Dağıstanda ümummilli lider
Heydər Əliyevin abidəsi açılmışdır
İyunun 16-da Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin başçılığı ilə böyük nümayəndə heyəti Dağıstana gəlmişdir. Nümayəndə heyətinə Milli Məclisin deputatları və Dağıstanla həmsərhəd rayonlardan bir neçəsinin rəhbərləri daxildir.
AzərTAc xəbər verir ki, Dağıstan-Azərbaycan sərhədində qonaqları Dərbənd rayonunun rəhbəri Qurban Qurbanov, Dağıstan Respublikası Xalq Məclisinin sədrinin müavini Nəsir Haydarov, Dağıstan Respublikası ədliyyə naziri Azadi Rəhimov və başqaları qarşılamışlar.
Azərbaycan nümayəndə heyəti Dağıstanın tanınmış dövlət xadimi Maqomedəli Maqomedovun anadan olmasının 80 illiyinə həsr edilmiş təntənələrdə iştirak etmək üçün gəlmişdir. Qonaqlar yolüstü Cemikənd kəndinə də gəlmişlər. Burada müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin abidəsinin, onun adını daşıyan məktəbdə Heydər Əliyev muzeyinin və idman zalının təntənəli açılışı olmuşdur.
Qurban Qurbanov qonaqları salamlayaraq demişdir ki, bu məktəbə görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı verilmişdir. Heydər Əliyev Dağıstan ilə Azərbaycan arasında dostluğun möhkəmlənməsi üçün çox iş görmüşdür.
Elçin Əfəndiyev qeyd etmişdir ki, Heydər Əliyev təkcə Azərbaycanın Prezidenti deyil, həm də respublikanın hüdudlarından kənarda yaşayan bütün azərbaycanlılar üçün bir örnək idi. O, məktəblilərə müraciətlə demişdir: "Siz yaxşı və əla qiymətlərlə oxumalısınız ki, Heydər Əliyevin ruhu şad olsun, siz onun işlərini və ideyalarını davam etdirməlisiniz".
Təbrik
nitqlərindən sonra Heydər Əliyevin abidəsinin
açılışı olmuşdur. Qonaqlar məktəbdə
yaradılmış Heydər Əliyev muzeyinə və yeni
açılmış idman zalına da baxmışlar.
Azərbaycan.- 2010.- 17 iyun- S.
6.