Səhiyyə sisteminin müasirləşdirilməsi dövlətin sosialyönümlü siyasətində mühüm yer tutur

 

17 iyun Tibb İşçiləri Günüdür

 

"Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir. Bütün fəaliyyətlərini bu sahəyə bağlayan tibb işçiləri həyatlarını olduqca qədim, nəcib və xeyirxah bir işə həsr etmişlərE Mən həkimləri çox sevirəm".

 

Heydər ƏLİYEV

 

Ümumdünya Səhiyyə Təşkilatı sağlamlığı insan həyatının elə bir amili hesab edir ki, onda ciddi xəstəlik və fiziki qüsur olmasın, onlar əlverişli mənəvi və ictimai şəraitdə yaşasınlar. Belə bir şəraitin təminatçısı isə ilk növbədə həkimlərimiz, səhiyyə işçilərimizdir. Həkimlik çətin, məsuliyyətli, eyni zamanda şərəfli peşədir. Bu peşə sahiblərinin ən ali məramı insanların sağlamlığının müdafiəsində durmaq, ölkə səhiyyəsinin, tibb elminintibb təhsili sisteminin tərəqqisinə nail olmaqdır.

2001-ci ildən ümummilli lider Heydər Əliyevin sərəncamı ilə iyun ayının 17-si Azərbaycanda tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Ulu öndərin sərəncamı ilə təsis edilmiş bu günün tarixə düşməsi təsadüfi deyil. 1918-ci il may ayının 28-də Fətəli xan Xoyskinin rəhbərliyi ilə Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti təşkil edildikdən sonra onun ilk qərarlarından biri Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar olmuşdur. Həmin qərar 1918-ci il iyunun 17-də imzalanmışdır. Ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra Azərbaycan səhiyyəsinin təməl daşının qoyulduğu günün tibb işçilərinin peşə bayramı kimi qeyd edilməsi isə ümummilli lider Heydər Əliyevin tariximizə olan həssas münasibətinin bariz nümunəsidir.

O zaman Səhiyyə Nazirliyinə rəhbərlik Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyova tapşırılmışdı. O, ilk azərbaycanlı cərrahlardan biri idi. Nazirliyin beş əsas şöbəsi - şəhər və məhkəmə tibbi şöbəsi, tibbi statistika, əczaçılıq, kənd səhiyyəsi, baytarlıq və sanitariya şöbələri var idi. Hər şöbəyə tanınmış həkimlər başçılıq edirdi. Qısa müddətdə nazirliyin göstərişi ilə pulsuz xidmətə keçilmiş, yeni müalicəxanalar, tibb məntəqələri açılmış, dərman anbarları, laboratoriya binaları tikilmiş, köhnə müalicə müəssisələri bərpa edilmiş, müxtəlif tibbi avadanlıq alınmışdır. Bakı, Gəncə, Şuşa, Lənkəran şəhərlərində pulsuz dövlət xəstəxanaları açılmış, onların normal fəaliyyəti üçün xüsusi vəsait ayrılmışdı.

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə qəzalarda 33 xəstəxana əhaliyə tibbi xidmət göstərmişdir. Burada ambulator xidmətlər pulsuz aparılmışdır. Kənd xəstəxanalarında və feldşer məntəqələrində yoluxucu xəstələrin hospitallaşdırılması, xəstəlik ocaqlarının zərərsizləşdirilməsi üçün kütləvi tədbirlər görülmüşdür. Bir müddətdən sonra səhiyyə naziri vəzifəsi Musa bəy Rəfiyevə tapşırılmışdı. Ümummilli lider Heydər Əliyev tibb tariximizin görkəmli nümayəndələrini - Mustafa bəy Topçubaşovu, Əziz Əliyevi, Mirəsədulla Mirqasımovu, Əbülfəz Qarayevi, Bahadır Qayıbovu, Kubra Fərəcovanı, Saleh Salehovu, Umnisə Musabəyovanı, Cəmil Ləmbəranskini, İsmayıl Axundovu, Vəli Axundovu, Fuad Əfəndiyevi, Kamil Balakişiyevi və başqalarını fədakar insanlar adlandırırdı. Onların xidmətlərini, keçdikləri həyat yolunu, qoyub getdikləri irsi milli sərvətimiz və iftixarımız kimi yüksək qiymətləndirirdi.

Hazırda səhiyyəmizin dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Bu sahənin əməkdaşlarına davamlı qayğı yolu ilə tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı, səhiyyə ocaqlarının fəaliyyətinin daim müasirləşdirilməsi Azərbaycan dövlətinin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur.

