"Türk
dövlətçilik tarixində liderlərin rolu"
mövzusunda konfrans keçirilmişdir
"Türkiyə Universitetləri Məzunları" (TUMİB) və "Yeni Nəsil Azərbaycan Gəncliyi" (YNAG) ictimai birliklərinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Türk dövlətçilik tarixində liderlərin rolu" mövzusunda konfrans keçirilmişdir. Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra türk dövlətçilik tarixində əhəmiyyətli rol oynamış Mete xaqandan Atatürkə və Heydər Əliyevədək türk liderlərini əks etdirən videoçarx göstərilmişdir.
TUMİB-in baş katibi Rauf Əliyev bildirmişdir ki, 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn böyük öndər Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, yox olmaqdan xilas etməklə yanaşı dövlət quruculuğu prosesinə də başlamışdır. Bu məsələyə ümumilikdə türk dövlətlərinin gələcək birliyi və qarşılıqlı əməkdaşlığının inkişafı baxımından yanaşdıqda ulu öndər təkcə Azərbaycanı deyil, bütün türk dünyasının gələcək birliyinə pəncərə açmışdır. TUMİB-in sədri Çingiz Bayramov qeyd etmişdir ki, bəşəriyyət yaranandan bəri ulu Tanrı böyük türk millətini heç vaxt dövlətsiz və lidersiz qoymamışdır. Vurğulanmışdır ki, müasir türk dövlətçilik tarixində Mustafa Kamal Atatürk və Heydər Əliyev zirvələrinin özünəməxsus yeri vardır.
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev çıxışında türk mifologiyasından və dövlətçilik tarixindən ətraflı söz açmışdır. R.Mirzəyev qeyd etmişdir ki, Heydər Əliyev həmişə azərbaycanlı olmağı ilə fəxr etmiş və daim hər bir azərbaycanlıya öz Vətənini, millətini sevməyi aşılamışdır. YNAG-ın sədri Ruslan Rizayev, Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil üzrə müşaviri Halis Koyuncuoğlu, türkiyəli jurnalist-tədqiqatçı Səlcuk Düzgün, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, "Azərbaycan Gözdən Əlillər" Cəmiyyətinin sədri Səmyar Abdullayev diqqətə çatdırmışlar ki, atalarımızın bizə verdiyi ən böyük miras dövlətçiliyimizdir. Heydər Əliyevdən miras qalan dövlətçiliyimizi qorumaq isə biz gənclərin müqəddəs borcudur.
Orxan Qazi, Atatürk və Heydər Əliyev kimi şəxsiyyətlər Allahın türk xalqlarına bəxş etdiyi seçilmiş insanlardır. Türk dövlətçilik tarixində başbuğluk sistemindən, onun dövlətçiliyin möhkəmlənməsində və inkişafındakı rolundan danışılarkən vurğulanmışdır ki, müasir dövrümüzdə bu sistem Heydər Əliyevin timsalında uğurla davam etdirilmişdir. Çıxışlarda həmçinin, ulu öndərin fəaliyyətinin bütün dövrlərində milli mənəvi dəyərlərimizə ehtiramla yanaşdığı və hələ sovetlər dövründə bu dəyərlərə sədaqətini ən yüksək səviyyədə nümayiş etdirdiyi nəzərə çarpdırılmış, ümummilli liderin bizə bəxş etdiyi Milli Qurtuluş Gününün xalqımızın həyatındakı əhəmiyyəti barədə ətraflı məlumat verilmişdir. Tədbirin sonunda təşkilatçılar Milli Qurtuluş Günü münasibətilə xalqımızı təbrik etmişlər.
AzərTAc
Azərbaycan.- 2010.- 13 iyun- S.
6.