Daim zirvədə olan dahi şəxsiyyət

 

Danılmaz həqiqətdir ki, cəmiyyətin ümumi inkişafının sürətli xarakter almasında, milli tərəqqiyə xidmət edən dayanıqlı əsasların yaradılmasında, bütöv bir ölkənin, xalqın gələcək taleyini müəyyən edən qərarların qəbulunda lider amili mühüm rol oynayır. Yüksək xarizmaya, xüsusi idarəçilik keyfiyyətlərinə, hadisələri qabaqlayaraq onun gedişinə təsir göstərmək bacarığına malik liderin üzərinə taleyüklü və mürəkkəb mərhələlərdə daha böyük məsuliyyət və vəzifə düşür. Bəzən cəmiyyətin xilası, onun gələcək inkişafı lider faktorundan, onun qətiyyətindən, prinsipiallığından tam asılı olur. Yüksək intellektli liderlər həm də mənsub olduqları xalqın tarixi potensialına söykənərək onu daha böyük gələcəyə aparan milli ideyaların yaradıcısı kimi çıxış edirlər. Bu mənada ötən əsrin son onilliyində ikinci dəfə müstəqillik qazanan Azərbaycanın yeni bir formasiyada dövlətçilik ideyasının müəllifi olan, bu ideyanı həyatda uğurla reallaşdıran ümummilli lider Heydər Əliyev ölkənin tarixi ənənələri ilə modernizmin uğurlu vəhdəti əsasında demokratik dəyərlərə söykənən tərəqqinin, inkişaf strategiyasının əsasını qoydu.

Milli dövlətçiliyin qorunub saxlanması, möhkəmlənməsi, dünya birliyində öz layiqli yerini tutması, ən əsası isə xalqa xidmət missiyasını həyata keçirməsi ulu öndərin siyasi fəaliyyətində prioritet istiqamət olmuşdur. Bu məqsədlə Heydər Əliyev qurub yaratdığı dövlətin hərtərəfli inkişafı üçün iqtisadi, siyasi, hüquqi zəminin yaradılması, onun güclü daxili potensiala malik olması yönümündə də möhtəşəm nailiyyətlərə imza atmış, dövrün çağırışlarına adekvat reaksiya verərək Azərbaycanın dünyaya uğurlu inteqrasiyasını təmin etmişdir.

Siyasətdə uğurun təmin edilməsinin ən mühüm amillərindən olan ictimai inamı qazanmış Heydər Əliyev idarəçilik fəlsəfəsinin əsasında bütün hallarda xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin əxz olunması dururdu. İdarəçilikdə əsas ideya-siyasi istiqamətin bu zəminə söykənməsi təbii olaraq müstəqillik illərində milli şüurun yüksəlişində də özünəməxsus müsbət rol oynamış, suveren dövlətçilik ideyalarının geniş vüsət almasına böyük təkan vermişdir. Məhz elə bu da Heydər Əliyev dühasından, ulu öndərin fenomenal idarəçilik qabiliyyətindən, yüksək liderlik keyfiyyətlərindən xəbər verən daha bir göstəricidir.

Digər tərəfdən Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanın sıçrayışlı inkişaf dövrünə qədəm qoyması bir daha sübut etmişdir ki, lider amili bütün dövrlərdə fundamental rola malikdir. Lakin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ulu öndərin hakimiyyətə dönüşü təkcə iqtisadi, sosial sferada sürətli inkişaf, daxili siyasi sabitliyin yaranması, Azərbaycanın beynəlxalq birliyin həqiqi müstəqil subyektinə çevrilməsi ilə məhdudlaşmamış, milli, ideoloji zəmində də heyrətamiz nəticələrin əldə olunmasına, bəşəri idealların cəmiyyətdə daha sürətlə intişar tapmasına gətirib çıxarmışdır. Bununla da Azərbaycan Heydər Əliyev sayəsində nəinki 1990-cı illərin əvvəllərində hakimiyyətdə olan qüvvələrin sərişətəsizliyi ucbatından üzləşdiyi anarxiyadan, siyasi hərc-mərclikdən, çoxsaylı digər problemlərdən, ən əsası isə yenicə qazandığı suverenliyini itirmək təhlükəsindən xilas olmuş, eyni zamanda demokratik özüllər üzərində dayanan, Avratlantik məkana inteqrasiya kursu seçən dövlətçiliyinə qovuşmuşdur. Bununla yanaşı ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında əsl dönüş yaranmış, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır.

