Dilini gözəl sözlərə
öyrət
Ümummilli lider Heydər
Əliyev "Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi
haqqında" 18 iyun 2001-ci ildə fərman
imzalamışdır
Dil ünsiyyət vasitəsi olmazdan öncə insanın mənəvi aləminin güzgüsü, daxili zənginliklərinin əks-sədası, milli varlığının ifadəsidir. Həzrəti Əliyə (ə) məxsus fikirdir. "Dilini gözəl sözlərə öyrətsən qınaqdan qurtararsan". Maraqlıdır ki, bu müdrik tövsiyədə "gözəl sözlər işlət" deyilmir. Məhz "gözəl sözlərə öyrət" məsləhət görülür. Çünki öyrənilən əbədidir, qalasıdır, yaşayandır. Dil həm də söz sərvətinin yaradıcısıdır. Bəlkə də Allah-təalanın insana bəxş etdiyi ən qüdrətli, ecazkar nemət elə dildir. Dünyada yüzlərlə dil mövcuddur. Doğma ana lisanımız olan Azərbaycan dili isə bu dillərin sırasında ən möhtəşəmidir.
Ana dilimizin inkişafına dövlətimizin həmişə xüsusi diqqəti, qayğısı olub. Hər bir dilin özəlliyi və özünəməxsus gözəlliyi var. Bunu kimsə inkar edə bilməz. Amma bir vətəndaş olaraq bizim üçün Azərbaycan dilinin analoqu yoxdur. Ümummilli lider Heydər Əliyevin hələ sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq, Azərbaycan dilinin respublikamızda dövlət dilinə çevrilməsində böyük xidməti olmuşdur. Dilin inkişafı ilə ulu öndərin müntəzəm olaraq verdiyi fərman və sərəncamlarda, eləcə də tövsiyələrində, çıxış və məruzələrində vaxtaşırı ortaya çıxan ciddi problemlərin həlli vacib sayılırdı. Dövlət müstəqilliyini qazandıqdan sonra Azərbaycan dilinin tədqiqi ilə bağlı müxtəlif tədbirlər həyata keçirildi. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində ümummilli liderin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli fərmanı əhəmiyyətli rol oynadı. Fərmandan irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi naminə bütün bilik və bacarıqlar səfərbər edilərək bir daha bu sahənin mütəxəssisləri üçün əsl proqram yaradıldı.
Fərmanda göstərilirdi: "Azərbaycan dili bu gün dərin fikirlərin ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqdan bir neçə minillik tarixi yaşaması lazım gəlir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır".
Təbii ki, dilin təşəkkülü müxtəlif proseslərdən keçir. Bu gün istər danışıq, istərsə də yazılı şəkildə işlətdiyimiz Azərbaycan dilinin mürəkkəb tale yolu olub. Uzun illər ərəb, fars, rus dillərinin təsirinə məruz qalıb. Bəzən də bu təzyiqlər siyasi xarakter daşıyıb. Xalqımızın keçdiyi taleyi onun dili də yaşayır. Amma ən ağır məqamlarda belə milli mənliyi, adəti, ənənəni, mənəvi dəyərləri, ən başlıcası isə ana dilini qoruyub saxlaya bilmişik. Ən ağır repressiyaların içində belə, heç bir qüvvə anaların öz körpələrinə doğma dilində layla deməsinin qarşısını ala bilməyib. Məhz bu laylalarla da dil qanımıza hoparaq varlığımızda qərar tutub. Ümummilli lider Heydər Əliyev isə bütün fəaliyyəti boyu Azərbaycan dilinin dövlət dilinə yalnız sözdə deyil, əməldə də çevrilməsi üçün bütün gücü, qüdrəti və iradəsi ilə çalışmışdır. Dünyaya səpələnmiş azərbaycanlılar arasında bir daha ünsiyyət vasitəsi, milli-mənəvi körpülər olması üçün əsl mübarizə aparmışdır.
