Azərbaycanın hərbi təhlükəsizliyinin səmərəli təminini müəyyənləşdirən mükəmməl sənəd

 

Hərbi doktrina müdafiə xarakterli olmaqla, ölkəmizə yönəlmiş təhdidlərin qarşısının alınması yollarını özündə aydın əks etdirir

 

Bəşəriyyətin mövcudluq salnaməsi, eləcə də müasir dünya reallığı belə bir həqiqəti aksiomaya çevirmişdir ki, beynəlxalq hüquqa, onun norma və prinsiplərinə rəğmən, hər hansı dövlətin ümumi təhlükəsizliyinin təminatı, xüsusən də kənar təhdidlərə effektiv müqaviməti üçün silahlı qüvvələrinin mövcudluğu əsas şərtlərdən biri kimi çıxış edir. Silahlı qüvvələrin qanunvericilik bazasına müvafiq olaraq təyinatının, qarşısına qoyulan vəzifələrinin, ümumilikdə isə konkret götürülmüş ölkənin müdafiə strategiyasının, mövcudehtimal edilən xarici təhdidlərin müəyyən olunmasında strateji əhəmiyyət daşıyan, hazırlanması zəruri sənəd və konsepsiyaların olması da dünya praktikasında kifayət qədər geniş yayılmış haldır. Bu kimi sənədlərdən bəhs edərkən, ilk növbədə, milli təhlükəsizlik konsepsiyasını, hərbi doktrinanı və digərlərini qeyd etmək mümkündür.

 

Beynəlxalq hüququn müstəqil subyekti olaraq Azərbaycanın da dünyada baş verən sürətli dəyişikliklər, xüsusən terrorçuluq, etnik separatizm və münaqişələr, transmilli mütəşəkkil cinayətkarlığın artması, kütləvi qırğın silahlarının yayılması, təbii ehtiyatların tükənməsi, əhalinin sayının durmadan çoxalması və kütləvi miqrasiyası, ətraf mühitin çirklənməsi, digər belə təhlükələrin mövcudluğu fonunda analoji sənəd və konsepsiyalara malik olması zəruri şərt kimi çıxış edir. Digər tərəfdən məlum faktdır ki, 1990-cı illərdə yenidən dövlət müstəqilliyini qazanan Azərbaycan elə həmin vaxtdan indiyədək qonşu Ermənistanın təcavüz siyasətinə məruz qalmış, bununla ərazi bütövlüyünə xələl gəlmiş, təhlükəsizliyinə işğalçı ölkə tərəfindən o dövrdə ciddi hədə yaranmışdır. Bundan başqa, müstəqilliyin ilk dövründə daxili qeyri-sabitlik, iqtisadi böhran, keçid dövrünün çətinlikləri və digər ciddi problemlərlə üzləşən Azərbaycan yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra üzləşdiyi bütün maneələri dəf edə bilmiş, ulu öndərin rəhbərliyi altında həqiqi dövlət müstəqilliyinə qovuşmaqla bərabər, düzgün strateji inkişaf yolunu da müəyyən edə bilmişdir.

1993-cü ilin ikinci yarısından etibarən yeni inkişaf dönəminə qədəm qoyan Azərbaycan siyasi, iqtisadi və digər sahələrdə mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirərək bölgədə lider dövlətə çevrilmişdir. Azərbaycan Xəzər-Qafqaz məkanında regional əməkdaşlıq üçün olduqca mühüm, bir çox hallarda isə həlledici ölkə olaraq enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində müstəsna rola malik tərəflərdən biri kimi çıxış etməkdədir. Dinamik inkişafına görə dünya dövlətləri arasında seçilənlər sırasında yer alan Azərbaycanın ümummilli lider tərəfindən müəyyənləşdirilmiş tərəqqi strategiyası ölkəmizi beynəlxalq hüququn güclü, layiqli müstəqil subyektinə çevirməklə bərabər, əhalinin ümumi rifah halının yüksəlməsinə, qabaqcıl demokratik dəyərlərin bərqərar olaraq genişlənməsinə, bütün bunların davamlı xarakter daşımasına xidmət etməklə yanaşı, ölkədə, eləcə də regionda, təhlükəsizlik və sabitliyin təmin olunmasına özünəməxsus töhfə verməkdədir. Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü, Konstitusiya quruluşunu, xalqın və ölkənin milli maraqlarını daxilixarici təhdidlərdən qorumağa yönəlmiş siyasətin məqsəd, prinsip və yanaşmalarının müəyyən edilməsində həlledici əhəmiyyətə malik addımlar atmışdır.

