Aşıq olanın pür kəmalı
gərəkdir
YUNESKO-nun İrs Siyahısına düşmüş Azərbaycan aşıq sənətinin kökləri çox qədimdir. Şifahi xalq ədəbiyyatının ən böyük və zəngin qolu hesab edilən aşıq yaradıcılığı haqqında aparılan tədqiqatlarda maraqlı fikirlər diqqət çəkir. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabi bu sənətin ecazkarlığını və əfsunluğunu dilə gətirərək "Bizim nəğmələrimiz" adlı məqaləsində yazırdı: "Bizim aşıqlar toyda oxuyanda qulaq asanlara bir baxın. Bu zaman bu qulaq asanlar elə hala gəlirlər ki, ətini kəssən də, xəbəri olmaz".
Bunun da başlıca səbəbi odur ki, aşıq sənəti yurdumuzun təbiətindən doğub. Onun nəfəsində dağ havası, avazında çiçək ətri, ahəngində quşların cəhcəhi var.
Bineyi-qədimdən aşığın oxuduğu qoşma və gəraylıda, söylədiyi dastanlarda ağıl, idrak, vətən, torpaq eşqi, insan sevgisi, mübarizəsi, əzmi, iradəsi, eləcə də gileyi, şikayəti, saf, təmiz hissləri, zarafatları, atmacaları dil açardı. Buna görə də bu sazlı-sözlü insanlara "haqq aşığı", "el nəğməkarı" deyilərdi. Aşıqlar öz ağlına, hazırcavablığına, dünyagörüşünə görə seçilərdi və el arasında böyük hörmət-izzətə sahib olardılar. Aşıq necə olmalıdır? Bu sualın cavabını çox illər öncə Dədə Ələsgər dürüst verib:
Aşıq olub tərki-vətən olanın
Əzəl başdan pür kəmalı gərəkdir.
Oturub-durmaqla ədəbin bilə,
Mərifət elmindən dolu gərəkdir.
Xalqa həqiqətdən mətləb qandıra,
Şeytanı öldürə, nəfsin yandıra.
El içində pak otura, pak
dura,
Dalısınca xoş sədalı
gərəkdir...
Aşıq Ələsgər,
əslində, saz götürüb söz deyənin əxlaq
kodeksini çox mükəmməl yaradıb. Bu, elə bir əxlaqi
keyfiyyətdir ki, ondan bir addım kənara çıxmaq
"aşığam" söyləyənə məğlubiyyət
gətirər, onu xətir-urvatdan salar.
Aşıq
yaradıcılığı haqqında müxtəlif illərdə
bir çox sənətkarlar, ziyalılar, ədəbiyyatçılar,
folklorşünas alimlər gərəkli araşdırmalar
apararaq həm maraqlı elmi nəticələr əldə
etmiş, həm də şifahi xalq ədəbiyyatımızın
nümunələrini toplamaqla onların qorunmasına
çalışıblar. El-el dolaşıb hafizələrdə,
yaddaşlarda yaşayan nümunələrin toplanmasında fədakarlıq
göstərən Salman Mümtaz, Feyzulla Qasımzadə, Məmmədhüseyn
Təhmasib, Əhliman Axundov, Əlyar Qarabağlı, Mirəli
Seyidov, Mürsəl Həkimov, Qəzənfər Paşayev, Sədnik
Paşayev, Azad Nəbiyev, Qara Namazov, Elxan Məmmədli və
onlarca başqaları aşıq
yaradıcılığı ilə bağlı dəyərli
araşdırmaların müəllifidirlər.
Aşıq sənəti
müxtəlif əsrlərdə özünəməxsus
inkişaf yolu keçmişdir. Yəni hər bir əsrin
bu sənətdə öz möhürü var. Müəyyən
mənada ictimai-siyasi quruluşların da diktəsi
aşıq sənətindən yan ötməyib. Amma maraqlısı budur ki, bütün zamanlarda
aşıq yaradıcılığı təbii və səmimi
səslənib. Xalq həmişə
aşığa inanıb. Aşıq vətəndən,
məhəbbətdən oxuyanda da sevilib, partiyadan, Lenindən
deyəndə də...
Bəs
"aşıq" sözünün mənası nədir? Bu barədə
müxtəlif mülahizələr mövcuddur. Bir çox mütəxəssislər bu qənaətə
gəliblər ki, "aşıq" ərəb kəlməsi
"eşq" sözündən götürülüb.
Hətta folklorşünas alim Paşa Əfəndiyev "Azərbaycan
şifahi xalq ədəbiyyatı" kitabında yazıb:
"Aşıq, yəni eşqə tutulan, vurulan, məftun
olan mənasındadır. Sonralar aşıq Azərbaycan
dilinin qayda-qanunlarına uyğun olaraq "aşıq"
şəklinə düşmüşdür".
