Düşündürücü gülüş
Ömrünü mətbuata bağlayan gündən sözün sehrinə düşən Rüstəm Rüstəmovun imzası qəzet səhifələrində tez-tez görünməsə də, əslində, müasir jurnalistikamızın fədakar üzvlərindən biridir. Onu yaxından tanıdığımdan həmişə bir ifadəni çox rahat işlədirəm: mətbuat cəfakeşi. Qəzetdə qırx ildən çox çalışmağına baxmayaraq bu dünyadan yığdığı, topladığı varidat ancaq Sözdür. Qəzetimizin hər sayında imzası həmişə gözə dəyməyən, amma çapa hazırlanmasında əməyi, zəhməti, yuxusuz gecələri sıralanan çox dəyərli xidməti var.
Uzun illər qəzetimizdə məsul katib, indi də baş redaktor müavini kimi çalışır. Demək olar ki, hər gün Sözlə işləyir, Sözlə üzləşir, Sözlə mükafatlanır. Sevinc və kədərini də söz aləmində tapır. Beləliklə, ömrünü də Söz adlı dəyirmanda üyütməkdən yorulmur. Bizlər məqalə, oçerk yazanda Rüstəm Rüstəmov da onu narahat edən mövzularını gülüşün bəbəyinə sıxır. Baş verən xoşagəlməz əhvalatları, hadisələri, problemləri gülüşlə aradan galdırmaq istəyir. Rüstəm Rüstəmov novella vurğunudur. Özü də bu janrda maraqlı, oxunaqlı, yaddaqalan nümunələrini yaratmaqdadır.
Ədəbiyyata "Tövbə" kitabı ilə gələn Rüstəm Rüstəmov yumorlu qələm sahibi olduğuna məharətlə imza atdı. O, yolunu seçdiyi məşhur gülüş ustalarının yaradıcılıq missiyasını ləyaqətlə və özünəməxsus tərzdə davam etdirdiyini ədəbi zəhmətilə təsdiqlədi.
Müəllifin bu yaxınlarda çapdan çıxan "Söz var gələr keçər, söz var dələr keçər" yeni kitabı onu sevən, izləyən və gözləyən oxucuları üçün növbəti töhfəsidir. Kitabın adı da çox mətləblərdən və Sözün böyük qüdrətindən xəbər verir. Atalar söyləyib ki, "Xəncər yarası sağalar, söz yarası sağalmaz". Bu mənada müəllifin kitabında sözün seçdiyi hədəf konkret və dəqiqdir. Ona görə də Söz güllələrinin atəşi öz ünvanına birbaşa tuşlanır.
Yeni kitabda 31 hekayə və 1 povest toplanıb. Müəllifin qəhrəmanları kimdir? Onlar bizim hər
gün gördüyümüz
müxtəlif peşə
sahibləri olan, bəzən də aramızda, qonşuluğumuzda,
eləcə də bizimlə bir müəssisədə işləyən
insanlardır. Rüstəm Rüstəmovun müşahidə
etdiyi, gördüyü,
duyduğu nöqsanları,
bəzən də üzləşdiyi yalanları
tənqid etmək üçün qələmini
novella janrında məharətlə
işlədir. Müəllif əyriləri, fırıldaqçıları,
yaltaqları, şəxsi
mənafe naminə hər cür xəyanətə əl atanları gülməli vəziyyətə salaraq onları öz hərəkətləri, söhbətləri
ilə islah etməyə üstünlük
verir. Əməkdar jurnalist Rüstəm
Rüstəmovun gülüşü
faydalı və düşündürücüdür.
Bu mənada "Yol əhvalatı", "Qonşular",
"Diktafon xofu",
"Tələ", "Ayı
iynəsi", "Titul"
hekayələrində müəllif
sözün həqiqi
mənasında, gülüş
hədəfi seçdiklərindən
tənqidlə, təhqirlə,
ağıl verməklə
deyil, eləcə gülə-gülə ayrılır.
Bəzən də bu hekayələrdə qələmə
alınan əhvalatlar
sadəcə, danışılır,
müəllifin müdaxiləsi,
münasibəti duyulmur.
Nəticə haqqında düşünmək
oxucunun öz ixtiyarına verilir. Rüstəm
Rüstəmovun sözə
münasibəti çox
məsuliyyətlidir. Bu
mənada onun qələmindən çıxan
hər bir hekayənin öz məntiqi, öz ünvanı və məramı var. Bəlkə
də elə bu məziyyətlərinə
görədir ki, həmkarımızın yazdıqları
həqiqətən, arxiv
üçün yox, məhz tarix üçündür.
Müəllif nədən gülüşə
üstünlük verir? Kitabı oxuduqca
məqsəd aydınlaşır.
Gülüşün insan beynində
oyatdığı müsbət
emosiyalar danılmazdır.