Bu sahədə dövlət başçısının 2004-cü il 17 sentyabr tarixli 394 nömrəli sərəncamı xüsusi qeyd olunmalıdır. Məhz həmin sərəncama əsasən, təhlükəsizliyə qarşı risklərin müəyyənləşdirilməsi, həmin risklərin qabaqlanması və aradan qaldırılması üzrə adekvat tədbirlərin həyata keçirilməsi zərurəti ilə bağlı olaraq ölkənin milli təhlükəsizlik siyasətinin hazırlanması sahəsində işçi qrupu yaradılmışdır. Bu sahədə görülən müvafiq işlərdən sonra ölkənin milli təhlükəsizlik konsepsiyası ərsəyə gəlmiş və Prezident İlham Əliyevin sərəncamı ilə 2007-ci ilin may ayında təsdiq olunmuşdur.

Ölkənin milli təhlükəsizlik konsepsiyası dövlətin müstəqilliyini, ərazi bütövlüyünüdemokratik inkişaf yolunu, strateji seçimi kimi Avratlantik məkana inteqrasiyanı, bununla yanaşı tarazlaşdırılmış xarici siyasətinin çoxşaxəliliyini əks etdirən, Azərbaycan Respublikasında şəxsiyyət, cəmiyyət və dövləti xaricidaxili təhdidlərdən qorumağa yönəlmiş siyasət və tədbirlərin məqsəd, prinsip və yanaşmalarının məcmusudur. Məhz milli təhlükəsizlik konsepsiyasından irəli gələrək ölkənin hərbi doktrinasının, eləcə də sözügedən sənəddə nəzərdə tutulmuş xarici siyasət strategiyası, müdafiə icmalı, iqtisadi konsepsiya, mədəniyyət, elm, təhsil, səhiyyə, nəqliyyat konsepsiyalarının hazırlanması zəruri şərt kimi çıxış etmişdir. Prezident İlham Əliyevin 2007-ci il 23 may tarixli sərəncamında işçi qrup qarşısında qoyulan əsas vəzifələrdən biri məhz hərbi doktrina layihəsinin hazırlanması ilə bağlı olmuşdur.

Dövlətin, cəmiyyətin, bütün vətəndaşların maraqlarını özündə ehtiva edən Hərbi doktrina milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi olaraq hərbi siyasətin əsaslarını müəyyən edən çox vacib sənəd hesab edilir. Bu mənada, Prezident İlham Əliyev tərəfindən cari il mayın 18-də təsdiq olunmaq üçün Milli Məclisə təqdim olunan, iyunun 8-də ölkə parlamentinin təsdiq etdiyi müstəqil Azərbaycanın ilk Hərbi doktrinası mükəmməl bir sənəd olaraq ölkənin sözügedən sahədə təhlükəsizlik prioritetlərinin müəyyənləşdirilməsində xüsusi bir çəkiyə malikdir. Azərbaycanın Hərbi doktrinası ümummilli lider Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş ölkənin milli təhlükəsizliyinin təminatı strategiyasının tərkib hissəsi olaraq insanın, cəmiyyətin, dövlətin hüquq və mənafelərinin daxili, xarici hərbi və digər təhdidlərdən qorunmasına yönəlmiş hərbi təhlükəsizlik sisteminin konseptual əsasını müəyyənləşdirən sənəddir. Hərbi doktrina hərbi təhlükəsizliyə təhdidlərin vaxtında aşkarlanması, təhlil edilməsi, qiymətləndirilməsi, qarşısının alınması, onlara yetərli müqavimətin göstərilməsi, dövlətin, əhalinin və ərazinin müdafiəyə hazırlanması, səmərəli hərbi təhlükəsizlik sisteminin yaradılması, müharibə və silahlı münaqişələrin qarşısının alınması, silahlı təcavüzün dəf edilməsi ilə bağlı məsələlərə dair Azərbaycanın mövqeyini əks etdirir. Ölkənin təhlükəsizlik mühitinimilli maraqların həyata keçirilməsinə mane olan, yaxud onlara təhlükə yaradan şərait, proses və amilləri təhlil edən Hərbi doktrina həm də milli təhlükəsizliklə bağlı olaraq hərbi-strateji, hərbi-siyasi, hərbi-iqtisadi, hərbi-texniki və təşkilati əsasları, ölkənin silahlı qüvvələrinin, həmçinin qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin vəzifələrini, onların hazırkı mərhələdə və ortamüddətli perspektivdə əsas quruculuq, inkişaf və hazırlıq proseslərini də müəyyənləşdirir.

