Söz, sənət bayramı
Dağlar diyarı bayram libası geyinmişdi. Təbiətin də gözəl çağıdır. Mahnı-musiqi hər yana səs salmışdı. Gədəbəy Rayon İcra Hakimiyyəti Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Qurtuluş Günü ilə əlaqədar söz-sənət bayramı keçirirdi.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoydular. Dahi rəhbərin adını daşıyan parkda kütləvi gəzinti başlandı. Hər yanda rayonun uğurlarını göstərən sərgilər, stendlər, gənc istedadların əl işləri, milli xörəklərin nümunələri diqqəti cəlb edir. Gədəbəy aşıqları bayrama xüsusi rövnəq verirlər. Ölkəmizin tarixi barədə məlumatlar verilir, müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri haqqında xatirələr dilə gəlir.
Kütləvi tədbir rayon mədəniyyət sarayında davam etdirilir. İcra hakimiyyətinin başçısı Kamran Rzazadə xalqımızın ümummilli lideri Heydər Əliyevin şərəfli həyat yolundan, ölkəmizin müstəqillik yoluna çıxmasındakı əvəzsiz xidmətlərindən, xüsusən AXC-Musavat iqtidarı dövründə az qala qardaş qırğını səviyyəsinə çatmış qan-qadadan xilas edilməsindəki qüdrətindən danışdı.
Əməkdar incəsənət xadimi Nəriman Həsənzadə, şairlərdən İlyas Tapdıq, Ağacavad Həsənli, Taleh Həmid azadlığı, tərəqqini, milli müstəqilliyimizi tərənnüm edən şeirlərini oxudular.
Meydan musiqiyə verildi. Dövlət Mahnı və Rəqs Ansamblının, "Qaya" vokal kvartetin kollektivlərinin bir-birindən şux ifaları dinlənildi. Gənc müğənnilər Babək Niftəliyev, Arzu Əliyeva, aşıq Nemət Qasımlı və başqaları öz ifaçılıq məharətlərini nümayiş etdirdilər.
Tədbirin sonunda qonaqlar aybaay, ilbəil gözəlləşən Gədəbəyin yeni obyektlərinə, elin ulu tarixindən xəbər verən bir-birindən əzəmətli abidələrə baxdılar.
Xalq şairi Nəriman Həsənzadə deyir ki, tarixi Qurtuluş Gününün müəllifi olan Heydər Əliyevin yolunu uğurla davam etdirən dövlət başçısı İlham Əliyev ölkəmizin dünya miqyasında layiqli yer tutması, eləcə də regionların sürətli inkişafı üçün çox böyük işlər görür. Biz bunu dağlar diyarı, qartallar məskəni, əsil qeyrət qalası sayılan Gədəbəyin də timsalında görürük. Baxdıqca iftixarla düşünürsən: Qurtuluş yolunun töhfəsi bax budur!
Əhməd İSAYEV
Azərbaycan.- 2010.- 13 iyun- S.
6.