135 illik tarixin salnaməçisi - Azərbaycan mətbuatı
Dövlət milli
mətbuata qayğısını növbəti dəfə nümayiş etdirdi
İyulun 22-də Azərbaycan milli mətbuatının yaradılmasının 135 ili tamam olur. Azərbaycanın böyük ziyalısı və maarifçisi Həsən bəy Zərdabinin təşəbbüsü, vəsaiti və redaktorluğu ilə işıq üzü görmüş "Əkinçi" qəzetinin nəşrə başlamasından hesablanan bu tarix bəlkə də ümumilikdə dünya mətbuatı tarixi fonunda elə də qədim deyil. Amma ötən 135 ildə milli mətbuatımız elə bir zəngin inkişaf yolu keçmişdir ki, digər xalqların mətbuatına bu yolu qət etmək üçün əsrlər lazım olmuşdur.
"Əkinçi" və xalqın savadlanması, maariflənməsi üçün tanınmış aydınlarımız tərəfindən buraxılan digər nəşrlərin bir mühüm əhəmiyyəti də ondan ibarət idi ki, bu qəzet və jurnallar XIX əsr Azərbaycanında hökm sürən savadsızlığa və cəhalətə qarşı təsirli mübarizə vasitəsi, əvəzsiz tribuna idi. Xalqın oyanışından qorxan çar Rusiyasının yerli və mərkəzi orqanları isə ziyalılarımızı bu vasitə və tribunadan məhrum etmək üçün müxtəlif bəhanələrlə həmin nəşrləri uzun müddət çıxmağa qoymur, onların çapına qadağalar tətbiq edirdilər. "Əkinçi" kimi XIX əsr Azərbaycan mətbuatının sayı elə də çox olmayan qabaqcıl nümunələri məhz belə taleyi yaşamışlar. Bütün bu məhrumiyyətlərə baxmayaraq, sonrakı illərdə Həsən bəy Zərdabinin Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Ələkbər Sabir və başqa onlarla ardıcılları qarşılarına qoyduqları həmin müqəddəs missiyanın öhdəsindən ləyaqətlə gəlmişlər. Və bu gün XIX əsrin sonu, XX əsrin əvvəllərini tədqiq edən heç bir tarixçi inkar etməz ki, 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyətində müstəqil mətbuatın mövcud olması faktı məhz bunun nəticəsi idi.
Təəssüf ki, cümhuriyyətimiz kimi müstəqil mətbuat tariximizin də ömrü qısa oldu. Onun əvəzinə gələn kommunist mətbuatı isə çox keçmədi ideoloji rupora çevrildi. Bu da təsadüfi deyildi. Çünki kommunistlər mətbu sözün gücünə yaxşı bələd idilər. Böyük çar Rusiyasını kiçik "İskra"dan alovlandırıb külə döndərən kommunistlər öz imperiyalarının qurulmasında mətbuatın gücündən imtina edə bilməzdilər. Odur ki, 1920-1990-cı illər Azərbaycan mətbuatı əsasən Leninin müəyyənləşdirdiyi "kollektiv təbliğatçı, kollektiv təşviqatçı və kollektiv təşkilatçı" rolunu oynamışdır. Bununla belə, həmin mətbu nəşrlər arasında xalqın səsinə səs verən, problemlərini ictimailəşdirən, dövrün nöqsanlarını açıb göstərən, maarifçiliyi, müasirliyi təbliğ edən, ədəbi-bədii mühitə təsir edib onu formalaşdırmağı bacaran qəzet və jurnallarımız, eləcə də bu gün irsi məktəb sayılan, təcrübəsi öyrənilən jurnalistlərimiz az olmayıb.
Azərbaycan mətbuatının son dövrü isə bu günümüzlə bağlıdır. Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycan mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb və bu sənəddə mətbuatımızın keçmişinə qısa nəzər salmaqla, mövcud durumu da lakonik əks olunub. Sərəncam və ondan irəli gələn vəzifələr xalqımızın tarixində, müxtəlif inkişaf mərhələlərində gördüyü misilsiz işə, günümüzün özündə müstəqil Azərbaycanın həyatında oynadığı mühüm rola dövlətin, onun başçısının böyük önəm verdiyinin sübutudur. Bu sənədin imzalanması həmçinin bütün sahələrdə olduğu kimi, mətbuata münasibətdə də ulu öndər Heydər Əliyevin qoyduğu ənənələrin davam etdirildiyini, jurnalistlərin cəmiyyətin həyatındakı mövqeyinin, əməyinin yüksək qiymətləndirildiyini təsdiqləyir. Ümummilli lider isə jurnalist əməyinə belə qiymət vermişdir: "Jurnalistin əməyi qeyri-adi əməkdir, olduqca böyük, zəhmətli əməkdir, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən əməkdir".