Qeyd edilənlər bir daha təsdiq edir ki, Azərbaycanın Hərbi doktrinası müdafiə xarakterli sənəddir və bu da onun ölkənin milli maraqlarının qətiyyətli şəkildə müdafiə olunmasını özündə ehtiva etməklə sülh prinsiplərinə sadiqliyini göstərir. Digər tərəfdən o da aydın görünür ki, ölkənin hərbi təhlükəsizliyinin təmini dövlət siyasətinin, fəaliyyətinin ən vacib istiqamətlərindən birini təşkil edir. O da vacib məqamlardan biridir ki, Azərbaycan hərbi sahədə təhlükəsizliyinin təmin olunmasına demokratik hüquqi dövlət quruculuğu, sosial-iqtisadi islahatların həyata keçirilməsi, beynəlxalq münasibətlərdə qarşılıqlı maraqlara cavab verən əməkdaşlıq, mehriban qonşuluq, bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinin təsdiqi, sülhün qorunması və möhkəmlənməsi kontekstində yanaşır. Bununla əlaqədar qeyd edilməlidir ki, Hərbi doktrinanın hüquqi əsasını ölkəmizin Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları, milli təhlükəsizlik konsepsiyası, milli təhlükəsizlik sahəsində digər konseptual sənədlər, eləcə də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir.

Sözügedən sənəddə ən mühüm cəhətlərdən biriondan ibarətdir ki, hərbi təhlükəsizliyin təmin olunması naminə ölkənin bütün qüvvə, vasitə və resurslarından istifadə olunur. Bu məqam Hərbi doktrinanın müddəalarının həyata keçirilməsi prosesində də öz əksini tapıb. Məlumat üçün bildirək ki, Hərbi doktrinanın müddəaları Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsinə yönəldilmiş hərbi, siyasi, iqtisadi, sosial, informasiya hüquqi və digər tədbirlərin əlaqələndirilməsi vasitəsilə dövlət və yerli özünüidarəetmə orqanları, Silahlı Qüvvələr və başqa silahlı birləşmələr tərəfindən həyata keçirilir. Zərurət olduqda bu müddəaların həyata keçirilməsinə vətəndaş cəmiyyətinin təsisatları və ayrı-ayrı təmsilçiləri cəlb oluna bilər. Əlbəttə, bütün bunlar qanunvericilik səviyyəsində həyata keçirilir. Lakin bu məqamın özü Hərbi doktrinanın həm də demokratikliyini, zərurət yarandıqda vətəndaş cəmiyyətinin burada iştirakına şərait yaradılmasına imkan verilməsini də özündə ehtiva etdiyini aydın göstərir. Bu isə bir daha qeyd olunan sənədin hazırlanma prosesində qabaqcıl dünya təcrübəsinə müvafiq olan əsas cəhətlərin nəzərə alındığını, daha mütərəqqi məqamların sənəddə əks olunduğunu göstərir.