Azərbaycanın dünya dövlətləri arasında öz layiqli yerini tutması, çiçəklənən ölkəyə çevrilməsi üçün qədəm qoymağa hazılşadığı inkişaf yolunu isə ulu öndər belə xarakterizə etmişdir: "Biz Azərbaycanda demokratik, müstəqil respublika quraraq sivilizasiyalı cəmiyyət uğrunda mübarizə apararaq ümumi, dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından səmərəli istifadə olunarsa Azərbaycan həm tam müstəqil, demokratik dövlət olacaq, həm də cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq".

Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı üzləşdiyi təhlükədən qurtarmaqla bərabər özündə yeni siyasi, iqtisadi, hüquqi, ideolji, mənəvi zəmində fərqli bir situasiyanın formalaşması kimi olduqca geniş bir spektri əhatə etmişdir. Bu da öz növbəsində ən dəyərli milli sərvət hesab olunan müstəqilliyin əbədiliyini, dönməzliyini, sarsılmazlığını təmin etmişdir. Qeyd olunan nailiyyətlərin qazanılması mürəkkəb tarixi prosesləri realistcəsinə qiymətləndirən, geosiyasi hadisələrin axarında Azərbaycanın mənafelərinin qorunmasını praqmatik gedişlər hesabına təmin edən Heydər Əliyevin fitri istedadı, qətiyyəti, rasional addımları sayəsində mümkün olmuşdur. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra geosiyasi imkanlarını gerçəkləşdirməyə başlayan Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsinə son qoyulması ilə yanaşı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə əsl reallıqların da dünya ictimaiyyətinə çatdırılmasına start verilmişdir. Təcrübəli dövlət xadimi kimi xarici siyasət məsələlərinə həmişə xüsusi önəm verən ulu öndərin dünyanın müxtəlif ölkə və təşkilatlarında etdiyi cəsarətli çıxışlar, ən nüfuzlu beynəlxalq tribunalardan milli məqsədlər üçün məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin həm bu günü, həm də gələcəyi baxımından olduqca vacib əhəmiyyət kəsb edirdi. Nəticədə beynəlxalq miqyasda sözügedən münaqişəyə baxışların dəyişməsi dövrü başlanmışdır. Artıq Ermənistanın bu sahədə Azərbaycana tam diplomatik məğlubiyyəti dünyada qəbul edilən vacib reallıqdır. Heydər Əliyevin xarici sferada həyata keçirdiyi siyasətinin əsasını isə sülh, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət kimi fundamaental məsələlər, o cümlədən mehriban qonşuluq prinsipləri, qarşılıqlı surətdə faydalı əməkdaşlıq məsələləri təşkil etmiş, bu istiqamətdə də konkret addımlar atılmışdır.

Bundan başqa görülən tədbirlər sayəsində ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələrin ləğvi, vətəndaş müharibəsinin qarşısının alınması, nizami silahlı qüvvələrin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülməsi, hərbi nizam-intizamın möhkəmləndirilməsi Milli Ordunun formalaşdırılması işində də müstəsna rol oynamışdır. Milli Ordunun və silahlı qüvvələrin digər növlərinin formalaşdırılması, döyüş qabiliyyətlərinin yüksəldilməsi Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün daha etibarlı şəkildə qorunmasına yol açmaqla bərabər, xarici təhlükələrin qarşısının alınmasına mühüm töhfə vermişdir və bu da Heydər Əliyevin daha bir misilsiz xidmətidir.

