, tədbirdə iştirak edənlərin bəziləri təəccüblə bir-birinə baxdı, bəziləri bunu tərcümə səhvi kimi anladı, bəzilərinin də ürəkləri qürurla doldu - bir neçə il bundan öncə dünya bazarlarına heç bir boru kəməri olmayan Azərbaycan bu gün istədiyi istiqamətdə, istədiyi istehlakçıya, məqbul bildiyi şərtlərlə neftini, qazını ixrac edə bilər. Şərtlər deyəndə söhbət ancaq ticari şərtlərdən getmir - bunlara həm də dövlətlər arasında münasibətlər, regional və beynəlxalq iqtisadi-siyasi əməkdaşlıq çərçivəsində baxılmalıdır. Əlbəttə ki, bu imkanlar Heydər Əliyevin neft-qaz strategiyasının və həmin strategiyanı məharətlə təkmilləşdirərək həyata keçirən Prezident İlham Əliyevin siyasətinin nəticəsidir.

"Əsrin müqaviləsi" imzalanmamışdan öncə xarici sərmayəçilər (söhbət milyardlarla ölçülən sərmayələrdən gedirdi) ən böyük risklər və qeyri-müəyyənliklər sırasında həm də açıq dənizlərə ixrac boru kəmərlərinin olmamasını görürdü.

Nəzərə alsaq ki, "Əsrin müqaviləsi" çərçivəsində yaradılmış Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 1995-ci ilin əvvəlindən fəaliyyətinə başladı və kontraktın şərtlərinə uyğun olaraq 1997-ci ilin ikinci yarısında artıq neft hasilatına başlamalı idi və təbii ki, bu neft dünya bazarlarına ixrac edilməli idi.

Çoxları inanmırdı ki, cəmi 30 ay içində, hətta hasil olunan neftin boru kəməri vasitəsilə sahilə nəql edilməsi təmin edilsə belə, bu nefti Qara dəniz limanlarına çatdıra bilən boru kəmərini tikmək mümkün olar. Artıq alternativ variantlar təhlil edilirdi - misal üçün neftin emal edilməsi və dəmir yolu vasitəsilə nəql edilməsi araşdırılırdı.

İqtisadiyyatın siyasi, siyasətin iqtisadi ölçülərini dərindən bilən və bunlardan məharətlə istifadə edən ulu öndərin qərarı ilə Rusiya ilə danışıqlara başlanıldı. Məqsəd Rusiyanın Volqaboyu, Ural və Qərbi Sibir neft yataqlarını Qara dənizdəki ixrac limanı Novorossiysklə birləşdirən boru kəmərlərindən, bu neftin bir hissəsini bir zaman Bakı emal zavodlarına çatdıran boru kəmərindən əks istiqamətdə (Bakı-Novorossiysk) istifadəsini təmin edən sazişlərin razılaşdırılması idi.

Danışıqlar çox çətin şəraitdə keçsə də (çətinliklər birinci növbədə Rusiya tərəfinin bu sazişlərlə Azərbaycan neftinin ixracını birdəfəlik ancaq öz kəmərlər sisteminə bağlamaqticari şərtlərin sazişlərin qüvvədə olduğu müddət ərzində dəyişmək hüququna malik olmaq istəyindən və bunların Azərbaycan nümayəndələri tərəfindən heç bir variantda və şəkildə qəbul etməməsindən yaranırdı) Heydər Əliyevin şəxsi müdaxiləsi nəticəsində ədalətli bir dövlətlərarası saziş imzalandı və bu gərgin prosesin sonunda - 1997-ci ilin axırlarında Bakı-Novorossiysk boru kəməri istismara buraxıldı. Bununla da həm ARDNŞ-nin, həm də ABƏŞ-in istehsal etdiyi neftin ixracı üçün yol açıldı!

Sözsüz ki, bunlarla bərabər Rusiya ilə siyasi, ticari münasibətlərdə də yeni imkanlar yaranırdı. Başqa bir önəmli məqam da qeyd edilməlidir: Azəri-Çıraq-Günəşli kontrakt sahəsində hasil edilən neftin Rusiya ərazisindən dövlətlərarası saziş (müvafiq dövlətdaxili prosedurları keçib qüvvəyə minəndən sonra bu saziş beynəlxalq saziş statusuna malik olmuşdur) çərçivəsində nəql və ixrac edilməsi faktı həm də Azərbaycanın Xəzər dənizinin delimitasiyasına dair beynəlxalq hüquq normalarına, beynəlxalq sazişlərə və təcrübəyə əsaslanan mövqeyinə de-fakto bir dəstək verirdi. Çünki adları çəkilən yataqlarda hasil edilən neft dövlətlərarası sazişlə tənzimlənən münasibətlər çərçivəsində iki dövlətin ərazisindən keçən boru kəməri vasitəsilə ixrac edilirsə deməli, bu yataqlar artıq mübahisə predmeti deyil!