Məlum həqiqətdir ki, Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlayan Ermənistan ölkəmizin milli, hərbi təhlükəsizliyinə mənfi istiqamətdə təsir göstərən əsas faktor kimi çıxış edir. O da nəzərə alınmalıdır ki, Ermənistanın həyata keçirdiyi işğal zamanı düşmən tərəfinin etnik zəmində həyata keçirdiyi təmizləmə siyasəti ilə yanaşı, Dağlıq Qarabağdaonun ətrafında yerləşən 7 rayonda iqtisadisosial infrastruktur da dağıdılıb, ekosistemə ciddi xələl gətirilib. İndi də ermənilər işğal altında saxladığı ərazilərdə təbii sərvətləri talan etməkdə, nadir faunaflora növlərinin kökünü kəsməkdə davam edirlər. Burada yerləşən, ümumdünya tarixi və mədəni irsinin tərkib hissəsi olan maddi mədəniyyət abidələrimiz ya məhv edilmiş, ya da tamamilə yararsız bir vəziyyətə salınmışdır. Bu, tarixən Azərbaycana məxsus olan ərazilərdə yaradılmış indiki Ermənistanda 1988-ci ilə qədər yaşamış soydaşlarımızın məskunlaşdığı ərazilərdə yerləşən mədəniyyət abidələrinə də şamil olunur. Hazırda işğal altında saxlanan ərazilər həm Azərbaycan mərkəzi hakimiyyətinin, həm də beynəlxalq rəsmi təşkilatlar və dünya ictimaiyyətinin nəzarətindən tamamilə kənar bir vəziyyətdədir. Bunun nəticəsi olaraq həmin ərazilərdə separatçılığın, terrorçuluğun, narkoticarətin və digər qanunsuz halların genişlənməsinə münbit şərait yaradılmışdır. O da danılmaz faktdır ki, burada insan alverindən tutmuş, narkotikpsixotrop maddələrin qeyri-qanuni istehsalı, daşınması, ticarəti, dövriyyəsi, silah alveri üçün tranzit marşrutların yaradılması Ermənistanın bilavasitə dəstəyi və iştirakı ilə baş verir.

Aparılan tədqiqatlar, toplanan kəşfiyyat materialları göstərir ki, Ermənistan "Avropada adi silahlı qüvvələr haqqında" 1990-cı ildə imzalanan müqavilənin müddəalarını da kobud şəkildə pozaraq malik olduğu əlavə hərbi texnikanın bir hissəsini işğal olunmuş ərazilərdə yerləşdirmişdir. Düşmən dövlətə onun bəzi himayədarları tərəfindən əvəzsiz verilmişya olduqca cüzi qiymətə satılmış belə ağır əsgəri texnikanın beynəlxalq təşkilatlara açıq olan hər hansı uçotu aparılmır. Digər tərəfdən, de-yure ölkəmizə məxsus olan, lakin mövcud şəraitdə Ermənistanın nəzarətində olan ərazilərə hərbi texnika cəmləşdirməklə qarşı tərəf 1999-cu il Vyana Sənədinin tələblərini də pozmuş olur. Sözügedən ərazilərə cəmləşdirilən, lakin beynəlxalq hüquqmüvafiq müqavilələrin inspeksiya fəaliyyəti ilə əhatə olunmayan, uçota alınmayan, nəzarət edilməyən silah-sursatın, hərbi texnikanın təkcə işğal siyasətinin davam etdirilməsinə yönəlmiş məqsədlərə xidmət etmədiyi də məlum həqiqətdir. Belə ki, əldə etdikləri həmin silahlara rəğmən, müharibə başlanacağı təqdirdə onsuz da Azərbaycan Ordusunun qüdrəti qarşısında tab gətirə bilmələrinin mümkünsüzlüyünü yaxşı başa düşən ermənilər Dağlıq Qarabağda və ətraf rayonlarda cəmləşdirilən əsgəri sursatın, hərbi texnikanın bir hissəsinin qanunsuz satışını və paylanmasını da həyata keçirməkdədirlər. Bu zaman isə Ermənistanın, Dağlıq Qarabağdakı separatçı rejimin əsas tərəf müqabili əsas etibarilə müxtəlif terrorçu təşkilatlar olur. Artıq konkret faktlarla sübuta yetirilmişdir ki, dünyanın rəsmən terrorçu təşkilat kimi tanıdığı bir sıra qruplaşmalara, məsələn, qardaş Türkiyəyə qarşı fəaliyyət göstərən PKK-ya silah satan tərəflərdən biri məhz Ermənistandır.

