Baş nazir Vatikanın mədəniyyət üzrə Pontifik Şurasının prezidenti ilə görüşmüşdür

 

İyunun 17-də Baş nazir Artur Rasizadə Vatikanın mədəniyyət üzrə Pontifik Şurasının prezidenti, arxiyepiskop Canfranko Ravazi ilə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, A.Rasizadə Canfranko Ravazinin ölkəmizə rəsmi səfərinin Azərbaycan ilə Vatikan arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafına təkan verəcəyinə əminliyini bildirmiş, son illər dövlətlərarası əlaqələrin fəallaşdığını xatırlatmışdır. Qeyd etmişdir ki, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri elmi mübadilə, mədəni əməkdaşlıq və sivilizasiyalararası dialoqun genişlənməsi istiqamətində müsbət haldır.

Baş nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat vermiş, Vatikanın ümumən Cənubi Qafqazda sülh proseslərinə və əmin-amanlığın bərqərar olmasına səmərəli töhfələr verə biləcəyini vurğulamışdır.

Səmimi qəbula görə təşəkkür edən Canfranko Ravazi dini tolerantlığın yüksək olduğu ölkəmizə səfərindən məmnun qaldığını qeyd etmiş, Vatikanın zəngin mədəni dəyərlərə malik Azərbaycanla əlaqələrə böyük maraq göstərdiyini diqqətə çatdırmışdır. O, dinlərarası dialoq üzrə yüksək səviyyəli beynəlxalq tədbirlər keçirdiyi üçün Azərbaycan hökumətinə minnətdarlığını bildirmiş, ölkəmizdə xüsusən Heydər Əliyev Fondu ilə bir sıra elmi, mədəni, ictimai sahələrə aid müştərək layihələr həyata keçirmək niyyətlərindən danışmışdır. Xatırlatmışdır ki, artıq Vatikan kitabxanası Azərbaycan mütəxəssisləri üçün açıqdır və azərbaycanlı alimlər oradakı zəngin fondlarda öz ölkələrinin tarixinə və mədəniyyətinə dair materiallarla tanış ola bilərlər. Həmçinin azərbaycanlı tələbələrin tədris və təcrübə proseslərində iştirakı üçün də şərait yaradılması nəzərdə tutulmuşdur. Onun sözlərinə görə, belə qarşılıqlı elmi, mədəni əməkdaşlıq imkanları konfessiyalararası münasibətlərin inkişafına da xidmət edəcəkdir.

Görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Vatikanın ölkəmizdəki Apostol nunsisi Klaudio Qucerotti iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 18 iyun- S.  1.