Azərbaycan ilə Vatikan
arasında əlaqələr yüksək səviyyədə
davam etdiriləcəkdir
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Roma Papası yanında Mədəniyyət Şurasının ölkəmizdə səfərdə olan prezidenti, arxiyepiskop Canfranko Ravazi ilə görüşmüşdür.
Qonağı salamlayan Əbülfəs Qarayev xatırlatmışdır ki, Azərbaycan nümayəndə heyəti bu ilin aprelində Vatikanda olmuşdur. Səfər çərçivəsində ilk dəfə Vatikanda məşhur muğam ustası Alim Qasımovun konserti olmuşdur. Konsertdə Vatikanın rəsmi şəxsləri, habelə xarici ölkələrin səfirləri iştirak etmişlər. Konsertdən əvvəl cənab Ravazi təbrik nitqi söyləmiş, Azərbaycan nümayəndə heyətinin üzvlərini təqdim etmişdir.
Ə.Qarayev ümidvar olduğunu bildirmişdir ki, Roma Papası yanında Mədəniyyət Şurasının prezidentinin ölkəmizə ilk rəsmi səfəri Azərbaycan ilə Vatikan arasında mədəni əlaqələrin inkişafına təkan verəcəkdir.
Azərbaycana gəlməyindən şad olduğunu bildirən C.Ravazi qeyd etmişdir ki, Azərbaycan artistlərinin konserti Vatikanda böyük maraqla qarşılanmışdır.
O demişdir: "Vatikan ilə Azərbaycan arasında əməkdaşlığın perspektivlərinə gəldikdə isə əməkdaşlığın üç istiqamətini prioritet hesab edirik. Birincisi, Azərbaycanın nadir mədəniyyətidir. Əslində, Azərbaycan bütün dünyaya açıq olan yeganə müsəlman ölkəsidir. Biz onu bütün katolik dünyasına tanıtmaq niyyətindəyik və bu istiqamətdə ilk addımlar artıq atılmışdır.
İkincisi, akademik strukturlarla əməkdaşlıq etmək istəyirik. Heydər Əliyev Fondunda olmaq, onunla mədəni, ictimai və elm sahələrində bir neçə müştərək layihə həyata keçirmək niyyətindəyik. Əməkdaşlığımızın üçüncü sahəsi isə Vatikanın kitabxanası və muzeyidir. Vatikanın kitabxana fondları ilk dəfədir ki, Azərbaycan mütəxəssisləri üçün açıqdır. Bundan sonra Azərbaycan alimləri ölkələrinin tarixi və mədəniyyətinə dair Vatikanda saxlanılan materiallarla tanış ola biləcəklər. Kitabxanada işləmələri üçün Azərbaycan tələbələrinin təhsilini və təcrübə keçmələrini maliyyələşdirə bilərik.
Biz Azərbaycan ilə əməkdaşlığa maraq göstəririk, çünki o, çox açıq bir ölkədir. Mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığımız konfessiyalararası dialoqu da inkişaf etdirməyə imkan verəcəkdir. Dinlərarası dialoq üzrə yüksək səviyyəli bir neçə tədbir keçirdiyi üçün Azərbaycana xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Ümidvaram ki, əlaqələrimizi yüksək səviyyədə davam etdirəcəyik".
Görüşdə Vatikanın Azərbaycandakı apostol nunsisi Klaudio Qucerotti iştirak etmişdir.
Azərbaycan.- 2010.- 17
iyun- S. 6