Türkiyəli araşdırmaçı
F.Köprülüzadə isə "
aşıq" sözünün işıq, nur, od
sözləri ilə əlaqədar yarandığını
söyləmişdir. Görkəmli folklorşünas alim Məmmədhüseyn
Təhmasib 1972-ci ildə çap edilmiş "Azərbaycan
xalq dastanları" kitabında yazırdı ki, bizcə,
aşıq titulu düşünüldüyü kimi,
heç də ancaq ərəbin eşq sözünün faili
olan aşiqin bizim dil qanunlarımıza
uyğunlaşmış forması deyildir. Görkəmli ədəbiyyatşünas-alim
yazırdı: "Ərəbcə "aşiq" və
türkcə "aşıq" sözləri həm məna,
həm də şəkilcə bir-birinə çox
yaxındır. Görünür, elə bu
yaxınlıq da sonralar həmin sözlərin bir titul - ad
kimi eyni mənada işlənməsinə səbəb
olub". Beləliklə,
"aşiq"in kökü ərəbcənin
"eşq"i, "aşıq"ın kökü isə
türkcənin arxaikləşmiş olan qədim
"aş" sözündəndir. Təhmasibin fikri
belədir: "Aş-ı-la-maq" sözü dilimizdə
işlənməkdədir. Görünür ki, bu
"aş" sözü çox da uzaq olmayan
keçmişdə həm nəğmə mənasında
işlənmiş, buradan "aşulamaq", yaxud da
"aşılamaq" nəğmə demək" mənasını
daşımış, buradan da "aşula-aşıla"
şəklində yenə də "nəğmə" mənasında
işlədilmişdir. İndi də özbəklərdə
oxuyana, müğənniyə "aşulaçı"
deyirlər". Bir də
"aşıq" sözünün bizim türkcəmizdə
başqa bir sinonimi də var. "Kitabi-Dədə Qorqud"da
bu ifadə çox işlədilib. "Aşıq"
həm də əşya adı bildirir. Məsələn,
"aşıq-aşıq oynamaq". Bu,
heç də çalıb-oynamağa işarə deyil.
Heyvanın oynaq sümüyündən
çıxarılan xüsusi formalı sümük
parçasıdır.
Aşıq-saz
poeziyasının yaşı çox qədim olsa da, bizim
dövrümüzə ancaq XVI əsrdə yaşamış
Aşıq Qurbaninin ədəbi irsindən nümunələr
çatıb.
Orta əsr aşıq şeirinin
yaradıcıları, əslində, Qurbaninin
davamçıları sayılıblar. Aşıq Abbas
Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq,
Aşıq Valeh... Bu ustadlar həm də klassik
şeir ənənəsini dərindən bilən saz-söz
sahibləri olublar. XIX əsrə kimi
aşıq poeziyasının sükanı Aşıq Ələsgər,
şəmkirli Aşıq Hüseyn, Molla Cüma... kimi
ustadların əlində olub. XX əsrdə yaşayan və
yaradan Aşıq Nəcəf, Aşıq Hüseyn
Bozalqanlı, Aşıq Əsəd, Aşıq Hüseyn
Cavan, Aşıq Şəmşir, Qəmkeş Allahverdi,
Aşıq Əkbər, Aşıq Pənah, Mikayıl
Azaflı, Aşıq Kamandar bu qədim sənətin xəzinəsinə
öz incilərini bağışlayıblar.
Azərbaycanda
aşıq poeziyasının üfüqləri müəyyən
bölgələrdə daha da geniş inkişaf edib. XIX əsrdə
bu sənətin əsas inkişaf tapdığı ərazi
Göyçə sayılıb. Aşıq
Alının sənəti ilə pərvazlanan aşıq
yaradıcılığı Dədə Ələsgərin
ustadlığı sayəsində zirvəyə yüksəldi.
Burada yaranan ədəbi mühit və məktəbdən
onlarla sənətkar yetişdi. Bu bölgə
ilə yanaşı, Kəlbəcərdə Ağdabanlı
Qurban və onun müasirləri Azərbaycan aşıq
poeziyasını zənginləşdirməkdə öz
istedadlarını əsirgəmədilər. Aşıq sənətinin qanad
açdığı növbəti yerlərdən biri də
Qazax-Tovuz bölgəsi olub. Çoban Əfqan,
Aşıq Nəcəf, eləcə də Qarabağda
Aşıq Pəri, Aşıq Mahmud, Şəkidə Molla
Cüma, Şirvanda Mirzə Bilal, Şəmkirdə Yəhya bəy
Dilqəm, Abşeronda Aşıq Cavad, Aşıq Həsən
və başqaları bu möhtəşəm sənət
mülkünün kərpiclərini öz əməkləri
və yaradıcılıqları ilə hörüblər.