Xalq qarşısında verdiyi bütün vədlərə sadiqlik göstərən dövlət başçısı İlham Əliyev ötən 7 ildə ulu öndər Heydər Əliyevin səhiyyə sahəsində müəyyənləşdirdiyi strateji xətti layiqincə davam etdirmişdir. Ötən müddətdə səhiyyə sisteminin inkişafı - bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılmışdır. Dövlət büdcəsindən bu sektora ayrılan vəsaitlərin ildən-ilə artırılması isə səhiyyə müəssisələrinin fəaliyyətinin, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına, vətəndaşları qayğılandıran bir çox məsələlərin həllinə yaxşı imkanlar açmışdır. "Biz artan iqtisadi imkanlarımızı ilk növbədə sosial sahələrin inkişafına, o cümlədən səhiyyənin problemlərinin həllinə yönəltməliyik" deyən Azərbaycan Prezidenti İlham Əliyev bu sahənin problemlərinin kompleks həlli istiqamətində addımlar atır. Əgər 2005-ci ildə səhiyyəyə dövlət büdcəsindən 110 milyon manat ayrılmışdısa, 2006-cı ildə bu rəqəm 179 milyon manat, 2007-ci ildə 269 milyon, 2008-ci ildə 330 milyon manat, 2009-cu ildə 508,9 milyon manat təşkil etmişdir. Qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, 2010-cu ildə səhiyyəyə dövlət büdcəsindən 479 milyon manat vəsaitin ayrılması da Azərbaycan dövlətinin insanların sağlamlığı məsələsinə necə böyük həssaslıqla yanaşdığının əyani təcəssümüdür.

Dövlət başçısı hələ 11 fevral 2004-cü il tarixdə imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında bütün fundamental sahələr kimi, səhiyyə sisteminə də geniş diqqət ayırmışdır. Dövlət proqramında bölgələrdə insanlara yüksək səviyyədə tibbi xidmətin göstərilməsini təmin edəcək bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi - yeni xəstəxanaların, poliklinikaların inşası, yaxud mövcud səhiyyə müəssisələrinin müasir tələblər səviyyəsində təmir və bərpa olunması, onların maddi-texniki, habelə zəruri tibbi ləvazimatlarla təminatı məsələləri geniş əksini tapmışdır. Dövlət proqramının imzalanmasından sonrakı dövrdə Azərbaycanda 300-dək tibb müəssisəsi tikilmişyaxud əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilmişdir. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramına əsasən, ARDNŞ-in maliyyə vəsaiti hesabına respublikamızın 10-dan artıq bölgəsində beynəlxalq standartlara cavab verən müalicə-diaqnostika mərkəzləri inşa edilmişdir. Lənkəranda, Qazaxda, Siyəzəndə, Şirvanda, Naxçıvanda, Şahbuzda, Gəncədə, Bərdədə, Zaqatalada, Şirvanda, Qubada müasir tələblərə cavab verən müalicə-diaqnostika mərkəzləri əhalinin istifadəsinə verilmişdir.

Tibb müəssisələrinin tikinti və yenidənqurma işləri ilə yanaşı, onların təchizat məsələlərinə də böyük önəm verilir. Müalicə müəssisələrinin əksəriyyətində unikal cərrahi əməliyyatların aparılması üçün hər cür şərait yaradılmış, məşhur Avropa, AmerikaYaponiya şirkətlərinin istehsalı olan qabaqcıl tibbi avadanlıqlar quraşdırılmışdır. Regionlarda fəaliyyət göstərən tibb müəssisələrinin maddi-texniki bazasının və təchizatının yaxşılaşdırılması nəticəsində rayonlardan Bakıya gələn xəstələrin sayı ötən illə müqayisədə 30 faizədək azalmışdır.

2008-ci ilin fevral ayının 1-dən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan bütün müalicə-profilaktika müəssisələrində pullu xidmətin ləğv edilməsi də mühüm addımlardan biri kimi qeyd olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 13 mart 2007-ci il tarixli Azərbaycan Tibb Universitetinin tədris cərrahiyyə klinikasının yaradılması haqqında sərəncamı da səhiyyəyə dövlət qayğısının tərkib hissəsi kimi xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının 2007-ci ilin sentyabrında imzaladığı sərəncamla özünəməxsus ənənələri ilə nəinki Azərbaycanın tibb elmində, eləcə də keçmiş İttifaqda, Avropa və dünyanın ən qabaqcıl uroloji klinikaları arasında yeri olan Respublika Kliniki Uroloji Xəstəxanasının yenidən qurulması da səhiyyəyə göstərilən qayğının əyani təcəssümüdür.

Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda səhiyyə sistemində həyata keçiriləcək tədbirlər sistemiöz əksini tapmışdır. Proqrama əsasən, 2009-2013-cü illərdə səhiyyə sahəsində həyata keçiriləcək tədbirlər əhalinin sağlamlığının qorunmasına, tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə, Azərbaycan Respublikasında müasir standartlara cavab verən səhiyyənin qurulmasına təminat verməlidir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün qarşıdakı illərdə dövlətin maliyyə imkanları çərçivəsində pulsuz səhiyyə xidmətlərinin genişləndirilməsi və keyfiyyətinin artırılması; əhalinin sosial cəhətdən aztəminatlı təbəqələrinə tibbi yardımın göstərilməsi ilə bağlı tədbirlər sisteminin hazırlanması və həyata keçirilməsi; analaruşaqlar arasında qidalanmanın və mikronutriyentlərlə təminatın yaxşılaşdırılması; tibbi profilaktika tədbirlərinin əhatəliyinin və keyfiyyətinin yüksəldilməsi; səhiyyə sektorunun tələblərinə uyğun olaraq tibbi kadr hazırlığının planlaşdırılması və ailə həkimlərinin hazırlanması; səhiyyə müəssisələrinin dərman və avadanlıq təminatının yaxşılaşdırılması məqsədilə tibb sənayesi müəssisələrinin yaradılmasının və fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsi; rayonlarda yeni səhiyyə müəssisələrinin inşası; bütün ölkə üzrə səhiyyə sahəsində coğrafi məlumat sisteminin yaradılması nəzərdə tutulur.

Səhiyyə sisteminin inkişafı tədbirləri çərçivəsində son illər təcili və təxirəsalınmaz tibbi xidmətin təkmilləşdirilməsi sahəsində islahatlar da özünün sistemliyi və ardıcıllığı ilə diqqəti çəkir. Dövlət başçısı İlham Əliyev son 3 ildə bu sahənin problemlərinin həlli və inkişafı ilə bağlı 4 xüsusi sərəncam imzalamışdır. Bakı şəhərində və ölkə regionlarında təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, ortakiçik tibb heyəti işçilərinin məvacibləri 2 dəfə artırılmışdır.

Azərbaycan Prezidentinin 2009-cu il iyunun 9-da imzaladığı "Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamına əsasən, təcili və təxirəsalınmaz tibb xidməti üçün avtomobillərin alınması məqsədilə Səhiyyə Nazirliyinə 3 milyon manat vəsait ayrılmışdır. Bu vəsait hesabına daha 45 ədəd müasir "ambulans" alınaraq təcili tibbi yardım xidmətlərinə paylanmışdır. Nəhayət, dövlət başçısının 2010-cu il martın 4-də imzaladığı daha bir sərəncam bu istiqamətdə tədbirlərin ardıcıl xarakter daşıdığını göstərir. Sərəncamla təcili tibbi yardım maşınlarının alınması üçün Səhiyyə Nazirliyinə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan daha 7 milyon manat vəsait ayrılmışdır.

Dövlət başçısı səhiyyə sisteminə qayğı göstərməklə yanaşı, bu sahədə yüksək ixtisaslı kadrlar hazırlayan Azərbaycan Tibb Universitetinə də xüsusi diqqət yetirir. 2010-cu il aprelin 28-də "Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayan Prezident İlham Əliyev təhsil ocağının cəmiyyətdəki yerinirolunu yüksək dəyərləndirmişdir.

Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyev sosial məsələlərə daim xüsusi diqqətlə yanaşaraq respublikada müasir tibb müəssisələrinin yaradılmasına, əhalinin sağlamlığının etibarlı şəkildə qorunmasına çalışır. Bu gün Azərbaycanda, bir çox dünya dövlətlərindən fərqli olaraq, pulsuz tibbi xidmətin mövcud olması, ən müasir tələblərə cavab verən tibb müəssisələrinin inşası, vətəndaşların sağlamlığı üçün xüsusi proqramların həyata keçirilməsi Prezident İlham Əliyevin "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" vədinin real, praktik işdə təsdiqidir.

 

 

İ.ƏLİYEVA

 

Azərbaycan.- 2010.- 17 iyun- S.  6.