İdarəçilikdə humanizm prinsiplərini daim rəhbər tutan Heydər Əliyev demokratik və sivil cəmiyyətin qurulmasının fundamental əsaslarından olan qanunun aliliyinin təmin edilməsinə də xüsusi önəm vermiş, bu kontekstdə hakimiyyət bölgüsünü xarakterizə edən islahatların həyata keçirilməsi istiqamətində konkret addımlar atmış, verdiyi fərmanlar və imzaladığı digər hüquqi sənədlərlə mülki cəmiyyətin formalaşmasında mühüm nailiyyətlər əldə olunmasını təmin etmiş, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Hüquqi sahədə görülən işlərdən, aparılan islahatlardan bəhs edərkən Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın ilk Konstitusiyası barədə xüsusi danışmaq lazım gəlir. Dövlətin idarə olunmasında hakimiyyət bölgüsünün Avropa təcrübəsinə uyğun paylaşdırılmasını özündə ehtiva edən Konstitusiya hüquqi, demokratik dövlət quruculuğu işində mükəmməl bir sənəd rolunu oynayaraq insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyətə malik bir sənəddir. Müasir tələblərə cavab verən dövlətçiliyin formalaşdırılması işində də mühüm əhəmiyyət daşıyan Konstitusiyada insan və vətəndaşın hüquq və azadlıqları, onların tanınması, müdafiə və təmin edilməsi qanunvericiliyin, onun tətbiq edilmə təcrübəsinin hüquqi xarakterinin əsas və təyinedici meyarı olaraq öz əksini tapmışdır. Bununla bağlı təkcə bir məqamı xatırlatmaq kifayətdir ki, Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olduğunu təsbit etmişdir. Ulu öndərin müəllifi olduğu Əsas Qanun cəmiyyətin bütün üzvlərinin statusunun əsasını da müəyyən edərək insanın əsas hüquq və azadlıqlarına ali hüquqi qüvvə verir. Konstitusiyanın mahiyyətində duran ən önəmli məsələlərdən biri hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna xidmət edən ideyaların varlığıdır. Beləliklə, siyasi liberallaşma, demokratik hüquqi dövlətdə yaşamaq idealının dayanıqlı əsaslar üzərində reallaşıdıralaraq dönməzliynin təmini Azərbaycan cəmiyyətində yaşanan sürətli tərəqqinin mahiyyət etibarilə yeni və tələb olunan keyfiyyət halına keçməsinə səbəb olmuşdur. Bu amil Heydər Əliyevin ideyalarının həyata keçirilməsi sayəsində Azərbaycanın sürətli intibahla xarakterizə olunan yeni bir tarixi mərhələyə daxil olmasının əsas göstəricisidir.

Ulu öndərin rəhbərliyi ilə Azərbaycanın sürətli tərəqqisini şərtləndirən mühüm cəhətlərdən biri iqtisadi sahədə aparılan islahatlar, özəlləşdirmə prosesinə start verilməsi, pay torpaqlarının ayrılması, xarici investisiyanın Azərbaycana gəlişini təmin edən strategiyanın həyata keçirilməsi, əcnəbi sərmayədarların yatırdığı vəsaitin ölkəyə gətirdiyi əmlakın qanunvericlik bazası əsasında qorunmasının təmin edilməsi, bu qəbildən sayılacaq digər amillərdir. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr idi. Bunun sayəsində makroiqtisadi sabitlik təmin edilmiş, hiper mərhələyə qədəm qoymuş inflyasiyanın qarşısı alınmış, ümumi daxili məhsulun dinamik artımına nail olunmuşdur. "Güclü iqtisadiyyatı olan dövlət hər şeyə qadirdir" deyən ulu öndərin həyata keçirdiyi siyasət nəticəsində ölkədə yaranmış daxili sabitlik və dünya miqyasında Azərbaycanın artan nüfuzu 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adı ilə yeni tariximizə düşən ilk transmilli xarakterli neft müqaviləsinin imzalanması ilə nəticələnmişdir. Buna qədər isə Azərbaycana kənar təzyiqlərin getdikcə artması fonunda müqavilənin imzlanması üçün aparılan danışıqları davam etdirmək ölkə iqtidarından ciddi siyasi iradə, əzmkarlıq tələb edirdi. Lakin prinsipial xarakterə malik ümummilli lider kənar maneələri mətinliklə dəf etdi, Qərbin aparıcı şirkətlərini bu müqavilənin perspektivinə inandıra bildi.

Belə bir müqavilənin imzalanması və müqavilədə ABŞ-dan, Avropadan, Asiyadan olan aparıcı transmilli şirkətlərin yer alması Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının möhtəşəm təntənəsi idi. İmzalanan neft müqaviləsi Azərbaycana milyardlarla dollar xarici sərmayənin gəlməsi, ölkənin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması sayəsində əldə olunan vəsaitin iqtisadiyyatın digər sahələrinin inkişafı üçün əsas bazislərdən biri kimi çıxış etməsi demək idi. Heydər Əliyevin neft strategiyasının əsas məğzini ölkənin malik olduğu bu və digər zəngin təbii sərvətlərindən xalqın rifahı naminə istifadə olunması, müstəqillyin əsas özüllərindən birini təşkil edən iqtisadi suverenliyin möhkəmləndirilməsi təşkil edirdi. Həyata keçirdiyi neft strategiyasının mahiyyətini açıqlayarkən, əvəzsiz təbii sərvətimiz olan neftin ölkənin iqtisadi inkişafındakı hansı rol oynayacağından danışarkən ulu öndər demişdi: "Azərbaycan dövləti 1994-cü ildən özünun yeni neft strategiyasını həyata keçirməyə başlayır. Bu strategiyanın əsas mənası, mahiyyəti və prinsipləri ölkənin təbii sərvətlərindən, o cümlədən neft və qaz yataqlarından Azərbaycan xalqının rifahı naminə daha səmərəli istifadə etməkdən ibarətdir".