Yeri gəlmişkən qeyd edək ki, zəbt olunmuş Azərbaycan ərazilərində təkcə ermənilərdən yox, digər millətlərdən olan terrorçuların məskunlaşmasına, onların lazımi vasitələrlə təchizatına Ermənistan həmişə xüsusi diqqət yetirir. Yenə də Ermənistanın iştirakı ilə burada terrorçu düşərgələr yaradılıb və indionlar fəaliyyətlərini davam etdirməkdədirlər. Elə beynəlxalq terrorizmin maliyyə mənbələrindən biriburada qanunsuz becərilən narkotikpsixotrop maddələrin satışı və dövriyyəsi ilə bağlıdır. Belə bir vəziyyət isə aydın şəkildə nümayiş etdirir ki, Ermənistanın həyata keçirdiyi işğal siyasəti, müvəqqəti olsa belə ərazilərimizin bir hissəsinin bu dövlətin silahlı qüvvələrinin nəzarətində olması təkcə Azərbaycanın milli, hərbi təhlükəsizliyinə yox, eyni zamanda, regional, hətta qlobal təhlükəsizliyə də ciddi hədə yaradır. Təəssüflə qeyd olunmalıdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində dünya ictimaiyyətinin, beynəlxalq birliyin göstərdiyi səylərin qənaətbəxş səviyyədə olmaması, işğalçı tərəfə qarşı effektiv təzyiq metodlarından istifadə olunmaması vəziyyətin daha da ağırlaşmasına öz təsirini göstərir.

Konkret olaraq Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti və bundan irəli gələrək ölkəmizin məruz qaldığı digər fəsadlar fonunda Ermənistanın Hərbi doktrinada mili təhlükəsizliyə neqativ təsir göstərən əsas amil kimi qeyd edilməsi tamamilə təbii xarakter daşıyır. Ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən işğal altında saxlanması nəticəsində yaranan təhdid fonunda hərbi fəaliyyətin təzələnməsinin mümkün variantları da Hərbi doktrinada düzgün formada təsbit olunmuşdur.

Azərbaycanın milli təhlükəsizliyinə təsir gösətərən və təsir göstərə biləcək digər xarici amillər kompleksinin mövcudluğu da məlum həqiqətdir. Söhbət daha çox beynəlxalq təhlükəsizliyin özünün bəzi hallarda ciddi təhdidə məruz qalmasında və belə bir vəziyyətin yaranmasında bu təhlükəsizliyə cavabdeh olan beynəlxalq təşkilatların səmərəsiz fəaliyyətindən gedir. Çünki belə səmərəsiz fəaliyyət nəticəsində beynəlxalq münasibətlərdə hərbi güc faktoru ön plana çıxmış, siyasiiqtisadi maraqların təmini naminə hərbi gücdən istifadə olunması halları, buna meyillərin çoxalması baş vermişdir. Təkcə son on ildə dünya miqyasında baş verən proseslərə diqqət yetirməklə də bunun əyani təsdiqinə dair xeyli sayda misallara rast gəlmək mümkündür.

Daha bir önəmli fakt ondan ibarətdir ki, Azərbaycan geosiyasi cəhətdən mühüm hesab edilən strateji bir nöqtədə yerləşir, Avropadan Mərkəzi Asiyaya açılan əsas qapı, Şərq və Qərbin qovşağı sayılır. Şimal-Cənub, Şərq-Qərb nəqliyyat və digər kommunikasiya xətlərinin keçdiyi mühüm ərazilərdən biri olması ilə bərabər, ölkənin zəngin neft-qaz ehtiyatlarına malikliyi, qlobal enerji təhlükəsizliyinin təminatında getdikcə artan rolu, beynəlxalq terrorizmə qarşı aparılan mübarizədə ön sıralarda yer alması istər-istəməz Azərbaycanı xüsusi diqqət mərkəzinə çevirmişdir. Bu isə təhlükəsizlik mühitinə də təsir edə biləcək əsas amillərdən biri kimi çıxış edir. Belə təhlükələrin vaxtında aşkar edilməsi, qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi zəruri əhəmiyyətə malik olub, ziddiyyətlərin ilkin mərhələdə dinc yolla tənzimləməsində olduqca vacibdir. Əlbəttə, milli təhlükəsizliyə təkcə xarici yox, həm də daxili faktorlar müəyyən təhdidlər yarada bilər. Bu kontekstdə isə milli təhlükəsizliyə xələl gətirə biləcək hərbi və siyasi təhdidlər xaricidaxili olmaqla iki hissəyə ayrılır.

