Moskvada xalq şairi Rəsul Rzanın 100 illik yubileyi qeyd edildi

 

Moskvanın Mərkəzi Ədiblər Evində Azərbaycanın xalq şairi, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın 100 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

Azərbaycan Mədəniyyəti Cəmiyyətinin sədri Tofiq Məlikli tədbiri açaraq Rəsul Rzanın yaradıcılığı və Azərbaycan ədəbiyyatında xüsusi rolundan danışmışdır. Bildirmişdir ki, Rəsul Rzanın Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olmuşdur. O, milli söz sənətimizə yeni formaruh gətirmiş novator şairdir. Uzun illər çox dəyərli ədəbi nümunələr yaratmaqla yanaşı, respublikanın elmi-mədəni həyatında da yaxından iştirak etmişdir. T.Məlikli demişdir: "Yaradıcı insanın tarixdə rolunu ən dəqiq müəyyən edən ədalətli hakim zamandır. Tam məsuliyyətlə demək olar ki, zaman ötdükcə dahi soydaşımızın yaradıcılığının əhəmiyyəti daha da artır".

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirmişdir ki, Rəsul Rzanın əsərləri bu gün də yaşayır. O demişdir: "Bu gün dahi şairin yubileyində biz bir daha onun yaradıcılığı ilə təmasda oluruq. Xüsusi vurğulamaq istəyirəm ki, onun oğlu Anar atasının adını daim uca tutur".

Moskva Yazıçılar İttifaqının sədri Yevgeni Sidorov, dramaturq Rüstəm İbrahimbəyov, tənqidçi Lyudmila Lavrova, yazıçı Çingiz Abdullayev, şairin əsərlərinin tərcüməçisi Mixail Sinelnikov, "Drujba narodov" jurnalının baş redaktoru Aleksandr Ebanoidze və başqaları Rəsul Rzanın ölməz poeziyasından danışmışlar. Bildirilmişdir ki, Rəsul Rza əsl novator şairdirbütün ömrü boyu forma və məzmunca yeni poeziya axtarışında olmuşdur. Şair heç vaxt eksperimentlərdən qorxmamışdır və "Rənglər" adlı şeirlər silsiləsi buna misaldır. Bu silsilə altında toplanmış dərin fəlsəfi məzmuna malik şeirlər qısa müddətdə dünyanın bir çox dillərinə tərcümə olunmuş, müxtəlif ölkələrin şair və tənqidçilərinin diqqətini cəlb etmişdir. Onların arasında Kanada yazıçısı Dizon Karter, Macarıstan şairi Juja Rab, çex şairi Daniçka Kozlova, İsveç şairi Yuris Kronberq və başqaları da vardır. Həmin şeirlər Anna Axmatova, Arseni Tarkovski, David Samoylov, Boris Slutski və digərlərinin tərcüməsində rus oxucularına təqdim olunmuşdur. Qeyd olunmuşdur ki, Rəsul Rza həm də ləyaqətli bir insan idi. Şairin yaradıcılığından nümunələr gətirən natiqlər vurğulamışlar ki, 100 illik yubileyini qeyd etdiyimiz Rəsul Rza həyatı və yaradıcılığı ilə əbədilik zirvəsinə ucalmışdır.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar atasının yaradıcılığına göstərilən diqqətə və təntənəli gecənin təşkilinə görə tədbir iştirakçılarına, çıxış edənlərə təşəkkürünü bildirmişdir. O demişdir ki, bir neçə il əvvəl xalq şairi Fikrət Qocanın rəhbərliyi ilə Rəsul Rza adına Beynəxalq Fond yaradılmışdır. Hər il Rəsul Rzanın doğum günündə mükafatlar təqdim olunur. Bu il Rəsul Rza mükafatı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna, tərcüməçi-şair Alla Axundovayaikinci dəfə "Ocaq" cəmiyyətinin sədri Tofiq Məlikliyə təqdim edilmişdir.

Yubiley gecəsində tanınmış artistlər Fəxrəddin ManafovMehriban Zəki, Moskva Dövlət Linqvistika Universiteti tələbələrinin ifasında musiqili və teatrlaşdırılmış səhnələr nümayiş etdirilmiş, şairin şeirləri səslənmişdir. Rəsul Rzanın Moskvada nəşr edilmiş seçilmiş əsərlərinin təqdimatı olmuşdur.

 

 

Asya Hacızadə,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2010.- 17 iyun- S.  6.