Geosiyasi baxımdan kifayət qədər mürəkkəb vaxtda imzalanan "Əsrin müqaviləsi" Heydər Əliyev qətiyyəti sayəsində ərsəyə gəlməsəydi Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşası baş tutmazdı, Azərbaycanda hər hansı sürətli iqtisadi inkişafdan söhbət gedə bilməzdi. Aydın görünür ki, Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası üstündən illər keçməsinə baxmayaraq yenə də müasir inkişafın ideya özülünü təşkil edir və bu, ilk növbədə həmin ideyaların mahiyyətinin universal, qısa zaman kəsiyini əhatə etməyərək daha uzaq perspektivə hesablanmasından irəli gələn haldır. Bu isə Heydər Əliyev dahiliyinin daha bir parlaq göstəricisdir və bu fonda Azərbaycan xalqının müdrikliyi bir daha ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıdışı üçün təkidli israrında özünü büruzə verdi. Əslində o dövrdə Heydər Əliyevə qarşı çıxan qüvvələr özləri də yaratdıqları xaosda yeganə nicat yolunu ulu öndərin hakimiyyətə qayıdışında görürdülər. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı demişdir: "Azərbaycanda 1993-cü ildə böhran yarananda, bundan əvvəl Heydər Əliyevi Naxçıvanda hakimiyyətdən devirmək istəyənlər - o vaxtkı Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin rəhbərləri məcbur olub onu Bakıya dəvət etdilər. Ona görə yox ki, Azərbaycanın xilasının yalnız Heydər Əliyevlə bağlı olduğunu anladılar. Ona görə ki, onların özlərinin həyatı təhlükə qarşısında idi. Çünki onlara qarşı edilən hərəkətlər onları təşvişə salmışdı - bəziləri qaçıb gizlənmişdilər, bəziləri isə öz vəzifələrini dondurmuşdular.

1993-cü ildə Azərbaycanda yaşanan böhran, əslində gənc Azərbaycan Respublikasının müstəqilliyinə son qoya bilərdi. Biz bu acı tarixi artıq bir dəfə - 1920-ci ildə yaşamışdıq. O vaxt da cəmi iki il ərzində Azərbaycan müstəqil respublika kimi yaşaya bildi, ondan sonra süqut etdi. 1993-cü ildə eyni vəziyyət təkrarlana bilərdi. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində bunun qarşısı alındı, böhrana son qoyuldu, bütün qanunsuz silahlı birləşmələr tərk-silah edildi və ölkə inkişaf etməyə başladı. 1993-2003-cü illər bizim hamımızın yaxşı xatirindədir: sabitlik və inkişaf illəri, Azərbaycanın dirçəliş illəri, Azərbaycanın xarici mövqelərinin möhkəmlənməsi illəri, neft müqavilələrinin imzalanması illəri".

Heydər Əliyevin xalq qarşısında göstərdiyi misilsiz xidmətlər sırasında xüsusi diqqət çəkən məqamlardan biri ümummilli liderin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi, ölkə sərhədlərindən kənarda yaşayan soydaşlarımız da daxil olmaqla azərbaycanlılıarın vahid ideologiya ətrafında bir araya gəlməsi məqsədilə gördüyü işlərdir. Bu, bir tərəfdən soydaşlarımız arasında milli-mənəvi dəyərlər sisteminin yayğınlaşmasına xidmət edən mühüm addım idisə, digər tərəfdən yenicə müstəqillik qazanan bir dövlətin müasir dünya nizamının formalaşmasında heç də az rola malik olmayan diaspor, lobbi qüvvələrinin təşəkkül tapması demək idi. Heydər Əliyevin bu sahədə gördüyü işlər, atdığı konkret addımlar artıq öz bəhrələrini verməkdədir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, milli dirçəliş problemləri Heydər Əliyevin fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmiş, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında diasporun rolu qənaətbəxş səviyyəyə yüksəlmişdir. Daha bir mühüm faktor ondan ibarətdir ki, aparılan məqsədyönlü iş sayəsində dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaranmış və artıq bu məqsəd uğrunda mübarizə geniş vüsət almışdır. Ulu öndərin memarı olduğu Azərbaycan isə dünyanın müxtəlif ölkələrində məskunlaşan soydaşlarımız üçün güvənc, milli iftixar mənbəyinə çevrilmiş, vətəndən uzaqda vətən sevgisini daha da alovlandırmışdır.