Azərbaycan Respublikasının Milli Məclisinin təsdiq etdiyi Hərbi doktrinada mövcudehtimal edilən xarici hərbi, siyasi təhdidlərin hansılarından ibarət ola biləcəyinə aydınlıq gətirilmişdir. Ölkəmizin ərazisinin bir hissəsinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilməsi qeyd edildiyi kimi, konkret mövcud olan kənar hərbi, siyasi təhdiddir. Bu təhdidin aradan qaldırılması, onun doğurduğu fəsadların ləğvi üçün Azərbaycan beynəlxalq hüquq normalarına müvafiq olaraq güc tətbiq etmək hüququnu özündə saxlayır, belə bir addımın atılmasına zərurət yarana biləcəyini əvvəlcədən nəzərə alaraq ordu və digər silahlı qüvvələrin möhkəmləndirilməsi, maddi-texniki bazasının yeniləşdirilməsi, gücləndirilməsi siyasətini həyata keçirir.

Ehtimal edilən xarici hərbi, siyasi təhdidlərə gəlincə, bunların sırasında Azərbaycanın daxili işlərinə hər hansı mümkün hərbi müdaxiləni, ölkəmizə qarşı qonşu ölkələr tərəfindən ərazi iddialarının irəli sürülməsini, daxili siyasi və sosial-iqtisadi vəziyyətin gərginləşməsinə, sabitliyin pozulmasına yönəldilmiş hər hansı fəaliyyət növləri, o cümlədən separatçı və dini-ekstremist hərəkatların dəstəklənməsi, digər dövlətlər tərəfindən ərazimizə göndərilməsi üçün qanunsuz silahlı qüvvələrin və terrorçuların hazırlanmasını göstərmək olar. Qonşu ölkələrin dövlətlərarası münaqişələrdə iştirakı və ya həmin ölkələrdə daxili münaqişələrin, hərbi əməliyyatların, silahlı qiyamların, yaxud hərbi və ya hərbi-siyasi qeyri sabitliyin digər formalarının mövcudluğu da kənar hesab edilən hərbi-siyasi xarakterli təhdidlər sırasında yer alır. Bundan başqa, regionda, həmçinin ölkəmizin dövlət sərhədlərinin və ərazi sularının bilavasitə yaxınlığında hərbi bazaların yaradılması, qoşun qruplaşmalarının cəmləşdirilməsi, silahların və digər hərbi iştirakın artırılması, regional hərbi tarazlığın pozulması da qeyd olunan qəbildən sayılan təhdidlər sırasına aiddir. Dövlət sərhədlərinin hərbi müdaxilə ilə pozulması, sərhəd münaqişələrinin və mübahisələrinin dərinləşməsi, ayrı-ayrı dövlətlərin, təşkilatların və terrorçu qrupların hərbi-siyasi iddiaları kontekstində nüvə və digər kütləvi qırğın silahlarının, onların çatdırılma vasitələrinin və ən yeni hərbi istehsal texnologiyalarının yayılması da əsas xarici hərbi, siyasi təhdidlərdən hesab olunur.