Adıçəkilən fərman müstəqil Azərbaycan dövlətinin rəsmi dövlət dili olan Azərbaycan dilinin göz-bəbəyi kimi qorunması, daim qayğı ilə əhatə edilməsi məsələsini hər kəs üçün müqəddəs vətəndaşlıq borcu olduğunu təkrar anlatdı. Dövlət dilinin inkişafı üçün zəruri ictimai, siyasi, mədəni şəraitin yaranması şərh edildi. Müstəqil dövlətimizin rəsmi dil statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin nəticələrinin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. Dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq və təbliğ edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir.
Bu tarixi faktdır ki, ümummilli lider Azərbaycan dilinin öz layiqli mövqeyində dayanması üçün uzun illər mübarizə aparmışdır. Dövlət müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda həqiqi mənada geniş üfüqlər açıldı. Ana dilimizin dövlət dili kimi tətqiqi işinin təkmilləşdirilməsi üçün ümummilli lider bir sıra mühüm tədbirlərin həyata keçirilməsini zəruri saydı: 1) Dövlət dil komissiyasının yaradılması; 2) Dil haqqında qanunun hazırlanması; 3) Latın qrafikasının tətbiqi; 4) Azərbaycan dilinin tədrisini daha da yaxşılaşdırmaq üçün təhsilin keyfiyyətini artırmaq və sair.
Dövlət dilinin tətbiqi haqqında ümummilli liderin adıçəkilən fərmanının, həqiqətən, böyük tarixi əhəmiyyəti oldu. Milli Məclisin deputatı, dilşünas alim Nizami Cəfərov bu fərmanın məziyyətini belə dəyərləndirdi: "Azərbaycan dilinin tarixində hələ ona (Azərbaycan dilinə) bu səviyyədə qiymət verən ikinci bir rəsmi sənəd olmamış, Azərbaycan dilinin tarixi əsasları heç bir elmi mənbədə bu qədər aydın şəkildə verilməmiş, onun müasir vəziyyəti barədə bu qədər mükəmməl təsəvvür yaradılmamış, inkişaf problemləri haqqında bu qədər sistemli şəkildə bəhs edilməmişdir".
Bütün dilşünas alimlərin, vətənpərvər insanların gəldiyi nəticə bəllidir. Əslində, bu fərman Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin növbəti şah əsəri idi. Ona müvəqqəti icra ediləcək fərman kimi yanaşmaq olmaz. Heydər Əliyev banisi olduğu müasir Azərbaycanın, qurduğu dövlətin dil siyasətini ifadə edirdi: Azərbaycan dilinin bir dövlət dili olaraq qorunması, inkişaf etdirilməsi vacibdir. Bu uzaqgörən siyasətin nəticəsidir ki, bu fərman dilçilik elmimizin inkişafında öz əhəmiyyətli təsirini göstərdi. Bu, həm də Azərbaycan dilinin milli-mənəvi, siyasi hüquqi haqqının bərpa olunması istiqamətində atılmış çox dahiyanə bir addım idi. Məhz bu fərmandan bir qədər sonra 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alındı.
Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət-ənənələrini unutmamalıdır. Heydər Əliyevin məşhur bir fikrini xatırlatmaq yerinə düşər. "Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır.
Təqdirəlayiq haldır ki, ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev də doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Böyük inam və qətiyyətlə deyə bilərik ki, dilimizin inkişafının əsas qarantı da məhz dövlət başçımızın özüdür.
Ana dilinə məsuliyyətlə yanaşmaq hər kəsin öz daxili aləminin, mənəviyyatının əks-sədasıdır. Akademik Həsən Əliyev deyərdi: "Dil ağlın ifadəsidir". Başqa bir müdrik kəlamda isə bildirilir: "Dil qılıncdan daha itidir". Görünür, bu məntiqin nəticəsidir ki, dilin ifadə etdiyi söz də var ki, boş başa bəla, ağıllı başa şan-şöhrət gətirər".
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2010.- 18 iyun- S.
2.