Heydər Əliyev Fondu
ilə tanışlıq
Sabunçu rayon ictimaiyyətinin nümayəndələri 15 iyun - Milli Qurtuluş Günü ərəfəsində Heydər Əliyev Fondunda olmuşlar.
Bütün mənalı ömrünü Azərbaycanın tərəqqisinə həsr etmiş, müasir müstəqil dövlətimizin memarı və qurucusu ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramlarını bildirmək üçün buranı ziyarət edən qonaqlara fondun çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.
Qonaqlar fondda Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müasir Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olmuş, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxmışlar.
Ulu öndərin orta və ali məktəbləri əla qiymətlərlə bitirməsi barədə attestat və diplom, əla təhsilə və nümunəvi əxlaqa görə tərifnamə, işlədiyi müxtəlif kollektivlərdə yalnız müsbət keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələr, keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə çəkilmiş yadigar fotoşəkillər, iş otağındakı əşyalar şərəfli ömrün salnaməsini xatirələrdə bir daha canlandırmışdır.
Ümummilli liderin Azərbaycanda hüquqi, demokratik dövlət və ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumatları diqqətlə dinləyən qonaqlar fondla tanışlıqdan zəngin təəssürat almışlar.
Sonda qonaqlara ulu öndərin həyat və fəaliyyəti
haqqında "Böyük ömrün anları" filmi
nümayiş olunmuşdur.
***
Mingəçevir şəhər ictimaiyyətinin bir qrup nümayəndəsi 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı Heydər Əliyev Fondunda olmuşdur. Tədbirdə qonaqlara fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, zəngin ekspozisiyada toplanan maraqlı fotolar və eksponatlar görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirir. Azərbaycanın nicat yolunu müəyyən edən bu böyük şəxsiyyətin səyləri nəticəsində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş mərhələsinin başlanğıcı qoyulmuşdur. Vurğulanmışdır ki, fond elm, təhsil, mədəniyyət, səhiyyə və s. sahələr üzrə genişmiqyaslı layihələr həyata keçirir.
Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, bu dahi şəxsiyyət haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri qonaqlarda böyük maraq doğurmuşdur.
Fondla tanışlıqdan sonra
qonaqlar dahi şəxsiyyətin
həyat və fəaliyyəti haqqında "Böyük
ömrün anları" filminə
baxmışlar.
AzərTAc
Azərbaycan.- 2010.- 17 iyun- S.
5.