Azərbaycan Respublikası prokurorluq orqanlarının nümayəndə heyəti Kazanda keçirilən beynəlxalq konfransda iştirak etmişdir

 

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətindən bildirmişlər ki, iyunun 3-4-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində MDB iştirakçısı olan ölkələrin ibtidai istintaq orqanlarının təmsilçilərinin terrorizm xarakterli cinayətlərin istintaqı ilə əlaqədar beynəlxalq elmi-praktiki konfransı keçirilmişdir.

Konfransda Rusiya Federasiyası Baş prokurorunun birinci müavini, RF Prokurorluğu yanında İstintaq Komitəsinin rəisi A.Bastrıkinin rəsmi dəvəti ilə Azərbaycan Respublikası prokurorluq orqanlarının nümayəndə heyəti iştirak etmişdir.

Konfransda RF Baş prokurorunun müavini E.Valeyev, RF Prokurorluğu yanında İstintaq Komitəsinin rəis müavini Y.Nırkov, Tatarıstan Respublikasının Baş naziri İ.Xalikov və digər rəsmi şəxslərin, eləcə də MDB iştirakçısı olan ölkələrin baş prokurorlarının müavinləri, həmçinin hüquq-mühafizə orqanlarının nümayəndələrinin məruzələri dinlənilmiş, terrorizm, separatizmekstremizm ilə mübarizə, terrorizmin maliyyələşdirilməsinin, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, terrorizm xarakterli cinayətlərin istintaq metodikası, töfsifi, mübarizə təcrübəsi üzrə müzakirələr aparılmış, Tatarıstan Respublikasının Daxili İşlər Nazirliyinin təlim mərkəzinin xüsusi təyinatlı dəstəsinin şərti terrorçuların dəf edilməsinə hazırlığı nümayiş etdirilmiş, hadisə yerinə baxış keçirilmiş və həmin istintaq hərəkətinin aparılmasının taktikası müzakirə olunmuşdur. Konfransın son günündə "dəyirmi masa" keçirilərək MDB iştirakçısı olan ölkələrin birgə istintaq-əməliyyat qruplarının yaradılması və fəaliyyət qaydaları layihəsi müzakirə edilmiş, konfransa yekun vurulmuşdur.

Konfransda Azərbaycan nümayəndə heyəti adından respublika hərbi prokurorunun müavini, ədliyyə polkovniki Şəfahət İmranov "Terrorizmseparatizm - problem və həll yolları" mövzusunda çıxış edərək hazırda RF-in Şimali Qafqaz regionunda mövcud olan separatizm hərəkatını pisləmiş, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində separatçı erməni qüvvələrinin Ermənistan Respublikasının vətəndaşları ilə birgə ölkəmizdə törətdikləri terror aktlarına toxunaraq məhkəmələrdə baxılmış müvafiq cinayət işlərindən misallar gətirmişdir. Ş.İmranov çıxışında Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş və hazırda nəzarətsiz qalmış ərazilərində terrorçu düşərgələrinin fəaliyyət göstərdiyini, narkotik vasitələrin qanunsuz dövriyyəsinin geniş yayılmasından əldə olunan vəsaitlərin terrorçuluğun maliyyələşdirilməsində istifadə olunduğunu konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.

Azərbaycan nümayəndəsinin çıxışı konfrans iştirakçılarının əksəriyyəti tərəfindən rəğbətlə qarşılanmış, problemlə bağlı əlavə informasiyaya görə təşəkkür bildirilmiş, separatizmlə terrorizmin eyni mənşəli olmaları qeyd edilmiş, onlara qarşı mübarizə metodları müzakirə olunmuşdur.

Azərbaycan Respublikası prokurorluq orqanlarının nümayəndələri konfrans çərçivəsində Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Tacikistanın nümayəndə heyətləri ilə işgüzar görüşlər keçirmiş, terrorizmə qarşı mübarizə və bu qəbildən olan cinayətlərin istintaq metodikası və istintaqın gedişində istifadə olunan müasir kriminalistik texniki vasitələrin əldə edilməsi və tətbiqi ilə bağlı fikir mübadiləsi aparmışlar. Eyni zamanda, Tatarıstan Respublikasının prokuroru K.Amirovun dəvəti ilə prokurorluğun, eləcə də RF Prokurorluğu yanında İstintaq Komitəsinin Tatarıstan Respublikası üzrə İstintaq İdarəsinin fəaliyyəti ilə tanışlıq olmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  13 iyun- S.  8.