Milli Qurtuluş Günü Naxçıvanda da geniş qeyd olunmuşdur

 

Naxçıvan şəhərinin mərkəzində - ümummilli lider Heydər Əliyevin abidəsinin qarşısında Milli Qurtuluş Günü münasibətilə bayram tədbiri keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram tədbirində iştirak etmişdir.

Aparıcı qeyd etmişdir ki, XX əsr bəşəriyyətə xalqımızın müdrik oğlu, zəmanəmizin görkəmli dövlət xadimi, Azərbaycanı parçalanmaqdan qurtarmış böyük xilaskar Heydər Əlirza oğlu Əliyevi vermişdir. Ulu öndər XX yüzilliyin canlı tarixi, yeni, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusudur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun "Qayıdış" kitabında qeyd etdiyi kimi, "1993-cü ilin iyununda xalq real parçalanma, məhvolma təhlükəsi qarşısında qalmışdı. O günlərin dramatik, faciəli hadisələri ilk baxışdan Azərbaycan xalqı üçün başqa alternativ qoymamışdı. Lakin əsl yolu zaman özü seçdi. Xalqın iradəsi hər şeyə qalib gəldi və müstəqil Azərbaycan öz nicatını görkəmli siyasətçi Heydər Əliyevin hakimiyyətə qayıdışında tapdı. Ulu öndərin Naxçıvandan Bakıya, böyük siyasətə qayıdışı şərəfli xilaskarlıq missiyasına - Azərbaycanı Azərbaycana qaytarmaq məramına xidmət edirdi".

1993-cü ilin 15 iyun günü bu böyük xilaskarlıq missiyasının başlanğıcı, Milli Qurtuluş Günü kimi tariximizə və taleyimizə yazıldı. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər bütün qüvvəsini problemlərin həllinə, Vətəni və xalqı düşdüyü fəlakətli vəziyyətdən xilas etməyə yönəltdi, canı qədər sevdiyi Azərbaycan xalqı üçün fədakarlıqla mübarizəyə başladı.

Azərbaycana ikinci rəhbərliyi dövründə - cəmi on il ərzində ümummilli liderimizin həyata keçirdiyi möhtəşəm tədbirlər, Vətən və xalq naminə gördüyü misilsiz işlər neçə-neçə qərinəyə, əsrə bərabərdir. Bu gün müstəqil Azərbaycan ulu öndərimizin yolu ilə irəliləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial, iqtisadi, siyasi, mədəni həyatın bütün sahələrində uğur ardınca uğur qazanılır. Ulu məmləkətimiz gündən-günə inkişaf edir, yüksəlir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanımız da inkişaf və tərəqqi yolları ilə addımlayır. Bütün bunlar isə böyük xilaskar Heydər Əliyev siyasətinin təntənəsidir.

Bayram konsertində əməkdar artist İlqar Muradovun, müğənnilərdən Nüşabə Ələsgərlinin, Gülay Qədirovanın, Rəqsanənin ifa etdikləri mahnılar meydana toplanmış minlərlə tamaşaçının alqışları ilə qarşılanmışdır.

Sonra bayram münasibətilə atəşfəşanlıq olmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-17  iyun- S.  6.