Qeyd olunduğu kimi, xarici ilə yanaşı, daxili xarakterli əsas təhdidlər də mövcuddur və bunların Hərbi doktrinada göstərilməsi mühüm əhəmiyyət kəsb edir. Bu qəbildən olan təhdidlər isə aşağıdakı şəkildə qruplaşdırılır: daxili sabitliyin və ölkənin ərazi bütövlüyünün pozulmasına yönəldilmiş terrorçu, dini-ekstremist, millətçi-separatçı təşkilat və strukturların güc tətbiq etməklə həyata keçirdikləri qanunazidd fəaliyyət; Konstitusiya quruluşu əleyhinə qəsdlər, dövlət hakimiyyəti və idarəetmə orqanlarının təşkilati strukturunun dağıdılması və ictimai-siyasi sabitliyin pozulmasına yönəldilmiş cəhdlər; Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılması cəhdləri; təxribat, terror aktları və digər qanunazidd əməlləri həyata keçirmək üçün istifadə oluna bilən silah-sursatın, partlayıcı maddələrin və digər vasitələrin Azərbaycan Respublikasının ərazisində qanunsuz toplanması və dövriyyəsi; Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinə təhdid edən miqyasda mütəşəkkil cinayətkarlıq və digər qanunazidd fəaliyyət; hərbi əhəmiyyətli və mühüm dövlət obyektlərinə, kommunikasiya qurğularına və informasiya infrastrukturuna qarşı silahlı əməllər.

Göründüyü kimi, daxili xarakterli hərbi və siyasi təhdidlərin miqyası heçaz olmayıb kifayət qədər geniş sayıla bilər və onların növlərinin, xarakteristikasının Hərbi doktrina kimi mühüm bir sənəddə öz əksini tapması böyük əhəmiyyətə malikdir. İlk növbədə ona görə ki, bu, göstərilən qəbildən olan təhdidlərin vaxtında aşkarlanaraq ona qarşı səmərəli mübarizə aparılmasına təsirsiz ötüşmür. Milli, hərbi təhlükəsizliyə daxili və kənar hədələrdən başqa bilavasitə insan faktoru ilə bağlı olmayan təhdidlər də mövcuddur. Belə təhdidlərə konkret misal olaraq təbii fəlakətləri və texnogen qəzaları göstərmək olar. Bununla yanaşı, müasir dünya reallığında kütləvi şəkildə qeyri-qanuni miqrasiya, radioaktiv, kimyəvi və bioloji materialların dövriyyəsi də ciddi təhdidlər sırasında yer alır.

Strateji əhəmiyyətə malik hərbi doktrina kifayət qədər dəqiqliklə təhlükələri müəyyən edir. Hərbi təhlükəsizliyin təmin olunmasında Azərbaycanın həyata keçirdiyi siyasət müdafiə xarakterli olsa da, yuxarıda göstərilən hərbi təhdidlərin aradan qaldırılması zamanı ehtiyac yarandıqda silahlı qüvvələrdən, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrdən istifadəyə, güc tətbiqinə yol verilir. Təbii xarakterli, hüquq normalarının tələblərinə cavab verən bu addımın atılması, şübhəsiz ki, dövlət müstəqilliyinə yarana biləcək hər hansı təhdidin aradan qaldırılmasında nəinki vacib hesab olunur, eyni zamanda, əsas şərt kimi çıxış edir.

O da xüsusi olaraq qeyd olunmalıdır ki, doktrina hərbi təhlükəsizliyin hərbi-strateji əsaslarını, sülh, real təhlükə və müharibə dövrlərində Silahlı Qüvvələrin əsas vəzifələrini, hərbi quruculuğun istiqamət və perspektivlərini də müəyyənləşdirən mühüm sənəd kimi çıxış edir. Doktrinaya müvafiq olaraq hərbi təhlükəsizliyin təmin edilməsi üzrə vəzifələr Silahlı Qüvvələr və başqa silahlı birləşmələr tərəfindən bu sənədə, eləcə də digər qanunvericiliyə uyğun olaraq sıx qarşılıqlı şəraitdə yerinə yetirilir. Daha bir mühüm məqam həm dinc, həm də müharibə dövründə Silahlı Qüvvələr və başqa silahlı birləşmələrin əsas vəzifələrinin doktrinada konkret şəkildə müəyyən olunmasıdır. Mövcudpotensial təhlükəsizlik problemlərinin ən səmərəli həlli üçün tələb olunan qabiliyyətlər qorunub saxlanmaqla yanaşı, ölkənin mövcud insan, maliyyə və digər resurslarına uyğun olaraq inkişaf etdirilir və onların daim inkişaf etdirilməsi əsas vəzifələrdən biri kimi qarşıya qoyulur.

