Milli mətbuatımızın xilaskarı

 

Heydər Əliyevin bütün siyasi və dövlətçilik fəaliyyəti çağdaş Azərbaycanın, xalqımızın, milli dövlətçiliyin inkişafı və möhkəmlənməsi tarixidir. Onun həyat və fəaliyyətinin xronologiyası böyük bir tarixi dövrün parlaq səhifəsini təşkil edir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər ölkəmizin iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi inkişafında yüksəliş, tərəqqi meyilləri ilə fərqlənir. O, Azərbaycan tarixində yeganə şəxsiyyətdir ki, keçmiş SSRİ kimi super dövlətin siyasi rəhbərlik zirvəsinə yüksəlmiş və dünyanın tanınmış dövlət və siyasi xadimləri sırasında ən görkəmli və böyük təsirə malik olan dünya şöhrətli lider olduğunu əməli fəaliyyəti ilə göstərmişdir. Bütün bunlarla yanaşı ulu öndərin zəngin tarixi, mütərəqqi ənənələri olan Azərbaycan milli mətbuatının təşəkkül tapmasında rolu danılmazdır.

 

Məhz ümummilli liderin sayəsində Azərbaycan milli mətbuatı ölkəmizdə həmişə qabaqcıl ideyaların carçısı, dövrün, ictimai-siyasi həyatın güzgüsü olmuşdur. Dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında və zənginləşməsində, Azərbaycan ədəbi dilinin inkişafında milli mətbuat müstəsna xidmətlər göstərmək iqtidarındadır.

Azərbaycanda demokratik, plüralist mətbuatın formalaşmasından, onun hüquqi normativ bazasının yaradılmasından, fikir və məlumat azadlığının təmin edilməsindən danışarkən ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. Azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və mətbuata çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativprinsipial müdaxilə - bütün bunlar Heydər Əliyevin azad sözə verdiyi qiymətin təzahürüdür.

Azərbaycan Respublikasının müstəqillik qazandığı və suveren dövlət quruculuğu prosesini yaşadığı müasir dövrdə kütləvi informasiya vasitələri, o cümlədən milli mətbuatımızın qarşısında tamamilə yeni vəzifələr dururdu. Lakin bu ümdə vəzifələri həyata keçirmək üçün böyük dəstəyə ehtiyac var idi. Dahi liderin müstəqil mətbuata göstərdiyi qayğı sayəsində kütləvi informasiya vasitələrinin (KİV) sivil, demokratik vətəndaş cəmiyyəti quruculuğunda, iqtisadisosial islahatların həyata keçirilməsində, cəmiyyətdə sosial ədalət və şəffaflığın təmin edilməsində, insan hüquqlarının müdafiəsində, həmrəylik və tolerantlıq mühitinin yaradılmasında, milli şüurun, siyasi mədəniyyətin və bütövlükdə sağlam mənəvi dəyərlərin formalaşması istiqamətində rolu artdı.

Məhz buna görə də, milli mətbuatımızın bərqərar olmasında Həsən bəy Zərdabinin adını iftixarla çəkdiyimiz kimi, müstəqil Azərbaycan mətbuatının tərəqqisi naminə ulu öndər Heydər Əliyevin yürütdüyü siyasəti böyük qürurla qeyd etməliyik. Ona görə ki, milli mətbuatımızın çiçəklənmə dövrü məhz 1993-cü ildən ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başlayıb. Azərbaycan 70 ilə yaxın SSR-nin tərkibində olarkən müstəqil mətbuat buxovlanmışdı. Çünki o zamanlar Azərbaycanda müstəqil mətbuata senzuralar tədbiq olunurdu. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda həm də müstəqil mətbuatın əsası qoyulub. Ancaq 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə gələn müdrik dövlət xadimi Heydər Əliyev uçuruma yuvarlanmaqda olan müstəqil Azərbaycan Respublikasını xilas etdi. Ulu öndər ölkə həyatının bütün sahələrində olduğu kimi, milli mətbuatımızda yaranmış problemləri də tədricən aradan qaldırmağa başladı. Ölkənin müvafiq qanunvericilik aktlarında dəyişikliklər aparıldı, Azərbaycan söz və mətbuat azadlığının təmin olunması ilə əlaqədar mövcud olan beynəlxalq konvensiyalara və sazişlərə qoşuldu.

Məhz həmin illərdə ulu öndər Heydər Əliyev informasiya və mətbuat azadlığına daha böyük meydan verdi. Görkəmli siyasi xadim Heydər Əliyevin atdığı ən böyük addımlardan biri də 1999-cu ildə "Kütləvi İnformasiya Vasitələri haqqında" Qanunu imzalaması oldubu sənədlə Azərbaycanda mətbuatın dövlət qeydiyyatı ləğv olunduyeni mətbuat orqanlarının təsis olunması proseduru xeyli asanlaşdırıldı.

