Azərbaycan xalqının Milli
Qurtuluş Günü ədliyyə orqanlarında geniş
qeyd olunmuşdur
1993-cü il iyunun 15-də müstəqil Azərbaycanın siyasi tarixinin çox əlamətdar günlərindən biri yaşanmışdır. Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdaraq həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas olub gələcəyə inamla baxan güclü və sabit bir dövlətə çevrildi.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, respublikamızda geniş qeyd olunan bu bayram münasibətilə nazirliyin rəhbər işçiləri Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək ulu öndərin xatirəsini ehtiramla anmış, abidəsi önünə əklil qoymuşlar. Sonra ümummilli liderimizin nazirlikdəki büstü önünə gül dəstələri düzülmüş, əziz xatirəsi yad edilmişdir. Mərasim iştirakçıları Heydər Əliyev muzeyində dahi öndərin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olmuş, nazirliyin kinozalında filmlərə baxmışlar.
Milli Qurtuluş Günü ilə bağlı nazirliyin bütün struktur qurumlarında tədbirlər keçirilmiş, əbədiyaşar lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən danışılmış, ulu öndərin siyasi kursunu və yüksək amallarını layiqincə yaşadan və davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün sahələrində qazanılmış böyük nailiyyətlərdən bəhs edilmişdir.
Dahi öndərin
müəyyən etdiyi inkişaf kursuna daim sadiq qalan ədliyyə
işçiləri müstəqil dövlətçiliyimizin
daha da möhkəmləndirilməsi və ölkəmizin hərtərəfli
inkişafı naminə bundan sonra da dövlət
başçısına layiqli yardımçı olmaq
üçün əllərindən gələni əsirgəməyəcəklərini
bildirmişlər.
Azərbaycan.- 2010.- 13 iyun- S. 4.