Bəli, məhz bu cür əmək sayəsində xalqın, ölkənin tarixini yazmaq olar. Üzü "Əkinçi" və naşiri Həsən bəy Zərdabidən bəri Azərbaycan mətbuatı, onun tanınmış nümayəndələri bu missiyanı layiqincə yerinə yetirir. Ümumilikdə milli mətbuatımız hansı ideologiyanın hakim olmasına baxmayaraq, yarandığı XIX əsrin sonlarında da, bütün 20-ci yüzillik boyu da, yaşadığımız XXI əsrin geridə qalmış illərində də həqiqətin, ədalətin carçısı kimi dövrün problemini əks etdirmiş, qabaqcıl ideyaları yaymış, insanların maariflənməsində, milli-mənəvi dəyərlərin təbliğində müstəsna rol oynamışdır. Sərəncamda deyildiyi kimi: "Mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımız həmişə xalqımızın şanlı tarixinin güzgüsü olmuşdur. XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində "Əkinçi" ənənələrini davam etdirən "Ziya", "Kəşkül", "Şərqi-rus", "Həyat", "İrşad", "Molla Nəsrəddin" və digər nəşrlər insanları yüksək ideyalar uğrunda mübarizəyə səsləmiş, milli oyanış və özünüdərk prosesinin aparıcı nümunələri kimi tanınaraq şöhrət qazanmışlar. Azərbaycan mətbuatı xalqımızın azadlıq arzularının gerçəkləşməsinə, mənəvi dəyərlərinin qorunmasına, mədəniyyətinin tərəqqisinə, qabaqcıl ictimai fikrin, milli şüurun formalaşmasına böyük töhfələr vermişdir".
XX əsrin sonlarında Azərbaycan müstəqillik qazandıqdan sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul etdi. Bu səbəbdən də kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün şərait yaradılması prioritet vəzifə kimi müəyyənləşdirildi. Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və böyük zəhməti ilə plüralizm, söz və mətbuat azadlığına mane olan səbəblər (senzura) aradan qaldırıldı, kütləvi informasiya vasitələrini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı. Mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, iqtisadi müstəqilliyinin təmin edilməsi, jurnalistlərin azad fəaliyyət göstərməsi üçün şərait yaradılması da ulu öndərin rəhbərliyi altında həyata keçirildi.
2003-cü ilin sonlarından bu iş Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Cənab İlham Əliyev
dövlət başçısı kimi fəaliyyətə
başladığı ilk aylardan
dünyəvi demokratik dəyərlərə,
o cümlədən söz
və mətbuat azadlığına özünün
sədaqətini nümayiş etdirdi - kütləvi informasiya
vasitələrini əlavə dəyər vergisindən, keçmiş borclarından azad etdi, siyasi mövqelərindən
və mənsubiyyətlərindən asılı olmayaraq qəzet, jurnal
redaksiyalarına maddi yardımlar göstərdi,
qocaman qələm ustalarına, mətbuat
tədqiqatçılarına fərdi təqaüdlər,
jurnalistlərə isə mükafatlar verdi, ən nəhayət, Prezidentin
yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun yaradılması barədə sərəncam
imzaladı. Prezident İlham
Əliyev bu gün də
mətbuatın maddi-texniki bazasının
möhkəmləndirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin
stimullaşdırılması, dövlət orqanları
ilə mətbuat arasında səmərəli əməkdaşlığın
inkişafı, jurnalistlərin peşəkarlığının
və məsuliyyətinin artırılması üçün
daha münbit şəraitin
yaradılması, onların sosial
müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər
həyata keçirir. Bütün bunlara
cavab olaraq isə müasir Azərbaycan mətbuatı
sözügedən sərəncamda göstərildiyi kimi, demokratik cəmiyyət
quruculuğunda, sosial ədalət
və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və
tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin
inkişafında, milli-mənəvi və ümumbəşəri
dəyərlərin qorunub saxlanması və
təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə
sayəsində fəaliyyətini gücləndirməlidir.
Azərbaycan.- 2010.- 17 iyun- S.
1.