Tarixi təcrübə belə bir həqiqəti də sübuta yetirir ki, varislik prinsipi gözlənilmədən dinamik inkişafa, xalqın rifahına xidmət edən ideyanın və ya ideyalar məcmusunun davamlı xaratker alması mümkünsüzdür. Yəni varislik prinsipi gözlənilmədiyi halda mövcud olan mütərəqqi ideya deqradasiyaya uğrayır, aşınmalara məruz qalır və beləliklə məhvə məhkum olur. Lakin xalqa, cəmiyyətə xidmət edən ideyaların sivil qaydada varislik prinsipi əsasında ötürülməsi cəmiyyətin inkişafı üçün vacib amildir. Sevindirici haldır ki, ulu öndərin ideyaları, inkişaf strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, yeni yüzillyin tələblərinə uyğun olaraq daha da zənginləşdirilir, dövlət başçısının yorulmaz və gərgin fəaliyyəti ilə ölkəmizin malik olduğu müasirlik, demokratiklik, hüquqilik, dünyəvilik kimi parametrlər daha da güclənir. Prezident İlham Əliyev əsrimizin praqmatik, rasional, mükəmməl dünyagörüşlü, çevik və təmkinli idarəetmə prinsiplərinə, dərin analitik təfəkkürə və məqsədyönlü, düşünülmüş siyasi iradəyə malik liderdir. O, milli birliyin, sabitliyin möhkəmlənməsinə, Azərbaycanın regional və beynəlxalq miqyasda nüfuzunun daha da artmasına nail olmaqla ulu öndərin dövlətçilik ənənələrini layiqincə yaşatmaqdadır. Onun rəhbərliyi altında həyata keçirilən siyasət sayəsində ölkənin kompleks inkişafı təmin olunmuş, sosial-iqtisadi, siyasi, hüquqi sahədə modern sistem qurulmuş, cəmiyyətdə demokratik dəyərlər daha geniş miqyasda bərqərar edilmiş və onların daim təkmilləşdirilməsi prioritet məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur.

Bütün bunlar Azərbaycan xalqının ulu öndərdən sonra özünə lider və dövlət başçısı kimi məhz cənab İlham Əliyevi seçməklə daha bir müdrik qərar qəbul etdiyini göstərməklə bərabər ölkənin qazandığı uğurların miqyasını da əhəmiyyətli dərəcədə genişləndirməkdədir.

Belə uğurların miqyası kifayət qədərdir. Konkret misal olaraq son altı ildə iqtisadi artım tempinə görə Azərbaycanın dünya dövlətlərinin reytinq cədvəlinə başçılıq etməsini, həyata keçirdiyi islahatlar baxımından beynəlxalq miqyasda nümunəvi bir dövlətə çevrilməsini, ötən il kulminasiya nöqtəsinə çatmış qlobal maliyyə böhranının təsirlərini uğurla neytrallaşdırmış çox az sayda dövlətlərdən biri olmasını və digərlərini qeyd etmək olar. Lakin cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan ən möhtəşəm nailiyyətlərdən biri Azərbaycanın iqtisadi sahədə keçid dövrünü tarix üçün elə də böyük olmayan zaman kəsiyində başa çatdırmasıdır. Halbuki postsovet məkanında mövcud olan ölkələrin əksəriyyəti iqtisadi keçid finişinə çatmaqdan hələ çox uzaqdır. Azərbaycan isə həmin ölkələrdən fərqli olaraq iqtitsadi keçid mərhələsini başa vurmuş, bazar iqtisadiyyatının prinsipləri ölkəmizdə bərqərar edilmişdir. Bununla əlaqədar Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş mərasimdə çıxışı zamanı demişdir: "Biz öz iqtisadiyyatımızı inkişaf etdiririk. Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq. Nəzərə alsaq ki, dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda aparılan islahatları çox yüksək qiymətləndirir. Müxtəlif hesablamalara görə Azərbaycan postsovet məkanında iqtisadi islahatlar və iqtisadi inkişaf baxımından birinci yerdədir. Mən hesab edirəm ki, artıq bu sahədə keçid dövrü başa çatıbdır".

