Heydər Əliyev Fondunun
Türkiyə Təmsilçiliyi Milli Qurtuluş Günü
münasibətilə İzmirdə elmi konfrans
keçirmişdir
Heydər Əliyev Fondunun Türkiyə Təmsilçiliyi İzmir bələdiyyəsinin salonunda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə "Türkiyə-Azərbaycan münasibətləri və Heydər Əliyev" mövzusunda elmi konfrans keçirmişdir.
Konfrans iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummili lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunmuşdur.
Konfransın açılışında çıxış edən Heydər Əliyev Fondunun Türkiyə təmsilçisi Samir Cəfərov, İzmir valisinin müavini Məhmət Ərdoğan, İzmirdəki azərbaycanlı tələbələrin nümayəndəsi Cavid Əliyev tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibətilə təbrik edərək ulu öndərin Azərbaycan xalqı qarşısında xilaskarlıq missiyasından, onun "bir millət, iki dövlət" adlandırdığı Türkiyə və Azərbaycanın gələcəyi naminə göstərdiyi səylərdən ətraflı bəhs etmişlər.
Daha sonra konfrans çərçivəsində keçirilən seminarda Türkiyə politoloqları və alimlərinin məruzələri dinlənilmişdir.
İzmirdəki Doqquz Sentyabr Universitetinin iqtisadiyyat kafedrasının müdiri, professor Rəcəb Kök "Müstəqillikdən sonra Türkiyə-Azərbaycan əlaqələri" mövzusunda məruzəsində ulu öndər Heydər Əliyevin "Əsrin müqaviləsi", habelə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri layihələri ilə iki qardaş ölkə arasında iqtisadi əməkdaşlığı gücləndirdiyini, xalqlarımızın rifahına böyük töhfələr verdiyini konkret faktlarla əsaslandırmışdır. Ulu öndərin siyasəti bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri zamanı imzaladığı enerji sazişləri bunun bariz nümunəsidir.
Türkiyə Strateji Araşdırmalar Mərkəzinin sədri Sinan Oğan "Türkiyə-Azərbaycan əlaqələrində Heydər Əliyevin rolu" mövzusunda məruzəsində ulu öndərin hələ Naxçıvan Ali Məclisinə rəhbərlik etdiyi dövrdən qardaş Türkiyənin rəhbərləri ilə sıx əməkdaşlığından, Azərbaycan Prezidenti kimi Türkiyənin maraqlarına cavab verən addımlarından ətraflı bəhs etmişdir.
Egey Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun nümayəndəsi, dosent Əli Erol Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən bəhs edən məruzə etmiş, İzmir valiliyinin əməkdaşı Fadıl Ünal ulu öndər Heydər Əliyevin İzmirə səfərindən, onunla şəxsi görüşündən danışmışdır.
Seminarın sonunda məruzəçilərə xatirə hədiyyələri təqdim olunmuşdur.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi
müxbiri
Ankara
Azərbaycan.- 2010.- 17 iyun- S.
5.