Bakı-Novorossiysk boru kəmərində bərpa işləri hələ başlamamışdı. Ancaq ulu öndər tərəfindən ARDNŞ və ABƏŞ rəhbərliyinə Bakı-Xaşuri (Gürcüstan) neft məhsulları boru kəmərinin vəziyyətini öyrənmək (boru kəməri sovetlər vaxtında inşa edilmişdir, ancaq tamamlanmamış və istifadəyə verilməmişdir) və bundan istifadə edərək (lazım olan əlavələr ilə) Xəzər dənizini Qara dənizlə birləşdirən boru kəmərinin inşasına hazırlaşmaq göstərişi verildi. Bu qərar bəzilərini təəccübləndirdi, bəzilərinin (xarici şirkətlərin, maliyyə qurumlarının və s.) narazılığına səbəb oldu. Bunları da başa düşmək olardı. Təcrübədən məlum idi - gərək Bakı-Novorossiysk kəməri istismara buraxılsın ki, sonradan onun keçiriciliyinin artırılması imkanları öyrənilsin və təhlil edilsin, hasilat artdıqca addım-addım keçiricilik artırılsın. Buna da həm zaman, həm əlavə vəsait tələb olunacaqdı...

Ancaq bu layihə hələ heç istismara da buraxılmayıb, imkanları tam öyrənilməyib və bu zaman ən yüksək səviyyədə tələb olunur ki, istismarda belə olmamış boru kəmərindən istifadə edərək Qərbə boru kəməri çəkilsin, yeni nasos stansiyaları, Qara dəniz sahilində 100-150 min tonluq tankerləri qəbul edə bilən terminalliman inşa edilsin, Bakı-Novorossiysk xəttinin keçiriciliyindən artıq olan hasil ediləcək neft həcmləri bu kəmərlə ixrac olunsun.

Sonrakı hadisələr bu qərarın həm siyasi, həm iqtisadi cəhətdən nə qədər uzaqgörən və səmərəli olduğunu açıq-aydın göstərdi.

Bir sözlə, müvafiq dövlətlərarası, dövlət və şirkətlərarası sazişlər imzalandı, layihənin parametrləri, maliyyə mənbələri müəyyən edildi və 1997-ci ilin sentyabr ayında layihənin icrasına başlandı. 1999-cu ilin aprel ayında (850 km-yə yaxın uzunluğu olan) Bakı-Tbilisi-Supsa boru kəməri nasos stansiyalarla, Supsada inşa edilmiş terminallimanla təntənəli şəraitdə istismara buraxıldı.

Bu hadisədən cəmi 7 ay keçməmiş - 1999-cu ilin noyabr ayında İstanbulda Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinə dair dövlətlərarası saziş (buna əlavə edilmiş tranzit ölkələrinin hökumətləri və bu layihənin gələcək investorları, iştirakçıları arasında imzalanacaq sazişlərlə birgə) imzalandı. Bundan bir il keçməmiş Cənubi Qafqaz Qaz Boru kəməri layihəsinə (Azərbaycan qazını Azərbaycan və Gürcüstan ərazisi ilə Türkiyəyə və gələcəkdə başqa ölkələrə çatdıra bilən) dair Azərbaycan və Gürcüstan arasında dövlətlərarası saziş imzalandı və qısa müddətdən sonra eyni dəhlizdə yerləşən bu layihələrin icrasına başlandı.

Sadaladığım boru kəmərlərinə dair danışıqların aparılması, müvafiq sazişlərin imzalanması, qüvvəyə minmə zaman və tarixlərini təhlil edəndə görünür ki, bunların hamısı əvvəlcədən ölçülüb-biçilmiş, hesablanmış, uzunvədəli bir strateji planın tərkib hissələri idi.

Bu strateji plan və ümumiyyətlə, Heydər Əliyevin neft-qaz strategiyası o qədər məharətlə və bütün məqamları, o cümlədən mümkün ola bilən təzyiqləri, siyasi oyunları, təxribatları nəzərə alan, əsaslandırılmış şəkildə hazırlanıb həyata keçilirdi ki, bu planların, bu strategiyanın qarşısını heç kim ala bilmədi.

Heydər Əliyevin neft-qaz strategiyasının mərhələləri, gedişatları haqqında, bunun xalqımızın gündəlik həyatına, ölkəmizin ictimai-siyasi, iqtisadi inkişafına təsiri haqqında son illər ərzində saysız-hesabsız yazılıb, danışılıb. Bu məqalədə sadəcə, Azərbaycanın inkişafının əsasını təşkil edən Heydər Əliyevin yeni neft strategiyasının nə qədər çətinliklər, zəhmətlər hesabına hazırlanıb həyata keçirilməsinə dair ümumi məqamlar əksini tapıb. Ancaq zaman keçdikcə, onilliklər üçün planlaşdırılmış strategiyanın ildən-ilə artan və genişlənən, yeni-yeni sahələri əhatə edən nəticələrini gördükcə, yaşadıqca anlayırsan ki, təhlillər, tədqiqatlar davam etməlidir. Buna həm tarixi, yeni nəsillərin tərbiyəsi, təhsili, həm də ictimai-siyasi, iqtisadi inkişafımızın daha səmərəli şəkildə təmin edilməsi baxımından ehtiyac var.

Heydər Əliyevin neft strategiyasının uğurlarını Prezident İlham Əliyev daha məzmunlu və dolğun şəkildə ifadə edib: "Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və bu gün uğurla davam etdirilən Azərbaycanın neft strategiyası nəinki ölkəmizi tamamilə yeniləşdiribdir, eyni zamanda, bölgədə bizim imkanlarımızı gücləndiribdir və bizim müttəfiqlərimizin sayının artırılmasında önəmli rol oynayıbdır. Enerji təhlükəsizliyi, enerji diplomatiyası, bütün bunlar yəqin ki, növbəti illərdə də dünya gündəliyində duran vacib məsələlərdən biri olacaqdır".

 

 

Valeh Ələsgərov,

Milli Məclis Sədrinin müavini

 

Azərbaycan.- 2010.- 13 iyun- S.  3.