İqtisadi sahədə keçid dövrünü müvəffəqiyyətlə başa vurmuş Azərbaycanda bu gün əhalinin maddi rifah halının yüksəldilməsi, sosial müdafiəsinin möhkəmləndirilməsi üçün real resursların dayanıqlı mənbəyi yaradılmışdır. Milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq, xalq amilinin hakim mövqeyə malik olması, qüdrətli və müasir Azərbaycanın yaradılmasını fəaliyyətində prioritet elan edən Prezident İlham Əliyev qarşıya qoyulan məqsədlərə nail olunması, ölkənin düynanın ən zəngin məmləkətlərindən birinə çevrilməsi istiqamətində göstərdiyi əzmkarlıq, yeni yüzillikdə ölkəmizin intibahının möhkəm əsaslarını yaratmışdır.

Fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirən cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin mahiyyətində duran önəmli cəhətlərdən biri Azərbaycanın öz inkişafında təkcə təbii sərvətlərdən yox, həm də malik olduğu digər potensialdan, elmi-texniki tərəqqinin nailiyyətlərindən, insan resurslarından faydalanmasıdır. Bu məqsədlə xüsusi diqqət yetirilən mühüm faktorlardan biri təhsilin, elmin inkişafıdır. Xatırlatmaq yerinə düşərdi ki, son altı ildə Azərbaycanda 1800-dən çox yeni məktəb tikilmiş, ali təhsil ocaqları üçün yeni korpuslar inşa olunmuş, yüzlərlə təhsil müəssisəsində təmir işləri aparılmışdır. Həyata keçirilən elm və təhsil islahatlarının davamlılığı, bu fonda insan kapitalının formalaşması Azərbaycanın qarşısında daha geniş inkişaf imkanları açır.

Ölkə başçısının iqtisadi potensialın intellektual kapitala çerilməsi sahəsində apardığı siyasət Azərbaycan xalqının digər nümayəndələri kimi ziyalı təbəqə, o cümlədən Bakı Dövlət Universitetinin müəllim və tələbə kollektivi tərəfindən də böyük məmnunluqla qarşılanır. Prezident İlham Əliyevin fəaliyyətinə yüksək qiymət verdiyi Bakı Dövlət Universiteti də intellektual potensialın formalaşdırılması prosesinə daim öz sanballı töhfəsini verməkdədir. Ötən ilin noyabrın 2-də Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı Prezident İlham Əliyev bu qocaman təhsil müəssisəsinin fəaliyyətini belə qiymətləndirmişdir: "Bakı Dövlət Universiteti Azərbaycanın inkişafı, Azərbaycanda təhsilin inkişafı, elmi potensialın gücləndirilməsi üçün çox mühüm rol oynamışdır. Bu rol bu gün də davam edir. Çox sevindirici haldır ki, Bakı Dövlət Universiteti bütün bu illər ərzində Azərbaycanda təhsil sahəsində öz aparıcı rolunu qoruyub saxlaya bilmişdir və bu gün bu rol daha da güclənir. Bu, bir daha onu göstərir ki, universitetin çox zəngin ənənələri, çox böyük potensialı, professor-müəllim heyətinin təcrübəsi, tələbələrin oxuması və təhsilə verdikləri önəm vardır".

Hazırda müasir inkişaf strategiyası əsasında demokratik, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin yaradılması, hər kəsin hüquq və azadlıqlarının qorunması, sərbəst iqtisadi münasibətlər sistemində azad insan faktorunun mövcudluğu, qarşıya qoyulan irimiqyaslı vəzifələrin yerinə yetirilməsində qazanılan uğurlar dünya miqyasında yüksək nüfuz sahibi, dahi şəxsiyyət ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır və Azərbaycanın parlaq gələcəyinin qarantıdır.

 

 

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinin

rektoru, akademik,

Milli Məclisin üzvü

 

Azərbaycan.- 2010.- 13 iyun- S.  6.