Azərbaycan və Səudiyyə Ərəbistanı
Krallığı arasında münasibətlərin
inkişafı daha intensiv
xarakter alır
İyunun 17-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov Səudiyyə Ərəbistanı Krallığının Şura Məclisinin Sədri Abdullah bin Məhəmməd bin İbrahim Al Əş-Şeyxin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi. Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətini Azərbaycanda görməkdən məmnun olduğunu vurğulayan Oqtay Əsədov səfər üçün dəvəti qəbul edərək ölkəmizə gələn Abdullah bin Məhəmməd bin İbrahim Al Əş-Şeyxə təşəkkürünü bildirdi. Milli Məclisin Sədri qeyd etdi ki, Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının xalqları arasında mövcud olan dini, tarixi əlaqələr iki ölkənin münasibətlərinin inkişafına təkan verən əsas faktorlardandır.
Səudiyyə Ərəbistanı Krallığının Orta Şərqdə böyük siyasi, iqtisadi əhəmiyyətə malik ölkə olduğunu bildirən Oqtay Əsədov Azərbaycanın bu dövlətlə əlaqələrin inkişafına xüsusi önəm verdiyini diqqətə çatdırdı: "Ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsində dövlət başçılarının səfərləri mühüm rol oynayır. Azərbaycanın ümummilli lideri, xalqımızın böyük oğlu Heydər Əliyevin 1994-cü ildə, Prezident İlham Əliyevin 2005-ci ildə Səudiyyə Ərəbistanı Krallığına etdikləri səfərlər ikitərəfli münasibətlərin daha da tərəqqi etməsinə öz töhfəsini verib, bu istiqamətdə mühüm zəmin yaradıb. Həmin səfərlər zamanı münasibətlərimizin irəliyə doğru inkişafı üçün bir çox mühüm sənədlər imzalanıb".
Milli Məclisin Sədri xatırlatdı ki, Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı sabiq fövqəladə və səlahiyyətli səfiri Əli Həsən Əhməd Cəffəri iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif edilib. Oqtay Əsədov bildirdi ki, Səudiyyə Ərəbistanı Krallığı çətin günlərdə Azərbaycanın yanında olub, 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurd-yuvalarından didərgin salınmış qaçqın və məcburi köçkünlərə yardımlar göstərib. Bu ölkəyə məxsus "Nicat" fondu 1993-cü ildən sözügedən prosesdə iştirak edir. Milli Məclisin Sədri Səudiyyə Ərəbistanı Krallığının rəhbərliyinə, bu ölkənin xalqına Dağlıq Qarabağ münaqişəsilə bağlı tutduğu mövqeyinə görə də minnətdarlığını ifadə etdi və bildirdi ki, Səudiyyə Ərəbistanı Krallığının Ermənistanla heç bir diplomatik əlaqə qurmaması təkcə Orta Şərqdə yox, bütün müsəlman dünyasında Dağlıq Qarabağ münaqişəsinə diqqətin artmasına təsir göstərən vacib amillərdəndir. Oqtay Əsədov ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsində parlamentlərin də rolu olduğunu ifadə edərək hər iki ölkənin bu qanunverici orqanında dostluq qrupunun yaradıldığını bildirdi.
Səmimi qəbula görə öz
təşəkkürünü bildirən Abdullah
bin Məhəmməd bin
İbrahim Al Əş-Şeyx
Səudiyyə Ərəbistanı Krallığının Şura Məclisinin Sədri seçildikdən
sonra ilk xarici səfərlərindən birini məhz Azərbaycana etdiyini
vurğuladı. Qədim ölkələrdən olan Azərbaycanla,
onun xalqı ilə daha
yaxından tanış olmaq istədiyini
bildirən Abdullah bin
Məhəmməd bin İbrahim
Al Əş-Şeyx bundan
sonra da ölkələrimiz
arasında münasibətlərin irəliyə doğru inkişaf edəcəyindən
əmin olduğunu bildirdi.
Azərbaycan.- 2010.- 18 iyun- S. 2.