Azərbaycan NATO-nun sülhyaratma missiyasında fəal iştirak edir

 

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 16-da NATO baş katibinin Cənubi Qafqaz Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Daxili işlər naziri ölkəmizin müstəqilliyini əldə etdiyi tarix üçün çox da böyük olmayan qısa zaman çərçivəsində, Ermənistanın təcavüzünə torpaqlarımızın 20 faizdən çoxunun itirilməsinə baxmayaraq, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı gördüyü tədbirlər nəticəsində əldə edilən uğurlardan, kriminogen durumun nəzarət altına alınmasından, həyata keçirilən hüquqi-demokratik islahatlardan danışmışdır.

Daha sonra nazir "Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci ildə imzaladığı sərəncamdan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Daxili İşlər Nazirliyinin üzərinə düşən vəzifələr barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Avratlantik məkanda təhlükəsizliyin vacibliyi prinsipindən çıxış edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə sanksiyalaşdırılmış, NATO-nun rəhbərlik etdiyi sülhü dəstəkləmə əməliyyatlarında iştirak edir. Ölkəmiz NATO ilə tərəfdaşlığın gələcək inkişafını diqqətlə izləyir, ona öz töhfəsini verməyə çalışır.

Nazir bildirmişdir ki, 2007-ci ilin noyabrın 20-23-də Daxili Qoşunların hüquq- mühafizə qurumuna transformasiya olunması ilə əlaqədar NATO Beynəlxalq Qərargahının təşəbbüsü ilə 12 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olmuş, DQ-nin imkanları, vəzifələri ilə maraqlanmış, eləcə də sülhməramlı Polisə Dəstək Bölüyünün yaradılması ilə bağlı görülən işlər barədə geniş məlumat əldə etmişlər. Səfər çərçivəsində müxtəlif ölkələrin müvafiq qurumlarının ekspertləri tərəfindən Daxili Qoşunların hüquq-mühafizə qurumuna transformasiya olunması ilə bağlı məsləhət və tövsiyələr verilmişdir.

R.Usubov vurğulamışdır ki, 1997-ci il oktyabrın 31-də Azərbaycan Respublikasının hökuməti ilə Türkiyə Respublikasının hökuməti arasında Daxili Qoşunların şəxsi heyətinə Türkiyə Jandarması tərəfindən ediləcək təlim-təhsil və təchizat yardımına aid Protokolun müddəalarına əsasən, Jandarm Təşkilatının da imkanlarından geniş istifadə olunur. Türkiyə Jandarm Qüvvələrinin qiymətləndirmə sisteminə dair normativ-hüquqi aktlar, təlimatlar öyrənilərək araşdırılmış və Daxili Qoşunlarda aparılan qiymətləndirmə fəaliyyətini tənzimləyən təlimatların yeniləşdirilməsi üzrə müvafiq işlər həyata keçirilmişdir. Belə ki, hərbi qulluqçuların döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə son 13 ildə Türkiyə Respublikasının Silahlı Qüvvələrinin və Jandarm Təşkilatının müxtəlif təlim-tədris mərkəzlərində qoşunların xeyli hərbi qulluqçusu ixtisasartırma kurslarına cəlb olunmuş, hazırda 21 nəfər təhsilini davam etdirməkdədir. Birgə plana əsasən, 2010-2011-ci illərdə Türkiyə Silahlı Qüvvələrinin və Jandarm Təşkilatının müxtəlif təlim-tədris mərkəzlərində Daxili Qoşunlar üçün daha 22 kursun təşkili nəzərdə tutulmuşdur.

Robert Simmons ətraflı məlumata görə minnətdarlığını bildirmiş, ölkəmizin NATO-nun sülhyaratma missiyasında fəal iştirakını və təmsil etdiyi təşkilatla əməkdaşlığı genişləndirməsini qeyd etmiş, belə görüşlərin qarşılıqlı faydalı əlaqələrin inkişafına təkan verəcəyini vurğulamışdır.

 

 

Azərbaycan.- 2010.- 17 iyun- S.  2.