Azərbaycanda
yalnız kişilər deyil, qadınların da qədim
zamanlardan aşıqlıq etdiyi bəllidir. Əgər
XII əsrdə Məhsəti, XIX əsrdə Natəvan kimi
şairələrimiz olubsa, bu cür mükəmməl
yaradıcılığa malik aşıq qadınların da
yaşayıb yaratması təbiidir. Aşıq Pəri,
Fatma xanım Kəminə, Kor Bəsti, Aşıq Aftaf, Mehri,
Əsli, Nabat kimi qadın aşıqların da olması
haqqında tədqiqatlarda ətraflı məlumatlar var. Diqqətçəkən
məsələlərdən biri də budur ki, saz
çalıb, söz demələrinə baxmayaraq, bu
aşıqların əksəriyyəti ağır taxtalı
olublar, ağılları, əxlaqları, kamalları ilə
seçiliblər. Bəlkə də elə
onların əsrlərin yaddaşında - hafizələrdə
qalmasını şərtləndirən də
yazdıqlarından, oxuduqlarından çox zəngin mənəviyyatları
səbəb olub. Hər sinəsinə saz
alıb dınqıldadana "aşıq" deməyib
ulularımız.
Azərbaycanda sovet hakimiyyəti
qurulduqdan sonra, təbii ki, repressiyalara düçar olan, rejimin
ağır qanun-qaydaları ilə üzləşən, bəzən
də həyatını itirən, sürgünlərə məruz
qalan söz-sənət sahiblərimiz də az
deyil. Bununla belə, aşıq sənəti
bütün maneələrə, diktələrə baxmayaraq,
inkişaf edirdi. Azərbaycan
aşıqlarının I qurultayı 1928-ci ildə keçirilib.
Bütövlükdə sovet dövründə
aşıqların dörd qurultayı keçirilib. Azərbaycan
Yazıçılar Birliyinin üzvü olan ilk
aşıqlardan Aşıq Mirzə, Aşıq Əsəd,
Aşıq Hüseyn Bozalqanlı, Aşıq Nəcəf və
Aşıq İslamın adı çəkilir. Hələ sovet dövründə, yəni
1984-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə Bakıda Azərbaycan Aşıqlar Birliyi yaradldı.
Birliyin ilk sədri xalq şairi Hüseyn Arif
oldu.
Dövlət
müstəqilliyimizi qazandıqdan sonra Aşıqlar Birliyi
öz işini yenidən qurdu. Hazırda bu birliyin sədri
xalq şairi Zəlimxan Yaqubdur. Onun söylədiyinə
görə, birliyin 300-ə yaxın rəsmi üzvü var.
Müstəqillik illərində Aşıqlar Birliyinin bir
qurultayı da keçirilib. Qədim sənətin
inkişaf etməsində fədakarlıqla
çalışan, sazı və sözü ilə
seçilən aşıqlarımızdan Aşıq
Avdı, Aşıq Ədalət, Aşıq Ədalət Dəlidağlı,
Aşıq Murad, Aşıq Mahmud, Məhərrəm
Hüseynli, Aşıq Mais Gəncəli, Aşıq Hacı
Bayram... sayılıb-seçilən haqq
aşıqlarıdır.
Bu gün Azərbaycan
aşıq sənətinin YUNESKO-nun İrs Siyahısına
düşməsi bizim üçün fərəhləndirici
bir amildir. Belə
bir ifadə işlədilir ki, harada saz varsa, orada türk var,
harada türk varsa, orada saz var. Bu mənada bütün milli-mənəvi
sərvətlərimizə göz dikən, onu "dədə
malı" kimi talayan qonşularımız nə qədər
cidd-cəhd etsələr də, sazımıza tor ata bilmədilər.
Ona görə ki, bizim sazımız da,
aşıq sənətimiz də elə qüdrətli bir
söz hörgüsüdür ki, ona tuşlanan yad
baxışları, yad əlləri qətiyyən yaxına
buraxmadı. Aşıq Ələsgərin
təbirincə desək, aşıq olanlar gərəkdir ki,
danışığının yerini gözləyə,
sözünün qiymətini bilə, kəlməsindən ləl,
gövhər süzülə. Belə olmasa, onun nə
çalğısı xoşa gedər, nə
oxuduğu qəbul edilər. Kamilləşməmiş,
ustadına kəm baxanları həmişə tənqid hədəfi
edib böyüklərimiz. Ancaq ustad
aşıqların tərzində düzüb-qoşanlar bu əzəmətli
yaradıcılıq prosesində hünərlə iştirak
ediblər. Dəniz ləpələri
çör-çöpü sahilə
çıxardığı kimi, bu yaradıcılıq
çeşməsi də yad çayırları sevmir, əvvəl-axır
onu sırasından atır.
Təkcə Azərbaycan
tarının, muğamlarımızın deyil,
sazımızın da, el havalarının da beynəlxalq aləmdə
milli sərvətimiz kimi qəbul edilib sevilməsi, səslənməsi
Azərbaycan mədəniyyətinin yeni və möhtəşəm
uğurudur.
Flora XƏLİLZADƏ
Məqalə "Mədəniyyət"
qəzetinin keçirdiyi "Mədəniyyət mövzusunda
ən yaxşı jurnalist işi" müsabiqəsinə təqdim
edilmək üçündür.
Azərbaycan.- 2010.- 17
iyun- S. 7.