Bunun da nəticəsində oxucuya nəcib, gözəl hisslər aşılanır. Müəllifin toxunduğu problemlərin bəzən dərin, ağrılı, bəzən
isə heç adi məntiqə sığmayan cəhətləri
duyulsa da, oxucu izlədiyi bütün hadisələrə
maraq göstərir.
Bu hekayələri oxuyarkən istər-istəməz
ən qaşqabaqlı
insanın da çöhrəsində bir
təbəssüm yaranır.
Ədəbiyyat tənqidçiləri söyləyirlər ki, kiçik hekayələrdə
böyük mətləblər,
məramlar ifadə etmək çox çətindir. Bu, yazıçıdan böyük
ustalıq və sənətkarlıq tələb
edir. Həmkarımızın kitabını diqqətlə
nəzərdən keçirdikdən
sonra mübaliğəsiz
bu nəticəyə gəlmək olar ki, Rüstəm Rüstəmov novella müəllifi
kimi üzərinə
düşən vəzifənin
öhdəsindən bacarıqla
gəlib. O, həm
janrın tələblərinə
əməl edib, həm də aktual mövzular tapıb. Hekayələr maraqla oxunur,
oxucu yorulmur. Müəllifin dil və üslubu xoşagələndir.
Hekayələrin qısa və
lakonikliyi, novellaların
gözlənilməz və
maraqlı sonluğu kitaba ümumi şirin ahəng gətirib. Bu səbəbdən də oxucu kitabı birnəfəsə oxuyub başa vurur. Bu dodaqqaçıran hekayələrin bir məziyyəti də onların sadə və estetik təsir gücünə malik olmasıdır.
Mənəvi dəyərlərimizin hifz edilməsi müəllifin əsas məramıdır.
"Düşmən ocaq başında" povesti ailə-məişət mövzusunda
qələmə alınıb. Bu hekayənin
əsas məramı qədim bir atalar sözünə söykənir: "Nə
tökərsən aşına,
o da çıxar qaşığına". Kitabda cərəyan
edən hadisələr
bir daha oxucunu dərindən düşündürür. Paxıllığın, gözügötürməzliyin,
ara vurmağın,
şərin-şəbədənin, yalanın axırı yoxdur. Müəllif bir neçə
ailənin və ayrı-ayrı personajların
simasında gənclərimizə
məhəbbətləri, həyat
uğrunda çarpışmaları
naminə mətin olmağın yollarını
bəyan edir. Əlbəttə, xoşbəxtlik, yaxşı ailə sahibi olmaq, cəmiyyətdə
yer tutmaq üçün hazır resept yoxdur. Amma mənəviyyatca zəngin,
daxilən güclü,
bilikli, savadlı, vətənpərvər, ağıllı
olduqca yaxşılıqlar
onun ünvanını
mütləq tapmalıdır.
Pisliklərin, nadanlığın aqibəti məğlubiyyətdir.
Bu mənada "Düşmən
ocaq başında"
povesti Rüstəm Rüstəmovun bir nasir kimi uğurudur. İnanırıq ki, ədəbi tənqid özünəməxsus
sadə və sakit yaradıcılığı
ilə qələm çalan həmkarımız
haqqında öz sözünü deyəcək.
Kitabın kitabının
bağlandığı bir
zamanda, çoxunun moşusayağı şairliklə
məşğul olduğu,
imkanlı "yazarlar"ın
ədəbiyyata hücum
çəkdiyi bu ziddiyyətli məqamlarda başını aşağı
salıb əsl qələm sahibi kimi fəaliyyət göstərən Rüstəm
Rüstəmovdan belə
ədəbi töhfələr
çox gözləyirik!
Əslində, Rüstəm Rüstəmov
kimi müəlliflərin
bu dünyadan və kimsədən elə böyük umacaqları da yoxdur. Onlara sadəcə olaraq,
adi diqqət və qayğı gərəkdir. Bir də
insafa gəlib yazdıqlarını oxuyaq.
Nə demək istədiklərini
anlayaq. Anlayaq ki, həyatımızın
ahəngi pozulmasın!
Anlayaq ki, doğru sözümüz
yerdə qalmasın! Yazdıqlarımızın, sözlə
portretini çəkdiklərimizin
mənası və nəticəsi olsun! Ətrafımızı bürümüş
problemlərdən, qayğılardan,
ağrı-acılardan qaşqabaqlı,
narazı, hirsli, hikkəli deyil, gülə-gülə, yumorlu
duyğularla ayrılaq!
Gülüşün yaratdığı gözəlliyin misli yoxdur. Gülüşün
bəxş etdiyi ləzzət də əvəzsizdir! Biz həmkarımıza
yeni uğurlar arzulayır, Azərbaycan nəsrinə mükəmməl
və müntəzəm
olaraq belə maraqlı əsərlər
bəxş etməyini
ürəkdən istəyirik!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2010.- 13 iyun- S.
9.