Daha sonra "2000-2001-ci illərdə Kütləvi İnformasiya Vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı"nın 2000-ci il martın 6-da Heydər Əliyev tərəfindən təsdiq edilməsi ilə mətbuatın daha da inkişaf etdirilməsi üçün əlverişli şərait yaradıldı. Həmin proqramda jurnalist kadrları hazırlayan təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, kütləvi informasiya vasitələrinin istehsal və yayımla bağlı problemlərinin həll olunmasından ötrü əlaqələndirmə şurasının yaradılması və başqa mühüm məsələlərin həlli irəli sürülürdü.

2001-ci il dekabrın 18-də Prezident sarayında ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşən dövlət başçısı Heydər Əliyev demişdir: "Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi... Əgər bu gün hansısa yeni bir şey varsa, biz onu da edirik və edəcəyik".

2002-ci il mayın 11-də Heydər Əliyev "Çağdaş zəmanəmizdə milli mətbuatımızın üzərinə daha böyük vəzifələr düşürbiz əminik ki, bütün müsbət və mənfi tərəflərinə baxmayaraq mətbuatımız getdikcə daha da inkişaf edəcəkdir. Mətbuat cəmiyyətin güzgüsüdür və elə buna görə də bu sahədə çalışan qələm sahibləri bütün fəaliyyətləri boyu həqiqəti, doğruçuluğu, düzgünlüyüobyektivliyi başlıca meyar kimi qəbul etməli və buna əməl etməlidirlər. Belə olarsa ölkəmizdə həqiqətən də əsil azad, müstəqil mətbuat formalaşarbundan bütün xalqımız, ölkəmiz faydalanar" - deyə qeyd etməsi ilə KİV-in nə qədər böyük gücə malik olduğunu vurğuladığı kimi, həm də mətbuat işçilərini peşə doktrinalarına ciddi və məsuliyyətli şəkildə əməl etmələrini xatırlatdı.

Heydər Əliyev həm də jurnalistlərə qarşı səmimi münasibəti ilə seçilirdi. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev Azərbaycanda milli mətbuatın daha da inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə 2002-ci il martın 22-də "Ruh" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi "Jurnalistlərin dostu" mükafatına layiq görüldü. Heydər Əliyev "Sizi əmin edirəm ki, mən keçmişdə olduğu kimi, bu gün də jurnalistlərin dostuyam və həmişə jurnalistlərin dostu olacağam", - söyləmişdir.

Bu gün Prezident İlham Əliyev dövlət-mətbuat münasibətlərində Heydər Əliyevin siyasətini və ənənələrini uğurla davam etdirərək Azərbaycanda mətbuatın fəaliyyətinə normal şərait yaradılması, onun cəmiyyət həyatına təsirinin, demokratikləşmə proseslərində rolunun təmin edilməsi və artırılması, vətəndaşların və jurnalistlərin informasiya almaq hüququnun tam reallaşdırılması istiqamətində ardıcıl tədbirlərin görülməsi üçün müvafiq qurumların qarşısında konkret tələblər qoyub.

Ölkə başçısının diqqət və qayğısı sayəsində qloballaşmainformasiya əsrində bütün dövlət orqanlarının fəaliyyətində professionallıqla yanaşı şəffaflıq prinsiplərinə əməl edilməsi, onların ictimaiyyətlə əlaqələrinin fəallaşması üçün təsirli tədbirlər görülməsi halları genişlənmişdir. Hökumət səviyyəsində dövlət qurumları qarşısında KİV-lə normal, işgüzar münasibətlərin qurulması, jurnalistlərin informasiya almaq hüquqlarına hörmətlə yanaşılması, mətbuatla hərtərəfli əməkdaşlıq edilməsi vəzifəsi qoyulub. Bundan başqa mətbuatın müstəqilliyinin, maddi bazasının, maliyyə təminatının möhkəmləndirilməsində, jurnalistlərin peşəkarlıq səviyyəsinin, nüfuzunun yüksəldilməsində dövlətin maraqlı olduğu bəyan edilirbunun üçün konkret tədbirlər görülür.

İndi biz - kütləvi informasiya vasitələrinin təmsilçiləri qürur hissi ilə və iftixarla deyirik ki, bəli, ümummilli lider Heydər Əliyevin mübarizliyi, əzmkarlığı sayəsində ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi uğurla həyata keçirilir. "Ölkəmizdə siyasi plüralizmin tələblərinə dönmədən əməl edilir. Söz, fikir və əqidə azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin hərtərəfli inkişafı, onların sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradılması Azərbaycanın dövlət rəhbəri kimi mənim qarşımda duran mühüm vəzifələrdəndir" - deyən ümummilli lider Heydər Əliyev milli mətbuatımızın inkişafında əvəzedilməz xidmətlər göstərərək müvafiq sahədəki problemləri hələ vaxtında ardıcıllıqla aradan qaldırıb.

 

 

Müşfiq ƏMİROV,

Rabitə və İnformasiya

Texnologiyaları Nazirliyinin Mətbuat

Xidmətinin rəhbəri

 

Azərbaycan.- 2010.- 13 iyun- S.  6.