Azərbaycan və Çin arasında münasibətlər dinamik inkişaf edir

 

İyunun 16-da Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi komitəsinin üzvü, partiyanın nizam-intizam yoxlanışı üzrə Mərkəzi Komissyasının katibi He Quotsyanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.

Qonaqları Azərbaycanda görməkdən məmnun olduğunu bildirən Oqtay Əsədov iki ölkə arasında mövcud münasibətlərə və onların inkişafına toxundu. Milli Məclisin Sədri qeyd etdi ki, Azərbaycan Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi önəm verir. Prezident İlham Əliyevin 2005-ci ildə Çinə səfər etdiyini xatırladan Oqtay Əsədov həmin vaxt ikitərəfli əməkdaşlığa dair imzalanan sənədlərin dövlətlərarası münasibətlərin inkişafında xüsusi rol oynadığını vurğuladı.

Azərbaycan və Çin arasında iqtisadi və ticarət əlaqələrinə toxunan Milli Məclisin Sədri bu sahədə münasibətlərin daha da genişləndirilməsinin vacibliyini qeyd etdi: "İki ölkə arasında ticarət dövriyyəsinin indiki səviyyəsi Azərbaycanla Çinin malik olduğu potensiala cavab vermir. Ölkələrimiz ticarət dövriyyəsinin həcminin indiki ilə müqayisədə bir qədər də yüksəldilməsi üçün yetərli potensiala malikdirlər. O da sevindirici haldır ki, qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycan və Çinin iqtisadiyyatlarında artım davam edib". Oqtay Əsədov onu da bildirdi ki, dövlətlərarası münasibətlərin inkişafında hər iki ölkənin parlamentimühüm rol oynayır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə Çin dövlətinə təşəkkürünü bildirən Milli Məclisin Sədri sözügedən münaqişənin həlli məqsədilə BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamənin qəbul olunduğunu xatırlatdı. Oqtay Əsədov Tayvan məsələsində Azərbaycanın da Çinə dəstək verdiyini bir daha diqqətə çatdırdı.

Səmimi qəbula görə minnətdarlığını ifadə edən He Quotsyan Azərbaycana səfərlərinin Milli Qurtuluş Gününə təsadüf etməsindən, bu bayramın əhəmiyyətindən söz açdı. O bildirdi ki, məhz ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitlik, iqtisadi inkişaf, əhalinin maddi rifah halının yüksəlməsi dövrü başlanıb. Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasından sonra siyasi, iqtisadi, mədəni və digər sferalarda əlaqələrin inkişaf etdiyini qeyd edən qonaq ölkəmizin ərazi bütövlüyünün təmsil etdiyi respublika tərəfindən dəstəkləndiyini xüsusi vurğuladı. Bildirdi ki, Azərbaycan mövcud olduğu regionda böyük əhəmiyyətə malik ölkədir.

 

 

Azərbaycan.- 2010.- 17 iyun- S.  2.