Reallıqlara əsaslanan və gələcəyə istiqamətlənmiş bir sənəd olaraq Hərbi doktrina Silahlı Qüvvələrin və digər hərbi birləşmələrin komanda və idarəetmə strukturlarının effektivliyinin artırılmasını, onların əməliyyat qabiliyyətinin və xüsusi informasiya əldə etmək bacarığının, eləcə də vahid idarəetmə, nəzarət, rabitə və avtomatlaşdırılmış idarəetmə sistemlərinin inkişaf etdirilməsini, Silahlı Qüvvələr və digər hərbi birləşmələr arasında koordinasiya işinin effektivliyinin artırılmasını, peşəkar əsaslarda digər hərbi birləşmələrin komplektləşdirilməsinə tədrici keçidi, həmçinin bu qəbildən olan digər məsələləri nəzərdə tutur. Bütün bunlar yalnız silahlı qüvvələrin inkişaf perspektivlərinin az bir hissəsini əhatə edir və Hərbi doktrinada bu perspektivlər kifayət qədər geniş, aydın şəkildə göstərilmişdir.

Doktrinada hərbi təhlükəsizliyin səmərəli təmin edilməsi məqsədilə Silahlı Qüvvələrin və digər hərbi birləşmələrin, eləcə də ölkənin hərbi təhlükəsizliyinin təmin edilməsində iştirak edən dövlət orqanlarının hərbi-iqtisadi, hərbi texniki və digər ehtiyaclarının ödənilməsi üçün təchizat siyasətinin konkret istiqamətləri də aydın şəkildə öz əksini tapmışdır. Digər bir vacib məqam isə ondan ibarətdir ki, doktrina tərəfdaş ölkələrlə ikitərəfli və çoxtərəfli hərbi-siyasi əməkdaşlığı nəzərdə tutaraq vahid təhlükəsizlik prinsipini və ölkəmizin yerləşdiyi regionun Avratlantik məkanın tərkib hissəsi olduğunu nəzərə alaraq Azərbaycanın bu məkanda təhlükəsizlik sisteminin yaradılmasına cəhdlərinin dəstəklənməsini də özündə ehtiva edir. Doktrina NATO ilə ölkəmizin "Sülh Naminə Tərəfdaşlıq", eləcə də Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planından istifadə edilməklə qarşılıqlı maraqlar əsasında əməkdaşlığının davam etdirilməsi də nəzərdə tutulur. Doktrinaya əsasən, Azərbaycanın qoşulduğu beynəlxalq sazişlərdə nəzərdə tutulmuş hallar istisna olmaqla, ölkəmizin ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol verilmir. Bununla belə, hərbi-siyasi vəziyyətdə köklü dəyişiklik baş verən hallarda Azərbaycan öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə və ya başqa formada xarici hərbi iştiraka müvəqqəti icazə vermək hüququnu özündə saxlayır.

Nəhayət, daha bir vacib məqam budur ki, doktrina Azərbaycanın təhlükəsizlik mühitinin daim dəyişən dinamikası nəzərə alınmaqla yenidən baxılma, dəqiqləşdirmə əlavələr üçün açıq sənəddir. Qeyd edilənlər bir daha sözügedən doktrinanın mükəmməl sənəd olduğunu, hərbi təhlükəsizliyin konseptual əsaslarının, onların aradan qaldırılmasının yollarının əhatəli bir şəkildə özündə əks etdirdiyini göstərir.

 

 

Zahid CƏFƏROV,

Bakı Dövlət Universitetinin

Mülki proses, əmək

ekologiya hüququ kafedrasının dosenti,

hüquq elmləri namizədi

 

Azərbaycan.- 2010.- 18 iyun- S.  3.