Üzeyir Hacıbəylinin nəşrlərdən
kənar qalan əsərlərinin
toplandığı ikicildliyin təqdimatı
keçirilmişdir
İyunun 16-da "Ambassador" mehmanxanasında dahi bəstəkar, milli operamızın banisi, görkəmli naşir, jurnalist və publisist Üzeyir Hacıbəylinin nəşrlərdən kənar qalan əsərlərinin toplandığı "Üzeyir Hacıbəyli: nəşrlərdə kənara qoyulmuş əsərlər (1904-1912)" və "Üzeyir Hacıbəyli: nəşrlərdə kənara qoyulmuş, ixtisar və "redaktə" edilmiş əsərləri (1915-1917)" kitablarının təqdimatı keçirilmişdir.
Mətbuat Şurasının təşəbbüsü (MŞ) və "Azərsun Holdinq"in maliyyə dəstəyi ilə təşkil olunmuş tədbirdə bir sıra KİV-lərin rəhbərləri, media mütəxəssisləri və ziyalılar iştirak etmişlər.
MŞ-nin sədri Əflatun Amaşov tədbiri açaraq, ictimai-siyasi fikir, eləcə də milli mətbuat tariximizin öyrənilməsində müəllif - Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun xidmətini yüksək qiymətləndirmişdir. O qeyd etmişdir ki, kitablar Prezident İlham Əliyevin Ü.Hacıbəylinin anadan olmasının 125 və milli mətbuatımızın yaranmasının 135 illiyi ilə bağlı imzaladığı sərəncamlarda nəzərdə tutulan tədbirlər çərçivəsində görülən işlərə bir töhfədir.
Müəllif, professor Ş.Hüseynov çıxış edərək bildirmişdir ki, Ü.Hacıbəyli milli operamızın banisi, görkəmli bəstəkar olmaqla yanaşı, həm də publisist, ictimai-siyasi xadim və siyasi icmalçı kimi tanınmışdır.
Kitablar haqqında məlumat verən Ş.Hüseynov qeyd etmişdir ki, birinci cilddə Ü.Hacıbəylinin bu günədək çap olunmamış 117, ikinci cilddə isə 56 əsəri nəşr edilmişdir. Bundan əlavə, Ü.Hacıbəylinin 1964-cü, 1968-ci və 1985-ci illərdə çap edilmiş əsərləri içərisində 30-dək "redaktə" olunmuş əsəri də ikicildliyə daxil edilmişdir.
Kitablarda toplanmış məqalələrdə Ü.Hacıbəyli tariximizdə uzun müddət qaranlıq qalan bir çox məsələlərə yer verdiyinə və milli şüurun formalaşması istiqamətində fikirlərini açıq şəkildə bəyan etdiyinə görə bu əsərlərin işıq üzü görməsinə imkan verilməmişdir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları professor Cəmil Həsənli, xalq şairi Sabir Rüstəmxanlı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və Təfəkkür Universitetinin rektoru professor Müşfiq Atakişiyev Ü.Hacıbəyli yaradıcılığının ictimai fikrin formalaşmasında böyük rolunu qeyd etmiş, bildirmişlər ki, həmin əsərlər bu gün də öz təsirini göstərməkdədir. Çıxışlarda, həmçinin xalqımızın ictimai-siyasi fikir tarixinin öyrənilməsi, milli ideyaların inkişaf etdirilməsi baxımından ikicildlikdə toplanmış əsərlərin çox qiymətli mənbə olduğu vurğulanmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 17 iyun- S.
8.